525.Az

"Azərbaycan öz xarici siyasətində digər dövlətlərin daxili işlərinə qarışmır"


 

"Azərbaycan öz xarici siyasətində digər dövlətlərin daxili işlərinə qarışmır"<b style="color:red"></b>

"Ermənistanın Azərbaycana qarşı işğal və təcavüzünün nəticəsi olaraq bu gün 4 min nəfərdən artıq vətəndaşlarımız əsir və itkin düşmüş şəxslər statusundadırlar. Bu münaqişənin acı fəsadlarından biri də odur ki, onların taleyi barəsində bu günə kimi də məlumat yoxdur".

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev müsahibəsində deyib.

O bildirib ki, Ermənistan tərəfindən onların taleyinin aydınlaşdırılması ilə əlaqədar lazımi tədbirlər görülmür:

"Bu da Ermənistan tərəfinin yürütdüyü qeyri-humanist siyasətin bir tərkib hissəsidir. Bu məsələ prezidentlərinin ötən ilin noyabrında keçirilən Paris görüşündə bir daha gündəmə gəldi. ATƏT-in Minsk qrupunun həmsədr ölkələri və xüsusilə Fransa prezidenti tərəfindən humanitar əsasda Ermənistanla Azərbaycan arasında Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəsilə əməkdaşlıq, məlumat mübadiləsi kimi məsələlər ortaya atıldı. Azərbaycan Respublikası tərəfindən bu fikir dərhal dəstəkləndi. Çünki ölkəmizin istər xarici, daxili siyasətində humanizm meylləri, prinsipləri ən başlıca meyarlardan biridir.
 
Təəssüflər olsun ki, Ermənistan tərəfi öz məsuliyyətini dərk etmir, üzərinə düşən beynəlxalq öhdəliyi yerinə yetirmək, neqativ addımlarından geri çəkilmək istəmir. Beləcə o, müxtəlif bəhanələrə əl atır.

Müxtəlif əməliyyat, istintaq yolları ilə də müəyyən olunmuş məlumatlar, şahidlərin ifadələri var.

Azərbaycanın işğal olunmuş ərazilərində əsir və girov götürülmüş şəxslərin kütləvi şəkildə qətli həyata keçirilib. Qətldən sonra isə onlar kütləvi məzarlıqlarda basdırılıb. Bu xüsusilə Balkanlarda özünü göstərib.

Eləcə də Serebrenitsa hadisələrini qeyd edə bilərik. Artıq məqamdır ki, o qalıqlar çıxarılsın və onlar DNT analizləri vasitəsilə təhlil olunsun. Təbii ki, ondan sonra həmin şəxslərin kimliyi müəyyən edilsin. Çünki 20 ildən artıq Azərbaycanda insanlar var ki, onlar öz övladlarının, yaxınlarının taleyini gözləyirlər. Amma Ermənistan yenə də qeyri-humanist siyasətinə sadiq qalaraq bu məsələdən də yayınır".

Azərbaycan vətəndaşları Şahbaz Quliyev və Dilqəm Əsgərovun azad olunması ilə bağlı Azərbaycan XİN-in atacağı addımlardan danışan H.Hacıyev bildirib ki, onların üzərində qurma bir "məhkəmə" təşkil olunub:

"Azərbaycan XİN tərəfindən bu məsələyə dərhal və adekvat münasibət bildirildi. Qeyd olundu ki, ilk növbədə bu "məhkəmə" prosesinin heç bir hüquqi əsası ola bilməz.

İkincisi, bu şəxslərin girov götürülməsi prosesi özü-özlüyündə tamamilə qeyri-qanunidir. Təbii ki, bu da Cenevrə Konvensiyalarının bilavasitə pozulmasıdır. Birincisi ona görə ki, Kəlbəcər Azərbaycan Respublikasının işğal olunmuş ərazisidir. Kəlbəcərin işğalı ilə əlaqədar BMT Təhlükəsizlik Şurasının qətnaməsi var.

İkincisi Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan silahlı qüvvələrinin mövcudluğunun əsası nədir? Axı hansı əsasda onlar orada mövcuddurlar?

Üçüncüsü isə onlara kim əsas verib ki, məhz qeyri-qanuni mövcud olduqları və işğalçı siyasət yeritdikləri şəraitdə hələ orada mülkü Azərbaycan vətəndaşlarını da girov götürsünlər. Bu girov götürmək bilavasitə terrorçulara xarakterik olan bir davranışdır və münasibətdir.

Ona görə də onlar üzərində təşkil olunan bu qurama məhkəmə əslində Ermənistanı öz məsuliyyətindən yayındırmağa hesablanıb. Amma müsbət dinamika ondan ibarətdir ki, bu məsələ XİN-in daimi əsasda gündəliyindədir və bu istiqamətdə işlər aparılır.

Eləcə də bu məsələdə ATƏT-in Minsk qrupunun həmsədrləri ölkələrinin rəhbərliyi səviyyəsində və həmsədrlər tərəfindən də müsbət dinamika var ki, onlar israrla Ermənistana çağırışlar ediblər. Məqsəd isə girovların azad edilməsi ilə bağlıdır. Təbii ki, bu macərada biz fəaliyyətimizi davam etdirəcəyik. Bu məsələdə Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi və onun ofisi ilə də fəal iş aparılır".

Azərbaycanın işğal altında olan ərazilərinə qanunsuz səfər etdiklərinə görə "arzuolunmaz şəxslər" siyahısından da danışan XİN rəsmisi deyib:

"Azərbaycan XİN tərəfindən "arzuolunmaz şəxslər" siyahısı 20 fevral tarixində yenilənib. Artıq yeni siyahıda 435 nəfər şəxs müəyyən edilib ki, onlar da əcnəbi vətəndaşlardır. Onlar Azərbaycan Respublikasının razılığı olmadan və Azərbaycanın dövlət sərhədini pozaraq işğal edilmiş ərazilərimizə səfər ediblər. Buna görə də bu kimi şəxslərin Azərbaycana səfərinə qadağa qoyulub. Ümumiyyətlə, bu siyahının 2013-cü ildən etibarən açıq şəkildə ictimai formada tətbiq olunmasından sonra müşahidələrimiz və təhlillərimiz onu göstərir ki, Azərbaycanın işğal olunmuş ərazilərinə qeyri-qanuni səfərlər fundamental şəkildə azalıb. Çünki əvvəllər Ermənistan tərəfindən məqsədyönlü şəkildə bir təbliğat aparılırdı, insanlar aldadılırdı və işğal olunmuş ərazilərimizə  səfərin müqabilində hər hansı bir qadağanın olmaması ilə bağlı fikirlər irəli sürülürdü.

Nəticə etibarilə insanları aldatma siyasəti həyata keçirilirdi. Buna görə də insanlar bundan bixəbər olaraq bəzən işğal olunmuş ərazilərimizə səfər edirdilər. Bundan əlavə,  ikinci əsas tendensiya işğal olunmuş ərazilərimizə səfər edən şəxslərin əksəriyyətini Ermənistan vətəndaşları təşkil edir.

Bildiyiniz kimi, Azərbaycanın işğal olunmuş ərazilərində çox böyük miqdarda Ermənistan silahlı qüvvələrinin şəxsi heyəti yerləşdirilib. Çünki təcavüzkar dövlət məhz Ermənistandır. Təbii ki, işğalçı ölkənin ordusunda da acınacaqlı bir vəziyyət hökm sürür. Valideyinlər isə mütəmadi əsasda öz övladlarına baş çəkmək məcburiyyətindədirlər. Ermənistan tərəfindən də yalançı statistika hesabına il ərzində şişirdilmiş rəqəmlər ortaya qoyulur. Bunun xaricində isə burada maliyyə, hətta öz baxışları və mövqeləri baxımından tam şəkildə erməni diasporasının təsiri altında olan şəxslərdir ki, onların da səfərləri təşkil edilir. Amma sonradan peşmançılıq hissi burada özünü göstərir. XİN-ə belə çoxsaylı müraciətlər olub. Artıq 10-a yaxın şəxs bu kimi müraciətlər əsasında arzuolunmaz şəxslər siyahısından çıxarılıb.
 
Təbii ki, burada da Azərbaycan dövləti tərəfindən qoyulmuş mütləq bir şərt var. Azərbaycan Respublikasının diplomatik nümayəndiklərinə və yaxud XİN-ə əcnəbi şəxs tərəfindən müraciət olunmalı və o bir daha Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə hörmətini ifadə edərək ölkəmizdən üzr istəməli və peşmançılığını ifadə etməlidir. Bundan isə hər bir məsələyə, müraciətə fərdi əsasda baxılır.

Ümumiyyətlə bu siyahının tətbiq olunmasından sonra Azərbaycanın işğal olunmuş ərazilərinə qeyri-qanuni səfərlər mütləq şəkildə azalıb".

 H.Hacıyev bildirib ki, əgər biz Ermənistan dövlətinin xarici siyasətinə baxsaq, işğalçı ölkənin dalana dirənmiş bir vəziyyətdə olduğunu görmüş olarıq:
 
"Təbii ki, belə olan şəraitdə də Ermənistan müxtəlif bəhanələrə əl atmaq siyasətini yürüdür. Artıq bu, danışıqlar prosesində də özünü göstərir. ATƏT-in Minsk qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorlik , hətta ABŞ Dövlət Departamentinin yüksək rütbəli rəsmisi Viktoriya Nuland Azərbaycana və Ermənistana səfəri zamanı girovlarla bağlı açıqlama verdi. Hətta Ermənistan tərəfinin növbəti yalanı bu əsnada ifşa olundu. Belə ki, Ermənistan xarici işlər naziri Edvard Nalbandyan daşıdığı statusun fərqinə varmadan məsuliyyətsiz açıqlama ilə çıxış etdi.

Guya ABŞ tərəfindən belə bir açıqlama olmayıb. Amma bu sual yenidən ABŞ Dövlət Departamentinin sözçüsünə verildi. O bir daha ölkəsinin mövqeyini təsdiq etdi ki, qeyd olunanlar ABŞ Dövlət Departamentinin mövqeyini əks etdirir. Bu Ermənistanın çarəsiz bir durumda olmasının göstəricisidir. Təbii ki, biz bu kimi açıqlamaları alqışlayırıq. Bu müraciətlər daha sistematik və hədəflənmiş xarakter daşımalıdır. Hədəf isə məhz girovlarımızın azad edilməsidir. Çünki onlar üzərində təşkil olunan "məhkəmə"nin özü bir işgəncədir".

 H.Hacıyev onu da deyib ki, Azərbaycan Respublikasının xarici siyasətinin ən vacib prinsiplərindən və meyarlarından biri ondan ibarətdir ki, Azərbaycan öz xarici siyasətində digər dövlətlərin daxili işlərinə qarışmır.

PƏRVANƏ

 





05.03.2015    çap et  çap et