525.Az

Yaşı minillərlə ölçülən ənənələrimiz: Laçında Çərşənbə və Novruz mərasimləri


 

Yaşı minillərlə ölçülən ənənələrimiz: Laçında Çərşənbə və Novruz mərasimləri<b style="color:red"></b>

Vətən torpağının hər daşı qəhrəmanlıq tariximizin bir sirrini özündə yaşadır. Xalqın qazandığı qələbələr də, dücar olduğu fəlakətlər də bir çox yurd yerlərində, adlarında əbədiləşmiş və canlı tarixə çevrilib. Laçın dağları deyilən yurdumuzun hər dərəsini, hər uçurumunu, hər zirvəsini təbiət elə yaradıb ki, sanki oralar doğma insanlar üçün möhtəşəm qala, düşmən üçün isə fəlakət yuvasıdır.

Nə yazıq ki, 23 ildən bəri o yerlərsiz bir gözümüz ağlayır, bir gözümüz yol çəkir. El-oba həsrətli laçınlıların gözləri yollara dikili qalıb. Təsəllimiz hələlik budur ki, doğma yurddan gətirdiyimiz adət-ənənələri qoruyub saxlayaq, gənc nəsillərə çatdıra bilək. Adət-ənənələri yaşatmaq xalqın tarixini yaşatmaq deməkdir.

Bir çox yurd yerlərimizdəki kimi, Laçında da qışın birinci ayını -  30 gününü Böyük çillə, ikincisini Kiçik çillə adlandırıblar. Üçüncü ay isə Boz ay adlanıb.

El sözünə görə, ilk illərdə Böyük çillədə havalar yaxşı keçib. Ancaq Kiçik çillə dəcəllik edib, havalar çox sərt, soyuq olub.

Xeyli qar yağıb, şaxtalı günlər adamlara çətinlik yaradıb, soyuğun, şaxtanın hikkəsinə davam gətirə bilməyənlər özlərini ocağa, təndirə "təpməyə" məcbur olublar. Soyuqdan, şaxtadan insanlar da, heyvanlar da, hələ təbiətin özü də ziyan çəkib.

Kiçik çillə adamlara çox əziyyət verdiyi üçün Allah Təala onun ömründən 10 günü götürərək Böyük çillənin üstünə atıb, bu çilləni 40 gün edib.

Qış fəsli tən yarı olanda, fevralın 5-7-də əlamətdar Xıdırnəbi bayramı qeyd edilir. Xıdırnəbi bayramı qədim adət-ənənələrdəndir. Bu bayramda su dəyirmanında üyüdülmüş, xüsusi buğda növündən olan undan, qoca nənələr xəşil bişirərdilər. Ocağın üstünə mis qazan qoyardılar. Su tökülərdi, su qaynara düşəndən sonra ailədə adam sayına görə oraya un əlavə olunardı. Qazanı oxlovla qarışdırmağa cavanlar növbə ilə köməyə gələrdilər ki, xəşil yaxşı bişsin. Yeməkdən unun iyi gəlməyənə, yəni xəşil tam bişənə kimi qarışdırardılar, hazır olanda xəşili mis sinilərə, dövrələrə çəkərdilər, xəşilin ortasını çala edərək, oraya ərimiş nehrə yağı, bəhməz əlavə edilərdi. Yeməklə doymaq olmazdı, xəşil yeməyi qış fəslində tez-tez bişirilən yeməklərdən biri idi. O adamları sərt soyuqlu havada, şaxtalı, qarlı havada dözümlü edər, müalicə əhəmiyyətli, güclü yemək hesab olunardı.

Xıdırnəbi bayramı üç gün davam edərdi, həmin günlərdə el arasında "qodu-qodu" deyilən oyun təşkil olunardı.

Xıdırnəbi, Xıdırilyas,
Bitdi çiçək, oldu yaz
Xıdır gəlir hayla
Altında dayla
Yağ gətirin yağlayaq
Dəsmal verin bağlayaq...
- kimi sözlər oxunardı.

Qodu - adama bənzər müqəvva düzəldilərdi, üstü bəzədilərdi. Onu qapı-qapı, ev-ev gəzdirərdilər. Qoduya pay, nəzir-niyaz verilərdi. Yığılan payı, nəzir-niyazı kənddə obada ən kasıb yaşayan, imkansız ailələrə çatdırardılar. Bu barədə də el deyimi vardır.

40 gün Böyük, 20 gün Kiçik keçib tamam olandan sonra Boz ay başlanır. Yalançı çərşənbə ilə bu ayı simvolik olaraq qarşılayar, gəlişini qeyd edərdilər. Laçında Boz ay bozara-bozara, qızara-qızara günlərini saymağa başlayar, bir gündə bəzən 5 təbə düşərdi.

Birinci çərşənbə - Su çərşənbəsi fevral ayının son günləri qədəm qoyur, beləliklə çərşənbələr davam etdirilir. Yəni çayların, bulaqların suyu buz bağlayan yerləri əriməyə başlayır. Havalar get-gedə yavaş-yavaş isinməyə başlayır. Təzə gəlinlər, nişanlı qızlar bulaq başına su gətirməyə gedərdilər, durna qatarı kimi düzülən qızları göz altı edənlər də olardı, oğlanlar tamaşaya çıxardılar, sevgi ovuna çıxardılar...

İkinci - Od çərşənbəsində yazın ətri hiss olunmağa başlayırdı. Günəş yavaş-yavaş ətrafı, torpağı isitməyə çalışırdı. Od çərşənbəsi günü hər bir ailədə toy, bayram kimi qeyd olunmağa başlanardı. Hər bir ailə üzvünün adına, sağlamlığına görə şam yandırılardı, ad olunardı. Axşam süfrə, xonça bəzədilərdi.

Üçüncü - Yel çərşənbəsində təbiət oyanmağa başlardı. Torpaq isindiyindən bitkilər cücərirdi. Əsən yel ağacların qol-budaqlarını tərpədərdi ki, yuxudan oyansınlar. İlk yaz bitkisi Xıncılovuz yığılardı, kətə, "cırdala" bişirilərdi. Novruzgülü açardı. Nişanlı oğlanlar onları yığıb sevgililərinə hədiyyə verərdilər.

Dördüncü çərşənbədə ana təbiət oyandığına görə əkinçilər cütləri, kotanları əkin sahəsinin kənarına sürərdilər. Nənələr buğda isladıb, səməni qoyardılar ki, il bolluq olsun, dodaqaltı oxuyardılar: "Səməni, saxla məni, hər il göyərdərəm səni..." Axırıncı çərşənbədə, deyilənə görə, gecə kim nə yuxu görsəydi, çin olardı.

Novruz bayramı yeni il kimi qəbul olunardı. Bu bayram mərasiminin yaranma tarixi çox qədimdir. O, qışın sona çatması və yazın gəlişi ilə bağlıdır. Bizim tərəflərdə Novruz bayramına xeyli qalmış hazırlıq işləri görülməyə başlanardı. Məhəllələrdə, həyətlərdə, hətta evlərdə ciddi təmizlik, abadlıq işləri görülərdi.

Axırıncı çərşənbə günü gənclər bir yerə yığılıb kiflən, yelləncək asardılar. Yelləncək, kiflənə iki qoldan ibarət olurdu. Yellənən oğlan və qız bahar haqqında nəğmələr, mahnılar oxuyardılar. Subay qızlar mis badyaçaya su tökərdilər, 2 iynənin dəliyinə sap salardılar. Üzük falına baxmaq üçün iynələri suya atardılar. İynələr bir-birlərinə yaxın gələndə qoşalaşanda, sevinərdilər ki, ürəyində nəzərdə tutduğu oğlanın da ona meyli var, birləşməsi evlənmək əlamətidir.

Qızlar duzlu könbə bişirib yeyərdilər, su içməzdilər ki, gecə yuxuda hansı oğlan ona su versə, demək, onların bir-birinə eşq-məhəbbəti yaranacaq.

Oğlanlar qonşu qapısına gedər, astadan qapıları açar, papaq atardılar, sonra da qaçıb gizlənərdilər. Ev sahibi də hazırlanmış bayram payından onlara pay qoyardı. Sevinə-sevinə papağı götürüb o biri qonşuya gedərdilər.

Qızlar ürəyində niyyət tutaraq qonşu qapısına qulaq falına çıxardılar. Od çərşənbəsində hər həyətdə tonqal yandırılardı. Tonqalın başına toplananlar növbə ilə odun üstündən atdanar,  "Ağırlığım, uğurluğum odda yansın" - deyərdilər.

Hər bir çərşənbə gününün axşamları ləziz, dadlı bayram aşı - plov bişirilərdi. Lobyalı, əriştəli, səbzili, cücəli plov hazır olanda ailə üzvləri süfrə başına toplaşar, bayram aşı yeyərdilər. Yaxın, əziz adamlara, qonşulara pay aparılardı. Fəsəli, kətə, yayma - südlü aş da bişirilərdi.

Bizim ellərdə kətəni sacda bişirərdilər. Göy-göyərtidən, pendir-şordan, özü də sacın tən yarısı boyda böyük olardı kətələr. Bayramqabağı, ailədən kimsə uzaqdadırsa, səfərdədirsə, birinci həmin adam yad olunardı. Yumurta döyüşmək böyük əyləncəydi uşaqlar, cavanlar üçün. Xoruz döyüşdürmək kimi maraqlı əyləncə də vardı. Bunun üçün qabaqcadan döyüşkən xoruzlar alardılar, bəsləyər, bayram günü meydana çıxardıb döyüşdürərdilər.

Bayram axşamına kimi, yaxın qohumlarda, qonşularda gileyli, küsülü adamlar olsa, onlar barışdırılardı, küsülü qalmaq olmazdı.

Novruz bayramı günü oğlanlar 2 dəstəyə bölünərək dirədöymə, ənzəlxan, "yoldaş səni kim apardı", çilingağac  kimi oyunlar oynardılar.

Novruz bayramı günü Keçəl və Kosanın məzəli oyunları, zarafatları adamları əyləndirər, yaddaşlarında silinməz izlər buraxardı.

Nemət BƏXTİYAR,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü

 





05.03.2015    çap et  çap et