525.Az

Oqtay Əsədov Sloveniya Milli Şurasının Sədrini qəbul edib


 

Oqtay Əsədov Sloveniya Milli Şurasının Sədrini qəbul edib<b style="color:red"></b>

Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov Sloveniya Milli Şurasının Sədri Mitya Bervarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Parlamentdən APA – ya verilən məlumata görə, sədr bu səfərin parlamentlərarası münasibətlərimizdə yeni səhifə açacağına inamını bildirib.
 
O qeyd edib ki, Azərbaycan Sloveniya ilə əlaqələrin inkişafında maraqlıdır: “Bu günə qədər ölkələrimiz arasında 12 sənəd imzalanıb, 8 sənəd layihəsi isə baxılmaq üzrədir. İqtisadi əlaqələrimizin inkişafı üçün əlverişli imkanlar mövcuddur. Bu gün Azərbaycanda 11 Sloveniya şirkəti fəaliyyət göstərir. Bu sahədə biznes forumların keçirilməsi və iqtisadi məsələlər üzrə Azərbaycan-Sloveniya birgə işçi qrupunun fəaliyyətinin canlandırılması əhəmiyyətli rol oynaya bilər. Azərbaycan-Sloveniya biznes alyansına Sloveniyanın 15 nüfuzlu şirkəti daxildir. Onların bir çoxu artıq ölkəmizdə müxtəlif sahələr üzrə tenderlərin qalibidirlər”.
 
Görüşdə spiker mədəni sahədə də əlaqələrimizin yüksək səviyyədə olduğuna diqqət çəkib. O, 2011-ci ildə prezident İlham Əliyevin Sloveniyaya səfəri çərçivəsində Novo Qoritsa şəhərində Mehdi Hüseynzadənin memorial muzeyinin açılışını yüksək dəyərləndirərək, bu şəhərdə Sloveniya-Azərbaycan Dostluq Cəmiyyətinin yaradılmasını təqdir edib. Sədr dövlətlərarası münasibətlər sistemində parlamentlərin özünəməxsus rolu olduğunu vurğulayıb.
 
Spiker Dağlıq Qarabağ münaqişəsinin bölgənin təhlükəsizliyinə böyük maneə olduğunu söyləyib. O bildirib ki, erməni təcavüzü nəticəsində 1 milyondan artıq azərbaycanlı öz dədə-baba yurdlarından didərgin düşüb, ölkənin 20 faiz ərazisi işğal edilib: “Biz problemin beynəlxalq hüquq normaları çərçivəsində ədalətli həllinə tərəfdarıq. Bu işdə dünya birliyinin dəstəyinə ümid edirik”.
 
Mitya Bervar Sloveniya parlamenti haqqında Milli Məclisin Sədrinə ətraflı məlumat verərək, ölkələr arasında qanunverici orqanlar səviyyəsində əlaqələrin daha da dərinləşdirilməsinin vacibliyini vurğulayıb. O qeyd edib ki, Sloveniya həyatın ən müxtəlif sahələrində Azərbaycanla əlaqələrin inkişafına böyük önəm verir. M. Bervar ölkəsində Mehdi Hüseynzadənin  xatirəsinə poçt markası buraxıldığını qeyd edərək, mədəni-humanitar sahədə əməkdaşlığı daha dərinləşdirmək niyyətində olduqlarını deyib.
 
Dağlıq Qarabağ problemindən söz açan qonaq Sloveniya parlamentində bu məsələ ilə əlaqədar ötən ilin dekabrında qəbul olunmuş qərara diqqət çəkib: “Qərarda Azərbaycanın ərazi bütövlüyü birmənalı şəkildə dəstəklənməklə yanaşı, Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən dərhal çıxarılmasını və məcburi köçkünlərin doğma yurdlarına qayıtmasını özündə ehtiva edən BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinə əməl olunması məqsədəuyğun hesab edilir. Sloveniyanın Milli Şurası sənəddə Dağlıq Qarabağ probleminin sülh yolu ilə həllini dəstəkləyir”.
 
Qəbulda qonaq Birinci Avropa Oyunları ilə əlaqədar ölkəmizdə görülən işləri yüksək dəyərləndirərək, Azərbaycan və Sloveniya idmançılarının bu mötəbər yarışda yüksək nəticələr göstərəcəyinə inamını ifadə edib.
 
Söhbətin sonunda O. Əsədov qonağı Birinci Avropa Oyunlarına dəvət edib.
 
Dəvət qəbul olunub.

 





03.03.2015    çap et  çap et