525.Az

Bakıda Türk Uşaq Ədəbiyyatı həftəsi keçirilir


 

Bakıda Türk Uşaq Ədəbiyyatı həftəsi keçirilir<b style="color:red"></b>

Bakıda Türk Uşaq Ədəbiyyatı həftəsinə start verilib. Tədbir Firudin bəy Köçərli adına Respublika Uşaq Kitabxanası ilə Türkiyə Baş Nazirliyi Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) birgə layihəsi çərçivəsində baş tutub.

R. Behbudov adına Dövlət Mahnı Teatrında təşkil olunan Türk Uşaq Ədəbiyyatı həftəsinin açılış mərasimi dövlət himninin səsləndirilməsi ilə başlayıb.

Mədəniyyət və Turizm Nazirliyinin sektor müdiri Lətifə Məmmədova bildirib ki, tədbirin məqsədi uşaqları türk xalqının mədəniyyəti, adət və ənənəsi, uşaq ədəbiyyatı, musiqisi ilə tanış etməkdir.

TİKA-nın dairə rəhbəri Əli Özgün Öztürk isə tədbirin əhəmiyyətindən danışıb. Diqqətə çatdırıb ki, Türk Uşaq Ədəbiyyatı həftəsi gələcək nəslə türk xalqlarının tarixini öyrətməklə yanaşı, həm də dostluq əlaqələrini möhkəmləndirmək, mütaliə mədəniyyətini aşılamaqla istedadlı uşaqları üzə çıxaracaq və onları maarifləndirəcək.

Milli Məclisin deputatı Məlahət İbrahimqızı, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin Bakı ofisinin rəhbəri Mustafa Haşim Polad və tanınmış uşaq yazıçıları iki ölkə arasında inkişaf edən əlaqələrdən danışıblar.

Bakıdakı Türk Anadolu Liseyinin xor kollektivi, Sumqayıt şəhər fars-ingilis dilləri təmayüllü tam orta təhsil internat məktəbi şagirdlərinin çıxışları maraqla qarşılanıb.

Qeyd edək ki, Türk Uşaq Ədəbiyyatı həftəsi çərçivəsində kitabxananın oxu zalında uşaq kitablarının sərgisi, uşaqların türk mədəniyyətini özündə əks etdirən əl işlərindən ibarət sərgi olacaq. Qaliblər həftə sonunda mükafatlandırılacaq.

S.ABDULLAYEVA

 





04.03.2015    çap et  çap et