525.Az

YAP parlament seçkiləri ilə əlaqədar hazırlıq işlərinə başlayıb


 

YAP parlament seçkiləri ilə əlaqədar hazırlıq işlərinə başlayıb<b style="color:red"></b>

"Bu il ölkəmizdə keçiriləcək növbəti-5-ci çağırış parlament seçkiləri ilə bağlı Yeni Azərbaycan Partiyasının proqramı var".

Bunu Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini Siyavuş Novruzov dilə gətirib.  "YAP-ın İdarə Heyətinin qərarına uyğun olaraq biz artıq seçkilərlə əlaqədar hazırlıq işlərinə başlamışıq"-deyən, S. Novruzovun sözlərinə görə,  bu yaxınlarda partiyanın rayon və şəhər təşkilatları sədrlərinin ümumrespublika müşavirəsi keçirilib və həmin müşavirədə təşkilatlar qarşısında müxtəlif vəzifələr və tövsiyyələr qoyulub.  O, bildirib ki, YAP-ın seçki praktikası böyükdür. 

"Demək olar ki, ölkəmizdə üç seçki (prezident, bələdiyyə və parlament) ardıcıl şəkildə keçirilir. Hər dəfə keçirilən bu seçkilərdə də hakim partiya təcrübəsindən və dünyada olan praktikalardan bəhrələnərək, bunu seçkilərə tətbiq edir. Ölkəmizdə keçirilən prezident, bələdiyyə seçkilərindəki yeni texnologiyaların işlənib hazırlanması və tətbiqi ilə bağlı sistemi indi də parlament seçkilərində tətbiq edəcəyik.

Bu sistem əsasında biz həm dünya praktikasını öyrənirik, həm də Azərbaycanın öz praktikasını təkmilləşdiririk. Bütövlükdə seçkiyə hazırlıq prosesi bizdə bir il çəkir. Yəni bir il müddətinə-tək seçkinin elan olunduğu vaxtdan deyil, ondan xeyli qabaq bu seçki prosesi həyata keçirilir. Bu baxımdan da YAP-ın İdarə Heyətinin fevral ayında seçkiyə hazırlıqla bağlı qərarı var.

Ondan sonrakı dövrdə isə partiyanın şəhər təşkilatlarının müşavirəsinin keçirilməsi və qarşıda duran zəruri məsələlərin həlli ilə bağlı tapşırıqların verilməsi dayanır"-deyə, S. Novruzov daha sonra sözlərinə əlavə edib.

Kamil HƏMZƏOĞLU

 





04.03.2015    çap et  çap et