525.Az

Meşə də dənizdi – yarpaqlar ləpəsi...


 

Meşə də dənizdi – yarpaqlar ləpəsi...<b style="color:red"></b>

(Cəlal Bəydilinin tərcümə və tərtib etdiyi “Aforizmin iki zirvəsi” kitabına ön söz )

Birinci cümləni dərhal qaraladım, qoy bu yazıda heç söz özündən deməsin.

Jül Renar (1864-1910) – məşhur fransız yazıçısı;

St. Yeji Lets (1909-1966) – polyak şairi, filosof.

Renar dünyasını dəyişir, 

Lets dünyaya gəlir. 

Bir fikrin bitib o birinin yarandığı kimi.

Hər ikisi sözü divara dirəməkdə çempiondu.

Az qala unutmuşdum: Letsin vəfatıyla da tərtibçi-tərcüməçinin təvəllüdü üst-üstə düşürmüş. Deyirəm axı, fikir bitə bilməz. 

Müəlliflərdən heç birində nida yoxdu (Nida – aforizmin qabağına sədd çəkməkdi). Nöqtənin də ən yumşağını qoyublar.

Kitabdakı yazılar “papiros kimidi, hər iki ucundan yandırıb çəkə bilərsən”.

Hər yerdən başlanır bu kitab, heç yanda qurtarmır.

Renarda işıq çoxdu, Letsdə “işıqpulu”.

Fransız bu dünyayla hesab çəkir, polyak tapındığı bütün dünyalarla.

Renarın düşüncələri ağrıyır, həyat onu səhər əyləndirib axşam cana doyurur.

Lets addımbaşı sancır: “Dünyanı kim yaratdı? Bunu boynuna alan bir tək Allahdı...”

Renar iki teleqraf  dirəyi arasında  tor quran hörümçəyin  söhbətimizə qulaq asdığına da inanır.

Lets şəkk eləyir: “Gerçək olan hər şey doğru deyil. Məsələn, yalan”.

Renar sözün əllərini ocağa tutub isidir. 

Lets sözün əllərinə dağ basır.

Cəlal Bəydili onlara müdaxilə eləməyib bu kitabda.  Qıraqdan baxıb və Allah bilir, nə düşünüb.

Kitabın əlyazmasını oxuyanda siftə ağlıma gələn o oldu ki, kor quşu uyuqla  qorxutmaq olmaz. Bir də düşündüm:

Meşə də dənizdi –
Yarpaqlar ləpəsi;
Dəniz də meşədi –
Balıqlar meyvəsi...

Gerisi də vardı, pozdum. Letsə görə. Yoxsa deyəcəkdi: “Gəlin bacardıqca qısa yazaq, onsuz da həyatda söz əlindən tərpənmək olmur ”.

Letslə işim yox.

Renara sualım: “Fransada oxucusunu tapmayan yazarlar özlərini sakitləşdirmək istəyəndə deyirlər ki, onları Almaniyada oxuyurlar” – yazan Renara. Bizdə vəziyyət necədi, müsyö? Axı siz klassiksiz, bilməmiş olmazsız.

Cəlal Bəydiliyə xahişim: “Qısa fikirlər xəzinəsi”ni  boş qoymayın. 

Bəhruz Axundova təşəkkürüm: Bu kitabı təkcə ona görə çap eləməyə dəyər ki, onun qiyməti yoxdu.

“Ulduz”un oxucularına ismarıcım: Beyninizi boş şeylərlə yükləməyin, “Aforizmin iki zirvəsi”nə qalxa bilməzsiz.

P.S.  “Ön söz”də pozduğum ilk cümlə itib-batmayıb, kitabdakı aforizmlərə qarışıb.

 





02.03.2015    çap et  çap et