525.Az

Bizimlə bir evi paylaşanlar... - Leyla Hüseynbəyli İstanbuldan yazır


 

Bizimlə bir evi paylaşanlar... - <b style="color:red">Leyla Hüseynbəyli İstanbuldan yazır</b>

Duyğusal

Hamı kimi biz də uşaqlıqda ev heyvanlarını çox sevirdik. Cib xərcliyi kimi  bizə verilən pulları toplayır və xəlvətcə bazara qaçırdıq. Bazar evimizin yanındaydı.

Bir dəfə ağappaq, qulaqları qara dovşan aldıq. Anam xeyli deyindi, dedi ki, sizə mikrob keçər, bit-birə düşər. Bütün bunları biz də, dovşan da qulaqardına vururduq.

Bir gün Orxan xəstələndi, qızdırması qalxdı, anam haray-həşir saldı ki, uşağa dovşandan xəstəlik keçib, dovşan mikrob mənbəyidir və sairə... Səhərisi gün dovşan yoxa çıxdı. Sonradan bildik ki, anam onu geri qaytarıb. Dovşanı satana deyib ki, pul-filan da lazım deyil, təki bizdən uzaq olsun. Təsadüf də olsa, Orxan sağaldı. Amma biz dovşanı yaddan çıxara bilmirdik. Atam söz verdi ki,  tutuquşu alacaq. Dedi ki, tutuquşular çox mehriban olurlar, danışa bilirlər. Sözünün üstündə durdu. Axşam evə bir qəfəs, qutunun içində də iki tutuquşu gətirdi. Amma tutuquşulardan biri iki gündən sonra öldü. Yəqin xəstəymiş, hər halda anamın diaqnozu belə oldu.

Tək qalmış tutuquşunun adını Keşa qoymuşduq. Adını məşhur multfilmdən götürmüşdük. Alabəzək tutuquşuydu. Satıcı atama demişdi ki, çox danışdırsanız, söz öyrətsəniz,  danışar. Amma nə illah elədiksə, danışmadı. Eləcə çirik-çirik eləyir, qəfəsdən asılmış güzgüdə öz-özünə baxır, tənbəl-tənbəl su içir, dənlənirdi. Əsl Keşa kimi zirək deyildi, adına heç bənzəmirdi də. Bir gün anam evdə olmayanda qəfəsin ağzını açdıq və onu evə buraxdıq, o da gedib qondu karnizin başına. Bir azdan sonra çalışdıq ki, tutub yerinə salaq, xeyri olmadı. Anam evə gəlib hay-küy saldı. Acıqlandı ki, quş hər yeri zay eləyib. Həmin gün atam da evdəydi, deyəsən, bazar günüydü.

Ailəlikcə tutuquşunu tutmağa çalışdıq. Ordan-ora, burdan-bura qovduq. Orxan balaca olsa da, hamıdan cəld tərpənib quşu tutdu, amma necə bərk sıxdısa, quş özündən getdi, başı yana sallandı. Orxan məyus oldu. Atam quşu alıb baxdı, dedi ki, quş tək darıxır, buraxaq getsin ata-anasının yanına. O, balkona çıxdı, bir azdan qayıdıb dedi ki, quşu uçurdub.

Mən Orxan eşitməsin deyə, pıçıltıyla atamdan soruşdum ki, quş ölmüşdü? Atam: “Sonra deyərəm” – dedi.

Günortadan sonra bazara tutuquşu almağa getdik. Ata dedi ki, qəfəsin boş qalması yaxşı əlamət deyil. Boş qəfəs, boş ev kimidi.

Çölə çıxdıq. Atam çəpərdən lentəbənzər dəmir qopardı, balaca çala qazdı, sonra ölmüş tutuquşunu cibindən çıxarıb basdırdı. “Yazıqdı, – dedi,- pişik aparmasın, axı o bizimlə bir müddət bir evdə yaşayıb”. Mən ağlamsındım. Atam bunu hiss eləyib üzümə baxdı. Qırıq-qırıq danışığından bildim ki, o da kövrəlib. “Bilirsən, adam bir şeyə mehr salandan sonra onun yoxluğuna pis olur. Ona görə də sizə ev heyvanı almaq istəmirik”.

Atamın bu sözlərinə baxmayaraq, bazardan bir cüt kanarya və onlar üçün yem aldıq.

Nağıllarda deyildiyi kimi, onlarla birgə uzun müddət şad-xürrəm yaşadıq...

Fevral, 2015

 





02.03.2015    çap et  çap et