525.Az

İstedadlı Azərbaycanlı jurnalist Elmira Əhmədova haqqında xatirələr


 

İstedadlı Azərbaycanlı jurnalist Elmira Əhmədova haqqında xatirələr<b style="color:red"></b>

Biz Elmira Əmrahqızıyla (onda hələ Elmira Əhmədova idi) hər ikimizin Azərbaycan televiziyasında işə başladığımız dönəmlərdə, 70-ci illərin ortalarında tanış olmuşduq. Daha sıx əlaqələrimiz isə hər ikimizin iki aylıq ixtisasartırma kursları keçdiyimiz Ostankinoda yarandı. Biz onunla radio və televiziya işçiləri üçün nəzərdə tutulan yataqxanada bir otaqda məskunlaşdıq. Elmira hələ o vaxtlardan öz peşəsiylə yaşayır, bütün mühazirələrə gedir, maraqla bütün deyilənləri qeyd edir və mənimlə təəssüratlarını bölüşürdü.

Mənim isə o vaxtlar başım başqa işlərə qarışmışdı – yenicə ailə qurmuşdum, Ramizlə tez-tez zəngləşirdik, sonra o, mənə baş çəkmək üçün Moskvaya gəldi. Bir sözlə, mühazirəlik halda deyildim. Yadımdadı, bir gün Elmira qonşu otaqdakı həmkarımızın yanında gecələyib, bu nəcib hərəkətiylə məni ərimlə tək qoydu. Həmin illərdə o, şən, həyatsevər, mehriban bir xanım idi. Məncə, o vaxtlar o, hələ ərdə deyildi və odur ki, məişət məsələləri onu narahat etmirdi. Həm də cavanlıq özünü göstərirdi.

Bir müddət sonra Elmirayla bir-birimizdən ayrı düşdük. O, televiziyadakı işində qaldı, mən isə respublika Yazıçılar İttifaqında çalışmağa başladım – əvvəl bədii tərcüməylə, sonra elmi fəaliyyətlə məşğul oldum. Yenidən yolumuz bir də 90-cı illərin əvvəllərində, respublikada gərgin dramatik hadisələrin tüğyan etdiyi dönəmlərdə  birləşdi. O vaxtlar Elmira müxalifət mətbuatında, deyəsən, “Azadlıq” qəzetində işləyirdi, həm də “Azadlıq” – “Azad Avropa” radiostansiyasının Azərbaycan redaksiyasının müxbiri idi. O vaxtdan birgə əməkdaşlığımız başlandı. Tez-tez bir-birimizlə informasiya mübadiləsi aparır, bu və ya digər materialın yazılma prosesində məsləhətləşirdik. Elmira həmin dönəmlərdə artıq tanınmış teleradio jurnalist idi, respublikada və xaricdə imzası mötəbər idi – xüsusən də faciəvi 20 Yanvar hadisələrini işıqlandırdığına görə. Mən jurnalistikaya nisbətən gec qayıtmışdım, odur ki, daha təcrübəli və yaşlı həmkarlarla məsləhətləşməyi aşağılıq kimi qəbul etmirdim. Elmira bəzi qələm yoldaşlarımızdan fərqli olaraq, həmişə informasiyaları səxavətlə bölüşür, heç bir təmənna güdmədən həmkarlarına köməklik göstərirdi.

Elmira Əhmədova əsl jurnalist idi: onun obyektivliyi heç vaxt qərəz və ya mədhiyyə ilə qarışmırdı, həmişə öz üzərində çalışaraq peşə fəaliyyətində özü üçün yeni-yeni sahələr kəşf etməyə, yüksəkliklər fəth etməyə çalışırdı. Beləcə, bir müddət Rusiyada populyar olan “Nezavisimaya qazeta”da xüsusi müxbir kimi çalışdı. Təhsili Azərbaycan dilində alsa da, rusca heç də pis yazmırdı. Onun qeydləri, müsahibələri, operativ materialları demək olar ki, hər gün “Nezavisimaya qazeta”nın səhifələrində dərc olunurdu. Elmira işsiz dayana bilmirdi və qoy, doğmaları məni bağışlasın, amma fikrimcə, jurnalistika həyat, yaşam iyerarxiyasında ondan ötrü birinci sıradaydı.

Azərbaycan prezidenti Heydər Əliyevin də Elmira Əhmədovaya böyük hörməti var idi. Bu hörmətlə yanaşı, Heydər Əliyev onu digər jurnalistlərdən açıq-aşkar fərqləndirirdi. Yalnız üstündən uzun illər keçəndən sonra bildim ki, Elmira Əmrahqızı 80-ci illərin sonlarında təqib altında olan Əliyevdən müsahibə alan ilk Azərbaycan jurnalistidi. Mən çoxcildli “Heydər Əliyev. Şəxsiyyət və Zaman” romanında bu haqda belə xatırlatma verdim:

“Bakıda da prinsipial jurnalistlər tapıldı. Ən əvvəl istefada olan Siyasi büro üzvündən ilk geniş müsahibəni alan mərhum Elmira Əhmədovanı (E.Əmrahqızı) xatırlamalıyıq. Bu müsahibəni dərc edə bilməsi üçün o, çox redaksiyalar gəzdi. Və nəhayət, istəyinə ağlagəlməz bir yerdə, tanınmış Azərbaycan şairi və tərcüməçisi Abbas Abdullanın o vaxtlar redaktoru olduğu gənclər üçün “Ulduz” jurnalında çatdı. Redaktor bu müsahibənin dərci tarixçəsini belə xatırlayır:

“Bir gün jurnalist Elmira Əmrahqızı Əhmədova redaksiyamıza gəldi. Mənə dedi ki, bəs respublikada qapısını döymədiyi qəzet və jurnal redaksiyası qalmayıb, amma heç biri Azərbaycanın sabiq rəhbəri Heydər Əliyevlə müsahibəni verməyə cəsarət etmir.

Ondan yazını burda qoymağı xahiş etdim. Oxuyub gördüm ki, həqiqətən də maraqlıdı. Yadımdadı, o vaxt iş yoldaşlarıma belə dedim: “Bu insan 13 il respublikaya rəhbərlik edib. Doğrudanmı bu boyda Azərbaycanda onun müsahibəsini dərc etmək üçün bir redaksiya tapılmayacaq?”

Bilirsiz, mən özüm də həyatda çox sınaqlardan keçmişəm və odur ki, həmişə əzilənin tərəfində olmuşam. O dönəmlərdə Əliyev təqib olunurdu, barəsində hər nə gəldi yazırdılar. Odur ki, bir insan kimi ona ürəyim yanırdı.

Qısası, Elmira xanıma müsahibənin mənim jurnalımda gedəcəyinə söz verdim. O, heyrətləndi və düzünü deyim ki, mənə inanmadı.

Jurnalı çapa getmək üçün imzalayanda qəflətən məni Mərkəzi Komitənin ideologiya şöbəsinə çağırdılar. Və yoldaşlardan biri mənə güvənliklə dedi: “Bilirsiz, rəhbərlik bu müsahibənin işıq üzü görməsini istəmir”. Cavabım belə oldu: “Rəhbərliyə çatdırın ki, müsahibə çıxacaq”. Hömsöhbətim çiyinlərini çəkib: “Neynək, özünüz bilərsiz”, – dedi.

Müəyyən müddət keçəndən sonra elə həmin adam yenidən mənimlə görüşüb danışmaq istədiyini bildirdi. Biz görüşdük və o, dedi: “Şef xahiş etdi çatdırım ki, biz Abbas Abdullanı deputat seçəcəyik”. Qısası, məni almaq istəyirdilər.

Mən doğrusu, götür-qoy etdim: “Birdən düzüb qoşduqları iş alınmadı və mən deputat seçilmədim? Müsahibə də çıxmadı. Onda nə olacaq? Bir dəqiqəlik pauzadan sonra cavabımı bəyan etdim: “Yoldaşlara çatdırın ki, mən deputatlığa can atanlardan deyiləm. Musahibə istənilən halda gedəcək”.

Müsahibə çıxdı. Həm də ki, o vaxtlar “Qlavlit”də işləyənlər normal insanlar idi. O dönəmlərdə biz xeyli antisovet əsərlər dərc eləmişdik. Onlara zəng edib deyirdim ki, bəs, filan yazını oxumağa ehtiyac yoxdu. Onlar da işin nə yerdə olduğunu başa düşürdülər. Təzədən mənə zəng edib deyirdilər ki, biz o yazını oxumadıq. Yəni, dərc edə bilərsən, biz göz yumacağıq. Heydər Əliyevlə müsahibə də belə işıq üzü gördü.

6-cı sayı çıxanda (tiraj çox böyük, 100 min nüsxə idi) mətbəədə bütün jurnala həbs qoyuldu. Jurnal bir müddət anbarda yatıb qaldı, amma sonra biz hər halda onu “azad etməyə” müəssər ola bildik. Və jurnal oxucuya çatdı.

Elmira Əhmədova deyirdi ki, jurnalı Əliyevə gətirib verəndə, onu alıb inamsızlıqla əlində fırlada-fırlada deyibmiş:

“Qulaq as, mən axı bu Abbas Abdullaya heç bir yaxşılıq eləməmişəm. O, bu müsahibəni verməyə necə cürət edib?”

Həqiqətən də, yaxşı söhbət idi – dolğun, səmimi, öz kitabımdan ondan çoxlu iqtibaslar gətirmişəm. Heydər Əliyev özünün partiyadakı fəaliyyəti və o dövrlə bağlı qənaətləri barədə məhz orda demişdi:

“Ürəyimdə böyük şübhələr əmələ gəldi. Düşünməyin ki, mən polad kimi əyilməzəm. Bu gün mən də özüm üçün çox şeyləri təzədən təhlil edirəm. Amma bu, çox ağır, mürəkkəb, psixoloji cəhətdən heç də asan olmayan bir prosesdi”.

Həmin illərdə mənə, Elmiraya, o biri həmkarlarımıza da çox şeyi yenidən təhlil və dərk etmək lazım gəlirdi. Keçmiş ideallar süquta uğrayır, ictimai-siyasi quruluş dəyişir, respublikada müharibə gedirdi. Bu siyahıya dövlət çevrilişlərinə mütəmadi cəhdləri, hakimiyyət və radikal müxalifət arasındakı kəskin münaqişələri də əlavə etsək vəziyyət aydın olar. Və bütün bunları işıqlandırmaq, hamısına çatmaq, hamısına necə deyərlər, əllə toxunmaq lazım idi. Elmira bu mənada, cəsur qadın idi: gülləbarandan qorxmadan ərini və iki azyaşlı oğlunu evdə qoyub cəbhə xəttinə yollanırdı. Heydər Əliyevin yenidən hakimiyyətə qayıdıb Elmiranı və məni özüylə xarici səfərlərə apardığı vaxtlarda isə hər ikimiz uşaqlarımızı uzun müddət evdə qoymalı olardıq. Yadımdadı, o, öz doğmaları üçün necə də darıxardı, mağazaları gəzmək imkanımız yarananda, onlar üçün pal-paltarı necə həvəslə seçərdi. Hava limanında onu həmişə əri qarşılayardı və Elmiranın ilk sualı bu olardı: “... Abdulla necədi, Əmrah neynəyir?”. Olduqca ziyalı və eynən özu kimi fərasətli insan olan əri Hüseyn hər şeyin yaxşı olduğunu deyərək, onu sakitləşdirərdi. Heyf ki, o da Elmira kimi həyatdan tez köçdü...

lll

... Düzünü deyim ki, bəzən Elmira xanıma həsəd aparırdım. Çünki “Azadlıq” radiosunun rəhbərliyi, daha doğrusu Mirzə Xəzərlə aralarında yaranan isti münasibətlər sayəsində onun bütün reportajları efirə verilir və onların həcminə məhdudiyyət qoyulmurdu. Rus redaksiyasında isə vəziyyət bir qədər mürəkkəb idi: bizim reportajlar yaxşı halda 3 dəqiqə çəkərdi. Adətən isə reportaj 2 dəqiqədən artıq olmurdu. Əlbəttə ki, bu yığcamlıqda işi ortaya qoymaq heç də asan deyildi. O vaxtlar hadisələrin ardı-arası kəsilmirdi, bütün bunları 2-3 dəqiqəyə yerləşdir görüm, necə yerləşdirirsən. Elmira isə xarici səfərlərdən adətən 10, hətta bəzən 15 dəqiqəlik reportajlar yayımlayardı. Və reportajını bitirib mənə deyərdi: “Sən xoşbəxt adamsan. Reportajların belə qısadı, bir elə əziyyət lazım deyil. Amma mən iki-üç saat hazırlaşmalı oluram”. Bu sözə cavabım belə oldu: “Qoy bir sənə də qısa reportaj sifariş etsinlər. Onda hər şeyi özün görərsən”. Və bir dəfə, məncə ABŞ-da BVS-nin əməkdaşları ona belə bir reportaj hazırlamağı sifariş etdilər. O, öz cib dəftərçəsində nəsə qeydlər apararaq, köks ötürərək və qaş-qabağını tökərək, nəhayət materialı hazırladı.  Əlbəttə ki, üçcə dəqiqəyə heç cür sığışdıra bilmədiyi reportajını telefon vasitəsilə ötürəndən sonra mənə vicdanla etiraf etdi: “Hə, Elmira, sən haqlıymışsan: qısa reportaj hazırlamaq çətin işdi”.

Prezidentlə səfərlərimiz zamanı xeyli sayda ən müxtəlif – dramatik, gözlənilməz məqamlar baş verirdi. Onlardan biri üzərində xüsusi dayanmaq istəyirəm. Biz “Azadlıq” radiosunun iki xüsusi müxbiri prezidenti demək olar ki, bütün xarici səfərlərdə müşayiət edirdik. Yeri gəlmişkən, Elmira prezidentin xarici səfərlərində məndən də çox olub. Səfər etdiyimiz dövlətlərdə (xüsusən də “Azadlıq” radiosunun hələ də kütləvi informasiya vasitəsi kimi “qara siyahı”larına daxil olunan bir sıra postsovet ölkələrində) bizim iş yerimiz həmin ölkənin Xarici İşlər Nazirliyinin əməkdaşlarında tez-tez müəyyən çaşqınlıq yaradırdı. Türkmənistanda baş verən xüsusi qəribə hadisələrdən biri barədə Elmirayla mən necə oldusa, Heydər Əliyevə də danışdıq. Məsələ belə olmuşdu ki, Türkmənistanda rəsmi protokolun əməkdaşları ilk əvvəl “düşmən” radiostansiyanın müxbirlərinin Azərbaycan prezidentinin nümayəndə heyətinin tərkibinə daxil edilməsinə heç vəchlə inanmırdılar. Bizi digər jurnalistlərdən ayırıb bir xeyli bizim “protokolçularla” nələrisə yoxlayıb aydınlaşdırdılar. Amma onlara hər şeyin qaydasında olduğu və bura həqiqətən də cənab prezidentlə gəldiyimiz izah olunandan sonra da son dəqiqəyə qədər bizə ehtiyatla yanaşdılar və “təxribatdan” çəkinərək Elmirayla mənim bir sualıma da cavab verməməyi lazım bildilər.

Bu əhvalatı biz Heydər Əliyevə danışarkən ürəkdən güldü və sonrakı səfərlərimizdə – mətbuat konfransları, yaxud işgüzar görüşlər zamanı o, respublikamızda aşkarlığın və mətbuat azadlığının səviyyəsini əyani nümayiş etdirmək üçün dəfələrlə mənim və Elmira Əhmədovanın adını çəkərək, bizim hansı radiostansiya ilə əməkdaşlıq etdiyimizi məxsusi vurğulayırdı. O, həqiqətən də heç vaxt bizlərə, müstəqil KİV-lərin jurnalistlərinə nəzarət etmirdi, tamamilə inanıb, büsbütün azadlıq imkanı yaradaraq, materiallarımızı yoxlamağa ehtiyac duymurdu. Bizdən yeganə xahişi faktları şişirtməmək idi. “Həqiqəti yazın”, – Heydər Əliyevin jurnalistlərə yeganə tövsiyəsi bu idi və Elmirayla mən bu qaydaya riayət etməyə çalışırdıq.

Təmtəraqlı sözlər deməyi xoşlamıram, amma Elmira doğrudan da müstəqil Azərbaycan jurnalistikası məktəbinin yaradıcılarından idi. Və bu məktəbin formalaşmasına böyük töhfələr verdi. Çox istərdim ki, bizim gənc həmkarlar öz sələflərini unutmasınlar, onların işlərini öyrənib illərlə topladıqları əvəzsiz təcrübələrindən yararlansınlar. Biz birincilərdən idik. Bu isə necə deyərlər, hər insana müəssər olmur.

lll

Öz karyerasının və jurnalistlik uğurlarının zirvəsi, yüksəlişi dövründə Elmira Əhmədovanı ağır xəstəlik tapdı. O, güclü insan idi və öz xəstəliyi ilə həmkarlarının kefini pozmamağı üstün tutdu. Amma biz bilirdik ki, o, müalicə alır, öz gücüylə o zəhrimar xəstəliyi dəf etməyə çalışır. Hərdən ona zəng edəndə, xeyli danışsaq da, xəstəliyin adını belə çəkmirdik.

Onun dünyada köçməsi xəbərini biz jurnalistlər uzaq Yaponiyada aldıq. Biz yenə prezidentlə birlikdəydik. Heyət də həmin heyət idi, amma Elmirasız. Bu xəbər bizi sarsıtdı, həmin gun biz Aynur Bəşirliylə təkliyə çəkilib Elmiranın iştirakıyla keçən saysız-hesabsız məqamları xatırlayaraq, uzun müddət göz yaşları axıtdıq. Bizdə belə bir hiss vardı ki, hamımız onun qarşısında nəsə günahkarıq: bax, biz hamımız sağ və salamatıq, o isə artıq aramızda yoxdu...

Bundan sonra da hələ uzun müddət özümüzə gədə bilmədik. Sadəcə, inana bilmirdik ki, belə gənc, güclü, gələcəyə ümidlərlə baxan bir qadın həyatdan köçüb. Bu bizə çox təəssüfedici və ədalətsiz görünürdü...

Xoşbəxtliyimdən Elmirayla qarşılıqlı münasibətlər tarixçəmin arası kəsilmədi. Mən onlar üçün heç də asan olmayan dönəmlərdə Elmiranın oğlanları ilə tanış oldum. Əmrah hələ tələbə idi, Abdulla isə artıq ali təhsilli olsa da iş tapa bilmirdi. Mənə onların taleyində müəyyən rol oynamaq nəsib oldu. Tezliklə Əmrah Türkiyədəki təhsilini başa vuracaq. İnanıram ki, o, gözəl həkim olacaq və bir çox insanların həyatını xilas edəcək. Abdulla isə zabitdi, Müdafiə Nazirliyinin beynəlxalq şöbəsində çalışır, ailə qurub, iki övladı dünyaya gəlib. Mən onun toyunda iştirak etdim və indi biz birlikdə Elmiranın nəvələrinin ad günlərini qeyd edirik. Böyük nəvəsi Elmiranın adını daşıyır və bu mənə böyük məmnunluq hissi gətirir.

Elmira öz balalarını həyatından çox sevərdi. Və yəqin ki, indi göy üzündə bu yer üzündəki davamçılarının böyüdüyünə baxan ruhu da sevinir.

Elmiranın övladları böyüyüb ləyaqətli insanlardan oldular. Yəqin səbəb sağlığında özü qoyan təmələ görədi. Və həm də yəqin ki, onun qısa dünyəvi həyatının əsas bəraəti və ali məramı da elə budu.

 





02.03.2015    çap et  çap et