525.Az

Eşitdiyim və gördüyüm Yaponiya...


 

YAKOHAMA – “Əfsanəvi Simurq quşu”

Eşitdiyim və gördüyüm Yaponiya...<b style="color:red"></b>

(Əvvəli ötən şənbə sayımızda)           

Paytaxt Tokiodan 30 km cənub-şərqdə yerləşən Yakohama şəhərinə səfərimiz də çox yaddaqalan və maraqlı oldu.

Ərazisi əsasən dağlıq və meşələrlə örtülü olan, torpağının yalnız yeddidə biri insan əməyinə tabe olub onun məişətinə xidmət edən Yaponiyada bir şəhərin sərhədləri o biri şəhərlə birləşir. Daha doğrusu, şəhərlərdən birinin sərhədlərindən o birisi başlayır. Ölkənin paytaxtı Tokiodan sonra ikinci ən böyük şəhəri olan Yakohama da məhz eləcədir.

3,7 milyon əhalinin yaşadığı bu nəhəng sənaye və liman şəhəri həm də Konoqova Profekturasının Adminstrativ mərkəzidir.

Yakohamanın dünyanın ən müasir şəhərlərindən olmasını şərtləndirən amillərdən biri də onun yolları az qala “Hörümçək toru”na bənzəyən paytaxt Tokiodan fərqli olaraq daha gen-geniş olmasıdır.

 Uşaqlıq çağlarımızda sonunu “göydən düşəcək üç alma” intizarıyla gözlədiyimiz sirli-sehirli nağıllarımızdan birinin də qəhrəmanı Məlikməmməd olub...

Məlikməmmədi etdiyi yaxşılıqlar müqabilində Simurq quşu qanadlarına alıb qaranlıq dünyadan işıqlı dünyaya çıxarıbdı. Ayrılanda da lələklərindən verib deyib: – Dara düşəndə yandırarsan, harada olsan özümü yetirərəm sənə...

Demə, Yaponiya həm də əfsanəvi simurq quşlarının vətəni sayılır. Bu quşların adına (feniks) “Yakohama” da deyilir. Okeanın və dənizlərin əhatəsində liman şəhəri olan Yakohamanın adı yəqin ki, elə ölkənin milli xəzinəsi olan, görkəmləri ilə sanki qırqovulu xatırladan, bədəni ağ, qanadları qəhvəyi rəngli, quyruqlarının uzunluğu 3 metrə, bəzən isə 11 metrə çatan bu quşların adı ilə bağlıdır.

1858-ci ildə kənd təsərrüfatı və balıqçılıqla məşğul olan, çox da böyük olmayan iki kəndin əsasında yaranan Yakohama tarixinin ikinci yüzilliyində çox böyük inkişaf yolu keçib, ölkənin  nəhəng sənaye mərkəzlərindən birinə çevrilib.

Şəhərin tarixində ən dramatik hadisə 1923-cü ildə baş verib, burada güclü zəlzələ olub. “Böyük Konto” adlandırılan bu zəlzələ nəticəsində 20 min yakohamalı həlak olub, 60 min bina dağılıb. Dövlətin yaxından köməyi və sakinlərinin gərgin əməyi sayəsində şəhər 1930-cu illərin əvvəllərinəcən əsaslı surətdə bərpa olunub.

Yüz yaşının tamamına yaxınlaşmaqda olan, təbii fəlakətdən sonra tədricən özünə gələn şəhər millətlərə fəlakət, xalqlara müsibət gətirən İkinci Dünya müharibəsi zamanı, 1945-ci ildə daha bir dağıntıya məruz qalıb. Amerikalıların şəhəri bombardmanı zamanı 60 min insan həlak olub, 80 minə yaxın bina isə dağılaraq yerlə-yeksan edilib. Əməksevər və vətənpərvər yakohamalılar bu sınaqdan da uğurla keçərək şəhərlərini yenidən bərpa ediblər.

Ərazisinin kifayət qədər dağı-daşı, meşəsi-ormanı olmasına rəğmən yaponlar öz şəhərlərini genişləndirmək üçün kənardan torpaq daşıyıb okeanın, dənizlərin sahilyanı hissəsini və çayların məcrasını dolduraraq sənaye və yaşayış mərkəzləri yaradırlar. Bu gün dünyanın on nəhəng şəhəri ilə qardaşlaşan, inkişafı və tərəqqisinə görə elə dostluq, qardaşlıq etdiyi o şəhərlərdən heç də geri qalmayan, bəlkə də onlara meydan oxuyan Yakohamanın ərazisindən axıb keçən Tsurumi çayının sahilinə 1931-ci ildə quru torpaq daşınaraq məcrası doldurulub genişləndirilib, sonralar burada çox iri sənaye müəssisələri inşa edilib.

Belə bir ənənənin cənub-şərqi Asiyanın inkişaf etmiş ölkələrindən biri olan Sinqapurda bu gün də davam etdiyini həmin ölkədə olarkən  oranın yüksək çinli məmurlarının öz dilindən eşitmişəm. Sinqapurluların öz ərazilərini min bir əziyyətlə genişləndirməklərində yaponlardan fərqi yalnız ondadır ki, gündoğar ölkə nəhri, çayı öz ərazisinin başqa bir hissəsindən, sinqapurlular isə qonşu İndoneziyadan torpaq alıb daşıyaraq doldurmaqla genişləndirirlər.

Uca Yaradanımızın millətimizə xüsusi sevgisi və istəyinin bir nümunəsi də ona məskunlaşdığımız, ulu əcdadlarımızın tanrının o lütfünə şükürlə qanı, canı bahasına qoruyub bugünki nəsillərə ərməğan etdiyi təbii sərvətləri ilə zəngin, barlı-bərəkətli, dosta qürur, yağılara isə göz dağı olan gözəl torpaqlar bəxş etməsidir.

Zaman-zaman millətimizin mərd, mübariz oğullarının qanı ilə yoğrula-yoğrula müqəddəsləşən, canımızın cövhərinə çevrilən, “əcdadlarımızın mədfəni, övladlarımızın məskəni” ulu torpağımızın hər qarışı bizə əzizdir. Necə ki, prezidentimiz cənab İlham Əliyev bu gün erməni işğalı altında olan 20 faiz torpaqlarımızın geri qaytarılması, ölkəmizin ərazi bütövlüyünün bərpası, tarixi torpaqlarımızdan didərgin düşən bir milyondan artıq soydaşımızın öz dədə-baba yurdlarına qayıtması üçün illərdir yorulmadan gərgin mücadilə edir.

Sözümün canı odur ki, torpaqlarımız nə qədər gen-geniş olsa da, onun həm qorunması, mənfur qonşularımız, tarixi düşmənlərimiz erməni qəsbkarlarından fərqli olaraq həm də genişləndirilməsi arzusuna biz ağlın, elmin qüdrəti və öz gərgin zəhmətimiz sayəsində yiyələnmək istəyirik. Xəzər nəhrini, ətrafındakı digər su yataqlarını torpaqla doldurmaqla doğma Bakımızın sahilyanı əraziləri genişlənir, bataqlıqlar qurudulub yerində yeni sənaye şəhərcikləri, yaşayış məntəqələri salınır...

Dövlətimizin başçısı cənab İlham Əliyevin sərəncamı ilə “Böyük Şor” gölü qurudularaq ərazisində “Ağ şəhər” layihəsi əsasında bu gün sürətlə inşa edilən müasir şəhər tikilir.

Bir vaxtlar millətimizin ləyaqətli övladlarının qətl yeri – az qala lənət, nifrət ünvanı olan Xəzərin qoynundakı adalara bu gün yeni həyat verilir.

Yaponiyada şəhərdaxili və şəhərlərarası gediş-gəliş üçün həm rahatlıq, həm də vaxta qənaət baxımından ən sərfəli nəqliyyat vasitəsi metro və sürət qatarları olsa da, biz Yakohamaya bu ölkədəki səfirliyimizin təşkilatçılığı ilə əvvəlcədən nəzərdə tutulan, bütün  səfər müddətində bizə xidmət edəcək, üzərində Azərbaycan bayrağının təsviri rəsmi edilmiş rahat avtobusla yola düşdük.

Yakohamada nümayəndə heyətimizi Şəhər Meriyasının Xarici Əlaqələr şöbəsinin müdiri Makoto Sekiyama qarşıladı.

Yeri gəlmişkən bizdə kiçikdən böyüyə kimi bütün təşkilatlarda işçi və qulluqçular kabinet şəraitində çalışıb işləyirlər. Bəzən çox da böyük qulluğu olmayan iki məmuru bir otaqda oturtmağın çətinliyi də olur.

Əksər Avropa ölkələrində olduğu kimi Yaponiyada da müşahidə etdim ki, meriyalarında və şirkətlərində işçi və qulluqçular,  necə deyərlər, elliklə – bəlkə yüzlərlə adam –  bir salonu paylaşırlar. Nəhəng salonda hər məmurun iş yeri bir stol və stuldan, müasir  elektron və yazı avadanlıqlarından ibarətdir. Həm də elə nəhəng salonlarda  adamı heyrətə gətirən ideal bir sakitlik hökm sürür. Yüzlərlə işçinin çalışdığı nəhəng salonda isə həzin bir sakitlik hökm sürür. Pıçıltı ilə danışsan belə, eşidilər. Əsasən böyük, çoxmərtəbəli binaların birinci qatında yerləşən  salonda iş başında olanlar ətrafdan ötüb keçənlərə azacıq da olsa əhəmiyyət vermirlər. Şəksiz ki, bu onlarda ənənəsi çox uzaqdan gələn bir vərdişdir. Heç bizim ucadan  söhbət edə-edə ötüb keçən qəribə “dəstəmizə” də gözlərinin “ucuyla belə”  baxıb, fikir verən olmadı.

İlkin tanışlıqdan sonra M.Sekuyama, əsasən, dəniz nəqliyyatı, biotexnologiya və yarımkeçiricilər sənayesinin inkişaf etdiyi bu şəhər haqqında müfəssəl məlumat verdi.

Yakohamada həyata keçirilən “Minato Miray 21” layihəsi haqqında da geniş təqdimat olacağını bildirib belə bir layihənin qəbul edilməsinin məqsədi və onun icrasını zəruri edən tarixi şəraitdən danışdı.

Ötən əsrin əllinci illərində Yaponiyanın paytaxtı Tokioda və bir sıra iri şəhərlərdə nəzərə çarpacaq  sürətli inkişaf  baş versə də, əhalisinin sürətlə artdığı Yakohamada isə bir süstlük, ətalət var  idi.

Ölkəmizdə  də gen-bol istifadə olunan  “Nissan”  avtomobillərinin, Yaponiya yanacaq şirkətinin baş ofisinin yerləşdiyi bu şəhər yalnız əsrin 80-cı illərində dinamik inkişaf tempi götürüb.

Görüşdə Yakohamada həyata keçirilən “Mirato Mirau 21” (“Gələcəyin rayonu-21”) şəhər planlaşdırılması layihəsinin təqdimatı  keçirildi.

“Minato Miray 21” Yakohamada xarici turistlərin və adi yaponların çox sevdiyi bir məkan, da Tokio körfəzində yerləşən nəhəng kompleksidir. Yapon dilindən tərcümədə Minato Miray  “Gələcəyin limanı” deməkdir. Bu layihənin ideyası hələ XX əsrin 60-cı illərində irəli sürülüb. Lakin layihənin həyata keçirilməsinə 30 il əvvəl, ötən əsrin 80-cı illərinin əvvəllərindən başlanıb. 90-cı illərin ortalarında isə “Minato Miray 21”–in tikintisi çox böyük sürət götürüb. Hər il yeni-yeni binalar tikilib istismara verilib ki, bu binalardan ən böyüyü yapon korporasiyalarının ofisləri və iş mərkəzləri, otellər, ticarət, əyləncə və sərgi kompleksləridir. Bu gün “Minato Miray 21” həm də klassik futurist memarlığının ən yaxşı nümunəsi kimi də formalaşıb praktikada öz yerini alıb və inkişafı  hələ də davam etməkdədir.

Altı hissədən ibarət olan bu layihə şəhərin sosial-iqtisadi problemlərinin həlli üçün irəli sürülüb. Layihəyə əsasən Yakohamanın mərkəzinin inkişaf etdirilməsi, yaşayış evlərinin tikintisi, abadlıq-quruculuq işləri, nəqliyyat sisteminin, o cümlədən, metronun bərpası və sair məsələlər daxil edilib. Layihənin icrası üçün nəzərdə tutulmuş ərazilərdə müasir tələblərə cavab verməyən, gəmilərin təmiri və yüklərin boşaldılmasına xidmət edən  kiçik bərələrin uyğun gəlməyən digər tikililərin ləğvi nəzərdə tutulub. Rayonu canlandırmaq üçün ilk növbədə onlar başqa yerə köçürülüb.

Bu layihənin əsas məqsədi şəhər kimi müstəqilliyini saxlamaqla  kiçik rayonları böyük rayonun tərkibində birləşdirmək olub. İkinci, abadlıq işlərinin həyata keçirilməsi, insanların orada istirahəti üçün sahilyanı sahələrdə yaşıllıqların salınmasına fikir verilib. Bu həm də liman şəhərini də, əhalinin yaşayış tərzini də keyfiyyət baxımından dəyişdirib. Layihənin digər əsas üstünlüyü Tokiodakı şəhər infrastrukturunun bəzi hissələrinin Yakohamaya inteprasiyası olub. Layihənin icrasına 190 min nəfər  işçi cəlb olunub.

Sonra görüşdə mərkəzi rayon haqqında mütəxəssislər elektron mənbə vasitəsilə geniş məlumat verdilər, müzakirələr açıldı.

Görüşdə iştirak edən Bakı şəhəri rayonlarının icra hakimiyyəti başçıları – İbrahim Mehdiyev (Yasamal), Razim Məmmədov (Xətai), Asif Əsgərov (Səbail), İlqar Abbasov (Suraxanı), eləcə də Elxan Usubov (Şəki şəhəri) bütün tədbir boyu layihənin hər bəndi üzrə mütəxəssislərdən praktiki bilgilər almağa çalışır, geniş fikir mübadiləsi edirdilər. Bu görüşdə Hüseyn  Mövsümov ölkəmizdə hər biri 5 ili əhatə edən, uğurla həyata keçirilən inkişaf proqramlarından yeri gəldikcə söz açdı. Bu proqramlar çərçivəsində rayon və şəhərlərimizin sürətli inkişafa nail olduğunu faktlar və rəqəmlərlə izah etdi.

1993-cü ildə Minato Mirayın əsasının qoyulmasının 10 illiyinə Yakohamanın simvolu olan “Lendmark Tover” göydələninin tikintisi başa çatıb. Binanın hündürlüyü 296 metrdir. O, Yaponiyanın ən hündür binalarından biridir. Göydələndə həmçinin dünyanın ən sürətli lifti yerləşir (Ginnesin rekordlar kitabına salınmışdır) və o, sərnişinləri 40-ca saniyəyə binanın sonuncu üst qatına, yuxarıya, 69-cu mərtəbədəki baxış meydançasına çatdırır. Deyirlər ki, yaxşı havada buradan Yaponiyanın rəmzlərindən olan Fudzi dağının zirvəsi də görünür. Axşam vaxtı bütün işıqlar yanan zaman isə liman və onun yanında yerləşən əyləncə parkının füsunkar mənzərəsi açılır.

Bizim üçün ayrılmış proqram çərçivəsində “Lendmark Tover” göydələninin 296 metr hündürlükdəki meydançasına sürətli liftlə qalxmaq  bizə də nəsib oldu. Göydələnin səma ilə qucaqlaşan meydançasından  nəhəng su  nəhrlərinin əhatəsindəki bu əzəmətli şəhərin füsunkar mənzərəsini də seyr etdik. Hayıf  ki, Fudci dağı “buludlardan” yaşmaq tutub çöhrəsini gizlətmişdi. Hansı səmtdə olduğunu öyrənsək də özünü görə bilmədik.

Görüşün bu rəsmi hissəsində Bakının Yasamal və Suraxanı rayonlarının icra hakimiyyəti başçıları İbrahim Mehdiyev və İlqar Abbasov nəzərdə tutulmuş proqrama uyğun olaraq rəhbərlik etdikləri rayonlar haqqında ətraflı məlumatla çıxış etdilər, Bakının, çalışdıqları rayonların tarixi, sosial-iqtisadi inkişafı və gələcək hədəfləri barədə maraqlı məlumat verdilər. Elə buradaca onu da deyim ki, əgər səfərqabağı Prezident Administrasiyasının tövsiyəsi əsasında  ölkəmiz, bölgələrimiz haqqında hazırlanmış foto albomlar, bukletlər olmasaydı bu görüşlərimiz zamanı nəzərdə tutulan qısa vaxt ərzində biz icra başçılarının da rəhbərlik etdiyimiz rayonlar haqqında ətraflı məlumat vermək imkanımız olmazdı...

Ölkəmizin ayrı-ayrı rayonları, onların görkəmli tarixi yerləri, istehsal müəssisələri, mədəni-quruculuq işlərini özündə əks etdirən və Azərbaycan, ingilis dillərində izahlı mətnlə verilmiş bu nümunələr o görüşlərdə ən gözəl məlumat mənbəyi  idi. Və bütün görüşlərdə də belə bukletlər qarşılıqlı əlaqələrin qurulması, əməkdaşlıq  etmək üçün qarşı tərəfə təqdim olunurdu.

Sonda hər iki rayonun  Yasamal və Suraxanı rayon İcra Hakimiyyəti başçılar dostluq və tərəfdaşlıq haqqında niyyət protokollarını qarşı tərəfə, Yakohama şəhər rəhbərliyinə təqdim etdilər.

Yeri gəlmişkən, Yaponiyanın məşhur “Kosuqi” şirkətinin rəhbəri Saki Kosiqinin ötən ilin payızında Bakının Suraxanı rayonunda işgüzar görüşdə olması da məhz bizim nümayəndə heyətinin gündoğan ölkəyə səfərimiz zamanı bağlanmış niyyət protokolu əsasında reallaşıb. “Kosuqi Zohen Co” şirkəti Kosuqi ailəsi tərəfindən Yaponiyanın Tokio şəhərində təsis edilib. Ailə 300 ildən artıq müddətdə landşaft dizaynı və landşaft qurma işi ilə məşğuldur. “Kosuqi Zohen” şirkətinin gördüyü işlər sırasına İsmayıllı şəhərində yerləşən Heydər Əliyev Parkı da daxildir.

Dünyanın bir çox ölkələrində yapon parklarının salınması və dizaynı üzrə ixtisaslaşmış “Kosuqi” Şirkətinin rəhbəri Saki Kosuqi Suraxanı rayonuna səfərindən əvvəl Bakı şəhərinin bir çox parklarında olmuş və şəhərdə istirahət parklarının və yaşıllıqların   salınması təcrübəsini, bu sahəyə ictimai və dövlət münasibətini öyrənib.

Qonaqları qəbul edən İlqar Abbasov görüşdə vurğulayıb ki, Yaponiyada səfərdə olarkən burada salınan yaşıllıqların miqyası, rəngarəngliyi və Yaponiyada yaşıllıqlara göstərilən qayğı onu  maraqlandırıb. “Kosuqi” şirkətinin təcrübəsi ilə tanış olduğunu və layihələrini bəyəndiyini qeyd edən rayon rəhbəri qarşılıqlı münasibətlərin inkişafında da maraqlı tərəf olduğunu nəzərə çatdırıb.

“Kosuqi” Şirkətinin rəhbəri Saki Kosuqi görüş zamanı qeyd edib ki, bizim məqsədimiz ölkələrimiz arasında münasibətləri daha da inkişaf etdirmək və burada yapon parkları salmaqla Azərbaycana gələn qonaqları heyran qoymaqdır. Görüşün sonunda İlqar Abbasov  Suraxanı Rayon İcra Hakimiyyəti adından xatirə hədiyyəsini qonağa  və Saki Kosuqi  də öz adından xatirə hədiyyəsini rayon rəhbərinə təqdim edib.

Əldə olunmuş razılığa əsasən yapon parklarının salınması və dizaynı üzrə ixtisaslaşmış “Kosuqi” Şirkəti rayonun Yeni Günəşli yaşayış sahəsində yeni salınan İstirahət mərkəzinin bir guşəsində “Yapon bağı”  da salacaq.

Yapon məmurların ən çox xoşladığı vərdişlərdən biri ünvan paylamaqdır. Sevə-sevə, çox böyük nəvazişlə  ünvan paylayırlar. Demək olar ki, bütün görüşlərimizdə qarşılıqlı surətdə bir-birimizə hədiyyələşmələr də olurdu. Nümayəndə heyətimiz adından hər tədbirin sonunda milli mədəniyyətimizin nümunələri təsvir olunmuş, səfər qabağı seçib hazırladığımız, həm də regionlarımızın, başçılıq etdiyimiz rayonların istehsalı olan, maddi-mədəniyyətini özündə ehtiva edən suvenir hədiyyələr bağışlanırdı. Sonda qarşı tərəf də bizə öz simvolik hədiyyələrini və şəhərlərinin rəmzlərini, fərqləndirici göstəricilərini əks etdirən bukletlər, kitabçalar bağışlayırdılar.

Hədiyyə bağışlamaq özü də böyük mədəniyyətdir. Çox yerdə bu təntənənin icrası nümayəndə heyətimizin rəhbəri Hüseyn müəllimin üzərinə düşürdü. Yüksək intellektilə fərqlənən, elə illərlə belə tədbirlərdə təcrübə toplayıb səriştə qazanmış, tarix üzrə fəlsəfə doktoru Hüseyn müəllim də elə belə məqamlarda da xalqımızın mənəvi dəyərlərini və bu dəyərlərin sənət nümunələrində  tətbiqi, yaddaşlara köçürülməsi ilə bağlı çox böyük məharətlə məlumatlar verir, bununla həm də təqdim etdiyi hədiyyənin gözəlliyinə, dəyəri və qiymətinə də bir əzəmət qatırdı.

Səfər proqramının növbəti tədbiri “Ağıllı şəhər” layihəsinin müəllifi “İGC” şirkəti ilə tanışlıq oldu. Əvvəlcə şəhərdə mərkəzləşdirilmiş qaydada tətbiq edilən, dünyada hələ ki bənzəri olmayan, bu yeganə havalandırma sisteminin mexanizmi ilə əyani şəkildə yerindəcə tanış olduq.

Müəssisənin mühərrik sistemi 3 hissədən ibarətdir.

–Burada elektron avadanlıqlarında  su mənfi 6 dərəcəyə qədər soyudulub sistemə verilir. Sonra müasir katyollar 450 dərəcə isti temperaturda buxar istehsal edib turbinlərə ötürür və orada sənaye müəssisələrinin istilik təchizatı üçün 50-80 dərəcədə buxar hasil olur. 1 qazanın istehsal etdiyi istilik 4 min çoxailəli  kommunal yaşayış evini, 15 min fərdi mənzili qızdırmaq gücündədir.

3,7 milyon əhalisi olan bu şəhərə ancaq bu istilik su soyuducu müəssisəsi xidmət edir. Bütün sistemin iş mexanizminə nəzarət isə idarəetmə nöqtəsindən 2 işçi tərəfindən aparılır. İstilik və su təchizatı, havalanma qurğuları, qızdırıcı istilik sistemi, qazanxanalar müəssisənin 36 mərtəbə binasının altında, zirzəmisində yerləşir. Heyrət doğuracaq qədər maraqlı olan da budur. Nəhəng bir şəhərin qızdırıcı sistemi müasir yapon texnologiyasının uğurlu inkişafı sayəsində belə yüksək effekt əldə edib.

Görüşdə MDB ölkələri üzrə işlərə baxan nümayəndə Sadoviçin məlumatları bizə xeyli cəlbedici göründü. Dediyinə görə, çalışdığı şirkət əsasən iki sahədə fəaliyyət göstərir. Biri mühəndislik-çatdırılma və tikinti.

Neftayırma, təbii qazın mayeləşdirilməsi zavodları, kimyəvi zavodların tikintisi onların fəaliyyətinə aiddir. Şirkət 86 il bundan əvvəl qurulub. 1928-ci ildə, Azərbaycanda ilk dəfə qazın və neftin tapılmasından on il sonra. Şirkət fəaliyyətə başlayanda neftin təmizlənməsi, ayrılması üçün zavodların tikintisi ilə məşğul olub. 33 ölkədə filialları var. Dünyanın 80-nə yaxın müxtəlif ölkəsində iş qurub. Onların arasında keçmiş Sovet ölkələri də vardır.

Yaponiyada bir şəhər var, həmin şəhərdə kofe və şirin suların istehsalı ilə məşğul olan şirkətlər mövcuddur. Kofe hazırlayarkən hansısa  çirkli maddələr yaranır. Yaponların təklif etdikləri sistem sayəsində ayrılmış çirkabların təkrar emalı nəticəsində metan qazı istehsal olunur. Yaponlar metan qazından istifadə edərək elektrik enerjisi hasil ediblər. Sulardan ayrılmış çirkabların qurudularaq yandırılması sayəsində əldə olunan istilikdən istifadə sayəsində isə elektrik enerjisi də istehsal olunur. Bu sistemdən 25 il istifadə etmək mümkündür. Sistemin tətbiqi nəticəsində karbon dioksit qazının həcmi də azalır.

Azərbaycanda kofe olmasa da, şərab istehsalı zamanı ayrılmış çirkablardan da metan qazı hasil etmək olar. İlk olaraq yaponlar bizə hələlik bu 2 təklifi etdilər.

Şirkətin rəhbərliyi bizə xüsusi qonaqpərvərlik göstərdi. Elə zirzəmisində şəhərin soyuducu və qızdırıcı sisteminin yerləşdiyi binanın 36-cı mərtəbəsində nahar  da verdilər. Buradan da şəhərə açılan gözəl mənzərəni seyr etdik.

Daha bir maraqlı məqam, bu müəssisədə 10 il bundan əvvəl Yaponiyaya təhsil almağa gəlmiş Emil İlyasov adlı gənc bir həmyerlimiz də çalışır. Kiota Universitetinin maşınqayırma mühəndisliyi ixtisasını bitirmiş Emil 3 ildir ki, bu müəssisədə işləyir. Özü deməsə də, kənardan – elə “bizimkilər”in birindən – eşitdik ki, illik əməkhaqqısı 60 min dollardır (sonra özü də bu məlumatı təsdiq elədi).Yaponiyada, bu, “yaxşı maaşdır” deyirlər. Bu şirkətlə Azərbaycan arasında hansısa bir müqavilə də imzalanıb.

Kompaniyanın vitse-prezidenti cənab Yutaxa Yamazaki ötən ilin 26 fevralında Azərbaycanla Yaponiya arasında keçirilən  bir konfransda da iştirak edib. O görüşdəki nitqində gələcək proyektlərdə iştirakına olan maraqlarından da  danışdı.

Mütəxəssislər bildirdilər ki, Kanosuke Usui – çirkab suların təmizlənməsinə aid olan biznes sahələrində də fəaliyyət göstərirlər. İPS-in müəssisələri Yaponiyadan  başqa dünyanın daha 9 ölkəsində irimiqyaslı işlər yerinə yetirir. Yaponiyanın daxili su layihələrinin 30 faizini bu şirkət yerinə yetirir və ölkədə birincidir. Svinq həm də suyun təmizlənməsi üçün dərmanların hazırlanmasında da iştirak edir.

Səfər proqramı çərçivəsində Yakohamada Azərbaycan-Yaponiya birgə iqtisadi komitəsinin üzvü “İGC” şirkətinin rəhbəri ilə görüş də işgüzarlığı ilə yaddaqalan oldu. Görüşdə şəhərin planlaşdırılması, şəhər təsərrüfatının idarə edilməsi, infrastruktur, kənd təsərrüfatı, ətraf mühitin mühafizəsi mövzularında işgüzar müzakirələr aparıldı.

Yakohama həm də liman şəhəridir. Yakohamaya səfərimiz çərçivəsində şəhər limanı ilə də tanış olduq, limanın yaranma tarixi və fəaliyyəti barədə maraqlı məlumatlar öyrəndik.

Elə Yakohama şəhəri ilə həmyaşıd olan bu liman  on əsas bənddən (körpüdən) ibarətdir.

Tokio körfəzinə açılan Yakohama limanının Osanbaşi körpüsü bu nəhəng limanın bilavasitə simvoludur.  Okeanın içərilərinə doğru uzun bir məsafədə açılan körpünün üst səthi, eləcə də daxili salonları, tunellər belə taxta ilə örtülüdür.

Yakohamadan Nuqa şəhərinə yola düşən sərnişin gəmisinin limandan ayrılmasını da həvəslə seyr etdik. Gəminin dövrələmə göyərtəsindən  səfərkeşləri yola salanlara, sahildə gəzişənlərə tərəf sərnişinlər əllərində topla saxladıqları lenti tolazlayıb atırlar. Qoldan güclülərin, ya da fənd bilənlərin qolaylayıb tulladıqları bu lentlərin gəlib sahilə yetişənləri də olur. Sahillə gəmi arasında müxtəlif rəngli lentlər havalanıb yellənərək bir festival ovqatı yaradır. Düşünürəm ki, belə bir təmtəraq, əlbəttə, səfərə yola düşən yolçularda ayrılıq məqamında yüksək əhval-ruhiyyə, yola salanlarda isə ötürdükləri əzizləri sarıdan bir arxayınlıq hissi oyadır...

(Ardı var)

 





02.03.2015    çap et  çap et