525.Az

"Gərək hər vətəndaş cəmiyyətin və dövlətin qarşısında öz vicdanlı hərəkəti ilə seçilsin"


 

"Gərək hər vətəndaş cəmiyyətin və dövlətin qarşısında öz vicdanlı hərəkəti ilə seçilsin"<b style="color:red"></b>

"Hər bir dövlətin iqtisadiyyatında qalxmalar, enmələr olur, maliyyə bazarında müəyyən dəyişikliklər baş verir, dünya iqtisadiyyatının, maliyyə siyasətinin ölkəyə təsiri olur ki, bu da normal haldır".

Bu sözləri  Milli Məclisin Sosial siyasət komitəsinin üzvü, millət vəkili Musa Quliyev deyib. Onun sözlərinə görə, Azərbaycanda manatın məzənnəsinin dollara nisbətdə bərabərləşdirilməsi dünyada gedən iqtisadi proseslərin nəticəsidir. Lakin bu vəziyyətdən kimlərsə sui - istifadə edirlər:
 
"Gərək hər bir ölkə vətəndaşı cəmiyyətin və dövlətin qarşısında öz vicdanlı hərəkəti ilə seçilsin və öz vətəndaşlıq borcunu həyata keçirsin. Azərbaycanda manatın dollara nisbətən məzənnəsinin aşağı düşməsi, daha doğrusu dollarla bərabərləşməsi dünyada gedən iqtisadi proseslərin Azərbaycan iqtisadiyyatına təsirinin nəticəsidir və Azərbaycan iqtisadiyyatını çökməkdən və inkişafdan qalmaması üçün atılan çox doğru iqtisadi addımdır. Bu addımdan da sui-istifadə edərək ilkin etaplarda kimlərsə varlanmaq cəhdində oldu.  Kimlərsə sui-istifadə edərək daha çox pul əldə etmək istədi. Bu cür hərəkətlər dələduzluqdur, özünə, xalqına qarşı hörmətsizlikdir. Bunlar hələ məsələnin mənəvi tərəfidir".

M. Quliyev həmçinin qeyd edib ki, məsələnin tənzimlənməsində dövlət qurumları ilə birlikdə vətəndaşlar da aktiv iştirak etməlidir:
 
"Azərbaycan xalqı 90-cı illərdə böhranı görüb, hazırkı vəziyyəti isə böhran adlandırmaq doğru deyil. Digər tərəfi isə müvafiq qurumlar təbii ki, İqtisadiyyat və Sənaye Nazirliyinin müvafiq qurumları bu məsələdə öz fəallığını göstərməlidirlər, cərimə tədbirləri həyata keçirməlidirlər. 10 gün, bəlkə də 1 ay sonra hər şey stabilləşəcək. Yəni qiymətin dəyişməsi, milli valyutanın aşağı düşməsi yalnız bizim ölkəmizdə görülən hadisə deyil, dünyanın bir çox ölkələrində bu proseslər gedir. Azərbaycan xalqı da 90-cı illərin böhranını görmüş bir xalqdır.

Hər bir böhran vəziyyətdən çıxış yolu var. Amma indiki vəziyyəti böhran adlandırmaq olmaz və bu vəziyyətdən sui-istifadə edən istər valyuta möhtəkirləri, istər bazarda iqtisadiyyatla məşğul olan insanların bu işin içində olmaları doğru deyil. Bunlar həm cəmiyyət tərəfindən qınanılmalıdır, həm də müvafiq dövlət qurumları tərəfindən tədbirlər görülməlidir. Artıq bu tədbirlər görülməyə başlayıb, ictimaiyyətə də məlumat verilir və ictimaiyyət də bu tədbirə birmənalı olaraq dəstək olur. Amma eyni zamanda gərək sahibkarların da hüquqları qorunsun, onlar da qiymət dəyişmələrindən əziyyət çəkməsinlər. Xüsusən də xarici ölkələrdən alınıb gətirilən malların Azərbaycanda satışına ədalətli qiymət məzənnəsi də müəyyən olunsun".

İqtisadçı Aydın Hüseynov isə bildirib ki, hazırda dünyada baş verən qlobal iqtisadi proseslər və dünya valyuta bazarlarındakı son tendensiyalar bir çox ölkələrin milli valyutalarının dəyərdən düşməsinə səbəb olmaqdadır: "Neftin ucuzlaşması hasilatçı ölkə kimi Azərbaycan manatının da məzənnəsinə təsiri göstərməyə bilməzdi.Prezidentin bəyan etdiyi kimi iqtisadiyyatın öz qanunları var: Azərbaycan dünya iqtisadiyyatının bir parçasıdır və regionda gedən proseslər istər-istəməz bizə də təsir göstərir. Son bir il ərzində MDB məkanında bizim qonşuluğumuzda yaşanan gərginlik müəyyən dərəcədə Azərbaycan iqtisadiyyatına da öz təsirini göstərib".

A.Hüseynov bildirib ki, manatın məzənnəsinin aşağı salınması əslində ölkə iqtisadiyyatının dünya iqtisadiyyatına inteqrasiyasının dərinləşməsi, qeyri-neft sektorunun gələcək inkişafı və qlobal maliyyə bazarlarında milli ixracatçıların mövqeyinin möhkəmlənməsi baxımından mühüm əhəmiyyət kəsb edir:

"Məlum olduğu kimi son dövrlərdə əksər ölkələrin milli valyutaları əhəmiyyətli dərəcədə ucuzlaşıb və bu faktor ölkəmizin milli iqtisadiyyatının rəqabət üstünlüklərinə mənfi təsirlərini göstərirdi. Yeni məzənnə dəyişikliklərindən sonra isə həmin problem artıq aradan qalmış olur və milli iqtisadiyyatın rəqabət imkanlarını neytrallaşdırır, həmçinin müəyyən üstünlüklərə zəmin yaradır. Ən müsbət amillərdən biri isə yerli istehsalçıların gələcək rəqabətqabiliyyətli məhsul istehsalına geniş imkanlar yaradan əlverişli ixrac siyasətinin həyata keçirilməsinə start verilməsidir. Bu qərar milli iqtisadiyyatın şaxələndirilməsinə əlavə stimullar yaradacaq, yaxın illərdə Azərbaycanın qeyri-neft ixrac potensialının daha da güclənməsi, ixracatçılar üçün ixrac uzunmüddətli və dayanıqlı həvəsləndirmə siyasəti deməkdir.

Beləliklə,  manatın məzənnəsinin korreksiyası həmçinin milli iqtisadiyyatın gələcək inkişafına indidən yaradılmış zəmin hesab oluna bilər".  Ekspert onu da bildirib ki, manatın məzənnəsinin aşağı salınması milli valyutamızın dünya valyutası kimi dəyərinin itməsi anlamına gəlmir: "Manat yenə də dəyərli və digər ölkələrin valyutaları ilə nisbətdə mövqeyini qoruyub saxlayan, sabit və möhkəm tədavül vasitəsidir.

Azərbaycan manatı MDB məkanında ən sabit milli valyutalar sırasında birinci yerdə mövqeyini qoruyub saxlayır. Son proseslərə baxmayaraq, manat yenə də dünyanın ən dəyərli 11 valyutası sırasındadır. Tam əminliklə demək olar ki, qlobal proseslərin fonunda respublikamızın maliyyə sisteminin sağlam və dözümlü olması milli valyutamızın dəyərinin qorunub saxlanmasına səbəb olacaq. Azərbaycan hökumətinin həyata keçirdiyi monetar siyasət təsdiqləyir ki, respublikamızda güclü iqtisadiyyat və düşünülmüş iqtisadi strategiya manatın məzənnəsinin qorunub saxlanmasına imkan verəcək".

PƏRVANƏ

 





28.02.2015    çap et  çap et