525.Az

Mən aqronomam


 

Mən aqronomam<b style="color:red"></b>

Mən aqronomam, bitkilərin çox böyük əksəriyyətini tanıyıram və "dillərini" bilirəm. 2500-3000 il yaşaya bilən çinarlarla dostluq edirəm, ona görə ki, təbii çinar meşəsinə çox yaxın ərazidə Zəngilan rayonunda - ağacların kölgəsində doğulub boya-başa çatmışam. Bu ağaca bəzən xan çinar deyiblər, Gəncənin, Göyçayın adı ilə çağırıblar, bu şərq çinarıdı (platan oriantalis). Bəzən  küləyin təsirindən aşıb adamları və arabaları əzən qovaq ağaclarını "çoxbimiş" yazarlarımız çinar kimi sırıyırlar bizə. Çox böyük yazarlarımız belə, ağac, kol və hətta gül və ya çiçəklərin adlarını bilmədikləri halda yanlış təsvirləri ilə mütəxəssisləri güldürürlər.

Ətirşah ailəsinin neçə yüz növdən ibarət olduğundan Yazarın xəbəri varmı- yox bunu bilməyi vacib də deyil. Amma bu kübar bitkinin bütün yerüstü hissəsinin turş ya şirin qoxusunu duymadan, cənub bitkisinin şimal pəncərədən uzaq tutulmasınin zəruriliyini və ona necə qulluq edilməsini -qidalanmasını, suvarılmasını və başqa tədbirlərini bilmədən kimə sevdirə və ya oxşada bilər...

Və görəsən hər hansı maraqlı şəxs çinar ağacının öz boyundan 20 dəfə çox torpağa kök atdığını bilmirsə bu torpağa necə bağlana bilərmiş...

İtburnu ilə qızılgülü ayıra bilməmək - yazıçının müşahidə qabiliyyətinin azlığı ... təcrübəsizliyidi...

Yovşan -  fitoindiqator bitkidir. Türkçülüyün atributudu... əhəngli torpaqlarda çox yayılıb. Yovşan yeməyən quzu-qoyunun əti lırt olar-deyiblər. Yovşan ətə bərklik və təam verir.

Dəlibəngin, narkotik bitkilər seriasından olduğunu bilən kəs onun ağappağ qramafon çiçəyinə görə bəzək bitkisi kimi yetişdirməz...

Mən aqronom olmaq istəmirdim...  bu sənətə və sənət sahibinə ağız büzürdülər - ali təhsil kimi qəbul etmək istəmirdilər. Bu ali məktəbin Gəncədə yerləşməsi  onun reytinqini bir qədər də aşağı salırdı. Hər kəs institut və ya universitetin paytaxtda olmamasını həzm edə bilmirdi. Və digər səbəblərdən... erkən səhər yuxudan qalxan şehli-şehli düzdən çəməndən keçib,  gününü vaxtlı-vaxtsız çöldə keçirən  - ayağında uzunboğaz çəkmə, əynində yöndəmsiz görünən fərqli geyim olan bir kimsəni necə sevmək olardı- düşüncəsi ...  hələ qızlar ...

Mən aqronom olmaq istəmirdim, amma oldum.

Aqronomluq fakultəsinin yanından keçib meyvə-tərəvəzçilik və üzümçülük fakultəsinin üzümçülük və üzümün ilk emalı ixtisasına yiyələndim, diplomda isə yenə də alim-aqronom yazılmışdı. Təbii rayonda ixtisas üzrə işlədim də. Şərab zavodlarında müxtəlif vəzifələrdə çalışdım, para uğrunda mübarizələrdə ləyaqət hissinin insan üçün önəmli olduğunu bildiyimdən geri çəkildim. Param oldu da, olmadı da. Amma uzun illər diplomumu ortalığa qoyanda heç kəs mənim aqronom olduğuma inanmırdı və onlar haqli idilər.

Adamlar məni aqronom kimi yox bir mədəniyyət sahəsinin mütəxəssisi kimi qəbul edirdilər. Təvazökarlıq etməyəcəyəm, orta məktəb illərindən səsim, nitqim, mədəni rəftarım, davranışlarım  kənd uşağından çox şəhərliyə bənzəyirdi. Çox ciddi mütaliə edirdim, dərslərarası tətillərdə çox kitablar oxuyurdum. Hətta bir 7 günlük tətildə 9 iri kitab oxumuşdum. 6-cı sinifdə o illərin bir neçə cilddən ibarət olan kitablarını -S.Rəhimovun "Şamo"sunu, V.Hüqonun "Səfillər"ini oxumağımı da xatırlayıram.

Tələbəlik illərində ilk şeirlərim çap olunanda heç kəs təəccüblənmədi. Əlaçı, çalışqan tələbədən yaxşı- ortabab oxuyan biri kimi tanındım. Şeirlərimin sayı artdıqca 5-lərimin sayı azaldı və 4-cü kursun sonlarında  2-də aldım. Deyim ki, burada qərəz də vardı. Bitkilərin kimyəvi mühafizəsi fənninin müəllimi ictimai işlərdə fərqlənən tələbələri qəbul edə bilmirdi.    İxtisas dərslərinin birində (kənd təssərrüfatı məhsullarının texnologiyası və saxlanması) şeir yazmağımı da xatırlayıram. Bu illərdə Gəncədə böyük nüfuz sahibi olan AKTİ-nin dosenti sevimli müəllimimiz Çingiz Əsgərovun ölümünə yazdığım şeirin geniş əks sədası oldu. Deyim ki, Çingiz müəllimin haqqında indi də Gəncə şəhərində mifik söhbətlər arabir boy göstərir.

Maraqlı müəllimlərimiz də vardı. Xiyar bitkisinin xalq seleksiyası ilə əldə edildiyi sortların kulturaya - mədəni əkinçiliyə gətirilməsində müstəsna rolu olan dosent Əli İsgəndərovun ayaması "xiyar Əli" idi. 2-ci Cahan savaşının iştirakçısı olan və istixana təsərrüfatlarının Qafqazyanı ölkələrin birində, məhz Gəncə şəhərində salınmasına təşəbbüs etmiş və buna nail olmuşdu. Özünün dediyi kimi bu "dördgöz, xiyar Əli" artezian sularının temperaturunun bütün mövsümlərdə sabit olduğunu söyləmiş və ümumittifaq səviyyəsində əhalinin bütün fəsillərdə tərəvəzlə təmin edilməsi üçün istixanaların Gəncədə təşkil edilməsini təklif etmişdi.

Mikayıl Qulubəyov müharibə iştirakçısı döyüşçü kimi yaralanmışdı, kimya kafedrasının müdiri idi və qəhrəman Mehdi Hüseynzadənin cəbhədə yaxın dostlarından biri olmuşdu.

Və kənd təsərrüfatı maşınlarından dərs deyən Xosrov müəllim...Kafedra müdiri idi, Xosrov Quliyev, 2-ci Cahan savaşında barmaqlarını itirmişdi, amma qiymət kitabçasına əla və yaxşı yazmağa heç vaxt xəsislik etmədi...

Zaur Həsənov meyvəçi alimdi, ciddi elmi kitabların müəllifidi. Tələbkarlığı və enerjisi ilə bütün tələbələrin yaddaşında silinməz izlər buraxıb. Özünü fəxrlə rəqqas adlandırır və bunu gəncəlilər də qəbul edirlər. Allah ömür versin...Meyvəçiliyə aid olan kurs işimdə torpaqlarımız haqqında obrazlı fikir yazdığımı mühazirədə - auditorya qarşısında təqdir etdiyini də xatırlayıram...    

Amma şeirin maddi gəlir gətirmədiyini bilən yaxınlarım mənə bir qədər soyuq münasibət bəsləməyə başlamışdılar. Tay-tuşlarım qazanc əldə edəndə mən kitablara, jurnallara pul-para xərcləyirdim. Bu qınaq hələ də davam etməkdəydi.

Təzə ad qoyuldu adımın üstə,
Xoşbəxt tələbəyəm mən kitab acı,
Bağışla gözəl qız istəsən küs də,
Yolumu gözləyir kitabxanaçı.       

...Hər gün kitabxana kəsdi qarşımı
Min yol baş çəkməyə ərinməmişəm.
Kitaba-dəftərə xərclədiyimi
Əynimə-başıma  xərcləməmişəm...

Şeiri Gəncə şəhərində yazıçı Qərib Mehdinin rəhbəri olduğu "İlham" ədəbi birliyinin üzvü olduğum illərdə qələmə almışdım...

Torpaqlarımızın işğalından sonra məskunlaşdığım Bakı şəhərində mətbuatyayımı "Qasid" firmasında zorən çeşidləyici oldum. İxtisasa uyğun iş axtarırdım və bu axtarışla 10 il vaxtım "öldü". Nəhayət, AMEA Mərkəzi Nəbatat Bağının rəhbərliyi bir tələbə dostumun təklifi ilə məni işə qəbul etməyə cəsarət etdi və bu ürəkliliyə görə AMEA müxbir üzvü akademik Oruc Vəli oğlu İbadlıya minnətdarlığımı bildirirəm...

Və Oruc İbadlı öldü... Hər zamankı kimi gec qaldım, öz sayğılarımı Ona çatdırammadım, mənə qalan isə öz-özümə "Allah rəhmət eləsin" demək  oldu. Yaxınlarına, qızı Fatiməyə dərin hüznlə başsağlığı verirəm- təsəllim bu. İnsan yaşlandıqca torpağa, təbiətə daha yaxın olur...

AMEA-nın Mərkəzi Nəbatat Bağı mənim aqronom həyatımda yeni səhifələr açdı. Aqronom kimi işə götürüldüm və sektor rəhbəri kimi - dissertant oldum. Onlarla bitki növünü Azərbaycanda, ondan daha çox növləri Abşeron şəraitinə uyğunlaşdırıb tədqiq etdim. Təsərrüfat sahəsində də dərman bitkiləri kolleksiyasını yaratmaq təşəbbüsünü qaldırdıq və buna qismən nail olduq. Bu fəallığıma görə AMEA-nın prezidentinin fəxri fərmanına layiq görüldüm. 10 ildən artıq çalışdığım bu elmi tədqiqat müəssisəsində Azərbaycanın əksər bölgələrində ekspedisiyada iştirak etdim, bitki növlərinin toxumlarını toplayaraq genefonda təhvil verdim. Yüzdən artıq botanika bağları ilə toxum mübadiləsi edərək  kolleksiyalarımızın müxtəlif bitki növləri ilə zənginləşdirilməsində müstəsna əməyim oldu.

Və indi, bu 45 hektarlıq Mərkəzi Nəbatat Bağının hər qarışında əl izimin olmasından qürur duyuram, torpağı olmayan məcburi köçkünün - üstəlik aqronomun torpağı - təbiəti sevməsi yəqin ki, heç kəsdə təəCüb doğurmaz, 50 illik həyatının 10 ilini  alın təri ilə, bəzən göz yaşları ilə suvardığı torpağa yaxın olan , həm də indiki zamanda ləyaqətlə (öz zəhməti ilə) yaşayan, bir kəsin  -  Xosrov Natilin şeir yazmağı qəbahətmi, ya...

Bu son bahar - yəni payız
Kirli baxışlardan uzaq
Nəbatat Bağının daş səkisində
xəzəl kimi quru və soyuq
Qonşulardan "salam" almıram
"salam" da vermirəm heç kimə
Bir kimsəylə də hələ görüşməyə halım yox
Bəhanə də yox bir kimsəni sevməyə
Bu son bahar - yəni payız...

Dəvət olunduğum Ekologiya və Təbii Sərvətlər Nazirliyinın Yaşıllaşdırma idarəsində Respublikanın magistral avtomobil yollarının ətrafının yaşıllaşdırılması işinin təşkilində baş mütəxəssis kimi çalışdım. Ətraf mühitin yaxşılaşdırılması məqsədi ilə yaşıllıqların salınmasına rəsmi dairələr ciddi fikir verməyə başlamışdılar və bu sahəyə ciddi maliyyə vəsaiti ayırmışdılar. İdarə və müəssisələrin binalarının arxitekturasına uyğun olaraq yaşıllıqlar salınmasına primitiv də olsa cəhdlər edilirdi.  Təəssüf ki, bu işdə mütəxəssis rəyinə uzun illər diqqət yetirilmədi...

Bəzən bitkilərin seçilərək əkilməsinə əhəmiyyət verilmirdi, arid (quru) zonaya davam gətirə biləcək yerli ağac cinsləri və ya bəzək kolları dura-dura şəhər yaşıllaşmasında evkalipt, palma, küknar və başqa bitkilər əkilirdi ki,  nəticədə mövsümarası yeni əkinlərə ehtiyac duyulurdu, yeni mövsümə qədər qurumuş ağac və kollar yeni dibçək bitkiləri ilə əvəz olunurdu. Əlavə edək ki, Avropanın ortasında Fransanın iri şəhərlərinin yaşıllaşdırılmasında 4 iri ağacdan istifadə olunub ki, onlardan biri də şərq çinarıdı. Palmanın kölgəsi ilə, bəzən çətirinin kölgəsi 10000 kv. metrə çatan çinarla müqayisə etmək və ya hər il qışda şaxtadan  "başınıitirən", daha ifrat su istəyən evkaliptlə, öz boyundan 20 dəfə çox torpağa kök ataraq su ilə özünü təmin edən xan çinarı bir tutmaq təbii ki gülüncdür. ...Hər kəsə asan görünən hər işin öz çətinliyi və hər işin öz elmi var...

Əvvəlcə yerli şəraitə uyğun bitkilər - istər ağac cinsləri, istərsə də bəzək kolları seçilməlidir. Və bu bitkilərin hansının quru və yaxud su mənbəyinə yaxın əkilməsi müəyyən edilməlidir. Eyni zamanda işıqlı, yoxsa kölgəli yerdə əkilməsinə fikir verilməlidir. Bütün bunlardan əvvəl torpaq hazırlıq işləri görülməli və qidalı torpaq ehtiyatı görülməlidir.

Bütün bu nöqsanlara baxmayaraq, ekoloji mühitin yaxşılaşdırılması istiqamətində ilkin addımlar atılmışdı və yaşıllıqlar get-gedə böyük əraziləri əhatə edirdi.     

Getdikcə yaşıl çəmənliklərin (qazon sahələrinin) sahəsi genişləndi və yaşıl fon Bakı və Bakıətrafı əsas yolların yaraşığına çevrildi. Yeni-yeni ekzotik bitkilər Abşeron çöllərinə adaptasiya olundu, dekoratif kollar və çiçəklərdən kompozisiyalar düzənləndi. "Leylandi"lər, Fatinyalar, ardıclar, zirinclər, 5-ci fəsil bitkiləri - dağ lalələrinin və nərgizlərin rəng çalarları şəhərimizin park və xiyabanlarını əlvan rəngə boyadı. Dənizboyu sahildə əsrarəngiz mənzərələr sıralandı. Sukkulentlərdən ibarət açıq muzey yaradıldı. Terraslarda bir çox növlər yetişdirilməsinə cəhdlər edildi. Bir neçə yerdə şaquli yaşıllaşdırmanın elementlərinə də rast gəlindi. Eyvanlarda, dibçəklərdə ampel  bitkilər "sallanmağa" başladı. Bir qədər xəsislik edib bu siyahını uzatmayacaq və bu sahə ilə məşğul olan qurumların adını çəkməyəcəyəm.  Bu görülmüş işlərə kifayət qədər iradlarımız olsa da zövqlərin üst-üstə düşmədiyini nəzə alaraq susmağı üstün tuturuq.

Bu işlər həm də ekoloji mühitin sağlamlaşdırılmasına məhəlli bir töhfə idi və bunun üçün mütəxəssislərə və mütəxəssis rəyinə diqqət yetirmək zamanı çatmışdır. Və nə yaxşı ki, bunu yada salan   oldu. 2015-ci il "kənd təsərrüfatı ili" elan olundu. İndi özünüz düşünün.

Respublikada rayonlarararası yolların çəkilməsi zamanı tikinti altına düşən ağacların köçürülməsi yol inşaatçılarının işini xeyli çətinləşdirirdi. Ağacların köçürülməsi gündəmdə ən qəliz işlərdən biri idi.

Yeni alman makinalarının gücü ilə iri ağacları təmasda olduğu torpaqla  birlikdə çıxarıb daimi yerinə əkmək lazım idi. Ağacların cinsini, yaşını və əkilmə dərinliyini göstərməklə köçürməni ugurla həyata keçirmək heç də asan deyildi. Bürokrat məmurların lazımsız müdaxilələri bəzən adamı yorur.

Bəzən də çıxarılmış ağacları hara gəldi əkməyi - təklif edirdilər ki, təki onlardan uzaq olsun. Ağacların sonrakı taleyi heç kəsi maraqlandırmırdı. Aparılan tikinti, abadlıq işləri xeyli ağacların kəsilməsinə və ya köçürülməsinə gətirib çıxarırdı. Bəzən ağacların istirahət günlərində hətta gecəyarısı kəsilməsini də müşahidə etmək olardı. Kəsimləri, təbii ki, qanunsuz kəsimləri ört-basdır etmək üçün kötüklər ya yandırılır ya da üstü torpaq və qumla örtülürdü. Görəsən bu adamların Abşeron şəraitində ağac əkməyin, ağaca qulluq etməyin necə çətin olduğundan xəbərləri varıydımı...    

Beləcə tikinti və yol çəkmə işlərində ağaclara qənim kəsilən qurumları  çəkindirmək-durdurmaq lazım idi...

Adamları maarifləndirmək, onlara təbiəti sevməyin, təbiətə qarşı ekoetik münasibət bəsləməyin vaxtının çatdığını xatırlatmaq və təbiətə qarşı amansızlığı durdurmaq lazım idi. 

Və durduruldu...

Xosrov NATİL

 





03.03.2015    çap et  çap et