525.Az

"Millət öz kökündən qopmamalıdır"


 

"AZƏRBAYCAN XALQI HƏMİŞƏ ÖZ MƏNƏVİ DƏYƏRLƏRİNİ QORUMAĞA QADİRDİR"

"Millət öz kökündən qopmamalıdır"<b style="color:red"></b>

Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin Hesablayıcı komissiyasının sədri Fəttah Heydərovun "525"ə müsahibəsi

- Fəttah müəllim, siz millət vəkili, siyasətçi, uzun illər müxtəlif rəhbər vəzifələrdə çalışmış bir şəxs olmaqla yanaşı, həm də ədəbiyyat, mədəniyyət xadimisiniz. Uzun illər bu sahədə çalışmısınız, nazir vəzifəsinədək yüksəlmisiniz. Bu baxımdan, Azərbaycan mədəniyyətinin, Azərbaycan mədəni, mənəvi və ədəbi mühitinin durumunu necə dəyərləndirirsiniz, onu qənaətbəxş hesab etmək olarmı? Xüsusilə, şou-biznesin, həmçinin, son 20-30 ildə yeni yaranan informasiya-kommunikasiya vasitələrinin mədəni, mənəvi, ədəbi proseslərə güclü təsir etdiyi bir dövrdə bu yöndə itirdiklərimiz çoxdur, yoxsa qazandıqlarımız? Bütövlükdə Azərbaycan insanı öz kökündən, öz ruhundan qoparılmayıb ki?

- Zaman bir istiqamətlidir. Saat həmişə irəliyə işləyir. Zaman geri qayıtmır. Bugünkü ədəbi, mədəni mühiti, eləcə də cəmiyyətdə baş verən hadisələri, gündəlik həyatı əhatə edən məsələləri izləyirəm, müqayisə edirəm. Mətbuatdır, radiodur, televiziyadır, digər informasiya-kommunikasiya vasitələridir, kinodur və sairə, bunları izləməyə, müqayisə etməyə imkanlarım var. Uzun illər bu sferanın içərisində olmuşam. Azərbaycan ədəbiyyatının və mədəniyyətinin ən görkəmli nümayəndələri ilə bir sırada çalışmışam, onlarla ünsiyyətim olub. Onların fikirləri ilə tanış olmuşam, əsərlərini oxumuşam. Dünya ədəbiyyatını mütaliə etmişəm. Bu baxımdan, sizin verdiyiniz bu sual sizi necə düşündürürsə, məni də o elə düşündürür. Amma zaman bir istiqamətli olduğuna görə mən müqayisədə heç vaxt radikallığa yol vermək istəmirəm. Məsələn, Mirzə Ələkbər Sabirin dövrünü götürək. Yeni bir epoxa başlamışdı o zaman və Azərbaycanda keçmiş təhsil sistemindən yeni təhsil sisteminə keçilmişdi. İnsanların həyat tərzində yenilik var idi. Azərbaycan əhalisinin 98 faizi, demək olar ki, savadsız idi, yerdə qalan 2 faizi oxumuş və ali təhsilli, yaxud da ali təhsilə yaxın təhsil almış ziyalılar idi. Belə bir mühiti bu gün gözümün qabağına gətirirəm. O vaxtları Sabir bunları kəskin tənqid edirdi. Özü də bunu satira ilə tənqid edirdi.Yaxud elə o dövrdə Seyid Əzim Şirvani də, ondan sonra davam edən Cəlil Məmmədquluzadə də, Abdulla Şaiq də, başqaları da dövrün çatışmazlıqlarını tənqid edirdilər. O dövrün insanları həmin keçid dövrünü öz əsərləri ilə - poemalar, romanlar, povestlər şəklində göstərmək, cəmiyyətə çatdırmaq, satira ilə qamçılamaq, o dövrü normallaşdırıb müəyyən səviyyəyə çatdırmaq istəyirdilər. Məsələn, o zamanlar təzə məktəb açılmışdı, Sabir nə deyirdi? Köhnə fikirli, köhnə təfəkkürlü vətəndaş gedir görür ki, məktəbdə uşaqlar dərs oxuyurlar. Sabir də öz qələmi, öz satirası ilə bunu belə təsvir edirdi:

Vah!.. Bu imiş
dərsi-üsuli-cədid?!
Yox...x! Yo...x! oğul,
məktəbi-üsyandı bu!
Molla deyil bundakı təlim edən!
Əlhəzər et,
bir yeni şeytandı bu!
Dur qaçaq, oğlum,
baş-ayaq qandı bu!..

Yəni, o vaxtlar bu cür yanaşma vardı. Amma zaman keçdikcə, həmin dövrdə təhsil alan adamlar Azərbaycan elminin, Azərbaycan mədəniyyətinin, Azərbaycan mətbuatının, eləcə də digər sahələrin inkişafında çox böyük rol oynadılar və bu nisbət dəyişməyə başladı. Azərbaycanda savadsızlıq zaman keçdikcə ləğv olundu. Bundan sonra yeni quruluş başladı, Sovetlər İttifaqı quruluşu...

- O quruluşun ziyanları çox oldu, yoxsa? Çünki o quruluş Azərbaycanın müstəqilliyinə son qoydu və sairə.

- O quruluşun adı sosializm idi. Yəni, məsələlər sosial baxımdan həll olunurdu. Eyni zamanda, bir quruluşdan o birisinə keçmək heç də asan olmur, yəni, inqilablar da qanla olur, inqilablar da qurbanla olur. Bu məsələlər var idi. Sonra müharibələr oldu, Birinci Dünya müharibəsi, ondan sonra davamı olaraq İkinci Dünya müharibəsi və sair. Amma həmin dövrdə də yenə mədəniyyət, elm, təhsil öndə qayandı və cəmiyyəti bu bəlalardan xilas edib, yeni inkişaf mərhələsinə çıxardı.  Şəxsən mənim fikrimcə, həmin dövrlər doğrudan da, Azərbaycan cəmiyyətinin inkişafında çox böyük rol oynadı. Məsələn, icbari orta təhsil həyata keçirildi. Bu, çox böyük bir inqilab idi. Azərbaycan dilinin təkmilləşdirilməsi sahəsində çoxlu dilçi alimlərimiz meydana gəldi. Dilimizə ayrı-ayrı dillərdən müəyyən  sözlər daxil edildi, Azərbaycan lüğət tərkibində olan sözlərin unuduluşları özünə qaytarıldı və yeni istilahlar yarandı. O dövrdə Azərbaycan dilinin elmi qrammatikası hazırlandı və məktəblərdə tədris olunmağa başladı. Bu, çox da kiçik məsələ deyildi və həmin o prosesi irəli aparan, o prosesi yönlədən ziyalılarımız, şairlərimiz, yazıçılarımız öz əsərləri ilə buna xidmət edirdilər ki, Azərbaycan dili daha təmiz olsun, daha anlaşıqlı olsun. O mərhələlər inkişaf mərhələləri idi.

Sovetlər birliyi zamanı mərkəzin dili dövlət dili olaraq, o birilərini bir qədər basqı altında saxlayırdı. 1991-ci ildə müstəqillik elan olunandan sonra isə bütün keçmiş respublikalar öz talelərinə sahiblənmək hüququ, imkanı əldə etdilər. Müstəqilliyini yenicə əldə etmiş ölkəmizin taleyüklü məsələlərinin həllində isə ən böyük rolu ulu öndər Heydər Əliyev oynadı. O hələ 1969-cu ilin iyun ayında Azərbaycanda hakimiyyətə gəldiyi ilk günlərdən Azərbaycan dilinin saflığı uğrunda mübarizəyə başladı. 1978-ci ildə Azərbaycan Konstitusiyasında Azərbaycan dilini dövlət dili kimi təsdiq etdirdi. Bu, çox böyük bir proses idi. Yəni, bu gün biz deyəndə ki, o zaman necə idi, indi necədir, unutmamalıyıq ki, o vaxtlar bu proseslər gedib. Bu proseslərin içərisində Azərbaycan dilinin yenidən canlanması, mətbu dilin yaxşılaşdırılması, siyasi dilin saflaşdırılması da var idi. Azərbaycan dili dövlət dili elan olunanda burada dövlətçilik məsələləri öndə dayanırdı. Bir sözlə, o zamanlar dövlətçilik terminləri, idarəetmə terminləri hamısı artıq yüksək status qazandı və Azərbaycan dili yenidən daha çox zənginləşməyə başladı. Müstəqilliyimizin ilk illərində isə bəzi məsələlərdə itkilərə yol verdik, müəyyən qədər itirdik. İtirdiyimiz də nə idi? Birincisi, 15 respublikanın heç birində qonşu respublika ilə münaqişə, torpaq münaqişəsi olmadı, amma bizdə oldu. Bunun səbəbi isə o vaxt Heydər Əliyevin Azərbaycanda olmaması idi. O zamanlar demək olar, hər bir respublikanın digər respublika ilə müəyyən ərazi mübahisəsi var idi. Ancaq orada ağsaqqalların öz yerində olmaları, dövlətin başında duran şəxslərin xalqla, millətlə, camaatla bir yerdə olması səbəbindən onların heç birində bu münaqişələr baş vermədi. Kimlərsə bu münaqişələrə "təşəbbüs" göstərsə də, o "təşəbbüslərin" reallaşmasına yol vermilmədi. O zaman Heydər Əliyevin Azərbaycanda olmaması, Azərbaycan insanının, Azərbaycan dilinin, Azərbaycan mədəniyyətinin qayğısına qalan bir şəxsiyyətin vətəndə olmaması məhz bu fəlakətlərə gətirib çıxardı. Ulu öndər yenidən hakimiyyətə qayıdandan sonra Azərbaycanda ən müxtəlif sahələrdə, o cümlədən, elm, mədəniyyət, ədəbiyyat və incəsənət sahəsində yeni inkişaf mərhələsi başladı və itirdiklərimizin yenidən bərpa olunması mümkünləşdi. Nə yaxşı ki, 2003-cü ildən bu yana da ulu öndərin bu siyasəti davam etdirilir. Bizim hörmətli prezidentimiz İlham Əliyev o siyasəti uğurla davam etdirdi və bu gün biz qətiyyətlə deyə bilərik ki, bu inkişaf çox müsbət bir məcrada davam edir.

Cəmiyyəti, hər birimizi narahat edən məsələlərə gəlincə, bunun çox böyük səbəbləri var. Səbəblərdən biri ondan ibarətdir ki, dünyada sürətlə qloballaşma prosesi gedir. Bu prosesdə ən müxtəlif ölkələrdə, ən müxtəlif yerlərdə kök salan hansısa vərdiş, adət sürətlə hər yerə yayılır. Və insanlar da baxıb görürlər ki, hardasa, siz dediyiniz kimi, bizim məfkurəmizə, bizim əxlaqımıza uyğun gəlməyən hallara, məsələlərə yol verilir, bunlardan istifadə olunur. Bunlar hamısı iqtisadi, siyasi maraqlardır və mənəvi maraqlar iqtisadi maraqlara qurban verilərək, beləcə bizim həmişə qoruyub saxladığımız müəyyən məsələlər yavaş-yavaş aradan qalxır. Bunlar nədir? Abır-həyadır, ismətdir, məhəbbətdir, sevgidir, ailə münasibətləridir, nəslin sağlam davam etdirilməsi, böyük-kiçik məsələləridir. Tarixən bizdə, bütün Şərq aləmində həmişə böyük deyəni kiçik eşidib. Amma indi bir də görürsən bəzi məsələlərdə bayaq dediyim informasiyalarla daha çox maraqlanan adamlar onunla maraqlanmayan adamlara irad tuturlar ki, mən səndən çox bilirəm. Halbuki informasiya elm deyil. Elm ayrı şeydir. Düzdür, informasiya müəyyən mənada inkişafa müsbət təsir edir, yəni, dərhal məlumat almaq, müqayisələr etmək, ondan nəticələr çıxarmaq baxımından lazımlı ola bilər, ancaq bir çox məsələlərdə bunun ziyanlı tərəfləri də var. Çünki o məlumatların əksəriyyətinin elmə söykənməməsi onları bir qədər sınıq-salxaq və etibarsız edir. Burada isə əslində, hər şey bizim özümüzdən asılıdır, insanlardan asılıdır. Deyək ki, insanların bir qismi açıq-saçıqlığın tərəfdarıdır, başqa bir qismi isə məfkurəmizə, əxlaqımıza uyğun gəlməyən hallara qarşı olduqlarından qapalılığı xoşlayır. Böyük Yaradan Adəmlə Həvvanı yer üzünə göndərəndə heç onların da vücudları açıq-saçıq deyildi axı. Ancaq indi elə insanlar var ki, açıq-saçıqlığa həvəslə meyl göstərirlər. Bizim cəmiyyətimiz - Azərbaycan cəmiyyəti isə hər halda buna hazır deyil və bunu qəbul etmir.

- Belə olan halda, Azərbaycan xalqı öz milli və mənəvi sərvətlərini axıradək qoruyub saxlaya biləcəkmi?

- Mənə belə gəlir ki, həmin zərərli təşəbbüslər ayrı-ayrı kənar, xarici qüvvələrin təsiri ilə olur. Ancaq bütün hallarda Azərbaycan xalqı öz mənəvi dəyərlərini qorumağa qadirdir və bu dəyərləri axıra qədər qoruyub saxlayacaq. Azərbaycan mənəviyyatı, Azərbaycan adət-ənənəsi, Azərbaycan varlığı həmişə özünü müsbət mənada göstərəcək və bu iş davam edəcək. Xüsusilə, bizim indi xarici ölkələrə ali təhsil almağa gedən  gedən tələbələrimiz var. Onlarla biz çox ciddi məşğul olmalıyıq. Onların kökündən ayrılmamasına biz yol verməməliyik. Kökündən ayrılan adam yıxılmağa məhkumdur. Məsələn, ağac yarpaqlanır, ağac yaşıllaşır və ayağına baxır, kökünə baxır ki, xoşuna gəlmir - bombozdur, qapqaradır, filandır. Amma kökündən qopandan sonra yaşıl yarpaqlar da yox olur. Millət də belədir. Millət kökündən qopmamalıdır. Millət öz yaşıl yarpaqlarıyla sevinməlidir, amma kökünü möhkəm saxlamalıdır.

Kamil HƏMZƏOĞLU

 





03.03.2015    çap et  çap et