525.Az

Erməni separatçıları saxta "seçki" ərəfəsində


 

ƏLİ HƏSƏNOV: "...İSTƏNİLƏN QANUNSUZLUQ AZƏRBAYCAN TƏRƏFİNDƏN MÜVAFİQ MÜNASİBƏTLƏ QARŞILANACAQ"

Erməni separatçıları saxta "seçki" ərəfəsində<b style="color:red"></b>

Erməni separatçıları işğal altında olan Dağlıq Qarabağda növbəti saxtakarlığa imza atmağa hazırlaşırlar.

Bütün dünya dövlətlərinin, eləcə də beynəlxalq təsisatların Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi qəbul etdikləri bu torpaqlarda qondarma rejim mayın 3-də "parlament seçkiləri" keçirməyi qərara alıb. Bundan əvvəl də Dağlıq Qarabağda həm qanunsuz "prezident seçkiləri", həm də "parlament seçkiləri" keçirilib. Separatçıların təşkil etdiyi "seçkilər" beynəlxalq səviyyədə qəbul olunmasa da, saxtakarlığın qarşısını almaq üçün heç bir tədbir görülmür. Əksinə olaraq, Dağlıq Qarabağ torpaqlarının işğalı faktını təsdiqləyən BMT-nin Təhlükəsizlik Şurasının bu barədə 4 qətnaməsinin, Avropa İttifaqı, Avropa Şurası, ATƏT və digər beynəlxalq təşkilatların qərar və bəyannamələrinin mövcud olduğu halda erməni separatçıları istənilən ölkəyə səfər edir, hətta bəzi hallarda hegemon dövlətlərlə işğuzar danışıqlar da apara bilirlər. Sonuncu dəfə Birləşmiş Ştatlarda rəsmi qonaq kimi qarşılanan erməni separatçılarının "parlament sədri" konqresmenlərlə yanaşı, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllində ATƏT-in vasitəçilik institutunu təmsil edən amerikalı həmsədr Ceyms Uorliklə görüş keçirməsi Azərbaycanın nə qədər mürəkkəb şəraitdə öz torpaqlarını geri qaytarmaq üçün siyasi mübarizə apardığını göstərir. Əslində isə beynəlxalq güclər digər məsələlərdə olduğu kimi Dağlıq Qarabağ böhranı ətrafında da bir yumruq tək birləşməli, ən azından Ermənistanı qanuna zidd əməllərdən çəkinməyə çağırmalıdır.

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) işğal olunmuş Dağlıq Qarabağ regionunda separatçı rejimin mayın 3-də qondarma "parlament seçkiləri" keçirməsini qanunsuz sayır. XİN-in mətbuat katibi Hikmət Hacıyev qeyd edib ki, bu, Azərbaycan qanunlarının pozulması və münaqişənin tənzimlənməsi üzrə danışıqlar prosesinə zərbə vurmağa istiqamətlənib.

Son olaraq Ukrayna hadisələri də təsdiq edir ki, heç bir dövlət ərazi bütövlüyünə qarşı hücumlardan sığortalanmayıb. Ona görə də, bu cür hadisələrin kütləviləşməsinin qarşısını almaq üçün beynəlxalq səviyyədə real mübarizə aparılmalıdır. Bu baxımdan politoloqların "Dağlıq Qarabağ münaqişəsinin həlli, digər münaqişə ocaqlarının da həlli deməkdir" kimi fikirlərində həqiqət olduğunu anlamaq çətin olmaz. Çünki Moldovada, Gürcüstanda və ən nəhayət Ukraynada baş verən münaqişələrin eyni ssenari xətti olduğu heç kəsə sirr deyil. Dağlıq Qarabağın da post-Sovet məkanında yaradılan ilk münaqişə ocağı olduğunu nəzərə alsaq bu problemin real əsaslarla Azərbaycanın ərazi bütövlüyü prinsipinə uyğun həlli dünyada sülhün bərqərar olması üçün əngəl yaradan qaranlıq məqamları aşkara çıxaracaq. Yəni faktiki olaraq bu münaqişələri yaradan eyni qüvvələrdir. Problem ətrafında istər ABŞ-ı, istər Rusiyanı, istərsə də Avropa İttifaqını görmək olar. Ssenari məlum, tərəflər məlum. Sual doğuran məsələ isə münaqişələrin yeganə həll yolunu tapmaqdır. Reallıq isə əksini deyir. ABŞ və Qərb dairələri vaxtaşırı Azərbaycana qarşı təzyiq alətlərindən istifadə etməklə, Ermənistan tərəfindən Dağlıq Qarabağ torpaqlarının işğalını eyni üsuldan faydalanmaq məqsədilə təşkil edib. Ona görə də, münaqişənin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun həllinə nail olmaq üçün Azərbaycan Avropaya nəql etdiyi neft və mavi yanacaq qarşılığında söz sahibi dövlətlərə öz şərtlərini irəli sürməlidir. Əlbəttə ki, bu bir o qədər də asan başa gəlməyəcək. Lakin nəzərə almaq lazımdır ki, münaqişənin həlli üçün beynəlxalq güclər Azərbaycanın əhəmiyyətini hiss etməlidir. İndiki dövrdə rəsmi Bakı həyata keçirdiyi beynəlxalq layihələrlə bunu hiss etdirməyi bacarıb. Neft və qaz kəmərlərindən əldə olunan gəlir iqtisadiyyatımızı gücləndirsə də, bunun vasitəsilə siyasi məsələləri ön plana çəkmirik. Çünki onlardan asanlıqla ədalətli mövqe gözləmək sadəlövhlükdür. Bunu da qəbul etməliyik ki, Azərbaycanın gücünün, beynəlxalq nüfuzunun artması, regionda lider dövlətə çevrilməsi onların ürəyincə deyil. Təzyiq alətlərindən də məhz tətbiq edildiyi ölkənin siyasi məqsədlərini dondurmaq üçün istifadə olunur. Bu baxımdan Dağlıq Qarabağda qondarma rejim tərəfindən hər hansı bir şəkildə "seçkilər"in keçirilməsi təhlükəli tendensiyadır. Bununla separatçılar formalaşmağa doğru gedir. Nəticədə münaqişə uzun müddət dondurulmuş vəziyyətdə qalarsa, qondarma rejim saxta "hakimiyyəti" kimi bir ordu da formalaşdırmağa nail ola bilər.

"Trend"in məlumatına görə, Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov mayın 3-də qondarma "Dağlıq Qarabağ Respublikası"nda keçiriləcək saxta "parlament seçkiləri"nə münasibət bildirərkən qeyd edib ki, Dağlıq Qarabağda həyata keçirilən istənilən birtərəfli addım, siyasi, sosial aksiya Azərbaycan tərəfindən müvafiq münasibətlə qarşılanacaq: "Ermənistan dövləti bu əraziləri işğal edib. Onun bu ərazilərdə həyata keçirdiyi hər hansı tədbir işğalçı dövlətin başqa dövlətin ərazisində həyata keçirdiyi tədbir kimi dəyərləndiriləcək".

Millət vəkili Bəxtiyar Əliyev bildirib ki, Avropa Şurası Parlament Assambleyası Ermənistanın işğalçı siyasətinə qiymət verərək onun üzvlük məsələsinə yenidən baxmalıdır. Onun sözlərinə görə, bu qondarma "seçkilər"in heç bir hüquqi əsası yoxdur: "Azərbaycanın işğal edilən əraziləri ilə bağlı BMT Təhlükəsizlik Şurasının məlum qətnamələri, ATƏT və Avropa Şurasının qətnamələri var və hesab edirik ki, işğal edilən ərazilərdə hər hansı seçkinin keçirilməsi yolverilməzdir. Eyni zamanda, Avropa Şurasının üzvü olan bir ölkənin digər ölkənin ərazisini işğal etməsi onun Avropa Şurasına üzv olmasını böyük sual altında qoyur".

Millət vəkili hesab edir ki, Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionunda qondarma separatçı rejimin "parlamenti"nə saxta "seçkilər"in keçirilməsinin planlaşdırılması Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə sülh danışıqlarına böyük zərbədir. O qeyd edib ki, əgər Ermənistanın işğal etdiyi Azərbaycan əraziləri ilə bağlı danışıqlara gedirsə və ATƏT-in Minsk qrupunun həmsədrləri deyirsə ki, bu danışıqları davam etdirək, bu cür qondarma "seçkilər"in keçirilməsi danışıqlar prosesi üçün çox böyük əngəldir və çox böyük təəssüf doğurur ki, nə üçün həmsədrlər bununla bağlı ciddi bəyanat vermirlər, bunu qeyri-qanuni adlandırmırlar və Ermənistanı bu cür qeyri-qanuni hərəkətlərdən əl çəkməyə və danışıqlar prosesini pozmamağa məcbur etmirlər.

İctimai Problemlərin Tədqiqi Assosiasiyasının sədri, politoloq Məhərrəm Zülfüqarlıya görə, bu məsələdə əsas rol oynayan xarici qüvvə Rusiyadır. O bildirib ki, 90-cı illərin əvvəllərində biz ABŞ-ı Dağlıq Qarabağ münaqişəsinin həllində əsas güc kimi qəbul etsək də, bu günə qədər onların qondarma rejimə maliyyə yardımı etdiyinin şahidi olmuşuq: "Hesab edirəm ki, Azərbaycanın ərazi bütövlüyü dünya dövlətləri tərəfindən tanınsa da, ikinci hüquqi məsələ olan xalqların öz müqəddəratını təyinetmə prinsipi ön plana çəkilir. Belə nəticə çıxarmaq olar ki, Ermənistanda baş verən hadisələr bu ölkənin daxili işi deyil, kənar qüvvələrin təsiri ilə baş verən proseslərdir. Azərbaycana qarşı yönələn təzyiqlər də dövlətimizi nüfuzdan salmaq, zəiflətmək məqsədi daşıyır. Mənə elə gəlir ki, biz sadəlövh olmamalıyıq. Heç kəs bizim yerimizə Dağlıq Qarabağ torpaqlarını işğaldan azad edən deyil. Azərbaycanın iqtisadiyyatı və ordusu daha da güclənməlidir ki, dünya dövlətləri onunla hesablaşmağa məcbur olsunlar. Məsələn, qardaş ölkə - Türkiyənin əgər gücü, qüdrəti olmasaydı, nə PKK-ya qarşı mübarizə apara, nə də Suriyaya daxil olub Osmanlı dövlətinin banisi Osman şahın babası sultan Süleymanın məqbərəsini köçürə bilməzdi. Bu baxımdan Türkiyənin atdığı addımlar bizim üçün nümunədir. Yəni, biz yalnız öz gücümüzə güvənməli, özümüzə ümid etməliyik. Eyni zamanda beynəxalq hüquqa söykənərək, qondarma rejimə yardım edən dövlətlərə öz etirazımızı bildirməliyik".

Politoloq Qabil Hüseynli hesab edir ki, qondarma Dağlıq Qarabağ rejiminin keçirəcəyi "parlament seçkiləri"nin heç bir hüquqi əsası yoxdur. O "SİA"ya bildirib ki, keçiriləcək seçkilər heç bir ölkə tərəfindən tanınmayacaq: "Dağlıq Qarabağ münaqişəsinin həlli üçün hazırda danışıqlar prosesi davam etdirilir. Danışıqlar prosesinda normal mühitin yaradılmasına cəhd göstərilir. Bu seçkilərin keçirilməsi ilə onlar  normal mühiti nəinki korlayar, həm də danışıqlar prosesində çox ciddi əngəllər yaradarlar. Zənnimcə ATƏT-in Minsk qrupu öz gücünü məhz burada göstərməlidir. Bu məsələdə məhz həmsədrlərin üzərinə çox böyük səlahiyyətlər düşür. Qondarma rejimin bu seçkiləri keçirməməsi üçün ən azı BMT və ATƏT səviyyəsində qərar verilməlidir".

Ceyhun ABASOV

 





03.03.2015    çap et  çap et