525.Az

"Amnesty International" Azərbaycana qarşı heç vaxt ədalətli olmayıb"


 

"Amnesty International" Azərbaycana qarşı heç vaxt ədalətli olmayıb"<b style="color:red"></b>

"Ümumiyyətlə, beynəlxalq hüquq müdafiə təşkilatı "Amnesty International"ın Azərbaycana heç vaxt müsbət ədalətli mövqeyi olmayıb".

Bunu  Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, millət vəkili Musa Quliyev "Amnesty International"ın bu ilin yayında Azərbaycanda keçiriləcək birinci Avropa Oyunlarını boykot etməyə ünvanlanmış müraciətinə münasibət bildirərkən deyib. YAP rəsmisinin sözlərinə görə, sözügedən təşkilat ona görə yaranıb ki, sürətlə inkişaf etməkdə olan və dünya ölkələri düzənində özünə daha nüfuzlu yer tutmağa layiq, imkanı olan ölkələri həmişə müəyyən qarayaxmalarla, təhdidlərlə, böhtanlarla nüfuzdan salmağa çalışsın:
 
"İndiyədək bu təşkilatın bütün arxivinə nəzər salsaq görərik ki, onun Azərbaycanla bağlı heç bir müsbət fikri olmayıb. Təbii ki, indiki məqamda da onların əllərinə təzə bəhanə düşüb. Bildiyiniz kimi, bu ilin yayında Azərbaycanda birinci Avropa Oyunları keçiriləcək. Azərbaycan dünya tarixinə ilk Avropa Oyunlarını keçirən dövlət kimi düşəcək. Onlar istəyirlər ki, müxtəlif bəhanələrlə (Ukraynadakı hadisələri ortaya atmaqla, guya Azərbaycanda insan haqlarının pozulması, siyasi məhbusların olması ilə bağlı, mətbuat azadlığına qəsd edilməsi və s.) özlərinin Avropadakı tamaşaçılarına, oxucularına müraciət etsinlər ki, Azərbaycana qarşı qarayaxma kampaniyasına başlasınlar".

M.Quliyev bildirib ki, bu gün Azərbaycan xalqı ürəkdən öz prezidentinə bağlı xalqdır:

"Azərbaycan xalqı öz prezidentinin, iqtidarının siyasətini ürəkdən dəstəkləyir. Buna görə də onlar Azərbaycan daxilində heç bir müvəffəqiyyət əldə edə bilmirlər. İndi də onlar xarici auditoriyaya müraciət etməyə başlayırlar.
 
İnanıram ki, burada da heç bir nəticə əldə etməyəcəklər. Çünki belə müraciətlər çox olub və bundan sonra da ola bilər. Bu ilin yayında Azərbaycanda birinci Avropa Oyunları çox yüksək səviyyədə keçiriləcək. Həmçinin də yüksək səviyyədə ölkəmizə gələn qonaqlara Azərbaycan xalqı öz münasibətini bildirəcək, qonaqpərvərliyini göstərəcək. İdman əslində birlik, bərabərlik, dostluq, sülh, qardaşlıq rəmzidir. İdman əslində xalqları birləşdirən, yaxınlaşdıran, eləcə də münasibətləri yaxşılaşdıran bir oyundur. Təbii ki, bu da Azərbaycanı daha da dünya, Avropa xalqlarına yaxınlaşdıracaq. Bu oyunlar Azərbaycanın uğurlarını, mədəniyyətini, inkişafını dünyaya bir daha nümayiş etdirəcək. Bu tək bir idman aksiyası deyil, eləcə də siyasi, nüfuzlu bir aksiyadır. Hesab edirəm ki, biz bu oyunları çox yüksək səviyyədə həyata keçirəcəyik".

Millət vəkili qeyd edib ki,  Bakıda keçirilən "Avroviziya" mahnı müsabiqəsində olduğu kimi bütün iştirakçılar bu Avropa Oyunlarından da razı qalacaqlar və Azərbaycanı yüksək qiymətləndirəcəklər. "Ümumiyyətlə, əqrəbin funksiyası odur ki, haradasa kimisə çalsın və zəhərləsin. Təbii ki, "Amnesty International" da əqrəb kimi bir təşkilatdır".

M.Quliyev onu da deyib ki, bu qurum özünün qərəzli açıqlamaları, birtərəfli hazırlanmış hesabatları ilə ona olan inamı itirib:
 
"Bu təşkilata heç kim etimad göstərmir. "Amnesty International" və bu kimi bəzi bir neçə qurumlar var ki, adları çəkiləndə belə hər kəsin ilk düşündüyü onların qeyri-obyektiv, qərəzli yanaşmalarıdır.Əgər bu təşkilatlar indiyə kimi ölkəmizdəki müsbət işləri, həyata keçirilən tədbirləri, demokratiya, insan haqlarının qorunması istiqamətində atılan addımları görməyiblərsə, deməyə artıq söz qalmır. Öz qərəzli fəaliyyətlərini davam etdirməklə özlərini daha da gözdən salmış olurlar".

PƏRVANƏ

 





05.03.2015    çap et  çap et