525.Az

Ləyaqətlər və qüsurlar tarixin sınmayan güzgüsündə


 

Ləyaqətlər və qüsurlar tarixin sınmayan güzgüsündə<b style="color:red"></b>

“Özümə gəldikdə mən elmdə məskun olanlardan biri deyiləm. Mən keçmişi sadəcə sevənlərdən və onu ciddi-cəhdlə tədqiq edənlərdən biriyəm”.

Konfutsi

(Əvvəli ötən şənbə saylarımızda)

161-ci ildə isə Mark Avraeli öz sələfi, ilahiləşdirilmiş Antonini imperator kimi əvəz etdi. O, mərhum imperatorun arvadının qardaşı oğlu olmaqla, Romanın ən görkəmli ailələrinin bir neçəsi ilə bağlı idi. Çox gənc yaşında varis elan edilsə də, yalnız 40 yaşı olanda hakimiyyətə gəlmişdi. Bacarıqlı, mərd və ciddi düşünən bir adam olmaqla o, Stoik fəlsəfi məktəbinin etik filosofu olan Epiktetin “söhbətlərini” həvəslə öyrənmişdi və bu fəlsəfədə özünün ruhi qidasını tapmışdı. Roma tarixində ilk və yəqin ki, yeganə dəfə Platonun arzuladığı bir hadisə baş vermişdi, hakimiyyətə filosof, mütəfəkkir gəlmişdi. Mark Avrelini “taxt-tacda olan” filosof adlandırırdılar.

Mark imperator səlahiyyətlərinə yiyələndikdə onun götürmə qardaşı da həm- imperator oldu və Roma imperiyası öz tarixində bu vaxt ilk dəfə olaraq iki qoşa imperatora malik idi.

Mark Avreliyə dövlət işində ən yaxın olan sahə hüququn təkmilləşməsi idi. Bir sıra tədbirlər və hüquqa aid qərarlar qəbul etmişdi, onlar mülki qanunlarda olan çətinlikləri və qeyri-normallıqları yoluna qoyurdu. Az hörmət olunan zümrələrin – qulların, dul qadınların, mədəndə çalışan adamların hüquqları yaxşılaşdırıldı və varislik sahəsində qan qohumluğu tanınmaqla, onun əsasında irəli sürülən iddialara baxılması qaydası təsbit edildi. Bunlar cəmiyyətin quruluşunun radikal şəkildə dəyişdirilməsindən daha çox, onun yaxşılaşmasına xidmət edirdi. Onun dövründə qulların ardıcıl olaraq təqib edilməsinə yol verilmirdi. Filosof imperator dövlətin beynəlxalq əlaqələrinə də ciddi qayğı göstərirdi. Çinlə birbaşa əlaqələr yaradılmasına cəhd etmiş və iki ölkə arasında elçiliklər mübadiləsi baş vermişdi. Ümumiyyətlə, 19 il ərzində Romanın imperatoru olan Mark Avreli Qərbin bir çox sonrakı nəsilləri üçün Roma imperiyasının qızıl dövrünü rəmzləndirir.

Mark Avreli bir filosof kimi əsasən Stotsizmin təsirinə məruz qalmışdı və özünün əlli cildlik “Düşüncələr” əsərində stoik borcu idealını bir dini konsepsiya kimi təsvir edir. O, deyirdi ki, mən bir Antonin kimi Roma vətəndaşıyam, ancaq bir insan kimi dünya vətəndaşıyam. Qədim yunanlar bunu “kosmopolit” kimi ifadə edirdilər.

Onun bir nəsihətinin qiymətini zaman da aşağı sala bilmir, o yazırdı: “Əgər nə haqq deyilsə, onu etmə, əgər nə düz deyilsə, onu danışma”.

 

Dövləti idarə etmək elmi

və Mahatma Qandi

 

Dövlətin idarə edilməsi, yuxarıdakı misallardan da göründüyü kimi, heç də fəxri titulu daşımaq deyildir, bu mürəkkəb iş böyük ağıl, güclü iradə və ağır zəhmət tələb edir. Rus filosofu N. Q. Çernışevskinin dediyi kimi: “Tarix yolu Neva prospektinin səkisi deyildir”. Dövləti idarə edənlər isə ən azı tarix cığırı yaradırlar.

Günəş Kral adlanan Fransa kralı XIV Lui 1661-ci ildən dövlətin idarə edilməsini öz əlinə götürdüyünü elan etdikdə, bunu onun öz doğma anası da inanmamaq əlaməti kimi istehzalı gülüşlə qarşılamışdı. Lakin XIV Lui vəzifəsinin icrasına elan etdiyindən də daha ciddi qaydada yanaşaraq, dövlət işləri ilə şəxsən özü, həm də çox dəqiqliklə məşğul olmuşdu. Öz ölümünə qədər olan 54 il ərzində hər gün 8 saat özünü bilavasitə dövlət işlərinə həsr etmişdi. Onun diqqətindən ən xırda detallar belə yayınmırdı. O, hətta dözülməz ağrı ilə müşayiət olunan (o vaxtlar anesteziya vasitəsi yox idi, həkimlər də müalicə etməkdən daha çox xəstələri öldürməklə məşğul olurdular) ağır cərrahiyyə əməliyyatından az sonra, axşam Dövlət Şurasının iclasına başçılıq etmişdi.

Dövlət işlərilə belə vurğunluqla məşğul olmasına görə, özünü dövlətdən ayrı hesab etmədiyindən demişdi: “L`etat c`est moi!”- “Dövlət – mənəm!” Bəzi tarixçilər bunu dövlətə sədaqətlə xidmət etməyini əsas götürərək, nəsihət şəklində söylədiyi kimi izah edirlər.  “XIV Lui epoxası” ifadəsinin müəllifi, böyük fransız filosofu Volter onun hökmranlığını məşhur Roma imperatoru Avqustla müqayisə etmişdi. Onların hər ikisi həm güclü, həm də zəif cəhətlərə malik idi. Onun ən böyük qüsuru müharibələrə çox meyl etməsi idi. Ölüm yatağında olarkən özü etiraf etmişdi ki, “Mən müharibəni çox sevirdim”. Tətbiq etdiyi şirnikləndirmək vasitələri ilə kübarları tabe edə bilmədiyindən, təkcə 11 vətəndaş müharibəsinə start vermişdi. Aramsız müharibələr axırda Fransanı taqətdən salmışdı.

XIV Lui həyatının sonunda, XV Lui adı altında gələcək kral olacaq beş yaşlı nəticəsinə nəsihət verərək, ona özünün buraxdığı səhvləri təkrar etməməyi, qonşuları ilə sülh şəraitində yaşamağı məsləhət görmüşdü. Onun ən böyük səhvlərindən biri həm də insan gücündən kənarda olan bir yükü- dövlətin bütün idarəetmə maşınını öz şəxsində mərkəzləşdirməsi idi.

Ləyaqətlilik standart, etalon kimi götürüldükdə, sadalanan liderlərin bir çoxu heç də onun bütün tələblərinə cavab verə bilmir, onlar müəyyən qüsurlardan da xali deyildilər. Fransa kralı XİV Lui və Prussiya kralı II Fridrix müharibəyə şərəf çələngi mənbəyi kimi baxdıqlarından öz ölkələrini belə pis siyasətin, sərt qaydada deyilsə, qurbanlarına çevirirdilər.Günəş Kraldan bir əsr sonra hakimiyyətə gələn həmin Böyük Fridrix öz sələfindən fərqli baxış nümayiş etdirərək, kralda “dövlətin birinci nökərini” görürdü.

Habsburqlar sülaləsindən olan, 1780-1790-cı illərdə Avstriya kralı olmuş II İosif isə öz fikrini belə ifadə etmişdi: “Mən öz ölkəmdə qanun vermək fəlsəfəsini yaratmış, onun məntiqi tətbiqi Avstriyanı dəyişdirəcəkdir”. O, həqiqətən də nəcib tədbirlərə əl atırdı, təhkimçiliyi ləğv etmişdi və hamının qanun qarşısında bərabərlik prinsipini elan etmişdi. On illik hakimiyyəti dövründə II İosif Avstriyanı dəyişikliyə məruz qoymaq cəhdində 6 min dekret və 11 min qanun imzalamışdı. Ancaq özünün daim uğursuz olması düşüncəsi onun öz qəbir daşı üçün yazdığı epitafiyadan da açıq görünür: “Burada, etdiyi hər şeydə uğursuz olan II İosif uyuyur”. Bu sözlərdə həm də uzağa gedən bir həqiqət var idi. Taxt-tacdakı varisləri də onun islahat cəhdlərinin çoxunu məhv etdilər.

İosifdən fərqli olaraq, bəziləri taleyin onları sınağa çəkəcəyini, məğrurluqlarına görə heç ağıllarına da gətirmirdilər. Belələri meydana çıxan siqnallara da məhəl qoymurdular. Napoleon Bonapart 18 bryumer çevrilişindən (1799-cu ilin noyabrında baş vermişdi) sonra Sen-Klu qəsrində lovğalıqla demişdi: “Mənim arxamca Qələbə ilahəsi və Uğur ilahəsi addımlayır.” Bu sözləri deyəndən sonra onun ürəyi getmişdi. Lakin o, bu ibrətamiz hadisədən də nəticə çıxarmadı. Rusiya yürüşündə və Vaterloo döyüşündə artıq onu Məğlubiyyət ilahəsi, Müqəddəs Yelena adasında isə məhvedici Bədbəxtlik ilahəsi izləyirdi.

 XX əsrin ən böyük mübarizlərindən və ən nəcib şəxsiyyətlərindən biri olan Mahatma Qandi (1869-1948-ci illər) Hindistanın atası hesab edilir. Mohandas Kramçand Qandiyə xalq tərəfindən “Mahatma” və ya “Böyük Könül” adı verilmişdi. İlk dəfə onun haqqında bu titulu Rabindranat Taqor hələ 1915-ci ildə işlətmişdi. Bütün liderlərdən onu fərqləndirən, Britaniya ağalığına qarşı mübarizəsində yeni, Satyaqraha adlanan, bu, hərfi mənada “həqiqətdə səbat göstərmək” demək idi və zorakı olmayan bir taktikanı seçməsi idi. Onun zorakılıq etməmək fəlsəfəsi (Catyaqraha) dinc dəyişiklilər tərəfdarlarının hərəkatına böyük təsir göstərdi.

O, Londonda hüquqşünas təhsili almış, Cənubi Afrikadakı Natalda ağlar tərəfindən pis münasibət bəslənən hind immiqrantlarının mənafeyini müdafiə etmişdi. Burada Satyaqraha adlanan passiv müqavimət bir sıra siyasi uğurlar gətirmişdi. 1914-cü ildə Hindistana qayıdıb, beş il sonra Britaniya hökumətinə qarşı Satyaqraha hərəkatını təşkil etmişdi, yerli sənətləri, istehsalı və siyasi müstəqilliyin (suarac) əldə edilməsini təbliğ edirdi. Onun  siyasəti Britaniya mallarının ümumi boykotu və Mopla qiyamı ilə nəticələndi. 1925-ci ildə Hindistan Milli Konqresinin sədri seçildi. Bundan əvvəl iki il məhbəsdə yatmışdı. Sonra yenidən həbs olundu. 1931-ci ildə sülh bağladı və Londondakı dəyirmi masa konfransında iştirak etdi. 1932-ci ildə “toxunulmazlara” qarşı olduqca pis münasibətə etiraz edərək, aclığa başladı və onların xeyrinə müqavilə bağlanmasına nail oldu. Britaniyanın geri çəkilməsini tələb etdiyinə görə 1942-ci ildə bir daha həbs edldi. Müstəqil Hindistan dövlətinin yaradılması üçün danışıqlar apardı.

Hindistanın müstəqillik qazanması təntənələrində iştirak etmədi, bunun əvəzinə o, Kəlküttəyə yollanıb, hinduistlərlə müsəlmanlar arasındakı qanlı münaqişəni yatırmağa calışdı. Ölüm təhlükəsi altında olsa da buna nail ola bildi.1948-ci ilin əvvəlində axırıncı aclıq aksiyasına başladı və bu öz həyatını qurban vermək aksiyası cəmiyyətə xeyli təsir göstərdi, əks qütbdə olanlar kompromissə getməklə, Dehlidə millətlərarası münaqişə dayandırıldı. Həmin il yanvarın 30-da Qandi bir hinduist fanatik tərəfindən qətlə yetirildi. O, təkcə mübarizə dühası deyildi, həm də qeyri-adi bir humanist idi, öz mübarizəsində şərə zorakılıqla müqavimət göstərməməyi təbliğ edirdi.

Hindistanın baş naziri Cəvahirləl Nehru xalqa böyük liderin ölüm xəbərini radio ilə çatdıranda demişdi: “Bizim həyatımızın işığı söndü. Hər yeri qaranlıq bürüdü. Bizim sevimli rəhbərimiz Bapu (“ata” deməkdir- müəllif), necə ki, biz onu adlandırırdıq, artıq aramızda yoxdur.... İşıq sönmüşdür mən dedim, lakin bu səhvdir... Çünki bizim ölkədə parlayan işıq heç də adi işıq deyildi”.

Bu zahirən kiçik adamın ideyalarının və ideallarının gücü, onlara pərəstişə görə elə böyükdür ki, qatilin güllələri onları məhv etməyə qadir deyildir. Qandi bütün bəşəriyyətin vicdanının ruporuna çevrildi. O, təkcə Hindistanda parlayan olmayıb, haqqı sevənlərin ürəyinə şüa salan bir işıq idi. Onun şəxsiyyətinə düha nişanı vurulduğunu çoxları etiraf edir, həm də onu da qeyd edirdilər ki, dahi adamlardan adətən yaxşı siyasətçi çıxmır, nadir istisna isə məhz Qandi idi. Bu fiziki cəhətdən zəif bir insanda polad kimi möhkəm, qaya kimi sarsılmaz olan nəsə bir şey var idi. Onu zorakılığa əl atmamaq apostolu sayırdılar. Albert Eynşteyn Qandinin 70 illik yubileyi münasibətilə söylədiyi nitqində demişdi ki: “Bəlkə də gələcək nəsillər sadəcə olaraq inanmayacaqlar ki, adi candan və qandan olan belə bir adam bu günahla dolu torpaq üzərində addımlamışdır”.

 

Onlar cəmiyyətin bəzəyidir

    

Ləyaqətli şəxslər, ümumiyyətlə, cəmiyyətin, sotsiumun bəzəyinə çevrilir, ləyaqət nümayiş etdirən hökmdarlar isə onun üzvlərini əxlaqına, mənəviyyatına da ciddi təsir göstərməmiş qalmırlar. Onlar özlərindən əvvəlki və miras qalmış boğunuq, üfunətli havanı, nəcib əməlləri və davranışları ilə təmizləməyə müvəffəq olurlar. Bu isə cəmiyyətə bütünlükdə şəfqətli təsir göstərir. Ona görə də onlar haqqında ağız dolusu danışmaq lazımdır ki, nəinki unudulmasınlar, həm də nəcib nümunələri ibrət götürmək mənbəyinə çevrilsin.

Belə bir əhvalat mövcuddur ki, bir dəfə iki dost sözləşdikdə, biri o birinə sillə vurdu. Bir az sonra acıqları bir qədər soyuyanda, onlar dənizdə çimməyə yollandılar. Alçaldılmış dost suya girməmişdən əvvəl qum üzərində nəsə yazırdı, onu incidən bu yazıda əvvəlki pis hərəkətinin nəql edildiyini gördü. Dənizdə birdən sillə dəyən özünü pis hiss etməyə və batmağa başladı. Dostu böyük çətinliklə onu sahilə çıxara bildi. Bir qədər sonra özünə gələn bu adam indi də daşın üstünə nəsə yazmağa başladı və dostu maraqlananda gördü ki, indi də özünün xilas edilməsini ifadə edir. Əvvəlki yazının nəyə görə qumda, sonrakının daşda yazıldığı ilə maraqlandıqda, yazıların müəllifi dedi ki, kim nə vaxtsa bizim xətrimizə dəyirsə, onu qumda yazmalıyıq ki, küləklər bu yazını silə bilsin. Lakin kimsə nə vaxt yaxşılıq etmişdirsə, biz onu daşda nəqş etməliyik ki, heç bir külək həmin yazını silə bilməsin.

Doğrudan da nəciblərə belə layiq olduqları münasibət göstərilməlidir ki, başqaları da onların mənəvi zənginliyindən hali olsun və nümunə götürsün.

Böyük italyan filosofu, “Cinayətlər və cəzalar haqqında” məşhur əsərin müəllifi, ilk dəfə cəzanın cinayətə müvafiq olması ideyasını irəli sürən markiz Çezare Bekkariya (1738-1794-cü illər) yaxşı demişdi: “Əgər mən bir həyatı xilas etmək aləti olmağı bacarsam, onun xeyir-duası və göz yaşları, hətta bu gün bəşəriyyətin nifrəti müqabilində belə, mənə kifayət dərəcədə bir təsəlli olardı”. Bəzən yüzlərlə, minlərlə adama xoşbəxtlik bəxş edən, onların həyatını məhrumiyyətlərdən xilas edən nəcib adamlar üçün təsəlli payı daha böyükdür, ölçüyə sığmazdır. Yaxşı insan öz ətrafına, onu əhatə edənlərə işıq, hərarət hədiyyəsi verir, bunlar onun özünə qayıtmasa da, başqalarına çatır, onlara imdad əlini uzadır, deməli, birinci başlanğıcdan meydana çıxan xeyirxahlıq yerdə qalmır, hökmən öz davamını tapır. Ona görə də xeyirxahlıq, insanlara sevgi, nəciblik yüksək qiymətləndirilməlidir, belə mükafatda isə yaxşılığın müəllifinin obrazı, az qala müqəddəslərə mənsub olan bir halə şəklində canlanmaqla, həm də gələcək nəsillərə çağırış vasitəsinə çevriləcəkdir.

(Ardı var)

 





02.03.2015    çap et  çap et