525.Az

Təbiət və poeziya: düşüncə fraqmentləri


 

Təbiət və poeziya: düşüncə fraqmentləri<b style="color:red"></b>

Poeziya təbiətin insanlara bəxş etdiyi ilahi zövqün təntənəsidir, insan qəlbinin möcüzəsidir, musiqisidir, təbiətin poetikasıdır, onu şairlər duyaraq tərənnüm və təcəssüm edirlər və könül süzgəcindən keçirərək poetik sətirlərə çevirirlər.

lll

Poeziya - insanın təbiətdə gördüyü gözəllikdir, mahiyyətdir.

lll

Adətən ilanbalığı tutanlar yeddi-səkkiz tor atdıqda bir və ya iki balıq tuta bilirlər. Poeziya yaradıcılığı da belədir: şairlər də yazdıqları içərisində müəyyən vaxt ərzində bir və ya iki uğurlu şeiri ilə öyünə bilərlər.

lll

Poeziya mənəviyyatın əbədi təcəssümüdür, mənəviyyatı isə təbiətdən ayırmaq olmaz.

lll

İnsan təbiətin ən mükəmməl möcüzəsidirsə, təbiət də insan üçün elə bir tükənməz maraqlı sirlər xəzinəsidir ki, insan onu fəth və tərənnüm etməkdən yorulmur. Bu fəthin və tərənnümün nəhayətsizliyi böyük və əzəmətli bir sivilizasiyanın təcəssümünə çevrilir.

 

lll

Poeziya təbiətin mənəvi simasıdır, onun mahiyyətinin poetik ifadəsidir.

lll

Təbiət çox mürəkkəb və zərif toxunuşlu gözəl xalıya bənzəyir, onun hər ilməsində bir sirr var, bir mahiyyət var.

lll

Təbiət təkrarsız gözəlliyi ilə bizi ilhamlandırır,  ruhumuzu göylərə qaldırır, fantaziyamızı bulaq kimi qaynadır, sular kimi daşdırır, qəlbimizi şirin nəğmələrlə doldurur, sehirlənmiş sözləri ruhumuza yatırdır, özünün poetikliyi ilə təfəkkürümüzü cilalayır, sadə sözləri poeziyanın riqqətə gətirən sətirlərinə çevirir, sanki könül pərdəsinin simlərinə toxunan duyğuları notlaşdırır. Buna baxmayaraq, təfəkkürümüzdə özünün mahiyyətini və mənasını özünün əks-sədasına çevirən təbiətin yaratdığı real fantaziyaların yanında biz - ruhumuzla və ilhamımızla və bədii təfəkkürümüzlə - hələ də üstünlüyə nail ola bilməmişik.

lll

Poeziya - metroitlər kimi uçub gələn, vulkan kimi püskürüb üzə çıxan yeraltı qaynar qurumlar kimi sönməz, həmişə odlu və təzə qalan günəşin bir parçasıdır.

lll

Poeziya - ocaqdan götürülmüş od kimidir, lakin o günəş şüaları kimi öz istisini, işığını uzun zaman saxlayır, onu axtaranlara ulduz kimi parlayır, susuza su kimi,  kiçik oda, işartıya həzin külək kimi gümrahlıq, zənginlik və güc gətirir.

lll

İnsan öz xarakteri etibarı ilə təbiətə çox yaxın və onunla həmahəngdir, biri digərini tamamlayır. Poeziya onlarda olan mənəvi hissəni və estetik olanı seçir və öz sətirlərində onu musiqiyə təhvil verir.

lll

Poeziya təbiətin nəğmələridir, şair bəstəkar kimi onu duyur, mənalandırır, mahiyyətin əks-sədasına çevirir.

lll

Bütün sənətçilər və yaradıcı insanlar təbiətlə təmasda olur, hərə özünə lazım olanın, estetik və poetik bildiyinin axtarışındadır.

lll

Şairin qəlbi duyğular dənizidir, onun düşüncələri hərəkətdə olan okean gəmisinə bənzəyir, bütün səmtlərə üzməyi bacarır,  lakin həmişə konkret bir sahilə yan almağa çalışır.

lll

Güclü və istedadlı şair - güclü və dərin axan çaylara bənzəyir, o güclü ilhamı ilə özünəməxsusluqdan daha çox bəşəridir, çünki o öz şeirləri ilə bəşəriyyətin nəğməsini oxuyur.

lll

Təbiət insan zəkasının işığıdır, onun təfəkkürünün əsası, onun idrakının nizamlayıcısıdır. İnsan bu hikmətin mahiyyətini açmağa çalışır, onun həm fəlsəfəsini, həm də poeziyasını - əbədi nəğmələrini yaradır.

lll

Axar sular öz məcrasında durulub axdıqca gözəl və daha çox faydalı olduğu kimi, duyğular da bizim ruhumuzda səlisləşib çıxdıqda o poeziya nümunəsi ola bilir.

lll

Poeziya - təbiətin fitri olaraq bizə bəxş etdiyi hisslərin, duyğuların, emosiyaların mahiyyətidir.

lll

Şair zirvələrdən boylanan tərlana bənzəyir, lakin tərlan ovundan fərqli olaraq şair poetik gözəllik axtarışındadır, təbiətin yaratdığı qeyri-adi yaranışların, varlıqların, estetik möcüzələrin ovsunlayıcı panoramını seyr edərək hissiyyat duyğularının lirasını təfəkküründə canlandırır və idrakının gücüylə günəş şüaları kimi - müəmmalı duman qatını - boz örpəyi qaldırır və bu poetik reallığı sözün qüdrəti ilə, duyğuların təcəssümüylə zənginləşdirərək poeziyanın məhsuluna çevirir.

lll

Poeziya - təbiətin təbii təravətinin, ətrinin sözlərə çevrilməsi, təbiətin sözlü ahəngi, sözlərlə ifadəsi, şairin duyğularının, hisslərinin təbiətlə həmahəngliyidir.

lll

Şair öz duyğuları və ilhamı ilə təbiətin ağuşundadır, onun ayrılmaz hissəsidir, lakin onun gözəlliyini daha gözəl və daha kamil vəsf və tərənnüm etmək üçün daima zirvələrə can atır. Bu mənada, şair təbiətin kompasıdır, öz poeziyası ilə onun gözəllik qütbünün əbədi və təbii göstəricisidir.

lll

Şair təbiətdən duyğulanır, təbiətdən qaynaqlanır,onun bütün ritmini poeziyada sintezləşdirir, sənətləşdirir və nəhayət, insaniləşdirir.

lll

Təbiət hər səhər təzələndikcə şairin də duyğuları, hissləri, emosiyaları təzələnir, təravətlənir və onun poeziyası təbiət gözəlliklərinin simvoluna çevrilir.

lll

Torpaq ana kimi həmişə adamın vüqarını ucaldır, poeziya isə bu vüqarın himninə çevrilir. Torpaq təbiətin özəyi, kainatın bəzəyi, insanın ürəyidir, poeziya isə onu duyğulandıran, rəmzləşdirən, ruh kimi ayrılmaz olan söz çələngidir.

lll

Biz təbiətin yaratdığı məchulluqdan məlum həddə, qeyri-müəyyənlikdən müəyyənliyə, konkretliyə can atırıq, lakin başlanğıcı olan bu ümumi təkamülün -bu yaradıcılığın, bu poetik auranın sonu görünməzdir.

lll

Təbiət bizə böyük mənəvi və poetik xəzinə bəxş edir, biz isə təbiəti öz içərimizdə hissə-hissə əridirik, onu öz dar mənafeyimizin qurbanına çeviririk, təbiət isə nəhayət bundan hirslənə bilər.

lll

Bircə gözəl beyt poeziyanın, bircə qönçə çiçək də böyük təbiətin nişanəsi və varlığının ifadəsidir.

lll

Hətta bir çiçəyin görünüşü də baharın gəlişindən və onun təravətindən xəbər verir.

lll

Təbiətin gözəlliyi onun baharında, cəmiyyətin gözəlliyi onun sülh və onun əmin-amanlığında, harmoniyasında, poeziyanın gözəlliyi isə bu harmoniyanı doğru-dürüst və bədii şəkildə əks etdirməsindədir.

lll

İnsan mənəviyyatının ilkin tərbiyəçisi əsrarəngsiz təbiətdir, poeziya isə onun təkamülü və zənginləşdirilməsidir.

lll

Təbiət istedadın ilk obyektidir, çünki təbiətə vurğunluq istedadın ilk əlamətidir.

lll

Dağların və torpağın qatlarından süzülüb gələn qaynar və isti bulaqlar axaraq təbiətin gözəllik və qida mənbəyinə çevrildiyi kimi, insanlar da cəmiyyətə qədəm basdığı zamandan öz intellektual qabiliyyətləri və təbii istedadları ilə maddi və mənəvi sərvətlərin yaradıcısı və təkamülçüsü olurlar.

lll

Təbiətin azad və lətif qoynunda tapılan sakitlik, hisslərimizi çox incəliklə və həzinliklə uyutması onun poetik görünüşündə ruhumuzun dinclik tapması - hər hansı bir təbibin edə biləcəyi müalicədən daha faydalı və daha əhəmiyyətlidir.

Müslüm MAHİR HİKMƏT

 





26.02.2015    çap et  çap et