525.Az

"Yol" filmi İranda keçirilən festivalın baş mükafatını alıb


 

"Yol" filmi İranda keçirilən festivalın baş mükafatını alıb<b style="color:red"></b>

Rejissor Fehruz Şamıyevin quruluş verdiyi "Yol" filmi İranda keçirilən IX "Ruyesh" Beynəlxalq qısametrajlı film festivalının baş mükafatına layiq görülüb.

Rejissor filmin festivalın "Müsəlman ölkələri" proqramında qalib olduğunu bildirib: "Filmdə baş qəhrəmanlardan biri Qarabağda doğulmuş, uzun müddət Bakıda yaşayan professordur. Onun ölüm ayağında hər şeyi gözə alıb doğulduğu kəndə getmək istəməsi və bunu gerçəkləşdirməsi hər bir azərbaycanlı və dünya üçün çox mühüm mesajdır.

Bunu mükafatı alan zaman çıxışımda da söylədim, indi də deyirəm. Filmə verilən bu mükafatı Xocalı soyqırımında amansızlıqla qətlə yetirilən 613 həmvətənimizin, xüsusən də 106 qadın və 63 uşağın adından qəbul etdim".

Filmin ssenari müəllifləri Fehruz Şamıyev, Elçin Hüseynbəyli, redaktorları Aygün Aslanlı və Tünzalə Babayeva, operatoru Rəşad Nuriyev, rəssamı Şahin Həsənli, bəstəkarı Firudin Allahverdidir. Filmdə baş rolları Qabil Quliyev, Rauf Şahsuvarov canlandırıb.

Qeyd edək ki, "Doğulduğun yerdə ölməli..." sloqanı ilə təqdim edilən "Yol" filmi Elçin Hüseynbəylinin "Gözünə gün düşür" hekayəsinin motivləri əsasında çəkilib.

S.ABDULLAYEVA

 





03.03.2015    çap et  çap et