525.Az

Milli ədəbi irsin tədqiqi və təbliği yolunda mühüm addımlar


 

AMEA NİZAMİ ADINA ƏDƏBİYYAT İNSTİTUTUNUN FƏALİYYƏTİNİN YENİ VƏ DAHA QAYNAR MƏRHƏLƏSİ UĞURLA DAVAM EDİR

Milli ədəbi irsin tədqiqi və təbliği yolunda mühüm addımlar<b style="color:red"></b>

İllər quş kimi uçur, gözünü yumub açdıqca yarpaqların saralaraq xəzəl kimi yerə tökülməsinin, tumurcuqlamış ağacların ətir və gözəlliyinin, cəh-cəh vuran quşların nəğməsinin şahidi olursan. Bir sözlə, təbiət özünəməxsus özəllik və gözəllikləri ilə ömür karvanının ahəstə-ahəstə getməsindən xəbər verir. Getməkdə olan bu ömrü hər kəs düzgün dəyərləndirə bilirmi?

Akademik İsa Həbibbəyli öz elmi fəaliyyəti, təşkilatçılıq qabiliyyəti, insanlığı ilə həyatda iz qoymağı bacaran alimlərdəndir. O, AMEA Nizami adına Ədəbiyyat İnstitutuna direktor təyin olunduğu gündən institutun abı-havası, sözün əsl mənasında dəyişdi, yeni ruh, ciddi dönüş və institutun elmi fəaliyyətində canlanma yarandı.

Gəldiyi ilk gündən hər bir alimin elmi fəaliyyəti ilə bağlı məlumatların institutun saytında yerləşdirilməsini təmin etdi.

Çap olunan kitab və məqalələr alim əməyinin göstəricisidir. Hər kəs ilboyu bir neçə məqalə çap etdirmək iqtidarında deyildi. İsa müəllimin  gəlişi ilə bu məsələ də çözüldü, şöbələrin profilinə uyğun jurnallar təsis edildi. Hazırda institutumuzda "Poetika. İzm", "Ədəbi əlaqələr", "Ədəbiyyat məcmuəsi"  "Çağımızdan görünən orta əsrlər" adlı jurnallar dərc olunur.

Aktual məsələlərdən biri də Müdafiə şurasının elmi fəaliyyəti ilə bağlı idi. Yeni rəhbərlik bu məsələni də tez bir zamanda həll etdi. Fəxarət hissi ilə qeyd etmək istərdim ki, son zamanlarda institutumuzun 6 əməkdaşı müdafiə etmiş, hətta onların böyük əksəriyyəti təsdiqlərini belə almışlar.

Azərbaycan ədəbiyyatının  tarixi mərhələlərini və inkişaf qanunauyğunluqlarını, folklorun tarix və nəzəriyyəsini, xaricdə Azərbaycan ədəbiyyatı, Cənubi Azərbaycanda ədəbi proses, müasir və klassik irsin tədqiqi, nəşri və digər sahələrdə böyük nailiyyətlər qazanmaq, dövrlərə görə Azərbaycan ədəbi-ictimai fikrini dolğun və sistem halında elm aləminə çatdırmaq üçün şöbələrin fəaliyyətinə yenidən nəzər yetirmək, əslində, gələcək elmi tədqiqatların səviyyəli icrasını təmin etmək demək idi. Bəzi şöbələrin adlarında müasir dövrdə humanitar elmlərin qarşısında qoyulan tələblərə müvafiq olaraq dəyişikliklər edildi. Məsələn, "Müasir Azərbaycan ədəbiyyatı" şöbəsi hazırda "Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı" kimi fəaliyyətini davam etdirir.

Yeni yaranmış şöbələrdən biri "Nizamişünaslıq" adlanır.

"Dövlətin imanı ədalətdir", "Ədalət nurdur", "Əməyi olanın dəyəri olar", "Heç bir uğur təsadüfi deyil, əməyin alın və ürək tərinin nəticəsidir" - kimi dərin hikmət sahibi olan Nizamini Ədəbiyyat İnstitutundan uzaq təsəvvür etmək olarmı?..   Əsərləri ilə dünya ədəbiyyatının nadir inciləri içərisində layiqli və zənnimizcə, əvəzsiz yeri olan Nizami irsinin tədqiqi ilə şöbə deyil, böyük bir elmi mərkəz məşğul olsa belə, azdır.

"Nizamişünaslıq" şöbəsinin yaranması Şərq bədii fikrində yeni keyfiyyətli mərhələ sayılan Nizami Gəncəvinin əsərləri ilə bağlı məsələlərin pərakəndə şəkildə deyil, sistem halında tədqiq olunmasını təmin etmək imkanı yaradacaq.

Bu yaxınlarda Ədəbiyyat İnstitutunun əməkdaşı, filologiya üzrə  fəlsəfə doktoru Siracəddin Hacının "Hz. Nizami Gəncəvinin "Sirlər xəzinəsi" dastanındakı V-IX məqalətlərin şərhi" kitabı nəşr olunub.  Bu, müəllifin silsilə ilə tədqiq etdiyi 7-ci kitabdır. Elmi redaktorlarından biri  Mərmərə universitetinin professoru Abdullah Kahraman, digəri isə filologiya elmləri doktoru Mahirə Quliyevadır.  "Nizamişünaslıq" şöbəsi bu səpkili işlərin həm təşkilatçısı, həm də icraçısı olacaq.

Klassik Şərq nəzəri sisteminin tədqiqatçısı kimi bu şöbənin açılmasını mən akademik İsa Həbibbəylinin qədim və zəngin klassik ədəbi irsə verdiyi əvəzsiz qiymət kimi dəyərləndirirəm.

Mən şadam ki, Nizaminin tədqiqi ilə bağlı məsələlər təkcə institutumuzda deyil, dövlət səviyyəsində xarici ölkələrdə belə öz həllini tapıb. "Orta əsrlər Azərbaycan ədəbiyyatı" şöbəsinin nəzdində təsis olunmuş "Füzulişünaslıq" sektorunu qeyd etməyə bilmərəm. 2014-cü ilin ortalarında yaranmış olan bu sektorun əsl fəaliyyəti 2015-ci ildən başlayacaq. Düşünürəm ki, Şərq dillərinə, o dövrün elm və düşüncə tərzinə bələd olan  alimlərin bu sektora cəlb edilməsi Füzuli irsini bu günün işığı, elmi dəyərləri baxımından tədqiq etmək imkanı verəcək.

Yeni təşkil olunan şöbələrdən biri də "Ədəbi tənqid"dir. Hər birimizə bəllidir ki, ədəbiyyatı yüksək zirvəyə qaldıran, ədəbi prosesdə pisi yaxşıdan ayıran tənqiddir. Ədəbiyyat tənqidlə cilalanır, tənqid isə öz mənbəyini ədəbiyyatla tapır.

Texnika və texnologiyanın müasir inkişafına uyğun olaraq institutumuzda "Elmi informasiya və tərcümə", "Elmi nəşrlər və proqnozlaşdırma" şöbələri də fəaliyyətə başlamışdır. Bütün bu yeniliklər arzularımızın reallaşmasıdır.

Hər bir alim çəkdiyi zəhmətin nəticəsi ilə öz qiymətinə layiq görülür. Bu baxımdan şöbələrin yanında işçilərin elmi fəaliyyətini nümayiş etdirmək üçün stendlər təşkil olunub. Bu stendlərdə hər ay ərzində şöbə əməkdaşlarının elmi fəaliyyətləri - kitab, məqalə, tezis, fərman və hətta xarici dəvətlər nümayiş etdirilir. Ədəbiyyat institutunda alimlərin elmi fəaliyyətini mütəmadi olaraq izləmək üçün həmin stendlərə baxmaq yetər.

2014-cü ildə AMEA Nizami adına Ədəbiyyat İnstitutunun təsis olunmasının 80 illik yubileyi təntənəli şəkildə qeyd edildi. Bu münasibətlə elmi işçilərin böyük əksəriyyətinin fəaliyyətlərinə uyğun olaraq vəzifələri artırıldı. Bu sırada alimlərin bir qismi professor, bir qismi də dosent adına layiq görüldü. Bu, institutun tarixində görünməyən bir hadisə idi. Bu il mən də uzun müddət nail ola bilmədiyim dosentlik diplomumu aldım. Bir tərəfdən bu yaşda - xeyli gec dosentlik diplomu aldığım üçün utansam da, digər tərəfdən sevinirəm. Akademik İsa Həbibbəylinin hərtərəfli təşkilatçılığı sahəsində Ədəbiyyat İnstitutunda 2013-2014-cü illərdə 20 nəfərdən çox əməkdaş dosentlik diplomu aldı.

Artıq dissertasiya işlərinə rəhbərlik də sahmana salınıb. Dissertasiya işlərinə rəhbərlik mövzuya uyğun olaraq bütün institutun elmlər doktorlarına həvalə edilib.

İnstitutda mütəşəkkil şəkildə respublika və beynəlxalq konfranslar keçirilir. Bu konfranslar yeni təşkil olunmuş elektron kitabxananın akt zalında, Avropa standartlarına uyğun şəkildə gerçəkləşdirilir. Bəzən isə konfranslar institutun IV mərtəbəsində yaradılmış ən müasir texnologiya ilə təchiz edilmiş Elektron akt zalında keçirilir.

Bədii ədəbiyyatda üslubi bir fənd olaraq dilin bütün qəbul olunmuş qaydalarına riayət etməklə oxucunun təfəkkür, düşüncə və duyğularına təsir etmək məqsədi ilə dialoq adlanan bədii ifadə vasitələrindən istifadə edilir. Bu gün dialoq vasitəsi isə qlobal məsələlər öz həllini tapır, hətta müharibə edən ölkələrin müqəddəratlarını dialoqlar vasitəsi ilə həll etməyə çalışırlar. Bu günün elmi tələblərinə uyğun olaraq institut rəhbərliyinin yaratmış olduğu "Elektron akt zalı ölkələr arasında dialoq vasitəsi ilə elmi əlaqələrin inkişafına, aktual elmi problemlərin müzakirəsinə əlverişli imkanlar yaradır. Bu zalda keçirilən konfraslar dediklərimizi əyani şəkildə təsdiqləyir.

Elmi işin yazılmasında xarici ölkələrə ezamiyyətin çox böyük önəmi vardır. Ötən il ərzində Ədəbiyyat İnstitutunun təqribən 54 əməkdaşı Avropa və Asiyanın müxtəlif ölkələrində keçirilən konfranslarda iştirak etmək üçün xaricə ezam olunub. Noyabr ayında isə institutumuzun bir qrup əməkdaşı Polşa Elmlər Akademiyasının Ədəbi Tədqiqatlar İnstitutu ilə AMEA Nizami adına Ədəbiyyat İnstitutunun təşkil etdiyi birgə konfransda iştirak etmək üçün Varşavada oldular. Konfransa Ədəbiyyat İnstitutunun əməkdaşları ilə bərabər Tarix, İqtisadiyyat, Şərqşünaslıq institutlarından da bir neçə alim qatılmışdı.

Konfransın idarə heyəti Azərbaycanın Varşavadakı səfiri Həsən Həsənov, PEA-nın Ədəbi Tədqiqatlar İnstitutunun direktoru, professor Nikolay Sokolovski və institutumuzu təmsil edən professor Bədirxan Əhmədovdan ibarət idi.

Nümayəndə heyətimizin konfransdakı məruzə və çıxışları maraqla qarşılandı, rəğbət doğurdu. AMEA-nın, o cümlədən, Ədəbiyyat İnstitutunun əməkdaşları özlərini əsil Azərbaycan alimi kimi yüksək elmi səviyyədə təqdim etdilər.

Son dövrdə görülən işlər, atılan addımlar AMEA Ədəbiyyat İnstitutunun fəaliyyətində olduqca qaynar bir mərhələnin davam etdiyindən xəbər verməklə yanaşı, bu yolda yeni və daha böyük uğurlar qazanılacağına da ümid yaradır.

Mahirə QULİYEVA, Filologiya üzrə elmlər doktoru

 





30.01.2015    çap et  çap et