525.Az

Ermənistandan müharibə siqnalları: “asimmetrik cavab”a simmetrik cavab


 

HƏRBİ EKSPERT EMİN HƏSƏNLİ: “ERMƏNİSTAN İŞĞAL ETDİYİ AZƏRBAYCAN TORPAQLARINDA HEÇ VAXT RAHAT OTURA BİLMƏZ”

Ermənistandan müharibə siqnalları: <b style="color:red">“asimmetrik cavab”a simmetrik cavab</b>

Yanvarın 29-da öz pilotsuz təyyarəsini təmas xəttinin Azərbaycana aid olan hissəsində havaya buraxan Ermənistan tərəfinin niyyətində təxribat hərəkətləri ilə yanaşı, müharibə aparmaq istəyinin də olduğu müşahidə olunur. Bu hadisənin baş verdiyi gün ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq Qazax rayonunun Məzəm kəndi yaxınlığındakı qoşunların təmas xəttində monitorinqin aparılmasına mane olan, atəşkəsi pozaraq təhlükəli vəziyyət yaradan işğalçıların heç bir tənqidlə üzləşməməsi həmin təşkilatın ədalətsiz mexanizmlərlə fəaliyyət göstərdiyini də deməyə əsas verir.

Təbii ki, bu da düşmən tərəfinin daha da irəli gedib müxtəlif hədələyici və təxribata sürükləyici hərəkətlərə əl atmasına şərait yaradır. Nəticədə, iri çaplı silahlar, tank əlehinə qumbaraatanlar, 60 və 82 millimetrlik minaatanlardan istifadə edərək mövqelərimizi atəşə tutan, kəşfiyyat-təxribat qruplarının diversiya hücumlarını təşkil edən, hərbi helikopterlərlə mövqelərimizə doğru manevrlər edən Ermənistan Silahlı Qüvvələri öz pilotsuz təyyarəsini hava məkanımıza daxil edərək kəşfiyyat məlumatları əldə etməyə çalışıb.

Bu hücumların qarşısını almaqla Azərbaycan iki ölkə arasında qüvvələr nisbətini açıq-aşkar ortaya qoyub.

Təsadüfi deyil ki, düşmən hər dəfə ağır itkilər verərək geri çəkilməyə məcbur olur. İlin birinci ayının rəsmi statistikasına müraciət etdikdə, ermənilərin 20-ə yaxın canlı qüvvəsinin məhv edildiyini görə bilərik. Əlinə fürsət düşdükcə Azərbaycana qarşı təzyiqlərini davam etdirən, ikili standartlardan əl çəkməyən xarici qüvvələr Ukraynada baş verən hadisələrə qiymət verdiyi kimi Dağlıq Qarabağ probleminin də ədalətli həllinə müsbət yanaşsaydı, təbii ki, dünyada çözümsüz qalan münaqişələrin sayı azalardı. Çünki postsovet məkanında baş verən münaqişələrin mərkəzində Dağlıq Qarabağ məsələsinin dayandığı və eyni ssenari ilə digər dövlətlər arasında da münaqişə ocaqlarının ayardıldığı artıq heç kəsə sirr deyil. Bu məsələnin səbəbkarının yalnız Rusiya olduğuna dair çoxlarının irəli sürdüyü mülahizələr sonradan ortaya çıxan bir sənədlə müəyyən qədər səngiməyə başlayıb.

Vaxtilə 1990-cı il 20 Yanvar hadisələri ərəfəsində ABŞ-ın bəzi senatorlarından ibarət bir qrup nümayəndəsinin SSRİ-nin sonuncu rəhbəri Mixail Qorbaçova göndərdiyi müraciətdə dolayısıyla ermənilərin Azərbaycan torpaqlarına qarşı iddialarının təmin edilməsi, planlarının həyata keçirilməsinə şərait yaradılmasının leyhinə olduğu öz əskini tapıb. Eyni zamanda, həmin sənətdə senatorlardan biri kimi adı qeyd olunan Con Kerrinin hazırda Birləşmiş Ştatların baş katibi kimi Dağlıq Qarabağ münaqişəsinin həlində tutduğu mövqe də açıq-aşkar qeyri-səmimi və ikrahdoğrucudur. Bu həmçinin, rəsmi Vaşinqtonun da Azərbaycana qarşı səmimi olmadığını, yalnız regionda maraqlarının qorunması üçün çalışdıqlarını sübut edir.

ATƏT-in Misnk qrupunun amerikalı həmsədri Ceyms Uorlik yanvarın 29-da cəbhənin Ağdam istiqamətində Silahlı Qüvvələrimizin mövqeləri üzərində Ermənistan Silahlı Qüvvələrinə məxsus pilotsuz təyyarənin Hərbi Hava Qüvvələrimiz tərəfindən məhv edilməsinə münasibət bildirərək hadisəni təxribat kimi qiymətləndirməsi isə yalnız bir dövlətin və beynəlxalq təşkilatın nümayəndəsi olaraq onun mütəmadi şəkildə yol verdikləri səhvlər qarşısında kiçicik bir etirafı sayıla bilər. Çünki bundan əvvəl və paralel olaraq həm ATƏT, həm də Birləşmiş Ştatlar verdiyi qərarlarda və susqunluğunda ermənilərə tərəf olduqlarını büruzə verməyi bacarıb.

Hər halda Ermənistanın müxtəlif hərbi texniki vasitələrə əl atıb vaxtaşırı olaraq hadisələr törətməyə cəhd etməsi düşməni daha ciddi qəbul etməli olduğumuzu deməyə əsas verir. Çünki Ermənistan ordusu Silahlı Qüvvələrimizdən həm maddi tezniki baza, həm də döyüş hazırlığı baxımından qat-qat geridə qalsa da, düşmənin malik olduğu gücü kiçiltməklə biz özümü yaxın gələcəkdə əldə edəcəyimiz qələbədən bir addım da olsa, uzaqlaşdıra bilərik.

Millət vəkili Sahib Aliyev hesab edir ki, Ermənistanın pilotsuz təyyərəsinin Azərbaycan ordusunun mövqeləri üzərində uçurdulması Sarkisyanın cəbhədəki son itkilərə görə bizə qarşı anons etdiyi “asimmetrik cavab”, hərbçilərimizin onu ermənilərin “kursundan çıxmış” helikopterlərinin ardınca göndərmələri isə həmin “asimmetrik cavab”a simmetrik cavab idi.

Politoloq Qabil Hüseynli hesab edir ki, Ermənistan pilotsuz təyyarələri Rusiyadan əldə edir. Azərbaycanın isə yaxın keçmişə kimi həmin aparatlardan istehsal edə bilməsə də, artıq 3-cü ildir ki, tam müstəqil olaraq bu prosesi həyata keçirdiyini deyən politoloq pilotsuz təyyarə istehsalında bizə İsrailin köməklik göstərdiyini bildirib. Onun sözlərinə görə, 10-larla bu təyyarələrdən Azərbaycanda var: “Ermənistan ola bilsin ki, 3-5 dənə pilotsuz təyyarəyə malikdir. Onlardan birini də Azərbaycan səmasına qaldıraraq hər kəsə nümayiş etdirmək istədilər və nəticədə də Hərbi Hava Qüvvələrimiz tərəfindən çox asanlıqla məhv edildi.

Azərbaycanın pilotsuz təyyarələri isə düşməndəkindən fərqli olaraq təkcə kəşfiyyat aparmaq üçün deyil, eyni zamanda, müəyyən edilən hədəfləri məhv etmək gücünə malikdir. Yəni, döyüş parametrlərinə görə, bizim pilotsuz təyyarələrimiz daha öndə dayanıb. Ona görə də, işğalçıların bir dənə pilotsuz təyyarə hücumu ilə düşmən qüvvələrinin daha ciddiyə alınması kimi fikirlərlə bir o qədər razılaşmıram. Ancaq düşmən həmişə ciddi nəzərə alınmalıdır. Onların arxasında Rusiya kimi dövlət, daxilində isə rus silahlı birləşmələri qərarlaşıb. Eləcə də Ermənistanı gücsüz vəziyyətdən çıxaran, Dağlıq Qarabağ müharibəsində torpaqlarımızın işğalını təmin edən Rusiyadır”.

Bu gün danışıqlarda özünü qeyri-konstruktiv aparması və mütəmadi olaraq atəşkəs rejimini pozması, Azərbaycanın dinc əhalisinə qarşı varvarlıq hərəkətləri etməsini eyni amil birləşdiyini deyən Q.Hüseynli bu baxımdan da müəyyən parametrlərə görə, düşmənə qarşı ciddi hazırlıq görüldüyünü deyib. O bildirib ki, Azərbaycan ordusu şəxsi heyətinin sayına, döyüş hazırlığı səviyyəsinə və maddi texniki bazasına görə düşməni qat-qat üstələyir: “Eyni zamanda, Silahlı Qüvvələrimiz vaxtaşırı hərbi təlimlər keçirməklə öz döyüş qabiliyyətini daha da təkmilləşdirir. Biz demirik ki, müharibəni başlamaq niyyətindəyik. Biz sülh yolu ilə münaqişənin həllinin tərəfdarıyıq və bu xətt üzrə işlərimizi davam etdiririk. Çünki işğal altında olan torpaqlarımız azad etməyi qarşımıza məqsəd qoymuşuq. Danışıqlar isə heç bir nəticə verməsə, Azərbaycan müharibə variantına əl atmaq məcburiyyətində qalacaq”.

Silahlı Qüvvələrimizin erməni təxribatının qarşısını dəfələrlə aldığını xatırladan Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri, hərbi ekspert Emin Həsənlinin sözlərinə görə, sonuncu dəfə düşmənin pilotsuz təyyarəsini məhv etməklə ordumuz peşəkar hazırlığa malik olduğunu göstərib: “Müdafiə naziri Zakir Həsənovun əmri var ki, bizim bir şəhidimizə görə, düşmənin 10 hərbçisi məhv edilməlidir. Bu tapşırıq da Silahlı Qüvvələrimiz tərəfindən yerinə yetirilir. Düşmənin hücumları nəticəsində, onların həm hərbi texnikası, həm də canlı qüvvəsi məhv edilir. Ermənistan isə təmas xəttinin Azərbaycana aid olan hissəsinə yenidən diversiya qrupları göndərir ki, bu da onların məğlub edilərək geri çəkilməsi ilə nəticələnir.

İndi də pilotsuz təyyarə havaya uçurtmaqla kəşfiyyat hücumları həyata keçirmək istəyirlər. Lakin hər dəfə olduğu kimi düşmənin bu hərəkətlərinin də qarşısı alınacaq. Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarında heç vaxt rahat otura bilməz”.

Torpaqlarımızın düşməndən nəyin bahasına olursa-olsun azad ediləcəyini deyən hərbi ekspert buna həm Azərbaycan ordusunun gücü, həm beynəlxalq hüquq və normaların imkan verdiyini bildirib. Onun sözlərinə görə, dövlətimiz bütün parametrlərə görə, Ermənistandan güclüdür: “Ordumuzun mənəvi-psixoloji hazırlığı həddindən artıq yüksək səviyyədədir. Hər il Azərbaycanda Silahlı Qüvvələrimiz tərəfindən, o cümlədən də, hava hücumundan müdafiə sahəsində təlimlər keçirilir. Ermənistan isə belə təlimləri həyata keçirə bilmir.

Ordumuzun işğalçılardan nə qədər güclü olduğunu həm düşmən ölkədə, həm də beynəlxalq miqyasda hər kəs dərk edir. Xarici ölkələrin hərbi ekspertləri də bu reallığı dəfələrlə qeyd edib. Bütün bu amillər də imkan verir ki, torpaqlarımızı düşməndən istənilən yolla azad edək. Bunun başqa yolu da yoxdur. Ermənistan məğlub olacaq”.

Ceyhun ABASOV

 





31.01.2015    çap et  çap et