525.Az

Dost itkisinin səngiməyən ağrıları


 

Dost itkisinin səngiməyən ağrıları<b style="color:red"></b>

Mən hər dəfə əsirlikdə olan kəndimizi – Ağdamın sonsuz təbiət rəngləri ilə seçilən Novruzlu kəndini xatırlayanda, nə gizlədim, doğmalarımdan da qabaq yadıma düşən Çingiz olur: Çingiz Məmmədov. Bəlkə ona görə ki, uşaqlıq həyatımın, məktəb illərimin əziz xatirələri bu adamla bağlıdır, bəlkə ona görə ki, biz yaşıd olmuşuq, amma nədənsə bu yaşıdım elə o uşaqlıq, elə o məktəb illərindən tutmuş, taleyin hökmü ilə ara-sıra başqa-başqa yerlərdə yaşamağımıza baxmayaraq ömrümüzün bütün anlarında mənə “ağsaqqallıq” etmiş, qayğılarımı çəkmiş bu insanın təmənnasız yaxşılıqlarını unutmamaq yazılıb qismətimə...

Çingiz Ağdam şəhərində, həkim ailəsində doğulmuşdu. Atası İldırım həkim 1940-cı illərin sonu, 1950-ci illərin əvvəllərində ölkədəki həkim qıtlığı ilə bağlı olaraq Ağdamın bir neçə kəndində işləyəsi olmuşdu.

Mənim uşaq və məktəbli çağlarımda İldırım həkim bizim kənddə idi. Dövrünün ən savadlı bir həkimi, Üzeyir Hacıbəyli kimi bir millət fədaisindən aldığı vətəndaşlıq dərslərini bizə təlqin edən, kənd adamlarını doğmaları qədər sevən bu həkim Çingizi lap uşaqlıqdan vətən sevgisi, millət sevgisi ilə böyütmüşdü və onun bu dərsləri mənim də qismətimə düşmüşdü.

Ailə, ata–ana dərsləri bir yana, Çingizdə həm də Tanrının verdiyi bir insanlıq, insana sevgi hissi vardı. Mən o zaman orta məktəbdə oxuyanda da elə bugünkü kimi arıq, bədəncə zəif bir kəs idim. Elə bil Allah Çingizi mənə bu arıq oğlanı qorumaq üçün göndərmişdi. 1950–ci illərin əvvəlləri bütün SSRİ mühitində, o cümlədən, Azərbaycanda – müharibədən təzə çıxmış bir ölkədə aclıq hökm sürürdü. Mənim atam müharibədə həlak olmuşdu və illərin çətin günlərində Çingizin atası mənə də atalıq etmişdi... 

Sonra İldırım həkimi Ağdamın başqa kəndinə – Çəmənliyə göndərdilər. Çingiz məndən bir sinif yuxarıydı və orta məktəbi bitirib Bakıya getmişdi. Universitetə qəbul olmuşdu. Sonra orta məktəbi mən də bitirdim, amma birinci sınaqda qəbul imtahanlarından keçməyib əsgər getdim. Ukraynanın Lvov vilayətində, Rusiyanın Kamçatkasında əsgər oldum. O üç illik əsgərlik çağımda ən çox məktublaşmamız Çingizlə oldu.

Əsgərlikdən qayıtdım və mən də universitetə qəbul oldum. Onda Çingiz artıq universiteti bitirmişdi və 8-ci kilometr qəsəbəsində çox böyük bir kitab mağazasının müdiri idi. Mənim tələbəlik illərimin də təsəllisi elə o kitab mağazasında müdir işləyən Çingizin qayğıları oldu. Sonra mən də “yekəldim”, universitet müəllimi oldum. Amma nə qədər “yekəldimsə”, yenə də Çingizin qayğılarındaydım. Evimdəki çoxminli kitabxanamın bütün kitabları Çingizin hədiyyələrindən ibarətdir. SSRİ-də nəşr olunan ən “defisit” kitablar mənim iş otağımdadır və onların hamısı Çingizin dostuna – mənə səxavətlə bağışladığı hədiyyələrdir.

Çingizin kitab mağazasındakı darısqal bir müdir “otağı” ziyalıların az qala hər axşam yığışdığı məkan idi.

Burada şair Şahmar Əkbərzadə, jurnalist Sirus Təbrizli, filosof Şahnəzər Hüseynov, iqtisadçılar, filoloq alimlər bir yerə yığışar, əsasən sovetin senzura rejimini lənətləyər, bu rejimi aşa bilən Çingiz Aytmatovun, İon Drutsenin, Şukşinin, Anarın, Elçinin, İsa Hüseynovun, Rəsul Rzanın... əsərlərini müzakirə edərdik. Bu müzakirələr sonralar Qarabağ dərdinə bağlandı. Bir çox siyasətçilər bu darısqal otaqda öz ürəklərini boşaltdılar...

Bütün bunların təşkilat işi, adamlara qayğılı münasibət Çingizin çiyninə düşürdü. Çingiz üçün Vətən qeyrəti, Azərbaycan, torpaq dərdi hər şeydən əvvəl idi. Yadımdadı, Ağdamın ağır günlərində dəfələrlə yollarda olmuşuq, Ağdamın komendant saatlarında rus əsgərlərinə “yaltaqlanmışıq”, onları camaatla ehtiyatlı olmağa çağırmışıq. Amma bundan savayı əlimizdən heç nə gəlmirdi...

Çingiz elə sədaqətli bir dost idi ki, onun yanında olub da ona bənzəməmək mümkün deyildi.

Çingiz çox qayğılı bir ailə başçısı, qohumcanlı bir insan idi. Bizim ailələrimiz bir yerdə böyüyüb, övladlarımız bir-birindən seçilməyib. Ona görə bu gün də mənim hayıma hər kəsdən çox Çingizin oğlanları yetir.

Vaxt oldu, taleyin Çingizə verdiyi ömür sona yetdi. Bir mülayim mart günündə – yazın başlanğıcında qəflətən ağır bir xəbər aldım: Çingiz dünyasını dəyişib. Çox sarsıdıcı bir xəbər idi. Mən elə bil ikinci dəfə yetim qaldım. Və bir azdan anladım ki, dost itirmək, həm də ömrünün bütün çağlarında əli sənin çiynində olan bir dostu itirmək çox ağırdır. Mən uşaqlarımı kiçik vaxtlarında hər dəfə Novruzun axır çərşənbəsində Çingizin Bakıxanov qəsəbəsindəki həyət evinin 4 metrlik hündür darvazasından o həyətə torba atmağa aparardım və bu iş Novruz bayramını bizim üçün daha da əzizləşdirərdi. İndi Çingiz bu dünyada yoxdur.

Bayram ovqatı mənim üçün qəmli bir məqamdır. Dostumun qəbrindəki sinə daşının üstündə mənim belə bir yazım var: “Sən bizə örnək olan böyük İNSAN ömrü yaşadın...” Mən bu sözləri Çingizin hamımıza nümunə olan ömrünün həqiqətindən almışam. Çingizin onlarca dostu, məsləkdaşı var ki, onların çoxu müxtəlif sahələr üzrə elmlər doktorları, professor, akademikdirlər. Mən o qəbrin üstündəki bir sətirlik yazı ilə Çingizin o balaca iş otağında böyüyüb ərsəyə gəlmiş həmin dostlarımızın hamısının fikrini ifadə etmişəm...

Çingiz budur – Çingiz bu kəsdir. Deyirlər zaman hər şeyi – hətta ən ağır dərdi də unutdurur. Yaxşıdırmı, pisdirmi? Yəqin ki, bu baxır dərd sahibinə. Mənim dərdlərim sanki mənim taleyimdir. Zaman onların qarşısında çox gücsüzdür. Heç nə edə bilmir. Çingizin – ömrü boyu təsəllim olmuş bir dostumun, məsləkdaşımın, kənd xatirələrimin, əzizimin ölümündən gələn dərdin səngiyəcəyini bir il gözlədim, sonra beş il gözlədim, sonra on il gözlədim. Amma olmadı. Ötən bu illər mənim  dost itkisi ilə bağlı dərdimi heç cür unutdura bilmədi. Təsəllim odur ki, itirdiyim dostumun yerində onun mənə doğma və əziz olan 4 övladı, 8 nəvəsi böyüməkdədir.

O öz peşəsinin vurğunu idi

 





02.03.2015    çap et  çap et