525.Az

Ülvi hisslərin poetik vəhdəti


 

Ülvi hisslərin poetik vəhdəti<b style="color:red"></b>

Azərbaycan zəriflərinin bədii sözə marağı, öz duyğu və düşüncələrini poeziya dili ilə nəsrlə, publisistik yazılarla ifadə etməsi ənənədən gəlir.
 
Mərhum yazıçımız, professor Əzizə xanım Cəfərzadənin "Azərbaycanın şair və aşıq qadınları" toplusunda XII əsrdən XX əsrə qədər dərdi-dilini, ürəyinin harayını, həyat və mübarizə eşqini sözə çevirən 100-dən artıq qadın şairlərimizin yaradıcılığından seçmələr təqdim edilib. Axtarsan,  bəlkə dünyanın heç bir ölkəsində bu sayda Məhsətilər, Natəvanlar, Fatma xanım Kəminələr,  Aşıq Pərilər, Aşıq Bəstilər, Ağabəyim Ağalar tapılmaz.  Biz XX əsr Azərbaycan ədəbiyyatında Mirvarid Dilbazinin, Nigar Rəfibəylinin, Əzizə Cəfərzadənin, Ələviyyə Babayevanın, Mədinə Gülgünün, Həkimə Büllurinin, Əzizə Əhmədovanın, Xanımana Əlibəylinin,  Gülrux Əlibəylinin, Azadə Rüstəmovanın, Kəmalə Ağayevanın,  Nurəngiz Günün, Firuzə Məmmədlinin, Afaq Məsudun (mərhumlara rəhmət, yaşayanlara uzun ömür diləyək!) ədəbiyyatımız yolunda necə böyük əzmlə çalışdığının şahidiyik.
 
Bu yazıda şeirləri haqqında söz açacağım Sona Vəliyeva da bu yolu davam etdirən, həm bir şair və publisist, həm də fəal ictimaiyyətçi kimi diqqəti cəlb edən xanım yazarlardandır. Məni Sona xanımın şeirlərindəki iki hiss-həm bir qadın qəlbinin üsyanı, həm də kövrəkliyi özünə çəkdi. Qəmlə Üsyan - Sona xanımın şeirlərində bu iki hiss vəhdət halındadır, qəmində üsyan, üsyanında qəm çalarları birləşib.

 "Şuşanın dağları başı dumanlı",
İçindən sınmış bir cavan oynayır.
Sındıra-sındıra,
gözləri dumanlı,
başı havalı,
əlləri havada, ayağı yerdə.
Minlərlə inilti üstündə,
"Şuşanın dağları" dillənir.
Dağ-daş yeriyir,
ölülər dirilir, itkinlər geri dönür.

Qarabağ və Şuşa həsrətini çox çəkirik, amma bir gün o həsrətin sona çatacağını Sona xanım inamla söyləyir. Poeziyanın məqsədi də bizi bu inama səsləməkdir.


Sona xanımın şeirlərində Vətənə məhəbbət hər cür standart ifadələrdən, şablon deyimlərdən uzaqdır, bu hiss konkret obrazlarda öz ifadəsini tapır. Uşaqlıqdan  "Arazbarı" ritmik muğamını heyranlıqla dinləmişik. 

Niyə "Arazbarı" adlanıb bu, təbii ki, Araz çayı ilə bağlıdır. Başqalarını bilmirəm, amma mən onu dinləyəndə öncə musiqinin nikbin xallarını tuturam, içimdə Arazın o tayı ilə bu tayı arasında həsrət körpülərini  və bu taydan o taya yol alan insan karvanını görürəm. Və birdən... bu xəyallar qırılır...
  
Ağ dəvənin üstə gözəl,
Gözündən yaş xəzəl-xəzəl.
Ölüm doğulmadan əzəl,
Qəribliyi, dərdi dastan,
Yol başlayıb gedən karvan...
Araz boyu bu nə köçdü?
Məndən, səndən, ondan keçdi.
Göz yaşını güllər biçdi,
Yarı bülbül, yarı xarı - "Arazbarı".

Dayan! Ayaq saxla!  Fikirləş ki, bu "yolçuluq köhnə mərəz, arxadan harayım yetməz..sən nigaran, yol nigaran".

Sona xanımın şeirlərində YOL obrazı da diqqətdən yayınmır və O YOL bizi qədim Naxçıvan torpağına aparır, "Yolu tək ümidi qeyb olanlara Mənim qollarımı körpü eləyin" misralarındakı həsrət bizi qarsıyır, çünki əzəli-əbədi torpağımıza məlum səbəblərə görə yalnız uçaqlarla gedirik. YOL bizi Savalanın ətəyində üzü qibləyə dayanıb, Şah İsmayılın sufi müridlərinin "Şah-şahdı" kəlməsini təkrarladığı yerə aparır.

İçim də, çölüm də qəm tarixidir,
Dərbənd bağlı qapım, Təbriz lal anam.
Şuşa baş örtüyüm, sürüşüb düşüb,
Şahın hüzurunda necə dayanım?

Sona Vəliyevanın şeirləri  mövzuca rəngarəngdir. Vətən həsrətindən də yazır, təbiətimizin gözəlliklərindən də, ataya-anaya şəfqətindən də, "Sərçələrin yurd sevgisi"ndən də. Adını çəkdiyim şeirdə sərçələrin, dünyanın ən zəhmətkeş yurdçularının (başqa ifadə tapa bilmirəm) bizə-insanlara örnək olası həyatı, onların birliyi, harmoniyası qələmə alınır. Sərçələrin aləmində də torpaq, yuva, Vətən davası gedir. O zərif quşlar insana bənzəmək istəmirlər, çünki onların savaşı sonda birliyə, vəhdətə aparırsa:
  
Biz adam olsaq da
quşlar kimi bacarmadıq.
Tanrım, ucadan
uca Tanrım!
Sən bu dağılmaqda
olan dünyanı,
yuva quran, bala qoyan,
əzabkeş, yurdkeş
sərçələrin yurd
sevgisinə bağışla,
çör-çöp sevgisinə
bağışla.

Bir oxucu kimi təbiətdən yazılan şeirləri maraqla oxuyuram. O şeirləri ki, orada yağış yağsın və bu yağış hardasa bir az mənə bənzəsin. Çünki yağışda bir az qüssə var, həsrət var..və həm də həzinlik var. Sona xanımın "Bu yağış mənə bənzəyir" şeirini oxuyandan sonra dərk elədim ki, məndə bu fikir haçan doğub?

Elə bil, bu şeiri mən yazmışam (şairliyim olmasa da). Bax, şeir ona görə yazılır ki, sənin içindəki yağışı da yağdırır. Başqa bir yağış şeiri- "Yaman uzandı bu yaz yağışı". Doğrusu, yağış deyəndə payız fəsli yada düşür, yaz yağışı həmişə "kövrək alma çiçəyini, nar çiçəyini" döyür. Mənə onun "Tənha sarı yarpaq" və "Tənha ağac" şeirləri daha çox xoş gəldi. Tənhalıq insan üçün həm ağır dərddi, həm də azadlıqdı. Dərd o zaman olur ki, tənhalıq səni özünə təslim edir, sənin ümidin, xəyalın və gözləyənin yoxdursa, o tənhalıq bir boşluqdur. Amma tənha olmaq həm də şair üçün azadlıqdı, sərbəstlikdi. Heç kəsə deyə bilmədiyin sözü tənhalığa söyləyirsən. Sona xanımın bu iki şeiri isə metaforik səciyyə daşıyır. İnsan tənhalığı ilə yarpaq tənhalığı assosiasiya edilir. Sarı yarpaq tənhalığı və gücsüzlüyü ilə insan tənhalığı arasında paralellik var. 

İnsanın içində də o tənhalıq kök salıb və günlərin birində insanın içində o tənhalıq da torpağa düşəcək, sonra baharda ümid kimi göyərəcək, əsir torpaqların azadlıq müjdəsini gətirəcək.

Bəs tənha ağac?
 
Salam, tənha ağac, bu boş çöllərə
Sən hardan gəlmisən, necə bitmisən?
Nədən baş götürüb dostdan, yaxından,
Elindən, obandan niyə itmisən?

Arxa biləcəyin, dost biləcəyin,
Sevib gözlədiyin söylə, de varmı?
Heç kimə açmaram sirrini, söylə,
Ağac da dil deyib heç ağlayarmı?

Gəlmişəm yanında sirdaş olmağa,
Dayanaq əl-ələ, budaq-budağa.
İçimi göynətdi çəkdiyim dərdlər,
Gəlmişəm yanında ağac olmağa.

Sona Vəliyevanın şeir dili axıcıdır. Olsun ki, bəzi şeirlərində fikrin ifadəsində tək-tük yerinə düşməyən sözlər, hətta misralar tapmaq olar, amma ümumilikdə bu şeirlər məhz ŞEİR DADI verir. O, hecada da yazır, sərbəstdə də. Bu baxımdan, şeirlərində polifoniya nəzərə çarpır. Öncə qeyd etdiyim kimi, qəmdən də yazır, sevincdən də. Şad olduğu anları da şeirə çəkir, qüssəli, narahat çağlarını da.  Xalq şeirindən gələn ruhu duyursan bir sıra şeirlərində.

Bu yandan açarı mənəm,
O yandan kimdir bağlayan?
Tanrı əliylə açıram,
Dayan, a qapı bağlayan.

Bu qapı gözüm qapağı,
İçi Vətənin torpağı.
Ürəyim yağı tapdağı,
Sən də bax, qapı bağlayan.

Xalq şairi Sabir Rüstəmxanlının onun "Arazbarı" şeirlər kitabına  yazdığı ön sözdən bir misal gətirmək istəyirəm: "Bu kitabda analarımızda, bacılarımızda gördüyüm bir Azərbaycan qadınının parlaq obrazı var.

Hansı yaşda olur olsun, ata ocağında uşağa, içi çiçəkləyən badam ağacına dönən, sönmüş təndirləri ürək oduyla yandırmağa çalışan, qıfıl tanımayan qapıları bağlı görəndə  "qeyrət açarları" axtaran, övladına dilinin, torpağının şahı-Xətai kimi olmağı qartal uçuşunu öyrədən...Şuşaya bayraq taxan qardaş axtaran, qayğılardan yorulanda ağaca, çiçəyə dönmək istəyən... sözləri vərəqə göz yaşı kimi tökülən, bir üzü gülən, bir üzü ağlayan, Allahını sevən, halal, saf bir Tanrı adamı olan kövrək, amma mətin, kişi qeyrətli Azərbaycan qadınıdır". Mən bu fikri nəinki ayrı-ayrı şeirlərdə, ümumən bütün kitabın ümumi ruhunda, poetik intonasiyasında gördüm.

Oxşayım çinar boyunu,
Əlləri sehirli anam.
Əlin dərman deyilib,
Bəlkə... bəlkə, sağalam.

Çörəyi üçkük gülüdü,
Bayram qoğalları şirin.
Təndiri soyuq alışır,
Gəzir anamın əllərin.

Payız yağışıyam, Allah,
Gözüm ovunmur, kirimir.
Öz əlim quruyan budaq,
Anamın əllərin verin.

İki əl, iki aləm,
Gözümdən tökülən qəm.
Oxşasa rahat ölləm,
Əllərində anamın.

Sona xanıma, bax həmişə belə səmimi, ürəkdən gələn, "Arazbarı" üstə köklənən şeirlər yazmağı arzulayaq!

 





04.03.2015    çap et  çap et