525.Az

Hüseynbala Mirələmovun daha bir kitabı ingilis dilində


 

Hüseynbala Mirələmovun daha bir kitabı ingilis dilində<b style="color:red"></b>

Yazıçı, dramaturq Hüseynbala Mirələmovun "Cəza" povesti ingilis dilində çapdan çıxıb. Kitab "Mütərcim" nəşriyyatı tərəfindən buraxılıb.
 
Kitabın tərcüməçisi və ön sözün müəllifi yazıçı Kamran Nəzirlidir. Tərcüməçi K.Nəzirli bu haqda açıqlamasında deyib:
 
"Cəza"nın ingilis dilinə tərcümə olunmasını zəruri edən amillərdən biri də Azərbaycan yazıçısı Hüseynbala Mirələmovun mövzu və ideya seçimidir. Yazıçını Təbiətə, Allahın yaratdığı canlı varlıqlara qəsd problemi narahat edir. Qəribədir, biz insanlar həmişə Allahdan mərhəmət diləyirik, Onun bizi sevməsini, bağışlamasını diləyirik. Özümüz isə Ona, Onun yaratdıqlarına mərhəmət göstərmirik, bəzən Onun yaratdıqlarını (əslində bizim üçün yaratdıqlarını!) sevə bilmirik, qoruya bilmirik. Allahın yaratdığı bütün canlı varlıqları, Təbiəti, heyvanları sevin, sevin ki, siz də seviləsiniz. Qoruyun ki, sizi də qorusunlar!

Yazıçının dünyaya çatdırmaq istədiyi əsas mesaj da budur! Əsərdə qoyulan bu problem milli çərçivədən çıxır və beləliklə, dünyəvi problemə çevrilir. Povestin aktuallığı və əhəmiyyəti də bundadır. Yazıçı "Cəza" povestində Təbiət və İnsan qarşıdurmasını və onun ağır nəticələrini ədəbi fakturaya çevirərək çox maraqlı və düşündürücü bədii əsər ortaya qoyub".

Tərcüməçi daha sonra qeyd edib ki, son illər Azərbaycanın yazıçı və şairlərinin əsərlərinin ingilis dilində nəşr edilməsi və onların xarici ölkələrdə tanıdılması sahəsində fəaliyyətini daha da genişləndirmək niyyətindədir. Hazırda bu sahədə bir neçə layihə üzərində işləyir. Artıq Anarın, Elçinin, Kamal Abdullanın, Afaq Məsudun, Yaşarın, Kamil Əfsəroğlunun, Natiq Məmmədlinin hekayələri, Söhrab Tahir, Bəxtiyar Vahabzadə, Ramiz Rövşən, Vahid Əziz, Çingiz Əlioğlu, Vaqif Bəhmənli, Ağacəfər Həsənli və Zakir Fəxrinin şeirlər toplusu üzərində iş gedir.

Yaxın günlərdə isə Azərbaycan Tərcümə Mərkəzində "Müasir Azərbaycan şeiri antologiyası" ingilis dilində işıq üzü görəcək. Azərbaycanın 55 tanınmış şairinin 101 şeirindən ibarət antologiyanın geniş təqdimatı nəzərdə tutulur.

 





18.03.2015    çap et  çap et