525.Az

Ermənistanda hakimiyyət böhranı: tamam, yoxsa davam?


 

QAQİK ÇARUKYAN VƏ SEYRAN OHANYAN SERJ SARKİSYANIN ƏSAS RƏQİBLƏRİ KİMİ

Ermənistanda hakimiyyət böhranı: <b style="color:red">tamam, yoxsa davam?</b>

Ermənistanda siyasi qarşıdurmalar, xalqın etiraz dalğaları artmağa davam edir.

Hakimiyyətin uğursuz xarici və daxili siyasətinin, aparılan islahatların onları uçuruma sürüklədiyini görən xalq kütlələrinin etirazları günü-gündən böyüməkdədir. Bu amil ölkədə təkcə ixtidar-müxalifət toqquşmalarını artırmayıb, eyni zamanda hakimiyyətdə də parçalanmalar yaratmağa başlayıb. Hazırda Ermənistan rəhbərliyinə 2 əsas namizəd var. Onlardan biri "Çiçəklənən Ermənistan" Partiyasının sədri Qaqik Çarukyan, digəri müdafiə naziri Seyran Ohanyandır.

Vaxtilə Levon Ter-Petrosyanı, daha sonra Robert Koçaryanı hakimiyyətdən uzaqlaşdıran Moskvanın artıq İrəvana yeni sahib təyin etdiyi barədə də fikirlər dolaşmaqdadır. Sarkisyan dövründə Ermənistanda Rusiyaya qarşı etirazın ən yüksək səviyyəyə qalxması, onun Moskvanın istəklərini doğrultmaması Kremli bu addımı atmağa məcbur edib. Şimal qonşumuzun əsas namizədi isə oliqarx Qaqik Çarukyan hesab olunur. Namizədin partiyasının adından da göründüyü kimi Rusiya post-Sovet məkanında növbəti "rəngli inqilab"ı Ermənistanda həyata keçirməyi planlaşdırır. Çarukyanın partiyası parlamentdə 37 millət vəkili ilə təmsil olunur. Hökumətin apardığı siyasətə etiraz edən geniş xalq kütlələrini ələ alması və digər müxalif partiyalar - "İrs" və Erməni Milli Konqresini kölgədə qoyması Çarukyana olan ümidləri daha da artırır.

Həmçinin bir müddət öncə Rusiya Liberal Demokrat Partiyasının lideri Jirinovskinin "Çiçəklənən Ermənistan" Partiyasının rəhbərləri ilə görüşməsini də Ermənistan prezidentliyi yolunda seçimin edilməsi ilə bağlayırlar. Vəziyyətin son dərəcə kritik həddə çatdığını görən Serj Sarkisyan siyasi opponentlərinə qarşı hücumlara başlayıb. Ermənistan mətbuatının yazdığına görə, prezidentin sərəncamı ilə Çarukyan Ermənistan Milli Təhlükəsizlik Şurasının üzvlüyündən azad edilib. Hakim Respublika Partiyasının iclasında çıxış edən Sarkisyan Qaqik Çarukyana bu vaxta qədər himayədarlıq etməsinin yanlışlıq olduğunu və bundan sonra səhvini düzəldəcəyini deyib. Bundan başqa Sarkisyan rəqibinin Təhlükəsizlik Şurası və parlament iclaslarına qatılmamasının səbəblərinin aydınlaşdırılmalı olduğunu bildirib: "Ölkənin ali təhlükəsizlik orqanı teatr deyil ki, ürəyin istəyəndə bura gələsən".

Bundan başqa, o, Çarukyanın vergidən yayınması faktları və kriminal aləmlə münasibətləri ilə bağlı hüquq-mühafizə orqanlarının araşdırma aparmalı olduğunu da deyib. Bir sözlə müxalif partiya sədri Sarkisyan tərəfindən hərtərəfli müşahidə altındadır. Arxasında Rusiya kimi gücün dayandığı Qaqik Çarukyana qarşı mübarizənin asan olmayacağını dərk edən hakimiyyət nümayəndələri arasında isə parçalanma gedir. Lakin unutmaq olmaz ki, Sarkisyan Çarukyanın və onu müdafiə edən siyasi partiyaların qarşısını sadəcə siyasi yolla almaq fikrində deyil. 2008-ci il prezident seçkiləri ərəfəsində Ermənistan parlamentində Sarkisyanın əsas rəqibinə qarşı həyata keçirilən terror aktı buna əyani sübutdur.

Ermənistan prezidentinin partiya iclasında son çıxışından sonra isə Çarukyan erməni xalqına müraciət ünvanlayıb. O inamlı şəkildə erməniləri mübarizəyə hazır olmağa çağırıb: "Küçələrə üç min nəfər çıxır və onlar qəbul edilən qanunu məcburən ləğv edirlərsə, xalq çıxdığı zaman iqtidarı dəyişmək mümkündür. Mən indi iqtidari dəyişməyi tək hədəf kimi görür, milli səfərbərlik elan edir, qanunlar çərçivəsində bəla iqtidarından azad olmaq üçün Serj Sarkisyanın istefasını tələb edirəm".

Bu inamın ona haradan gəldiyi hər kəsə məlumdur. Ancaq Seyran Ohanyanın da rəhbərliyə potensial namizəd olduğunu unutmaq olmaz. Hazırkı müdafiə nazirini Rusiya ilə bağlayan müxtəlif tarixi əlaqələr var.

Politoloq Qabil Hüseynli hesab edir ki, bu məsələdə əsas rolu Rusiya oynayır. Onun sözlərinə görə, Moskva Sarkisyanın erməni xalqı tərəfindən qəbul edilmədiyini artıq başa düşür: "Ermənistanda vəziyyətin vətəndaş müharibəsi həddinə gəlib çatmaması üçün Rusiya manevr etmək məcburiyyətində qalacaq. Yəni, Sarkisyandan imtina edərək, hakimiyyət dəyişikliyi edəcək. Belə olan halda Seyran Ohanyanın hakimiyyətə gəlmək ehtimalı daha yüksəkdir".

Kremlin müəyyən məqamlarda vəziyyəti drammatikləşdirməyə üstünlük verdiyini deyən politoloq bildirib ki, Jirinovskinin "Çiçəklənən Ermənistan" partiyasının rəhbər şəxsləri ilə görüşü də məhz bununla əlaqədardır: "Lakin sonda qərarların qəbulu tamam ayrı ssenari üzrə gedəcək. Hesab edirəm ki, Moskvanın maraqlarına daha çox uyğun gələn Seyran Ohanyandır. Çünki Ermənistanın müdafiə nazirinin hal-hazırda da Rusiyanın hərbi orqanları ilə sıx əlaqələri var. Ona görə də, Ohanyanın Ermənistanda hakimiyyətdə təmsil olunması üçün Moskva əlindən gələni edəcək".

Q.Hüseynli qeyd edib ki, Rusiyanın Ermənistanda hakimiyyət dəyişikliyi istəməsi ilə Azərbaycanla əlaqələrinin yüksələn xətti üzrə işə salması arasında cüzi də olsa bağlılıq var. Onun sözlərinə görə, bu addım Dağlıq Qarabağ məsələsində sülhün əldə olunması imkanlarını artıra bilər: "Sarkisyan vaxtilə Dağlıq Qarabağa köç edən ermənilərdən olduğu üçün sülhün əldə olunasını istəmir. Ola bilsin ki, o bu məsələdə hətta Rusiyanı da eşitmək fikrində deyil. Nəticədə Kreml müəyyən şərtlərlə elə bir adamı hakimiyyətə gətirəcəklər ki, o danışıqlar prosesində daha konstruktiv olsun və sülhün əldə olunmasına töhfə verə bilsin.
Söhbət hələ ki, işğal altında olan Dağlıq Qarabağ ətrafındakı 7 rayondan gedir. Rusiya bu amili daha çox qabardır".

Əsas problemin Ermənistan hakimiyyətində daxildən çürümələrin getməsində olduğunu deyən Siyasi İnnovasiya və Texnologiyalar mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu hesab edir ki, bu hakimiyyət uğrunda siyasi mübarizənin nəticəsi deyil:

"Bu Serj Sarkisyanın Qarabağ klanını idarə etməsinin nəticəsidir. Hal-hazırda Ermənistanda heç kim hakimiyyət uğrunda açıq şəkildə mübarizə aparmır. Heç kəs ortalığa belə bir məsələ atmayıb. Əgər hakimiyyət uğrunda orada ciddi mübarizə aparan qüvvə olsaydı, bəlkə də çoxdan Sarkisyanı devirərdilər".

Qaqiq Çarukyanın qudası Ermənistanın baş naziri Abramyanın dəstəyi ilə gücünü artırdığını deyən M.Əhmədoğlu deyib ki, Sarkisyanın məsələyə müdaxilə edərək Abramyana xəbərdarlıq etməsindən sonra Çarukyanın siyasi nüfuzu sürətli şəkildə aşağı düşməyə başlayıb. Onun sözlərinə görə, artıq Qaqik Çarukyanın Moskva qarşısında siyasi nüfuzu qalmayıb: "Rusiyanın dəstəyi olmadan Ermənistanda heç bir qüvvə hakimiyyətə gələ bilməz".

Politoloq qeyd edib ki, hazırkı vəziyyətdə Qarabağ klanı ən azı 2018-ci ilə kimi hakimiyyəti öz əlində saxlamağa çalışır: "Bu klanın da əsas məqsədi elə hakimiyyəti öz əllərində saxlamaqdır. Ona görə də onlar istəyirlər ki, 2018-ci il prezident seçkilərində hakimiyyətə Seyran Ohanyanı gətirsinlər. Bu artıq Rusiyanın yox, Qərbin ssenarisidir. Moskvanın bu planın baş tutmasına mane olub-olmamasını isə gələcək göstərəcək. Qarabağ klanının ehtiyyat variantı isə odur ki, əgər 2018-ci ilə qədər sürünə-sürünə də olsa hakimiyyəti öz əllərində saxlaya bilməsələr, o zaman hakimiyyət çevrilişinə əl ataraq müdafiə naziri Seyran Ohanyanı hakimiyyətə gətirsinlər. Yəni bütün hallarda potensial namizəd Seyran Ohanyandır".

Ermənistanda hər hansısa siyasi qərarın qəbul olunmasında əsas mövqe Rusiyaya məxsus olduğunu deyən politoloq Elçin Mirzəbəyli də hesab edir ki, Ermənistanda keçiriləcək prezident seçkilərində Kremlin mövqeyi əsas faktor rolunu oynayacaq. O "SİA"ya bildirib ki, indiki halda Rusiyanın Seyran Ohanyanın namizədliyi ilə razılaşmayacağı barədə yayılan fikirləri  bir o qədər ciddiyə almaq lazım deyil:
 
"Seyran Ohanyan faktiki olaraq Rusiya kəşfiyyat strukturlarının keçmiş əməkdaşıdır və o mətbəxdən çıxmış adamdır. Bu baxımdan da Ohanyanın namizədliyinin üzərində Rusiyanın dayanmayacağı barədə yayılan fikirləri əslində əsaslandırmaq lazımdır. Ancaq bütün hallarda Rusiyanın bu məsələdə mövqeyi önəmli olacaqdır. Çünki Ermənistan  faktiki olaraq Rusiyanın bir əyalətidir və bu ölkədə qəbul edilən bütün siyasi qərarlar məhz Rusiyanın göstərişi ilə həyata keçirilir".

Ceyhun ABASOV

 





04.03.2015    çap et  çap et