525.Az

“İdeyadan biznesə doğru” müsabiqəsinin qalibləri mükafatlandırılıb


 

“İdeyadan biznesə doğru” müsabiqəsinin qalibləri mükafatlandırılıb <b style="color:red"></b> Bu gün Quba-Xaçmaz Regional İnkişaf Mərkəzində İqtisadiyyat və Sənaye Nazirliyinin Bakı Biznes Tədris Mərkəzi tərəfindən biznes inkubator iştirakçıları arasında elan etdiyi “İdeyadan biznesə doğru” müsabiqəsinin yekunlarına dair tədbir keçirilib.
 
APA-nın şimal bürosunun verdiyi məlumata görə, tədbirdə İqtisadiyyat və Sənaye Nazirliyinin, Gənclər və İdman Nazirliyinin, Xaçmaz Rayon İcra Hakimiyyətinin, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının nümayəndələri, biznes inkubator iştirakçıları və Xaçmaz şəhərində fəaliyyət göstərən gənc sahibkarlar və menecerlər iştirak edib.
 
Tədbirdə çıxış edən iqtisadiyyat və sənaye nazirinin müavini Sahib Məmmədov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin gənclərin məşğulluğunun təmin edilməsinə və sosial problemlərinin həllinə, sahibkarlıq təşəbbüslərinin dəstəklənməsinə böyük diqqət və qayğı göstərdiyini vurğulayıb. Qeyd edilib ki, “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı da gənclərin sahibkarlıq fəaliyyətinin dəstəklənməsi və məşğulluğunun təmin edilməsi başlıca vəzifələrdən biri kimi müəyyən edilib. Hazırda gənclərin sahibkarlıq fəaliyyətinə cəlb edilməsi, biznes layihələrin, startapların dəstəklənməsi, yeni innovativ ideyaların reallaşdırılması üçün aidiyyəti üzrə tədbirlər həyata keçirilir, gənclərə konsaltinq və informasiya xidmətləri göstərilir. Belə ki, 2014-cü ildə 1249 gənc sahibkara 49,7 milyon manat güzəştli kredit verilıbdir ki, bu kreditlər hesabına 2400-dən çox yeni iş yeri yaradılıb. Bundan başqa, hər il iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən bir qrup gənc sahibkar və menecerlər Almaniyaya ixtisasartırma kurslarına göndərilir. Təkcə 2014-cü ildə iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən 47 gənc sahibkar və menecer Almaniyada təcrübə keçiblər.
 
Gənclərin məşğulluğunun təmin edilməsi, onların sahibkarlıq fəaliyyətinə cəlb edilməsinin təşviq olunması məqsədilə İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən 2013-cü ildən “Azərbaycan gənclərinin sahibkarlıq fəaliyyətində iştirakının dəstəklənməsi layihəsi” həyata keçirilir. 2014-cü ildə Quba-Xaçmaz Regional İnkişaf Mərkəzində biznes inkubator fəaliyyətə başlayıb. Artıq biznes-inkubatorun fəaliyyətinin birinci mərhələsi başa çatıbdır. Belə ki, biznes inkubatorun ilk iştirakçısı olmuş 20 gənc sahibkara müvafiq biliklər verilib. Ötən il həmçinin, biznes inkubator iştirakçıları arasında “İdeyadan biznesə doğru” müsabiqəsi elan edilib, müsabiqəyə kənd təsərrüfatı, turizm, kommersiya və s. sahələr üzrə 16 biznes ideya təqdim olunub.
 
Tədbirdə çıxış edən Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev bu cür tədbirlərin regionlarda sahibkarlıq fəaliyyətinin genişlənməsində, iqtisadi aktivliyinin yüksəldilməsində, gənclərin fəallığının artırılmasında, eləcə də innovativ və perspektivli biznes sahələrinin inkişafında əhəmiyyətli olacağını qeyd edib.
 
Sonra Quba-Xaçmaz Regional İnkişaf Mərkəzində yaradılıb biznes inkubator iştirakçıları arasında ən yaxşı biznes ideyaların müəyyən edilməsi məqsədi ilə elan olunmuş “İdeyadan biznesə doğru” müsabiqəsinin qalibləri elan olunmuş, onlara  mükafat və hədiyyələr təqdim edilıbdir. Bundan başqa, biznes inkubatorun 12 iştirakçısı təlimlərdə fəal iştiraka görə sertifikatlara layiq görülüb.
 
Müsabiqə qalibləri çıxış edərək yaradılıb şəraitə görə dövlət başçısına öz minnətdarlıqlarını bildiriblər.
 
Müsabiqənin keçirilməsində başlıca məqsəd biznes inkubator iştirakçılarının sahibkarlıq təşəbbüslərinin dəstəklənməsi, yeni biznes və məşğulluq imkanlarının yaradılması, gənc sahibkarlara göstərilən dövlət dəstəyinin gücləndirilməsi, daha perspektivli və innovativ biznes ideyaların müəyyən edilməsi və onların həyata keçirilməsinin stimullaşdırılmasıdır.
 





30.01.2015    çap et  çap et