525.Az

“Mənəvi terrorla silahlı terror arasındakı sərhəd çox şəffafdır”


 

“Mənəvi terrorla silahlı terror arasındakı sərhəd çox şəffafdır”<b style="color:red"></b>

“Terrorçuluq Ermənistanın dövlət siyasətinin tərkib hissəsidir və onların özlərinə aid olan adı başqalarına vermələri gülməlidirsə də, təəccüblü deyil”.

Bunu Avropa Şurası Parlament Assambleyasının  (AŞPA) qış sessiyasıda ən ortaq mövqeyi ifadə edən və gündəliyə növbədənkənar daxil edilmiş “Parisdə terror hücumları: demokratik qüvvələrin birgə cavabı” adlı məruzənin müzakirələrinə qatılan Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynov deyib. Qeyd edək ki, onun  çıxışı bu müzakirələrin ən yaddaqalan hissələrindən olub və təsadüfi deyil ki, müzakirələri yekunlaşdırarkən məruzəni hazırlamış fransalı deputat Jak Lejandr R. Hüseynovun bir sıra fikirləri üzərində ətraflı dayanıb.

Onu da qeyd edək ki, Ermənistan nümayəndə heyətindən həmin müzakirələrdə iştirak edən deputatları yenə aranı qatmağa, əsas məsələni bir kənara qoyaraq həyasızca guya azərbaycanlıların onlara qarşı terrorlar törətdiyini iddia ediblər.

Erməni nümayəndələrdən sonra söz alan R. Hüseynov bu fitnəkar çıxışların layiqli cavabını verərək deyib:  “Mən ilk növbədə erməni həmkarlarımızın az öncə ifadə etdikləri yalan, həqiqətlə heç bir əlaqəsi olmayan, auditoriyanı çaşdırmaq məqsədi güdən saxta sözlərini qətiyyətlə rədd edirəm. Terrorçuluqda ad çıxarmış bir ölkənin başqalarına şər atması, öz adlarını özgələrə qoyması heç bir məntiqə sığmır. Terrorçuluq Ermənistanın dövlət siyasətinin tərkib hissəsidir və onların özlərinə aid olan adı başqalarına vermələri gülməlidirsə də, təəccüblü deyil. Çünki belə davranışlar artıq Ermənistanın simasına, həyat tərzinə çevrilib”.

Daha sonra Parisdə törədilmiş terror aktları barədə düşüncələrini bölüşən R. Hüseynov Azərbaycanın terror faciələrinin acılarını Avropa Şurası üzvləri arasında ən çox, ən dəqiqliklə duyan ölkə olmasını diqqətə çatdıraraq bildirib: “Yeni 2015-ci ilimizin bayram ovqatı təəssüf ki, təzə ilin lap başlanğıcında Parisdə baş verən qanlı terror hadisəsi ilə xeyli pozuldu. Terror həmişə, bütün təzahürlərində pisdir, həmişə nifrətə layiqdir və miqyasından, dağıdıcı nəticələrindən asılı olmayaraq mahiyyəti etibarı ilə onun böyüyü-kiçiyi yoxdur. Terror terrordur, necə ki, terrorçunun dini, milli mənsubiyyəti yoxdur. Terrorçu bizdən deyil, insandan deyil! Bakı metrosunda ermənilər tərəfindən törədilən, çoxsaylı qurbanları olan terror aktı da, bir neçə gün öncə Fransa paytaxtındakı “Charlie Hebdo” jurnalının redaksiyasında 12 nəfərin həyatını itirməsi ilə bitən terror da prinsipcə eyni faciələrdir. Terror 1 nəfər, 100 nəfər, yaxud 1000 nəfər insan tələf olur, fərq etməz. Hər terror aktı insanlığa qarşı növbəti qəsddir və demək, ona qarşı mübarizədə dünyanın bütün normal düşünən insanları  həmrəy olmalı, etiraz səslərinin birgə qaldırmalıdırlar. Bəlkə də Azərbaycan terrorun ağrısını, dəhşətin  Avropa Şurası ailəsindəki digər ölkələrə nisbətən daha yaxından və çılpaqlığı ilə hiss edir. Çünki biz artıq 30 ilə yaxındır ki, Ermənistan tərəfindən dövlət səviyyəsində gerçəkləşdirilən terrorizmlə üz-üzəyik”.

Müzakirə iştirakçılarının təxminən hamısı yalnız Paris terrorunu ittiham etməyə üstünlük versələr də, R. Hüseynov həmin hadisənin başqa cəhətlərini də təhlil edib: “Parisdə baş verən son terror hadisəsinin bütün başqa dəhşətləriylə yanaşı bir qorxunc çaları da var. Qələm, söz, mətbuat adamları qətlə yetiriliblər. Bir baxımdan bu, ifadə azadlığına qarşı törədilmiş qəsddir. Bununla belə həmin terrorun başqa bir nüansı da ortadadır ki, həmin məqam daha ciddi təhlilə möhtacdır. Cinayətin motivi nədir? Bu jurnal əvvəllər də bir neçə dəfə islam peyğəmbərinin karikaturalarını dərc edib. Bunu ifadə azadlığının bir görüntüsü kimi yozanlar da var. Amma söhbət axı həm də milyonlarla insanın dini heysiyyətinə qarşı həqarətdən gedir. Bu isə əslində terrorun başqa bir şəklidir. Mənəvi terrorla silahlı terror arasındakı sərhəd çox şəffafdır. Ona görə də onların bir-birini izləməsi təbiidir. Bütün səmavi kitablı dinlər başqa dinlərin müqəddəslərinə, ali tutduğu dəyərlərə sayğı ilə yanaşmağı, digər dinlərə dözümlü münasibət bəsləməyi  tövsiyə edir. Son illərdə dinlər və mədəniyyətlərarası dialoq səmtində hər zaman olduğundan daha ardıcıl, daha sistemli iş aparılmasına baxmayaraq bu sahədə qarşıdurmalar yaratmağa, ziddiyətləri dərinləşdirməyə səy edənlər də müşahidə edilir. Həm də vəziyyəti diqqətlə öyrənəndə anlayırsan ki, ziddiyyətlər cəmiyyətin içərisindən gəlmir, əksinə cəmiyyətə ötürülür.

Hərdən belə təsəvvür də yaranır ki, sanki hansısa görünməz, sirli mərkəzdən göstəriş, təklif, təhrikedici ideya göndərilir və müəyyən jurnallar, qəzetlər islam  peyğəmbərinin karikaturalarını dərc edir, haradasa “Quran”, ya məscidlər yandırılır. Elə həmin mərkəz dərhal bu karikaturalar, həmin hadisələrlə bağlı informasiyanın yayılması, onun ətrafında ajiotajın yaranması, qəzəb və etiraz dalğasının coşmasını təmin edir. Az sonra yenə həmin gizli, məchul mərkəzdən artıq əks tərəfdəki kimlərəsə tapşırıq, əmr ünvanlanlr ki, həmin karikaturaları çəkənlərə, nəşr edənlərə divan tutmaq lazımdır. Məkr sxemi bu qədər sadə görünməkdədir. Sanki qıraqda durub vəziyyəti idarə edən, aranı qarışdıran, tərəfləri qızışdıran bu qara qüvvəyə dünyanın məhz bu cür bir-birinə düşməncə köklənmiş qütblənməsi, həmin qarşıdurmanın miqyasının böyüməsi, ixtilafın dərinləşməsi lazımdır. Çürük fəlsəfəsi etibarı ilə lap köhnə modeldir. Belə olanda idarə etmək, nəhəng kütlələri təsir, təzyiq altında axlamaq asanlaşır. Lakin unudurlar ki, bu təhlükəli oyunun digər başı da var.

Axı vəziyyətin qəfilcə nəzarətdən çıxması, qarşısıalınmaz nəhəng xaosun yaranma ehtimalı da hər an qalır! Təsəvvür edin ki, bütün dünya müsəlmanlarının ittiham etdiyi Paris terrorundan dərhal sonra  birisi peyda olur və Avropa mətbuatına çağırış edir ki, hamınız başlayın Məhəmməd peyğəmbərin karikaturalarını dərc etməyə. Yəni bu guya terrorçulardan intiqam almaq olacaqmış. Görün kimlərsə belə xəstə təfəkkürlərin təsirinə düşsə, növbəti neçə dəhşətli cinayətlər üçün münbit zəmin yaranar. Yaxud daha bir narahatedici məqam. Məlum “Charlie Hebdo”  jurnalının terror hadisəsindən sonra işıq üzü görən nömrəsi 3 milyon tirajla, 6 dildə, o cümlədən, türkcə buraxılıb və hələ 2 milyon nüsxə də nəşr ediləcək.

Jurnalın üzqabığında əlində “Mən Çarliyəm” plaklatı tutaraq ağlayan Məhəmməd peyğəmbərin karikaturası təsvir edilib.Siz necə düşünürsünüz bunun mənası nədir? Bu milyard yarımlıq müsəlman dünyasının heysiyyətini alçaltmaq üçün edilən növbətu cəhddirmi,  ya hansısa dini fanatiklərin bu cür həqarətlərə  qarşı yeni terrorlar törətməsi üçün bir provakasiyadır, yaxud söz azadlığının təntənəsi? Dünyanın hər yerində, hə zaman, o cümlədən, Parisdəki faciə ilə bağlı terrorçuları qanunun bütün amansızlığı ilə cəzalandırmağa çağırışlar etmək hər kəsin vicdan borcudur. Amma terrora təkan, bəhanə vermiş səbəbi bir az qəlizləşdirməyə, dərinləşdirməyə dəvət, təhrik edən bu qəbil murdar səslərin də dərhal kəsilməsi üçün mübarizədə hamı yekdil olmalıdır. Dinindən, dilindən, milliyyətindən, hansı ölkədə yaşamasından asılı olmayaraq hər kəs! Çünki terrorun hədəfi insandır, hamımızıq və həmin şərə, həmin iblisə  qalib gəlməyin yeganə yolu da hamımızın bu mübarizədə birlikdə olmağımızdır!”

Kamil HƏMZƏOĞLU

 





31.01.2015    çap et  çap et