525.Az

Tütündən istifadəyə qadağa qoyulması məsələsi də gündəmə gətiriləcək


 

Tütündən istifadəyə qadağa qoyulması məsələsi də gündəmə gətiriləcək<b style="color:red"></b>

Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev ictimai yerlərdə, qapalı məkanlarda tütün məmulatlarından istifadənin qadağan edilməsini nəzərdə tutan qanun layihəsinin qəbul olunmasının vacibliyini bildirib.

Bu barədə parlamentin Sosial siyasət komitəsinin dünən keçirilən iclasında çıxış edən M.Quliyevin dediyinə görə, artıq dünyanın əksər ölkələrində belə bir qanun qəbul olunub: "Biz bu qanun haqqında danışanda hələ dünyanın bir çox ölkələrində bu istiqamətdə heç bir addım atılmamışdı. Ancaq çox təəssüflər olsun ki, həmin ölkələr bizdən qabaq bu qanunu qəbul ediblər. Məni ən çox narahat edən məsələ odur ki, son illər Azərbaycanda siqaretdən istifadə edən qadınların və uşaqların sayı çoxalıb. Həmçinin sulu qəlyandan istifadə edənlərin sayı xeyli dərəcədə artmaqdadır. Bu, çox təhlükəli bir tendensiyadır. Ona görə sözügedən qanun layihəsi mütləq müzakirələrə çıxarılmalı və qəbul edilməlidir".

Parlamentn Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli buna cavab olaraq bildirib ki, MM-in fevralın 2-də başlayacaq yaz sessiyasının ilk iclasında bu məsələyə toxunulacaq: "Həmin iclasda "Reklam haqqında" Qanun layihəsinin geniş müzakirəsi nəzərdə tutulur. Bizim burada ürəyimizi boşaltmağa geniş imkan və meydan olacaq. Biz bu məsələni də həmin müzakirələr zamanı dilə gətirəcəyik. Onu da qeyd edim ki, Musa müəllimin bu yöndə qanun layihəsi var və onu gələcəkdə müzakirələrə çıxara bilərik".

Qeyd edək ki, bu məsələyə parlamentin İqtisadi siyasət komitəsinin də iclasında toxunulub. Komitə sədri Ziyad Səmədzadə deyib ki, qarşıdan gələn yaz sessiyasının fevralın 2-də keçiriləcək ilk iclasında "Reklam haqqında" yeni qanun layihəsi müzakirəyə çıxarılacaq: "Hazırda reklam sahəsində mövcud olan problemlərin həlli vacibdir və bu qanun həmin problemlərin həllinə öz töhfəsini verəcək".

Kamil HƏMZƏOĞLU

 





29.01.2015    çap et  çap et