525.Az

Bakı metrosunda I Avropa Oyunlarının loqotipi


 

Bakı metrosunda I Avropa Oyunlarının loqotipi <b style="color:red"></b> “Bakı Metropoliteni” QSC-nin sıx əməkdaşlıq etdiyi Moskva elektrik qatarlarının təmiri zavodunun Tbilisi filialına təmir üçün göndərdiyi daha bir qatar iki ay ərzində yenilənərək, “Nərimanov” elektrik deposuna gətirilib.
 
Bunu “APA-Economics”ə “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib.
 
"Həm bu, həm də ötən il əsaslı təmir edilərək zahiri görünüşü və tərtibatı ilə fərqlənən qatarların xəttə buraxılması ilk yeniliklərdəndir. Dekabr ayında gətirilmiş qatarlar “Bakı Metropoliteni” QSC-nin sədri Zaur Hüseynovun təklifinə əsasən, açıq çalarlı boyalarla rənglənib. Açıq boz, süd rənginə uyğun hər vaqonun üzərində metropolitenin yeni loqotipi maraqlı dizaynda həkk olunub. Bu vaqonlar Azərbaycanda keçiriləcək ilk Avropa Oyunlarının emblemini də əks etdirməklə bu böyük idman, eyni zamanda, ictimai-mədəni hadisəyə metropolitenin verdiyi dəstəyi, yarışların önəmini bir daha vurğulayır və təbliğatın bir parçasına çevrilir", - deyə N. Paşayev qeyd edib.
 
Onun sözlərinə görə, qatarlarda olan yeniliklər sırasında sərnişin salonunda odadavamlı materiallarla təchiz edilmiş döşəmə və tavanın müasirləşməsini, paslanmayan dəmirlə əvəzlənmiş tutacaqların daha gözəyatımlı olmasını, antivandal, lakin yumşaq materialdan hazırlanmış oturacaqların rahatlığını qeyd etmək olar. “Eyni zamanda qatarların nəfəslikləri də yeni formada olmaqla, ondan istifadə olunması xeyli asanlaşdırılıb. Tavandakı havalandırma sistemi bütünlüklə yenilənərək, səthi xüsusi şəbəkə ilə örtülüb ki, bu da salonun estetik görkəminə yenilik gətirib. Bu kimi yeniliklər sərnişin salonunun plastikasını xeyli fərqli etməklə, vaqonun erqonomik cəlbediciliyinə əsaslı təsir göstərib. Bu mənada, salonun görünüşünə əsas təsir göstərən faktor işıq diodlu lampaların lüminisent analoqlarını əvəzləməsidir”, - deyə o əlavə edib.
 
Mövcud şəraitdə bu günə qədər Tbilisidə əsaslı təmir edilməklə, modernləşdirilmiş 4 qatar Bakı metrosunda fəaliyyət göstərir.
 
Modernləşdirilməklə əsaslı təmir edilmiş qatarların xətlərdə özünü tam doğrultmasını nəzərə alaraq, “Bakı Metropoliteni” QSC-nin rəhbərliyi bu prosesi davam etdirmək qərarını verib. Cəmiyyətin sədri Zaur Hüseynovun əmrinə əsasən, baş vaqonları (8857-8858 nömrəli) 1988-ci, aralıq vaqonları isə (0555-0556-0557 nömrəli) 1989-cu ilin istehsalı olan qatar da Tbilisi Elektrik Qatarlarının Təmiri Zavodunda əsaslı təmir edilərək, modernləşdiriləcək.
 
Hazırda “Nərimanov” elektrik deposunda qatarın yola salınması üçün müvafiq hazırlıq işlərinə başlanılıb.
 





02.03.2015    çap et  çap et