525.Az

"Məni maraqlandırmır ki, mənim adım bəstəkar olacaq, ya yox"


 

MİLLİ MƏCLİSİN DEPUTATI NOVRUZ ASLANOV: "PLAGİAT NÜMUNƏLƏRİ O QƏDƏR ÇOXDUR Kİ, SAYA-HESABA GƏLMƏZ"

"Məni maraqlandırmır ki, mənim adım bəstəkar olacaq, ya yox"<b style="color:red"></b>

- Novruz müəllim, bir musiqi, bir mədəniyyət, bir sənət adamı kimi Azərbaycan musiqisinin, Azərbaycan mədəniyyətinin bugünkü durumunu qənaətbəxş hesab edirsinizmi? Ötən illərlə - təxminən, 60-80-ci illərlə müqayisədə son illər Azərbaycan mədəniyyətində qazandıqlarımız çoxdur, yoxsa itirdiklərimiz? Dünyanı başına götürən şou-biznesin, bəzən bizdə heç düz-əməlli şou-biznesin olmadığını da iddia edirlər - Azərbaycan mədəniyyətinə təsirlərindən, xüsusilə, mədəniyyətimizə, mənəviyyatımıza zidd olan mənfi təsirlərindən necə qurtarmaq olar?

- Doğrudan da, bu mövzu bu gün bizim hamımızı narahat edir. Amma mən istəməzdim ki, bu gün bizim cəmiyyəti daha çox belə məsələlər narahat etsin. Hesab edirəm ki, indi bizi daha çox narahat edən ən ağrılı yerimiz olan Qarabağ problemidir. Amma bugünkü gündə qaldırdığınız bu məsələ də aktual olaraq qalmaqdadır. Bu gün mətbuatda, xüsusilə televiziyalarda şou-biznes sahəsində elə qızğın müzakirələr, elə debatlar gedir ki, heç Qarabağ məsələsində belə debatları, müzakirələri görmürük. Sanki şou-biznes cəmiyyətimizdə bir nömrəli məsələ olub. Yəni, bəzən ortalığa elə bir mövzu atılır ki, fikirləşirsən görəsən dünyada bundan ciddi problem yoxdur? Misal üçün, kimsə konservatoriya bitirib, kimsə bitirməyib, kiminsə musiqi savadı var və ya yoxdur və sair.
 
Bu gün bütün dünyanı bürüyən iqtisadi böhran bizdə sanki heç kimi maraqlandırmır, çünki iqtisadi potensialımız və bu istiqamətdə dövlətin yürütdüyü strategiya bunu bizə hiss etdirmir. Amma görəsən neftin qiyməti daha da aşağı düşərsə nə olacaq? Bizim Azərbaycan vətəndaşı üçün daha çox bu məsələlər maraqlı olmalıdır. Lakin bu gün bir çoxlarını maraqlandıran odur ki, kim toyda daha çox oxuyacaq və ya qazanacaq, yaxud kim öz paltarını, avtomobilini hamıya göstərəcək və s. Belə insanlar bilmirlər ki, bugünkü gündə bizim şou-biznes sahəsində olan uğurlarımız birbaşa olaraq bizim iqtisadiyyatımızla bağlıdır. Əgər bizim ölkəmiz inkişaf etməsə, iqtisadi cəhətdən dayanıqlı olmasa bizim nə toylarımız, nə gəlirlərimiz, nə konsertlərimiz, nə də şou-biznesimiz heç vaxt istədiyimiz səviyyədə olmazdı. Gəlin görək bu gün İraqda hansı şou-biznes var? Gəlin baxaq bu gün Əfqanıstanda hansı şou-biznes var? Liviyada, Misirdə hansı şou-biznesdən söhbət gedə bilər? Yalnız müstəqil, tərəqqi etmiş ölkələrdə digər sahələr kimi şou-biznes, incəsənət və digər sahələrdə inkişaf edir. Bir vətəndaş olaraq biz bu barədə daha çox düşünməliyik. Əldə etdiyimiz uğurların qədrini bilməliyik və şükür etməliyik.

Bugünkü gündə bəzi bəstəkarları efirlərə dəvət edirlər və mövzu da ondan ibarət olur ki, məsələn, filankəs Konservatoriyanı qurtarıb, filankəs qurtarmayıb. O bəstəkar ola bilər, o birisi ola bilməz və sair. Bir faktı nəzərinizə çatdırmaq istərdim ki, maestro Niyazi kimi dahi bir şəxsiyyət Konservatoriyanı bitirməmişdi.

Sizin bundan xəbəriniz var idimi? Bir çox insanlarımızın bundan xəbəri yoxdur. Eyni zamanda Ələkbər Tağıyev, İbrahim Topçubaşov kimi böyük bəstəkarlarımız Konservatoriya təhsili almayıblar. Amma onlar gözəl mahnıların müəllifidir. Onlar dünyadan köçüblər, amma mahnıları qalıb və qalacaq da. Müasir dünyamızda bizim çox gözəl mahnı müəllifləri var, onlar da hamı kimi, nə vaxtsa bu dünyanı tərk edəcəklər, biz də dünyadan köçəcəyik, amma mahnılarımız qalacaq.

 - Demək istəyirsiniz ki, yaradıcılıq azaddır və onun qarşısını heç bir qadağa ala bilməz...

- Bəli, yaradıcılıq azaddır. Heç kimə məhdudiyyət qoymaq olmaz. Heç kimə demək olmaz ki, sən bunu edə bilərsən və ya edə bilməzsən, təbii ki, qanunlar çərçivəsində. Yuxarıda dediniz ki, bizdə şou-biznes yoxdur, amma mən belə deməzdim.
 
Bunu qəti şəkildə inkar etmək düzgün olmazdı. Bizdə çox gözəl şou-biznes var. Bizdə müəyyən insanlar, müəyyən təbəqə var ki, şou-biznes üzərində yaxşı cah-cəlal qurublar, yaxşı pullar qazanırlar. Amma bundan istifadə edərək bir reklam olaraq insanların arasına da belə bir söz buraxıblar ki, guya bizdə şou-biznes yoxdur. Çox səhv fikirdir. Televiziyanı, jurnal-qəzetləri, maqazin jurnallarını götürək, toy biznesini, müğənnilərin qazancını götürək. Bu gün bəzi incəsənət nümayəndələri öz varını-dövlətini, öz əmlakını reklam etdirir və insanlar da bunu görə-görə desinlər ki, bizdə şou-biznes yoxdur. Əgər şou-biznes olmasaydı, bunların heç biri olmazdı. Düzdür, bizdə əsas şou-biznes sahəsi toy sahəsidir, amma heç də o biri sahələr ondan geri qalmır. Mən xüsusi olaraq televiziyanı qeyd etmək istərdim. Şou-biznes sahəsində, reytinq sahəsində televiziyalar nə qədər reklam xarakterli verilişlər yayımlayır və reklamdan görün nə qədər pul qazanırlar... İtirdiklərimiz və qazandıqlarımıza gəlincə isə hesab edirəm ki, hər ikisi var. Həm itkilərimiz, həm də qazancımız. İtirdiklərimiz ondan ibarətdir ki, biz öz milli musiqimizdən bir xeyli kənarlaşmışıq.

Misal üçün mənim hər zaman öz yaradıcılığımda bir amalım olub, azərbaycançılığı, milli koloriti qoruyum. Baxmayaraq ki, biz digər musiqilərə müraciət edib, onlardan müəyyən notlarda istifadə edirik, amma biz milli musiqi mənsubiyyətimizi heç vaxt unutmamalıyıq. Təəssüf ki, bu gün bu uzaqlaşma mövcuddur.

Hərdən yol gedərkən radioda mahnılara qulaq asıram, görürəm ki, ümumiyyətlə adi bir ispan mahnısıdır, amma onu Azərbaycan dilinə çeviriblər və deyirlər ki, bu mahnının müəllifi filankəsdir. Hətta plagiat nümunələri o qədər çoxdur ki, saya-hesaba gəlməz. Mən bu saat sizə başlasam danışmağa ki, hansı musiqi haradan gəlib və necə istifadə olunub, özünüz də təəccüblənərsiz. Bu problem mövcuddur. Amma buna baxmayaraq biz çox gözəl musiqilərin də şahidi oluruq. Bizim yeni bəstəkarlarımızın çox yaxşı musiqiləri var ki, bizə təqdim edirlər və biz də onları sevə-sevə dinləyirik. Bu gün bizim Azərbaycan Dövlət Televiziyası, İctimai Televiziya və bəzi bir-iki özəl kanal da bizim milli musiqiyə çox böyük önəm verir.

Bildiyiniz kimi son illərdə Heydər Əliyev Fondu tərəfindən muğam müsabiqəsinin keçirilməsi, muğam sənətinin dəyərləndirilməsi, onun beynəlxalq aləmə çatdırılması və YUNESKO-nun sərvəti kimi qəbul olunması böyük bir uğurdur. Bütün bu işlərdə Mehriban xanım Əliyevanın əməyi danılmazdır. Hər bir Azərbaycan vətəndaşı bu sahədə çalışmalıdır, milli-mənəvi dəyərlərimizi qorumalıdır. Bu da demək olar ki, şou-biznesin bir növüdür. Mədəniyyətin inkişafı Azərbaycanımızı hər yerdə tanıtdırır.
 
Hərdən "Euronews" kanalına baxanda görürəm ki, Azərbaycan haqqında hansısa veriliş və ya reklam gedir. Bu məni çox sevindirir. Çünki mən də azərbaycanlıyam və Azərbaycan vətəndaşıyam. Son illər Azərbaycanda nə qədər beynəlxalq əhəmiyyətli tədbirlər keçirilib, istər mədəniyyət, istər iqtisadi, istərsə də idman sahəsində. Bütün bunlar Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzunun təzahürüdür. Yeri gəlmişkən, mən şəhərdən kənarda yaşayıram. Hər gün şəhərə gələrkən Heydər Əliyev Hava Limanının yanından keçəndə üzümü yuxarı qaldırıb Allaha şükür edirəm ki, nə yaxşı bu ölkənin nümayəndəsiyəm, mənim nə gözəl ölkəm, nə gözəl şəhərim, necə gözəl küçələrimiz var. Hər gün rayon və şəhərlərimiz abadlaşır, gözəlləşir. Ən əsası isə sevinirəm ki, bizim necə gözəl, dərin intellekt və diplomatiya təcrübəsinə malik Prezidentimiz var. Bilirsiniz, hər şey müqayisə ilə ölçülür. Mən bunu bir dövlət nümayəndəsi kimi yox, tam səmimi olaraq deyirəm. Mən həqiqəti deyən insanam. Ümumiyyətlə, yalana nifrət edirəm. Yalan danışmağı da bacarmıram. Çünki yalan danışanda məni o saat insanlar hiss edirlər. Gözlərimdən özümü tanıtdırıram (gülür). Ona görə mənim ən böyük silahım düzgünlükdür.

Bu yaxınlarda keçmiş Sovet məkanına daxil olan bir ölkədə səfərdə oldum. Adını çəkmək istəmirəm, çünki orada yaşayan xalqın hissiyyatına toxuna bilərəm. Mən həmin ölkədə yaşayanların halına çox acıdım. Acıdım ki, o xalq bu dərəcədə azadlıqdan məhrum olmuş bir xalqdır. Qorxu, vahimə içində yaşayırlar. Sizə açığını deyim ki, oradakı siyasi rəhbərlik o dərəcədə despotizm elementləri ilə dolu bir həyat qurub ki, mən özüm məəttəl qaldım ki, müasir dövrümüzdə bu necə ola bilər.
 
Adi bir misal çəkmək istəyirəm. Hamımız tez-tez toylarda oluruq. Siz təsəvvürünüzə gətirirsiniz ki, hansısa bir şadlıq sarayında və ya insanların əyləndiyi bir məkanda prezidentin şəklini vursunlar? Axı, bu necə ola bilər? Bu, nə deməkdir? Şadlıq sarayında camaat toy edir, əylənir, amma görürsən ki, prezidentin böyük bir şəklini zalın ortasından vurublar. Prezidentin şəkli ola bilər hansısa nazirlikdə, hansısa bir dövlət qurumunda və sairə. Camaatın əyləndiyi bir yerdə prezidentin şəkli olar? Bu, kiçik bir ştrixdir. Yadıma gəlir ki, təyyarədən Heydər Əliyev Hava Limanına enəndə mən üzümü göyə tutub dedim ki, təşəkkür edirəm sənə Allahım. Nə yaxşı ki, mən bu ölkənin, bu millətin nümayəndəsiyəm. Nə yaxşı ki, mən azərbaycanlıyam. Nə yaxşı ki, bizim belə gözəl bir Prezidentimiz var. Hərdən düşünürəm ki, bəzi müxalif insanları təyyarəyə mindirib göndərəsən həmin ölkəyə. Getsinlər görsünlər ki, iqtidarda olan insanlar müxalifətə necə zülm edir, oradakı mövcud vəziyyəti, münasibəti görsünlər, sonra da gəlib bizim siyasi rəhbərliyə şükür etsinlər... 

-Yeri gəlmişkən, yaşlı nəslin nümayəndələri, nisbətən yaşlı bəstəkarlar həvəskar adlandırılanlara ittiham səsləndirirlər ki, həvəskarlar Azərbaycan musiqisini öz məhvərindən çıxarıblar, musiqimizə Latın Amerikası, Şərq, ərəb-fars çalarları qatıblar və sair. Bu ittihamlar nə dərəcədə düzgündür? Bu ittihamlar bütövlükdə həvəskar adlandırılanlara şamil olunmalıdırmı?

-Onların hamısına şamil oluna bilməz. Amma həmin ittihamlarda həqiqət də var. Bununla belə hesab edirəm ki, yaradıcılıq azaddır, heç kimin qarşısına qadağa qoymaq olmaz ki, sən hansısa məktəbi qurtarmamısansa bəstəkar ola, musiqi, mahnı yaza bilməzsən. Əvvəllər də dedim ki, dahilərimizin heç də hamısı Konservatoriya bitirməyiblər. Onu da qeyd edim ki, adını çəkdiyim və çəkmədiyim həvəskar adlandırılanlar heç də o iddiada deyillər ki, onlara bəstəkar desinlər. Mən yaradıcılığa başlayan ilk gündən deyirəm ki, əzizlərim, mən bəstəkar deyiləm. Ümumiyyətlə, məni necə çağırmaq mənim üçün heç bir fərq etmir. Bəstəkar adı mənə nə gətirəcək? Şanmı gətirəcək, şöhrətmi gətirəcək və ya hansısa maddi dividentmi gətirəcək? Mənim şanım da, şöhrətim də mənim musiqilərimdir. Əgər insanlar mənim mahnılarım olan diski əldə edib ona qulaq asırlarsa, bunu mənim qazancım hesab etmək olar. Məni maraqlandırmır ki, mənim adım bəstəkar olacaq, ya yox. Mən hər səhər Kamalın "İlahi" musiqisini Xalq artisti Alim Qasımovun ifasında dinləyib evdən çıxıram. Bu manhının qarşısında indi kimsə dayana bilər?

Yaxud, Ələkbər Tağıyevin "Sən gəlməz oldun" mahnısı qarşısında kimsə dayana bilər? Bir çox nümunələr var ki, onlar böyük sənət əsəri sayıla bilər. Elə götürək Sevil xanım Əliyevanın "Ana" mahnısını, onun qarşısında kimsə sakit, həyəcansız duruş gətirə bilər? Cabbar Musayevin "Nə olar Allahım, ayırma bizi" mahnısı kimisə təsirsiz buraxa bilər? Elçin İmanovun "Küləklər" mahnısı da bu qəbildəndir, mən bu mahnıları çox sevirəm. İndi bunlardan sonra kimin Konservatoriya təhsili olub-olmadığını araşdırsaq, mövzudan yayınmış olarıq. Sevilən musiqilərin müəllifi kimi bizim heç bir iddiamız yoxdur. Konservatoriya qurtarmış hər hansı bir sənətçi bizdən daha yaxşısını yazıb ortaya qoysun və hamımıza göstərsin ki, mahnı məhz belə olmalıdır. İnkar etmək düzgün üslub deyil - faktı qəbul edib ondan sadəcə nəticə çıxarmaq lazımdır. İnkar yolun ən asanıdır. Mən səni "tanımıram və tanımaqda istəmirəm" üslubu düzgün və xoş sayıla bilməz...

Kamil HƏMZƏOĞLU

 





04.03.2015    çap et  çap et