525.Az

"Dəf(i)nə yarpağı" müsabiqəsinin qalibləri mükafatlandırılıb - Fotoreportaj


 

"Dəf(i)nə yarpağı" müsabiqəsinin qalibləri mükafatlandırılıb - <b style="color:red">Fotoreportaj</b>

Bu gün Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin təsis etdiyi "Dəf(i)nə yarpağı" müsabiqəsinin mükafatlandırılma mərasimi keçirilib.

Tədbir çərçivəsində, həmçinin "Tərcümə Mərkəzinin kitabları" seriyasından işıq üzü görən nəşrlərin və "Xəzər" bədii tərcümə jurnalının yeni nömrələrinin təqdimatı olub.

Mərasimdə Tərcümə Mərkəzinin fəaliyyəti haqında geniş məlumat verilib:

"Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 23 may tarixli Sərəncamı ilə yaradılıb. Mərkəz tərcümə olunan materiallarda Azərbaycan dilinin düzgün işlədilməsi ilə bağlı ölkədaxili və beynəlxalq müstəvidə ictimai-siyasi, elmi-texniki, ədəbi-mədəni mübadilələrin və əlaqələrin dil və tərcümə baxımından tənzimlənməsi, tərcümə prosesinin elmi, texniki, tibb, hüquq və digər sahələrdə təşkili və təkmilləşdirilməsi işinə nəzarəti həyata keçirən icra hakimiyyəti orqanıdır".

Mərasimdə, həmçinin "Tərcümə Mərkəzinin kitabları" seriyasından kitabların, eləcə də "Xəzər" dünya ədəbiyyatı jurnalının təqdimatı olub. Bildirilib ki, Xuan Rulfonun "Pedro Paramo", Akutaqava Rünoskenin "Tanrıların istehzası", Ernest Heminqueyin "Qadınsız kişilər", Yasmina Mixayloviçin "Xəzər dənizinin sahillərində", Matilda Urrutianın "Pablo Nerudayla yaşanan ömür", sufi mətnlərindən seçmələr - "Xilas yolunun yolçuları", dünya şairlərinin şeirlərindən seçmələr - "Bəşəri poeziya" və "Serbcə-azərbaycanca lüğət" kitabları nəşr olunub.

Qeyd olunub ki, "Xəzər" dünya ədəbiyyatı jurnalı Mərkəzin rüblük mətbu orqanıdır:
 
"Nəşri vaxtilə maddi imkansızlıq ucbatından dayandırılmış jurnalın artıq bir neçə sayı işıq üzü görüb. Məzmunu, ədəbiyyat seçimi, tərcümə səviyyəsi, nəfis tərtibatı ilə ölkənin aparıcı nəşrlərindən olan "Xəzər" dünya ədəbiyyatı nümunələrinin dilimizə yüksək səviyyədə tərcüməsini həyata keçirməklə yanaşı, dünya müstəvisində gedən proseslərə də geniş yer ayırır. Jurnal bədii tərcümənin aktuallaşdırılması, yeni tərcüməçi kadrların yetişdirilməsi istiqamətində də əhəmiyyətli işlər görür. "Debüt", "Klassik tərcümələr", "Nobel kürsüsü", "Buker mükafatı laureatları", "Bəşəri poeziya", "Memuar", "Xilas yolunun yolçuları", "Səhnə ədəbiyyatı", "Ədəbi mozaika" kimi rubrikalar oxucuları dünya ədəbiyyatının tanınmış simaları ilə tanış edir.

Jurnalın xezerjurnali.az saytı 1989-cu ildən işıq üzü görmüş nömrələri arxivləşdirməklə yanaşı, dövri nəşrlərdə yer alan ədəbi nümunələri də mütəmadi şəkildə yayımlayır".

Sonra Mərkəzin fəaliyyətini əks etdirən slayd-şou nümayiş etdirilib.

Mərasimdə çıxış edən Azərbaycan Dillər Universitetinin tərcümə fakültəsinin dekanı Vilayət Hacıyev bildirib ki, bu, onun neçə illər gözlədiyi, arzuladığı bir tədbirdir: "Bu mərasim sözün əsl mənasında Azərbaycan mədəniyyətində hadisədir. İndiyədək nəzərə alınmayan çətin tərcüməçi əməyi nəhayət ki, artın öz həqiqi dəyərini almaqdadır. Mərkəzin keçirdiyi müsabiqədə adlı-sanlı tərcüməçilərlə yanaşı gənc imzalara da önəm verilməsi tərcümə sənətinin gələcəyinə böyük inam yaradır".

İctimai Televiziya və Radio Yayımları Şirkətinin Yayım Şurasının sədri Cahangir Məmmədli Tərcümə Mərkəzinin fəaliyyətini təqdir edib:
 
"Novruz bayramı ərəfəsində ikinci bir bayramda da olmağımdan qürur hissi keçirirəm. Mən cavan olanda Valentin Rasputinin bir əsərini tərcümə eləmək fikrinə düşdüm. Elə ilk cümlənin üzərində o qədər baş sındırdım. Sonra dedim ki, yox, tərcümə mənlik deyil, çox çətin sənətdir. Və tərcümədən əlimi üzdüm.

Ondan sonra mənim tərcüməçilərə, tərcümə işi ilə məşğul olan adamlara məhəbbətim daha da artdı: Ona görə ki, onların vasitəsilə biz dünya ədəbiyyatı ilə tanış oluruq. İkinci, ona görə ki, mənim bacarmadığım işi onlar görürlər. Bu Mərkəz yarandığı vaxtdan çox böyük layihələr həyata keçirib. Bundan sonra da bu təşkilatın daha böyük işlər görəcəyinə inanıram. Burada indi slayd-şounu izlədikcə, sadalanan tədbirlərə görə qürur hissi keçirdim. Azərbaycan Prezidentinin bu Mərkəzi Nazirlər Kabineti yanında böyük bir təşkilata çevirməklə bağlı sərəncamını alqışlayıram və düşünürəm ki, artıq ölkəmizdə tərcümə işinin gələcəyi ilə bağlı narahatlıq keçirməyə dəyməz".

Tərcümə Mərkəzinin mətbuat və nəşr məsələləri üzrə müşaviri Fərid Hüseyn məlumat verib ki, ötən ilin oktyabr ayında Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi bədii tərcümə əməyinin dəyərləndirilməsi, tərcümə işinin stimullaşdırılması məqsədilə "Dəf(i)nə yarpağı" adlı bədii tərcümə mükafatı təsis edilib:

"Müsabiqənin işi bu ilin yanvar ayının 19-da başa çatıb. Tanınmış tərcüməçilərlə yanaşı gənclərin də yaradıcılığına diqqət yetirilən müsabiqə 3 mərhələdə keçirilib və müsabiqə müddətində rus, ingilis, fin, Çin, özbək, türk, ərəb və fars dillərində 115 əsər qəbul edilib.

Müsabiqənin birinci mərhələsində Mərkəzin və mərkəzdən kənarda fəaliyyət göstərən dil mütəxəssisləri tərəfindən  tərcümələrin orijinalla adekvatlığı yoxlanılıb.
 
İkinci mərhələdə yaradılan işçi qrupu 115 əsərdən iyirmiliyi müəyyənləşdirib.

Üçüncü mərhələdə isə iyirmilikdən onluq, daha sonra qaliblər seçilib. Şeir nominasiyasında seçilən əsərlərdə zəif məqamlar olduğuna görə qaliblər seçilməyib, qərara alınıb ki, bu nominasiyada yalnız bir həvəsləndirici mükafat verilsin. 

Nəsr tərcüməsində isə göstərilən nəticələri qənaətbəxş hesab etmək olar. Bu nominasiyada 1-ci, 2-ci və 3-cü yerin qalibləri müəyyənləşdirilib. Müsabiqə qalibinin tərcümə kitabı Mərkəz tərəfindən nəşr ediləcək". 

Sonra çıxış edən Tərcümə Mərkəzinin direktoru Afaq Məsud bildirib ki, məqsəd peşəkarlığın önə çəkilməsidir:

"İndi qeyd olunduğu kimi, biz şeir nominasiyasının üç yerini boş saxladıq. Əlbəttə, bayram əhval-ruhiyyəsini nəzərə alaraq güzəştlə bu yerlərə şərti qaliblər seçə bilərdik. Amma məsələ ondadır ki, bizim Mərkəzin məramı, ali məqsədi  peşəkarlığı önə çəkməkdir. Hesab edirəm ki, bu da özü-özlüyündə bir aktdır. Çünki peşəkarlıq hər şeydən üstündür. "Dəf(i)nə yarpağı" Bədii Tərcümə Mükafatı bədii tərcümə əməyinin dəyərləndirilməsi, tərcümə işinin stimullaşdırılması və təkmilləşdirilməsi istiqamətində Mərkəzin həyata keçirdiyi əhəmiyyətli layihələrdəndir. İki ildən bir keçirilməsi nəzərdə tutulan bu müsabiqəyə nəsr və poeziya nominasiyaları üzrə Azərbaycan dilinə tərcümə edilmiş əsərlər qəbul edilir. "Dəf(i)nə yarpağı" ölkənin ən böyük tərcümə mükafatıdır.

Hesab edirəm ki, biz bu müsabiqədə tanınmış imzalarla yanaşı, həm də yeni, istedadlı müəlliflər tapdıq. Nəsr nominasiyasında birinci yerin qalibini mən gələcək tərcümə işi üçün tapıntılardan biri hesab edirəm. Düşünürəm ki, Təvəkkül gələcəkdə Mərkəzin doğma üzvlərindən birinə çevriləcək".

Daha sonra qaliblər mükafatlandırılıb. Ən yaxşı nəsr tərcüməsi nominasiyasında orijinaldan ən uğurlu çevirməyə görə I yerə Azərbaycan Dillər Universitetinin IV kurs tələbəsi Təvəkkül Zeynallı layiq görülüb.

Bu nominasiyada ikinci yeri ikinci dildən uğurlu tərcüməsinə görə Akif Əli, üçüncü yeri isə Şərif Ağayar tutub. Həvəsləndirici mükafata Şəfiqə Quliyeva sahib olub. Poeziya nominasiyasında həvəsləndirici mükafat Aleksandr Blokun şeirlərini tərcüməsinə görə Əlizadə Nuriyə verilib. Qaliblərə diplom və pul mükafatları təqdim edilib.

Sevinc MÜRVƏTQIZI

 





17.03.2015    çap et  çap et