525.Az

Uğurlu gənclər siyasəti parlaq gələcəyə təminat verir


 

Uğurlu gənclər siyasəti parlaq gələcəyə təminat verir<b style="color:red"></b>

Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş gənclər siyasəti bu gün öz uğurlu nəticələri ilə dünyanın diqqətini cəlb edir.

Artıq Azərbaycan dövlətinin həyata keçirdiyi gənclər siyasəti bir sıra ölkələr üçün nümunəyə, təcrübə mənbəyinə çevrilib. Həyata keçirilən dövlət proqramı nəticəsində paytaxtla yanaşı, regionlarda da ümumilikdə 30-a yaxın Gənclər Evi tikilib istifadəyə verilib.  Gənclərin asudə vaxtlarının səmərəli təşkili, onlar üçün müxtəlif müsabiqə, tədbirlərin keçirilməsi, gənclərin bir araya gələrək müxtəlif məsələləri müzakirə edə bilmələri baxımından Gənclər evlərinin fəaliyyəti xüsusi əhəmiyyətə malikdir. Qeyd edək ki, artıq gənclər üçün "Gənclərin sağlamlıq və istirahət mərkəzləri"nin yaradılması da reallaşır.  Sevindirici haldır ki, ilk belə mərkəz regionda (Daşkəsən rayonunda) istifadəyə verildi. Bu, region gənclərinin problemlərinin həlli istiqamətində mühüm addımdır. Ölkəmiz gənclər sektorunda dünyada örnək sayılacaq strategiya formalaşdırıb. Gənclər sahəsində həyata keçirilən dövlət siyasəti ölkə başçısı tərəfindən imzalanmış müvafiq dövlət proqramları ilə tənzimlənir, müxtəlif vaxtlarda bu siyasət və proqramın icrasını müzakirə etmək üçün forumlar keçirilir. İlk dəfə 1996-cı ildə Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə keçirilən Gənclər Forumu  gənclərin qarşısında duran vəzifələrin müəyyənləşdirildiyi və təkliflərin irəli sürüldüyü tribunaya çevrilib. 2014-cü ilin gənclər sahəsində yadda qalan uğurlardan biri də iyun ayında keçirilən VII Forum oldu.

Ölkəni bütün regionlarını və gənclər təşkilatlarını təmsil edən 1739 nümayəndənin iştirakı ilə keçirilən  Forumun əsas məqsədi Prezident İlham Əliyevin 7 iyul 2011-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan gəncliyi" 2011-2015-ci illərdə" Dövlət Proqramının müvafiq yarımbəndinin icrasının təmin edilməsi idi. Prezident İlham Əliyev Forum iştirakçılarına təbrik məktubu göndərərək gənclərə olan diqqətini bir daha nümayiş etdirdi.

Gənclər təşkilatları, gənclərlə işləyən müvafiq strukturlar VI Forumdan keçən 3 il ərzində görülmüş işlərlə bağlı hesabat xarakterli məlumat verdilər, həmçinin gənclərin aktual problemləri və qarşıda duran vəzifələr, gənclərin ölkəmizin inkişafına müsbət təsir edəcək işləri müzakirə olundu. Gənclər və idman naziri Azad Rəhimov dövlətin gənclər sektorunda həyata keçirdiyi layihələr, görülmüş işlər barədə ətraflı məlumat verməklə yanaşı ölkə rəhbərliyinin bu sahəni daim diqqətdə saxladığını da gənclərin nəzərinə çatdırdı: "XXI əsr bütün hadisələrin, prioritetlərin və beynəlxalq vəziyyətin böyük sürətlə dəyişməsi ilə seçilir. Lakin hazırda Prezident İlham Əliyev tərəfindən aparılan gənclər siyasəti bu çağırışlara adekvat və deyərdim ki, qabaqlayıcı cavab verir".  Öz işini 5 seksiya (gənclərin vətənpərvərlik və vətəndaşlıq tərbiyəsi, gənclərin ictimai həyatda iştirakı və beynəlxalq əməkdaşlığı, müasir gənclərin təhsil və elmin inkişafında yeri və rolu, gənclərin sosial inkişafı və sahibkarlıq, yaradıcı gənclərə dəstək və ölkənin innovativ potensialı) üzrə davam etdirən VII Forumda gənclər qeyd olunan məsələlərlə bağlı ətraflı müzakirələr apardılar, yeni təkliflər irəli sürdülər. Adətən belə forumların keçirilməsi gənclərin problemlərini müzakirə etməyə və dövlət proqramlarının hazırlanması zamanı onların nəzərə alınmasına müsbət təsir edir.

Gənclər siyasətində əsas istiqamətlərdən biri gənclərin beynəlxalq əməkdaşlığıdır. Azərbaycanda fəaliyyət göstərən gənclər təşkilatlar, müvafiq dövlət qurumları gənclərin beynəlxalq əməkdaşlığı sahəsində bir sıra uğurlu layihələrə imza atıblar. Gənclər və İdman Nazirliyində 2014-cü ilin yekunları ilə bağlı keçirilən mətbuat konfransında qeyd edildi ki, il ərzində gənclərlə bağlı 156 tədbir keçirilib və bunun 34-ü beynəlxalq xarakterlidir. Sözsüz ki, bu sahədə ən mühüm nailiyyətlərdən biri I Qlobal Gənclər Forumunun Bakıda keçirilməsi oldu. BMT-nin baş katibi Pan Gi Munun təşəbbüsü ilə keçirilən I Qlobal Gənclər Forumunda 80 ölkədən 700-dən artıq nümayəndə iştirak edir. Forumda dünya ölkələrində həyata keçirilən gənclər siyasəti ilə bağlı müzakirələr aparıldı, təcrübələr öyrənildi. 

Açılış mərasimində çıxış edən Prezident İlham Əliyev I Qlobal Gənclər Forumunun xüsusi əhəmiyyət daşıdığını vurğuladı: "Əlbəttə, gələcəkdə daha çox forumlar keçiriləcək, lakin bu forum tarixdə qalacaq. Biz forumun keçirilməsi üçün Azərbaycanı seçdiklərinə görə təşkilatçılara minnətdarıq. Biz buna hökumətimizin gənclər və idman siyasəti, ölkənin fəal inkişafı ilə bağlı fəaliyyətdə göstərdiyi səylərin tanınması kimi baxırıq".  Prezident çıxışında gənclər sahəsində ölkəmizdə görülmüş işlər barədə ətraflı məlumat verdi: "Gənclər siyasətinə gəldikdə, həmçinin olduqca mükəmməl  qanunvericilik bazası mövcuddur. Gənclər siyasəti ilə bağlı qanun var. Azərbaycanda gənclərlə bağlı iki  Dövlət Proqramı qəbul edilib və uğurla həyata keçirilib. Bu yaxınlarda biz Gənclər Fondunu yaratmışıq. Dövlət büdcəsindən bu fonda ayrılan vəsaitlər gənclərə özlərini cəmiyyətdə təqdim etməyə şərait yaradır.  Onlar mədəniyyət, təhsil və sosial sahələrə, eləcə də siyasi islahatlara aid olan layihələr üzərində işləyirlər. Başqa sözlə desək, bu fond gənc nəslə öz istedadını müəyyən etməyə, özünü cəmiyyətə təqdim  etməyə və beləliklə, ölkəmizin inkişafına töhfə verməyə yardım edir".

Forum iştirakçılarına BMT-nin baş katibi Pan Gi Munun ünvanladığı videomüraciətdə tədbirin əhəmiyyəti xüsusi qeyd olunurdu: "Gənclərin maraqları naminə fəaliyyət üzrə Dünya Proqramının 20 illiyi ərəfəsində bu forumun keçirilməsi xüsusi əhəmiyyət kəsb edir. Bu, çox vacib məsələdir. Gənclər gələcəyin liderləridir və onların inkişafına xüsusi diqqət yetirmək lazımdır. BMT sizinlə işləməyə hazırdır". 

Gənclər sahəsində beynəlxalq əməkdaşlıqla bağlı daha bir mühüm tədbir oktyabrda Qəbələ şəhərində Heydər Əliyev Konqres Mərkəzində keçirildi. Gənclər və İdman Nazirliyi, Xarici İşlər Nazirliyi, Azərbaycan Gənclər Təşkilatları Milli Şurası, Avropa Şurası, AŞ-nın Demokratik Vətəndaşlıq və İştirak Direktoratının Gənclər Departamenti tərəfindən keçirilən "Nifrət Nitqinə Yox Hərəkatı" Beynəlxalq Gənclər Forumunda Avropa ölkələrindən 250 nəfərə qədər nümayəndə iştirak edirdi. 2014-cü il ərzində Gənclər və İdman Nazirliyi, səfirliklərimizlə birgə, 21 xarici ölkədə "Mən Azərbaycan haqqında nə bilirəm" mövzusunda müsabiqə keçirib və qalib gəlmiş 174 nəfərin ölkəmizə səfərini təşkil edib. Gənclərlə bağlı belə beynəlxalq tədbirlər ölkəmizin nüfuzunun daha da artmasına, regionun lider ölkəsi olan Azərbaycan reallıqlarının, xüsusilə də Dağlıq Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə düzgün çatdırılması işlərinə böyük töhfədir.

Məlumdur ki, bədnam qonşularımız havadarlarının dəstəyi ilə xaricdə Azərbaycana qarşı uzun illər böhtan kampaniyası aparmışlar. Ölkə rəhbərliyinin uğurlu diplomatiyası nəticəsində artıq dünya həqiqətləri görür və ermənilər biabırçı vəziyyətə düşürlər. Bu baxımdan gənclər təşkilatları və fəal gənclərin beynəlxalq əməkdaşlığı, beynəlxalq layihələrdə iştirakı, ölkəmizdə keçirilən beynəlxalq tədbirlər Azərbaycanın nüfuzunun daha da artmasına, dünyanın reallıqlarını yaxından görməsinə müsbət təsir edir. Ölkə rəhbərliyinin diqqəti altında həyata keçirilən gənclər siyasəti öz bəhrəsini verir və bütün bunların sayəsində yetişən, milli-mənəvi dəyərlər üzərində inkişaf edən bugünki gənclik dövlətimizin parlaq gələcəyinin təminatıdır.

 





30.01.2015    çap et  çap et