525.Az

"Gələcəkdə hərbi təlimlərə digər ölkələr də qoşula bilər"


 

EMİN HƏSƏNLİ: "QARDAŞ TÜRKİYƏ HƏR ZAMAN AZƏRBAYCANA DƏSTƏK OLUB"

"Gələcəkdə hərbi təlimlərə digər ölkələr də qoşula bilər"<b style="color:red"></b>

"2014-cü il Azərbaycan şahinləri üçün onunla əlamətdar olub ki, pilotlarımız ilk dəfə Türkiyə səmalarında uçuşlar həyata keçirib. Bundan əvvəl Türkiyə Hərbi Hava Qüvvələrinin şahinləri Azərbaycan səmalarına qalxıb. Gələcəkdə birgə hərbi təlimlərə regionda və dünyada sülhün əldə olunması üçün öz töhfələrini verməyə hazır olan dövlətlər də qoşula bilər. İstər türk dövlətləri, istərsə də digər region ölkələrinin iştirakı ilə bu əlaqələr inkişaf etdirilə bilər. Hesab edirəm ki, bu cür əməkdaşlığın qurulması həm Türkiyənin, həm də Azərbaycanın milli mənafeyinə tam uyğundur".

Bu sözləri Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri, hərbi ekspert Emin Həsənli  martın 3-ü Konyada başlayan Azərbaycan və Türkiyənin Hərbi Hava Qüvvələrinin "TurAz Şahini 2015" birgə təlimlərini qiymətləndirərkən deyib.

Keçən il Azərbaycanın tarixində ən böyük hərbi təlimlərin baş tutduğunu deyən hərbi ekspert Emin Həsənli  qeyd edib ki, Türkiyə ilə Azərbaycanın birgə iştirakıyla baş tutan həmin hərbi təlimlərdə ehtiyatda olan zabitlər də dəvət edilib. Onun sözlərinə görə, keçənilki təlimlərdə də hər iki ölkənin şahinləri hava uçuşları həyata keçirib: "Türkiyə ilə Azərbaycanı bir-birinə tarixi əlaqələr bağlayır. İlk növbədə eyni dili daşıyan qardaş ölkələrdir. Regionda və dünyada sülhün və sabitliyin təmin olunması üçün  iki ölkə arasında qarşılıqlı strateji əməkdaşlıq əlaqələri qurulub. İqtisadi əlaqələrimiz də yüksək səviyyədədir. Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri, Bakı-Tbilisi-Qars dəmir yolu xətti ümumi iqtisadi və siyasi maraqların qorunması üçün hər iki ölkəni hava hücumundan müdafiə sahəsində bütün səyləri birləşdirməyə əsas yaradır. Ona görə də Türkiyə ilə Azərbaycan dəfələrlə birgə hərbi təlimlər keçirir, Silahlı Qüvvələrin döyüş qabiliyyətinin, peşəkarlığının artırılması üçün müxtəlif mübadilə proqramları aparırlar, zabitlərimiz qardaş ölkədə kadr hazırlığı kurslarına dəvət olunur və hərbi bacarıqlarını daha da təkmilləşdirirlər".

Sülh bərpa proseslərində də NATO-nun sülh və tərəfdaşlıq proqramı çərçivəsində Azərbaycanla Türkiyənın sıx əməkdaşlıq əlaqələrinin mövcud olduğunu xatırladan E.Həsənli  Əfqanıstanda, Kosovada və digər münaqişə ocaqlarında bərpa proseslərində ordumuzun türk qoşunlarının tərkibində dünyada sülhün əldə olunması üçün öz töhfələrini verdiyini vurğulayıb. O bildirib ki, qardaş Türkiyə hər zaman Azərbaycana dəstək olub:  "Ölkəmiz də həmişə Türkiyənin yanındadır. Bu keçən əsrin əvvəllərində də belə olub, indi də belədir. Çanaqqala döyüşündə Azərbaycandan 3 mindən çox hərbçi vuruşaraq şəhid olub. Daha sonra 1918-ci ildə Bakının azad olunmasında Nuru paşanın komandanlığı altında türk ordusu mübarizə apararaq xeyli şəhid verib. Azərbaycan müstəqilliyini tanıyan ilk dövlət də qardaş Türkiyədir. Bu əməkdaşlıq daha da dərinləşəcək. Bunun həm siyasi, həm iqtisadi, həm də elmi və mədəni əsasları var".

Qeyd edək ki, Azərbaycan Hərbi Hava Qüvvələrinin 3 ədəd MiQ-29 qırıcı, 3 ədəd Su-25 hücum və İl-76 hərbi-nəqliyyat təyyarəsi müştərək təlimlərdə iştirak etmək məqsədilə Türkiyənin Konya şəhərində yerləşən aviabazasına gəlib. Eyni zamanda "İŞIK-2015" beynəlxalq axtarış-xilasetmə təlimlərində iştirak etmək məqsədilə Azərbaycan Hərbi Hava Qüvvələrinin 4 ədəd Mi-17 döyüş-nəqliyyat helikopterləri də təlim keçirilən aviabazaya yollanıb. Təlimlərdə Azərbaycan və Türkiyə ilə yanaşı, bir sıra ölkələrin Hərbi Hava Qüvvələrinin vasitələri müştərək fəaliyyətlərin planlaşdırılması, əməliyyatların keçirilməsi üzrə qarşılıqlı fəaliyyət və döyüş uzlaşması imkanlarının öyrənilməsi, o cümlədən, axtarış-xilasetmə və digər tapşırıqların yerinə yetirilməsi planlaşdırılıb. Təlimlər aprelin 13-dək davam edəcək.

Ceyhun ABASOV

 





05.03.2015    çap et  çap et