525.Az

Akif Əlizadə o vaxt dedi ki...


 

Akif Əlizadə o vaxt dedi ki...<b style="color:red"></b>

Gənc, fəal, əlaçı tələbələr...
Səksəndən doxsana gedirik indi;
Bir qədər tanınmış müəllifəm mən,
O isə AMEA prezidenti.

Misralar halında söylədiklərimi Akif Əlizadəyə ünvanlayıram. Geologiya-mineralogiya elmləri doktoruna, professora, Geologiya İnstitutunun direktoruna, bir neçə fəxri ad və mükafat sahibinə, ümumiləşmiş halda belə deyim: dəyərli, vətəndaş ziyalıya. Qeydlərimdə səbəbkarın elm yollarında zirvədən-zirvəyə yüksəlməsindən söz açmayacağam. Bu başqa söhbətin mövzusudur.

Akif Əlizadə haqqında kitablar, monoqrafiyalar çapdan çıxıb; müxtəlif məqalələr, yazılar mətbuat səhifələrində yer alıb. Bu kiçik həcmli yazımda xəyalımın qanadlarına qonub xeyli keçmişə baş vurmaq istəyirəm. Ötən əsrin 50-ci illərinin əvvəllərinə qayıdıram. İkimiz də məşhur ali təhsil ocağının -Azərbaycan Sənaye İnstitutunun (çağdaş ADNA-nın) Geoloji-kəşfiyyat fakültəsində oxuyurduq. İkimiz də əlaçı və ictimaiyyətçi idik; şəkillərimiz şərəf lövhələrindən baxırdı. İclaslarda, yığıncaqlarda, istirahət axşamlarında ("ənənəvi bal"da) bizi barmaqla göstərirdilər. O, 1500 tələbənin komsomol komitəsinin katibi kimi nüfuz qazanmışdı. Mən isə qəzet və jurnallarda şeirləri dərc olunan gənc şair kimi fərqlənirdim. Akif Əlizadə məni nəinki AzSİ-nin, hətta respublika miqyaslı toplantıların iştirakçısı kimi ruhlandırırdı. 

... Akif Əlizadə bir dəfə dedi:

- Oqtay, bu günlərdə institutumuzun və Bakı Konservatoriyası müdavimlərinin görüşünü keçirmək istəyirik. Tədbirin bədii hissəsi də olacaq. Sənə, Pərvizə, İnqaya, Oleqə, Mikayıla arxalanıram. Repertuara qiraət, səhnəcik, mahnılar, gülüş dəqiqələri daxildir. Sən bir şeir yaz, özü də "Geoloq qız" adlandır! Təklifi dərhal bəyəndim. Çox keçmədi ki, ona xəbər verdim ki,  sətirlər hazırdır. Tapşırdı ki, çaşmadan, ahənglə oxuyarsan.

Görüş axşamında çıxış üçün növbəm çatdı. Aşağıdakı bəndi səsləndirəndə Akifin üzündəki təbəssüm və işıq xeyli artdı:

Çiçəklərdən çələng hörüb özünə,
Axtarırsan yeni-yeni xəzinə;
Sevinc qonur yanağına, üzünə.
Nə bəxtiyar övladısan Vətənin,
Geoloq qız, vurğununam mən sənin!

Salonda qopan alqışların sədası indi də qulağımdadır. Bir həftədən sonra məni daha bir xoş xəbər sevindirdi: qrup yoldaşım, musiqi məktəbinin məzunu, məşhur tarzən Əhsən Dadaşovun qaynı Ziya Hacızadə mətni nəğməyə çevirib. Bir müddət də keçdi, Akif və Ziya məni fərəhləndirdilər. Xalq Yaradıcılığı Evi həvəskar bəstəkarların mahnılarından ibarət almanax nəşr etdirib. "Geoloq qız" da həmin topluda öz yerini tutub. Bu günlərədək həmin notlu, sözlü səhifəni qoruyub saxlayıram. Onun mahnıtək yayılmasında yəqin ki, ehtiyatsızlığım əsas səbəbdir. Bu notun və mətnin bu günlərə gəlib çıxmasından heç akademikin də xəbəri yoxdur. İstəyirəm ki, not və mətn oxucularla görüşsün - düz 60 ildən sonra!

Fakültəmizdə qarayanız, əsmər, suyuşirin bir qız oxuyurdu. Biz onun Akiflə söhbət etdiyini, onların yanaşı addımladığını dəfələrlə görmüşdük. Artıq hiss olunurdu ki, komsomol katibi Akif və əlaçı qız Tamilla bir-birilərinin xoşuna gəlib. Bu hal get-gedə sevgiyə, o da əbədi məhəbbətə çevrildi. Qısaca bunu açıqlayım ki, sevib-sevilən bu iki cavan razılaşırlar ki, ali təhsili başa vurandan sonra ailə qursunlar. Əhd-peyman həqiqətə döndü. Ağamehdi müəllim geoloq qız Tamilla xanımı geoloq oğlu Akif üçün gəlin gətirdi; gözəl toy məclisi düzəltdi.

Aylar aylara, fəsillər fəsillərə calanıb, onilliklər arxada qalıb. Akif Əlizadə hazırda gözəl ailə başçısı, müdrik sülalə rəhbəridir. O, xoşbəxt ata, çoxnəvəli, sevimli babadır. Tamilla xanım xoşbəxt ana, çoxnəvəli, sevimli nənədir.

Hər il fevralın 25-də Akif Əlizadəni doğum günü münasibətilə təbrik edənlərə mən də ürəkdən qoşuluram. Dostuma təbrikimi bir beytlə tamamlayıram:

Zaman nəhayətsiz, xatirə min-min,
Ad günü mübarək akademikin!

 





25.02.2015    çap et  çap et