525.Az

"Dövlət və millət üçün gərəkli işi könlünün hökmü ilə icra edirsənsə…"


 

"Dövlət və millət üçün gərəkli işi könlünün hökmü ilə icra edirsənsə…"<b style="color:red"></b>

"Gənclərimizin ölkənin intellektual və siyasi elitasını təmsil edən dəyərli şəxsiyyətlərlə ünsiyyətlərə, fikir mübadilələrinə daim ehtiyacı var". Bunu  Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Azərbaycanın  Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvü, akademik Rafael Hüseynov "Asan xidmət" könüllüləri ilə görüşündə dilə gətirib.

Qeyd edək ki,  görüşdə Dövlət İdarəçilik Akademiyasının da böyük bir dəstə tələbələri iştirak ediblər. Sözünü gənclərə "dostlar, həmkarlar" deyə müraciətlə başlayan R. Hüseynov auditoriyaya niyə bu ifadələrlə üz tutduğunun səbəbindən bəhs edib: "XX əsrin ilk onillərinin parlaq ziyalılarından olmuş hüquqşünas və həkim Azad Əmirova bir nəfər o çağların deyiş tərzinə uyğun olaraq "yoldaş Azad" deyə yaxınlaşanda gözləmədiyi cavabı eşidir. Azad bəy əli ilə əvvəlcə ürəyini, sonra başını göstərərək: "Yoldaşlıq ya bura, ya da bura ilə olur", - deyir. İndi də mənim sizə "dost", "həmkar" söyləməyim səbəbsiz deyil. Siz Azərbaycanın müxtəlif ali məktəblərində oxuyan, ölkəmizdə yeni yaranmış və dünyaya bizim brendimiz kimi tanınan "Asan xidmət"də könüllü olaraq çalışan gənclərsiniz. Sizin yolunuz yeni başlanır və yolunuzun lap əvvəlindən dövlətə, xalqa təmənnasız xidmət xəttini tutmusunuz. Biz də ömrümüz boyu eyni işləri görürük və ona görə də, əlbəttə ki, həm əqidəcə, fikircə, həm də getdiyimiz yol baxımından dost və həmkarıq. "Asan xidmət"ə insanların həmişə ehtiyacı olub. Ehtiyac varsa, cəmiyyət, zaman onun həlli üsullarını da tapır. Bürokratiyanın, korrupsiyanın tüğyan etdiyi son Sovet onillərində insanların üzünə rüşvətlə açılan, bu minvalla da işləri sürətləndirən "dal qapı" vardı.

Bizim günlərin Azərbaycanında dövlətin apardığı insana qayğı, insana ehtiram siyasəti mənasız get-gəllərin, sənədləşdirmələrdə süründürməçiliyin qarşısını almaq üçün xeyli sahələrdə "bir qapı" siyasətini həyata keçirməyə başladı. Dünənku "dal qapı" ilə indiki "bir qapı" arasındakı fərq keçmişdəki qanunsuzluğa, rüşvətə, tanışlığa, şəxsi münasibətə əsaslanan dırnaqarası asan xidmətlə, hazırkı qanunçuluğa dəqiqliklə riayət etməyə, insana sayğıya, vətəndaşın vaxtına hörmətə dayanan Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan "Asan xidmət" arasındakı məsafə qədərdir.2014-cü il dekabrın 16-da "Asan xidmət" könüllülərinin birinci forumunda çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev sizin fəaliyyətlərinizin bütün başqa məziyyətlərindən savayı bir xüsusiyyətinə də ayrıca diqqət yetirdi ki, siz bütün bu işləri könüllü görürsünüz. Yəni ürəkdən, öz qəlbinizin çağırışı, iradənizin seçimi olaraq. Ən mühüm olan da elə budur".

R.Hüseynov sonra bildirib ki, dövlət və millət üçün gərəkli işi sən könlünün hökmü ilə icra edirsənsə, orada mütləq uğurlu bəhrələr olacaq:  "Candərdi edirsənsə, yalnız bu iş sənə tapşırıldığı üçün yerinə yetirirsənsə, təbii ki, nəticə də xalaxətrin qalmasın olacaq.Cənab Prezident sizlərə Azərbaycanın sabahkı idarəediciləri dedi. Bu həqiqətdir. Siz çalışqan, savadlı, dövləti, Vətəni sevən cavanlarsınız, sabahı sizlər irəlilədəcəksiniz.
Bu, böyük məsuliyyətdir. Bir ölkədən beyinlərin xaricə axını həmişə pisdir. Amma "Asan xidmət" mərkəzlərinin varlığını, bu sahədə könüllülərin çalışmalarının yekununu dövlət başçımız bizim intellektual məhsulumuz adlandırır, bir çox xarici ölkələrdən ona müraciət edilərək bu təcrübənin öyrədilməsinin xahiş olunduğunu bəyan edir. Demək, xaricdə bizim beynimizin məhsuluna, beyminizin istehsal etdiyinin eksportuna ehtiyac yaranır. Mən arzu edərdim ki, bütün gələcəkdə də həmişə belə olsun - burada tətbiq imkanı tapmadığından naəlaclıqdan beyinlərimiz, zəka xammalımız ölkədən qırağa axmasın. İnkişafımız, yüksəlişlərimiz elə davam etsin ki, beyinlərimizın məhsulu, düşüncə əmtəəmiz xariclərə yönəlsin. Gücümüzdən güc əskilməsin, əksinə, ağlımız sərvətimizi çoxaltsın, beynimizin bəhrələri firavanlığımızı artırsın".

Kamil HƏMZƏOĞLU

 





04.03.2015    çap et  çap et