525.Az

“Qərb liberalizmi və demokratiyası artıq dünya əhalisi üçün cəzbedici deyil”


 

MÖHSÜN PAKAYİN: “QƏRB ÖLKƏLƏRİ İSLAM MÜQƏDDƏSLƏRİNƏ QARŞI HÖRMƏTSİZLİK GÖSTƏRMƏKLƏ ÖZLƏRİNİ DÜNYADAN TƏCRİD EDİRLƏR”

“Qərb liberalizmi və demokratiyası artıq dünya əhalisi üçün cəzbedici deyil”<b style="color:red"></b>

İranın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Möhsün Pakayinin “525-ci qəzet”ə müsahibəsi. 

– Cənab səfir, qarşıdan İran İslam inqilabının 36-cı ildönümü gəlir. İnqilab İran xalqının və dövlətinin həyatında hansı rolu oynayıb?

– İran İslam inqilabı beynəlxalq aləmdə yeni bir fenomen, yeni bir hadisə idi. Səbəbi də bu idi ki, bu inqilab din üzərində qurulmuşdu, dinə, insanların azadlığına, insan şəxsiyyətinə hörmətə əsaslanırdı. İran inqilabı dinin bir kənara çəkildiyi, etinasızlığa düçar olduğu, eləcə də Qərb dünyasında dindən qərb liberalizminin mənafeyini təmin etmək üçün istifadə olunduğu vaxt baş verdi. Bu inqilab kamil din olan islama əsaslanırdı və onun sayəsində insanlar diktatordan, istismardan xilas ola bilərdilər. İran inqilabı dünyanın məzlum xalqlarına dəstək ola biləcək, eləcə də super ölkələrin və güclərin qarşısında müqavimət və duruş gətirə biləcək bir inqilab idi. Və siyasi arenada dünyaya yeni dəyərlər təqdim edə bildi. Bu inqilab ideya və ideoloji cəhətdən o qədər güclü idi ki, şərq kommunizmini və qərb liberalizmini bir kənara qoya bildi. İslam inqilabı sübut etdi ki, hətta ən güclü ölkələrin sanksiyalarına məruz qalmaqla belə öz yoluna davam edə, inkişafını təmin edə bilir. Bu gün İran inqilabı dünyada ən nüfuzlu və təsir edə biləcək bir inqilabdır. Əgər biz bu gün islama olan münasibətin əvvəlkindən daha yaxşı olduğunu görürüksə, bu, islam inqilabının əldə etdiyi nəticədir.

Əgər biz yenə də müxtəlif ölkələrin, super dövlətlər islamın adından istifadə edərək terrorizmə rəvac verdiklərini müşahidə ediriksə, bütün bunlar islam inqilabının qorxusundandır, inqilabın nəticəsi olaraq o işə əl atıblar. Bu gün dünyaya hegemonluq iddiasında olanlar, dünya xalqlarını istismar etmək istəyən qüvvələr islamın adından istifadə edərək İŞİD, Əl Qaidə kimi müxtəlif terrorist qruplar yaradırlar. Bütün bunlar onu göstərir ki, islam inqilabından, əsl islamdan qorxurlar.

Biz islam inqilabının İranın daxili üçün olan nəticələrinə baxsaq, görürük ki, bu inqilab sayəsində biz həm iqtisadi, həm mədəni, həm hərbi sahədə çox inkişaf edə bilmişik. İslam inqilabından əvvəl İran xalqının nüvə enerjisinə malik olması bir arzu idi. Lakin bu gün dünyanın  nüvə enerjisinə malik olan 10 ölkəsindən birinə çevrilmişik. İnqilabdan əvvəl iqtisadiyyatımız daha çox neft üzərində qurulmuşdu və iqtisadiyyatın 90 faizi neft ixracatına aid idi. Lakin bu gün İranın icxracatının yalnız 33 faizi neft satışına bağlıdır. Qeyri-neft sektorunda inkişaf var. İnqilabdan əvvəl insanların rəyinə, fikirlərinə nəzər yetirilmir, onların səsi nəzərə alınmırdı. Amma inqilabdan sonra ölkədə 35 seçki keçirilib. Bu gün demək olar ki, İran dünyanın ən demokratik ölkələrindən biridir.

–Bu gün bəzi qərb ölkələrində islam dini, onun peyğəmbərinə qarşı hörmətsizliyin, təhqirin şahidi oluruq.  Fransa təcrübəsi var. Sizcə islam dininə, peyğəmbərinə qarşı bu cür yanaşmanı söz azadlığı ilə əlaqələndirmək nə dərəcədə doğrudur?

– İnsanların etiqadlarına və müqəddəs saydıqları şəxslərə qarşı hörmətsizliyini biz söz azadlığı hesab edə bilmərik. İslam peyğəmbərinə qarşı hörmətsizlik yalnız ona yox, bəlkə bütün peyğəmbərlərə, bütün islahedicilərə qarşı tarixdəki hörmətsizlikdir. Bu gün dünyada 1,5 milyard müsəlman yaşayır və islam peyğəmbərinə olan hörmətsizlik bu qədər insana qarşı hörmətsizlikdir. Söz azadlığı odur ki, insan şücaətlə və qorxmadan öz sözünü deyə bilsin, cəmiyyətdə olan nöqsanları açıq şəkildə bəyan edə bilsin. Və bu Fransa inqilabının əsas şüarı idi. Halbuki bu gün həmin bu şüar səhv yola yönəlib. Bu gün Avropada heç kəs holokost barədə danışmaqda azad deyil. Lakin onlar digər ölkələr və həmin ölkələrin müqəddəs saydıqları insanlara, dinlərinə hörmətsizlik etməkdə azaddırlar, hətta buna təşfiq də olunurlar. Bu səbəbdir ki, qərb liberalizmi və demokratiyası artıq dünya əhalisi üçün cəzbedici deyil. Əgər onların təbliğat maşınları bir an bu təbliğatdan dayansa, dünya insanları ümumiyyətlə, qərb demokratiyasına diqqət yetirməzlər. Qərb ölkələri islam müqəddəslərinə qarşı hörmətsizlik göstərməklə özlərini dünyadan təcrid edirlər. Onların bu işi nəinki müsəlmanlar, eləcə də dünyanın bütün azadlıqsevər insanları tərəfindən pislənilir. Hətta dünya xristianlarının rəhbəri olan Roma Papası da islam müqəddəslərinə, peyğəmbərinə qarşı hörmətsizliyi pisləyir.

– Cənab səfir, bu il Azərbay İran əlaqələrində əsas inkişaf istiqamətləri hansılar olacaq?

– İran inqilabıın uğurlarından biri də qonşu müsəlman ölkələri ilə daha yaxın münasibətlərin qurulmasıdır. Azərbaycan həm İranın qonşu ölkəsidir, həm müsəlman, həm də dost, qardaş ölkədir. Eləcə də xalqlarımız arasında çoxlu oxşarlıqlar, mədəni, elmi, tarixi sahədə bağlılıqlar var. Bu səbəbdən də qonşu ölkələrlə, xüsusilə Azərbaycanla əlaqələrimiz çox yaxın və dostluq əlaqələri olub. İranda yeni qurulan kabinet və prezident dövründə bu əlaqələr daha da sıxlaşıb və genişləndirilib.

2015-ci ili iki ölkə əlaqələri üçün çox yaxşı bir il hesab edirəm. Biz ötən il iki ölkə arasında olan əməkdaşlıq zəminlərini tanımağa nail olduq. İki ölkə prezidentləri də əlaqələrin daha da möhkəmləndirmək istəklərini ifadə etdilər. İnşallah biz 2015-ci ildə iki ölkə arasında əldə olunmuş razılaşmaların həyata keçirilməsinin şahidi olacağıq.

Bizim əsas əməkdaşlıq istiqamətimiz iqtisadi sahə olacaq. Bu gün hər iki ölkənin regional məsələlərə baxışı və mövqeyi bir- birinə çox yaxındır. Hər iki ölkə terrorizmin və təfkirçiliyin regionda genişlənməsinin əleyhinədir. Xüsusilə ölkələrimiz terroristlərin dindən sui-istifadə etməsini pisləyir. Bu da hər iki ölkənin regional təhlükəsizlik sahələrində əməkdaşlıq etdiyi sahələrdən biridir.

Həmçinin hər iki ölkə narkotik qaçaqmalçılığı, insan alverinə qarşı mübarizədə eyni fikirdədirlər. Beynəlxalq təşkilatlarda bir- birinin mövqeyini dəstəkləyir.

–Son günlər Ermənistan-Azərbaycan cəbhəsində vəziyyət gərginləşib. Eyni zamanda Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması istiqamətində aparılan danışıqlar hələ ki bir nəticə verməyib. Siz hazırkı durum barədə nə deyə bilərsiniz?

–Biz Qarabağ münaqişəsinin 20 ildən artıqdır davam etməsi və həllini tapmamasına görə təəssüflənirik. Cəbhədə atəşkəsin pozulması hallarından öz narahatlığımızı bildiririk.  Biz düşünürük ki, Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həlli mümkün deyil. Müharibə regionda sabitliyin pozulmasına gətirib çıxaracaq. Buna görə də iki ölkə arasında aparılan danışıqları dəstəkləyirik. Bizim gözləntimiz budur ki, BMT Təhlükəsizlik Şurasına üzv olan ATƏT-in Minsk qrupunun həmsədr dövlətləri münaqişənin həllində daha aktiv fəaliyyət göstərsinlər. Düzdür, biz Minsk qrupunun Qarabağ münaqişəsinin həlli üçün hər hansı bir iş görəcəyi ilə bağlı nikbin deyilik. Düşünürük ki, əgər region ölkələri münaqişənin həlli üçün yaxından əməkdaşlıq etsələr, bu daha yaxşı nəticələr verə bilər. Hər halda, münaqişənin tezliklə sülh yolu ilə həll olunmasını istəyirik.

–Qarşıdan Xocalı soyqırımının növbəti ildönümü gəlir. İran parlamentində hansısa müzakirələr, yaxud soyqırımın tanınması gözlənilirmi?

–Biz həmişə Xocalıda baş verənlərdən, böyük sayda insanın həlak olmasına səbəb olan bu hadisədən təəssüflənmişik. Bizim siyasətimiz bundan ibarətdir ki, dünyanın istənilən yerində müsəlmanların və ya günahsız insanların qətlə yetirilməsini pisləmişik. Mənim məlumatım var ki, İran və Azərbaycan parlamentləri Xocalı məsələsinin müzakirəsi barədə müzakirələr aparırlar. Ümid edirik ki, bu müzakirələr müsbət nəticələnəcək.

–İki ölkə arasında yeni sərhəd keçid məntəqələrinin açılması gözlənilirmi?

–Hazırda iki ölkə arasında 4 sərhəd keçid məntəqəsi fəaliyyət göstərir. Bu həm insanların gediş- gəlişi, həm yüklərin daşınması üçün kifayət edir. Culfa keçid məntəqəsi 24 saatlıq iş rejimində, digərləri isə 12 saat müddətində işləyir. Düşünürük ki, bu hədd hələlik kifayət edir. Hazırda məntəqəni keçənlərin növbə sıxlığı yaranmır. Gələcəkdə ehtiyac yaransa, məntəqələrin iş saatını artıra bilərik. Lazım gələrsə Horadiz sərhəd keçid məntəqəsini də açmaq olar.

–Son günlər Azərbaycandan İrana müalicə üçün gedən bəzi insanlar artıq xərc ödəmələri, düzgün diaqnoz qoyulmamasından şikayət edirlər. Sizə bununla bağlı müraciətlər daxil olur?

– İl ərzində Azərbaycandan İrana 1 milyon insan səfər edir ki, onların da üçdə bir hissəsi müalicə məqsədi ilə gedir. Azərbaycandan müalicəyə gedən xəstələrin əksəriyyəti razı qayıdırlar. Amma bəzən şikayətlərin olmasına dair bizdə də məlumatlar var. Biz həmin şikayətləri araşdırılması üçün lazımi yerlərə göndəririk. Bundan əlavə, daha yaxşı xidmət göstərilməsi üçün İranın valilik və ostandarlarında komissiyalar yaradılıb. Həmin komissiyalar tibb mərkəzlərinə, həkimlərə, taksi xidmətlərinə, otellərə müraciət edərək lazımi tövsiyələrini veriblər. Xarici vətəndaşlarla, o cümlədən, azərbaycanlılarla daha yaxşı rəftar etmək, xidmət göstərmək tövsiyəsi verilib. Qanunu pozanlara qarşı isə tədbirlər görülüb. Ümumilikdə demək olar ki, vəziyyət son aylarda xeyli yaxşılaşıb. Mən özüm şəxsən bu məsələyə nəzarət edirəm. Hətta bəzən bizə müraciət edən xəstələri lazımi həkimlərə yönəldirik. Sərhəd məntəqələrində də belə mərkəzlər yaradılıb ki, onlar da xəstələri düzgün istiqamətlərə yönləndirə bilirlər. İrana gedənlərin sayı çoxalırsa, bu ordakı xidmət səviyyəsinin yaxşılaşmasını göstərir.

–İranla qərb arasında aparılan danışıqlar nə yerdədir və sizin bu istiqamətdə gözləntiləriniz nədən ibarətdir?

– Hər iki tərəf bu müzakirələri çox ciddi şəkildə davam etdirir. Danışıqların tezliklə nəticəyə çatmasında istək və iradə var. Təqribən məsələlərin 90 faizi razılaşdırılıb. Qalan 10 faizin isə razılaşdırılması üçün müzakirələr davam etdirilir. Əgər qarşı tərəfdə siyasi iradə və istək olsa, nəticəyə çatmaq olar. İran tərəfində belə istək və iradə var. Biz öhdəliklərimizə sadiqiq. Nüvə enerjisindən yalnız sülh məqsədilə istifadə edirik. Bu barədə dünyaya lazımi təminat da verə bilərik. Eyni halda gözləntimiz budur ki, İrana qarşı tətbiq edilən bu ədalətsiz və zalımcasına olan sanksiyalar da aradan qaldırılsın. Ümid edirik ki, qarşı tərəf bunları nəzərə alaraq daha da irəliləsin və müsbət addımlar atsın. Biz inkişaf prosesimizi davam etdirəcəyik və müzakirələrin nəticəsini verəcəyinə ümid edirik. Amma nəticə əldə olunmasa, xalqımızın öz yolunu davam etdirməyə istək və iradəsi var.

PƏRVANƏ

 





31.01.2015    çap et  çap et