525.Az

"Ermənistan rəhbərliyi itkin düşənlərin siyahısını hazırlamaq təklifini rədd etdi"


 

"Ermənistan rəhbərliyi itkin düşənlərin siyahısını hazırlamaq təklifini rədd etdi"<b style="color:red"></b>

"Ermənistan rəhbərliyi ifşa olunmaqdan qorxaraq Fransa prezidenti Fransua Ollandın itkin düşənlərin siyahısını hazırlamaq təklifini rədd etdi".

Belə bir açıqlama ilə Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu çıxış edib. Mərkəzin direktoru qeyd edib ki, həmsədrlər təxminən bir il bundan əvvələdək məcburi köçkünlərin öz doğmalarının məzarlarını ziyarət etmək məsələsini gündəliyə gətirmişdilər:

"Ermənistan bununla razılaşmadı, çünki Dağlıq Qarabağ azərbaycanlılarının işğal olunmuş ərazilərdəki məzarları ziyarət etməsi bütün Dağlıq Qarabağın Azərbaycana məxsus olduğunu nümayiş etdirəcək. Məzarların azərbaycanlılar tərəfindən ziyarətinin regional və beynəlxalq mətbuatda işıqlandırılması ermənilər üçün ifşaedici olacaq idi. Ora gedən istənilən azərbaycanlı özünün bir neçə yüz illik nəsil şəcərəsini ortalığa qoya bilərdi. Amma R.Koçaryan, B.Saakyan, D.Babayan və sairlərin nəsil şəcərələri 200 ildən oyana keçmir. Dəqiq bəlli faktlardır ki, onları İran ərazisindən bu torpaqlara çar Rusiyası səfir A.Qriboyedovun təlimatı ilə yerləşdirib. İndi ermənilər özlərini bu torpaqların sahibi kimi təqdim edirlər". 

M.Əhmədoğlu əlavə edib ki, Fransa prezidenti prezidentlərin görüşündə 3 təklif irəli sürdü: "Hərbi gərginliyi azaltmaq, Beynəlxalq Qırmızı Xaç Komitəsi ilə itkin düşənlərin siyahısını hazırlamaq və Böyük Sülh sazişinin hazırlanmasına başlamaq". Politoloqun fikrincə F.Ollandın təklifləri Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinin bünövrəsini qoya bilərdi:
 
"Azərbaycanın münasibəti bu təkliflərə müsbət oldu. Ermənistan Parisdə prezidentlərin görüşündən dərhal sonra işğal altındakı ərazilərimizdə Dağlıq Qarabağ münaqişəsi başlanandan bəri ən böyük hərbi təlimini keçirdi. Böyük Sülh Müqaviləsinin hazırlanmasına başlamaq üçün iki şərt irəli sürdü. Ən nəhayət itkin düşənlərin siyahısının hazırlanmasına razılıq vermədi. Səbəb ermənilərin qırdığı azərbaycanlıların məzarlıqlarının aşkarlanıb ermənilərin üzünə şahid durmasıdır".

Onun sözlərinə əsasən, əldə edilən səhih məlumatlara əsasən, ermənilər DNT analizlərinin toplanması prosesində işğal olunmuş ərazilərdə kütləvi məzarlıqların üzə çıxacağından narahat olaraq əsir-girov və itkin düşmüş şəxslərlə bağlı əməkdaşlıqdan və bu sahədə informasiya mübadiləsindən yayınırlar.
 
"Media ötən ilin oktyabrında Azərbaycan və Ermənistan prezidentlərinin görüşündə əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşların məsələsinin  müzakirə olunması barədə məlumat verib. Həmin görüşdə razılığa gəlinib ki, hər iki ölkənin aidiyyəti orqanları arasında əsir-girov və itkin düşmüş şəxslərlə bağlı məsələlərin həlli üçün birbaşa əməkdaşlıq qurulsun və informasiya mübadiləsi aparılsın. Bu prosesin Beynəlxalq Qızıl Xaç Komitəsinin himayəliyi həyata keçirilməsi də razılaşdırılmışdı. Bundan sonra Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan nümayəndəliyinin rəhbərliyi ilə görüş keçirilib və hər iki ölkənin müvafiq komissiyaları arasında əməkdaşlığın qurulması məsələsi müzakirə olunub. Əldə olunmuş razılaşmaya əsasən, Dövlət Komissiyasının sədri işçi qrupuna lazımi göstərişlərini verib".

M.Əhmədoğlunun sözlərinə görə, hazırda Ermənistan tərəfi növbəti dəfə razılaşmanın pozulmasına yönəlmiş fəaliyyətsizlik nümayiş etdirir:

"İlkin qənaət ondan ibarət idi ki, Ermənistanın müvafiq Dövlət komissiyası işğal altında olan ərazilərdə çox səthi araşdırma apardığına görə, hətta öz itkilərinin sayını belə dəqiq müəyyən etməyib. Lakin dəqiq mənbələrdən əldə etdiyimiz məlumata əsasən, deyə bilərik ki, ermənilərin bu prosesi əngəlləmək üçün çox ciddi əsasları var. Müəyyən olunub ki, işğal olunmuş ərazilərdə azərbaycanlıların qətlə yetirilərək basdırıldığı kütləvi məzarlıqlar mövcuddur və DNT analizlərinin toplanması prosesində həmin məzarlıqlar aşkarlanacaq. Ermənilər bunun qarşısını almaq üçün işğal olunmuş ərazilərdə əsir və itkin düşmüş, girov götürülmüş şəxslərlə bağlı hər hansı araşdırma aparılmasında maraqlı deyillər".

M.Əhmədoğlu vurğulayıb ki, bu faktın üzə çıxması və öz təsdiqini tapması Ermənistan üçün çox böyük zərbə olar və beynəlxalq aləmdə ermənilərin nüfuzuna çox ciddi xələlə gətirə bilər. Buna görə də Ermənistanın aidiyyəti komissiyası əməkdaşlıqdan yayınır. Daha əvvəl Azərbaycan XİN bəyan etdi ki, Ermənistan əsir və girovlarla bağlı Azərbaycanla Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə məlumat mübadiləsi aparmaqdan imtina edir, bu məsələdə açıqlıq və şəffaflıq göstərmir.

Xarici İşlər Nazirliyinin mətbuat katibi Hikmət Hacıyev bildirib ki, 2014-cü ildə Parisdə Azərbaycan və Ermənistan prezidentlərinin görüşü zamanı tərəflər bu məsələdə razılığa gəliblər.  Azərbaycan  bunu  müsbət qarşılayıb və əməkdaşlığa hazır olduğunu bildirib. Onun sözlərinə görə, Azərbaycandan 4 mindən çox şəxs əsir və itkin düşmüş hesab olunur. Ermənistan bu məsələdə açıqlıq və xoş niyyət göstərməlidir:

"Təəssüf ki, Ermənistan tərəfindən qeyri-konstruktivlik nümayiş etdirilir. Azərbaycanda ailələr var ki, 20 ildən çoxdur öz yaxınlarından  məlumat gözləyirlər".

XİN rəsmisi Ermənistanın  bu məsələdə əməkdaşlıqdan imtina etdiyini vurğulayıb. O əlavə edib ki, beynəlxalq hüquqa görə Ermənistan bu məsələdə məsuliyyət daşıyır:

"Məlumatlar var ki, azərbaycanlılar orda kütləvi şəkildə öldürülüb və məzarlıqda basdırılıb. Onlar üzərində DNT  analizi aparılmalıdır ki,  kimlikləri müəyyən edilsin. Buna görə də Ermənistan əməkdaşlıqdan imtina edir, destruktivlik göstərir".

PƏRVANƏ

 





04.03.2015    çap et  çap et