525.Az

"Ermənistan dünyada bir nömrəli terrorçu dövlətdir"


 

ELMAN NƏSİROV: "ERMƏNİSTANDA TERRORİZM DÖVLƏT SİYASƏTİ SƏVİYYƏSİNƏ QALDIRILIB"

"Ermənistan dünyada bir nömrəli terrorçu dövlətdir"<b style="color:red"></b>

YAP-ın Beynəlxalq əlaqələr komissiyasının katibi, politoloq Elman Nəsirov hesab edir ki, Ermənistanın xarici işlər naziri Eduard Nalbandyanın BMT-də terrorimzlə mübarizə ilə bağlı çıxışı siyasi parodiya kimi qiymətləndirilməlidir.

Onun sözlərinə görə, məsələ orasındadır ki, Ermənistanda terrorizm sıradan bir hadisə deyil: "Bu ölkədə terrorizm dövlət siyasəti səviyyəsinə qaldırılıb. Onlar hər bir azərbaycanlıda, türkdə potensial terrorçu görürlər. Ermənistanda beynəlxalq terrorimzlə bağlı məsələlər o qədər kütləvi hal alıb ki, hətta ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini xanım Viktoriya Nulandın Ermənistana səfəri zamanı azərbaycanlı girovların azad edilməsiylə bağlı bildirdiyi fikirlərə qarşı cavab verilib ki, tutulan azərbaycanlılar girov deyil, terrorçudur. Fikir verin, bizim soydaşlarımız gedib öz torpaqlarında valideynlərinin qəbrini ziyarət edir, onlara terrorist damğasını vurmağa çalışırlar. Deməli, Ermənistanda yaxınlarının qəbrlərini ziyarət edən insanlara da terrorçu deyirlər. Buradan belə bir nəticə çıxarmaq olar ki, ya Ermənistanda heç kim öz doğmalarının qəbrini ziyarət etmir, ya da gedənlər potensial terrorçu hesab olunur. Hətta ermənilər daha da irəli gedərək ABŞ-ın dövlət katibi Con Kerriyə şikayət ünvanlayıblar ki, onun nümayəndəsi Viktoriya Nuland Ermənistana gələrək terrorçuları müdafiə edir. Onların əməlləri başdan ayağa terrorizm olsa da, başqa dövlətlərdə terrorçu axtarırlar. Burada Napoleonun məşhur deyimi yada düşür. O deyib ki, kimin nədə problemi varsa, o haqda daha çox öyüd-nəsihət verir".

Ermənilərin dəfələrlə təxribatlara əl atdığını, təmas xəttində gərginlik yaratdığını, Azərbaycan Silahlı Qüvvələrinin yerləşdiyi istiqamətdə diversiya qrupları göndərdiyini, helikopterlər vasitəsilə havadan hücuma keçdiyini, azərbaycanlı girovlar üzərində qondarma "məhkəmə" prosesi həyata keçirdiyini dilə gətirən politoloqun sözlərinə görə, indiki halda da Nalbandyan beynəlxalq terrorizmlə mübarizədən danışır və guya Ermənistanı terrorun əleyhdarı kimi təqdim etmək istəyir: "Bu təxribat əməlləridir. Hesab edirəm ki, bu düşüncə tərzi, bu siyasətlə Dağlıq Qarabağ münaqişəsini ATƏT-in Minsk qrupunun həmsədrləri də həll edə bilməyəcək.

Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin sədri, politoloq Rufiz Qonaqov da Ermənistanın xarici işlər nazirinin dünya birliyini terorizmlə birgə mübarizə aparmağa dəvət etməsini gülüş doğuran hadisə adlandırıb. Onun sözlərinə görə, çünki Ermənistan özü işğalçı, soyqırım və terror siyasəti yürüdən bir dövlətdir: "Bu dövlət Azərbaycan torpaqlarının 20 faizini 20 ildən artıqdır işğal altında saxlayır. Ermənistanın torpaqlarımızı işğal etməsinə dair BMT-nin 4 qətnaməsi var. Maraqlıdır ki, Eduard Nalbandyanın BMT-də çıxışı zamanı bu cür fikirləri səsləndirmək üçün cürəti kimdən alır. Bu dünya ictimaiyyətini həm aldatmaq, həm də ələ salmaqdır. Halbuki Azərbaycan beynəlxalq səviyyədə keçən iclaslarda dəfələrlə bildirib ki, Ermənistan işğalçılıq siyasətinə görə öz layiqli cəzasını almalıdır".

Politoloq qeyd edib ki, rəsmi Bakı dəfələrlə BMT, Avropa İttifaqı, AŞPA və ATƏT-də məsələ qaldırıb ki, işğalçı ölkə olan Ermənistana qarşı ciddi sanksiyalar tətbiq etmək lazımdır: "Bu dövlət digər işğalçı dövlətlərin sırasına qoşulmalıdır. Nə qədər ki, Ermənistan öz adıyla çağrılmayacaq, işğalçılıq siyasəti yürütməsinə rəğmən heç bir sanksiya ilə qarşı-qarşıya durmayacaq, terror əməllərinə görə dünya ictimaiyyəti tərəfindən qınaq obyektinə çevrilməyəcəksə, İrəvan azğınlaşmış şəkildə beynəlxalq birliyi öz yalanları ilə aldatmağa, ələ salmağa davam edəcək".

Bu gün Ermənistan dünyada bir nömrəli terrorçu dövlət olduğunu deyən R.Qonaqov işğalçı ölkənin davranışlarının başqa adı olmadığını bildirib. Onun sözlərinə görə, necə ola bilər ki, BMT-də və müxtəlif Avropa strukturlarında təmsil olunan dövlət həm terrorizmlə məşğul olsun, həm də terrorla birgə mübarizədən danışsın? Politoloq deyib ki, bu azğınlaşmış dövlətin xarici işlər nazirinin dünya ictimaiyyətinə meydan oxuması kimi qiymətləndirilməlidir: "Əgər BMT kimi nüfuzlu qurumun tribunasından Ermənistan dünyanı terrorizmlə mübarizəyə səsləyirsə, onda ilk olaraq təmizləmə əməliyyatına elə Ermənistanın özündən başlamaq lazımdır. Heç olmasa BMT Ermənistanın Azərbaycan torpaqlarından çıxmasına dair imzaladığı qətnamələrə hörmət etməlidir. Birinci növbədə həmin sənədlər yerinə yetirilməlidir".

Qeyd edək ki, Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan BMT-nin İnsan Hüquqları Şurasının iclasında çıxış edərək beynəlxalq birliyi terrorizm və digər təhdidlərlə mübarizəyə səsləyib.

Ceyhun ABASOV

 





05.03.2015    çap et  çap et