525.Az

"Ermənistanın separatçı rejimdə "seçki" keçirmək cəhdi növbəti təxribatdır"


 

"Ermənistanın separatçı rejimdə "seçki" keçirmək cəhdi növbəti təxribatdır"<b style="color:red"></b>

"Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesi son dərəcə düyünə düşüb və dalana dirənib".

Bunu  Prezident yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun direktoru, politoloq Elman Nəsirli mayın 3-də qondarma "Dağlıq Qarabağ Respublikası"nda keçiriləcək "parlament seçkiləri"nə münasibət bildirərkən deyib. Politoloqun sözlərinə görə, ATƏT-in Minsk qrupunun həmsədrləri nəinki prezidentlər səviyyəsində, hətta xarici işlər nazirləri səviyyəsində görüşü təşkil etmək iqtidarında olmadıqlarını artıq yavaş-yavaş etiraf etməyə başlayırlar:
 
"Onların da əsas məqsədi atəşkəs rejimini qoruyub saxlamaqdan ibarətdir. Lakin Ermənistanın davranışı onu göstərir ki, işğalçı ölkə hər dəfə növbəti təxribatlarla atəşkəs rejimini pozur və danışıqlar prosesinin, eləcə  prezidentlər səviyyəsində görüşün baş tutmamasına ünvanlanan addımlar atır. Biz belə təxribatların dəfələrlə şahidi olmuşuq. İndi də Ermənistanda, qondarma separatçı rejimdə növbəti təxribata hazırlıq prosesinə start verilir".

E.Nəsirli hesab edir ki, belə bir seçkilərin keçirilməsi danışıqlar prosesinə növbəti zərbə olacaq: "Bu bir daha onu nümayiş etdirəcək ki, Ermənistan tərəfinin və onu müdafiə edən separatçı rejimin münaqişənin həlli ilə bağlı heç bir konstruktiv mövqeyi yoxdur. Düşünürəm ki, bu hadisə həmsədrlərin son dərəcə ciddi reaksiyasını tələb edir.
 
Əgər həmsədrlər bu hadisəyə lazımi səviyyədə reaksiya verməsələr, hesab edirəm ki, qondarma "seçkilərdən" sonra növbəti danışıqlar raundunun başlaması ilə bağlı onların bütün cəhdləri mənasız olacaq. Azərbaycan tərəfi də heç şübhəsiz bu məsələni ən yüksək beynəlxalq tribunalarda səsləndirəcək.

Beləcə beynəlxalq birliyi qondarma seçkiləri tanımamağa dəvət edəcək". O, "Amnesty İnternational"ın hesabatına da toxunaraq deyib: "Beynəlxalq təşkilatların Azərbaycanla bağlı qərəzli hesabatlar verməsinin dəfələrlə şahidi olmuşuq. "Amnesty İnternational"  təşkilatı hər zaman Azərbaycanla bağlı mənbəyi tam dəqiqləşdirilməmiş qərəzli hesabatlar yayır. Etibarlılığı kifayət qədər olmayan mənbələr hesabına verilən bu cür bəyanatların heç bir əsası yoxdur. Ölkə başçısı cənab İlham Əliyev də bir neçə il öncə öz çıxışında bildirmişdi ki, dünyada elə qüvvələr var ki, utanmadan, çəkinmədən bizlərə çox sürətlə inkişaf etdiyimizi irad tuturlar.

Bu səbəbdən də onlar hər zaman Azərbaycana qarşı təzyiq və təhdid mexanizmlərini işə salırlar.Belə hesab edirəm ki, "Amnesty İnternational"  təşkilatı da həmin qüvvələrin sırasındadır. Bu cür bəyanatlar artıq bir növ ənənəyə çevrilib. Bir müddət öncə, Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov da bildirmişdi ki, Azərbaycanın ABŞ-la yox, məhz ABŞ-da faəliyyət göstərən QHT-lər ilə problemləri var. Yəni onlar real hərəkətə söykənməyən, etibarlılıq mənbəyi kifayət qədər olmayan informasiyalar yayırlar və Azərbaycana təzyiq göstərirlər. Bir daha qeyd edim ki, bu cür qərəzli bəyanatlar heç bir real bazaya söykənmir. Lakin bu cür addımlar Azərbaycanı seçdiyi inkişaf  yolundan döndərə bilməz.  Bu cür təzyiq mexanizmləri ilə o təşkilatlar ola bilsin ki, digər ölkələrdə müəyyən nəticələr əldə edə bilərlər, lakin xalqla hakimiyyətin birlik halında olduğu, ictimai-siyasi sabitliyin hökm sürdüyü Azərbaycanda  bu cür dırnaqarası addımlar heç bir uğur qazana bilməz".

Qeyd edək ki, bir neçə gün öncə Azərbaycan Xarici İşlər Nazirliyi qeyd etdiyimiz "seçkilər"lə bağlı bəyanat verib. Bəyanatda deyilirdi ki, Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ regionunda separatçı rejimin mayın 3-də qondarma "parlament seçkiləri" keçirməsi qanunsuzdur və bu, Azərbaycan qanunlarının pozulması və münaqişənin tənzimlənməsi üzrə danışıqlar prosesinə zərbə vurmağa istiqamətlənib.

Bəyanatda qeyd olunur ki, Xarici İşlər Nazirliyi Azərbaycanın işğal edilmiş ərazilərində Ermənistan Respublikası tərəfindən yaradılmış separatçı rejimin təcavüz və irqi ayrı-seçkiliyin mütləq nəticəsi olduğu bir daha vurğulayır: "Bu rejim Ermənistanın idarəçiliyi və nəzarəti altındadır. Ermənistanın Azərbaycana qarşı müharibəyə başladığı və zordan istifadə edərək, Dağlıq Qarabağ və ətraf yeddi rayon daxil olmaqla, Azərbaycan ərazisinin 20 faizini işğal etdiyi və bir milyondan artıq azərbaycanlını öz doğma torpaqlarından didərgin salaraq etnik təmizləmə həyata keçirdiyi və digər ağır cinayətlər törətdiyi hamıya yaxşı məlumdur. Beynəlxalq ictimaiyyət Azərbaycana qarşı zor tətbiq edilməsi və Azərbaycan ərazilərinin işğalını ardıcıl olaraq kəskin şəkildə tənqid edib". 

Qeyd edilib ki, Azərbaycan ərazilərinin hərbi işğalı və etnik təmizləmənin davam etdiyi zəmində qondarma separatçı rejimin strukturlarına "seçkilər"in keçirilməsi Azərbaycan Respublikasının Konstitusiyasının və beynəlxalq hüququn norma və prinsiplərinin açıq şəkildə pozulmasıdır və buna görə də bu "seçkilər"in heç bir hüquqi qüvvəsi ola bilməz: "Ermənistan işğal edilmiş Azərbaycan ərazilərini ilhaq etməyə müəssər ola bilməz. Davamlı və uzunmüddətli nizamlanmaya nail olunmasının yeganə yolu Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Dağlıq Qarabağ regionu və digər işğal olunmuş ərazilərindən qeyd-şərtsiz və tamamilə çıxarılması, məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtmaları üçün ayrılmaz hüquqlarının təmin edilməsi və bir-birinin suverenliyi və ərazi bütövlüyünə hörmət əsasında Ermənistan və Azərbaycan arasında münasibətlərin qurulmasıdır.

Azərbaycan Respublikası bir daha Ermənistan tərəfini əbəs yerə vaxt itirmək və öz xalqı və beynəlxalq ictimaiyyəti aldatmaq əvəzinə təcavüz və etnik təmizləmə siyasətinə son qoymağa və münaqişənin nizamlanması prosesinə konstruktiv şəkildə iştirak etməyə və beynəlxalq öhdəliklərinə əməl etməyə çağırır".

PƏRVANƏ

 





04.03.2015    çap et  çap et