525.Az

Əlibala Əsgərovun 60 illik yubileyi qeyd olunub


 

Əlibala Əsgərovun 60 illik yubileyi qeyd olunub<b style="color:red"></b>

Yanvarın 28-də Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrının artisti Əlibala Əsgərovun anadan olmasının 60, səhnə fəaliyyətinin 40 illiyi münasibətilə yubiley mərasimi keçirilib.

APA-nın cənub bürosunun məlumatına görə, Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) təşkilatçılığı ilə keçirilən tədbirdə rayonun idarə, müəssisə və təşkilatlarının nümayəndələri, yubilyarın sənət dostları, mədəniyyət və incəsənət xadimləri iştirak ediblər. Mərasim aktyorun sənət fəaliyyətindən bəhs edən sənədli filmin nümayişi ilə başlanıb. Daha sonra Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşovun yubilyara ünvanlandığı təbrik məktubunun mətni oxunub. Teatrın direktoru Tofiq Heydərov, Hüseyn Ərəblinski adına Sumqayıt Musiqili Dram Teatrının direktoru İslam Həsənov, kinorejissor Sirac Mustafayev və digərləri çıxışlarında Əlibala Əsgərovun kamil sənətkar səviyyəsinə ucaldığını, onun aktyorluq sənətinin səhnəyə yenicə qədəm basmış gənclər üçün əsl sənət məktəbinin olduğunu bildiriblər.
 
Qeyd olunub ki, Əlibala Əsgərov Azərbaycan Mədəniyyət və İncəsənət Universitetini bitirdikdən sonra N.B.Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında aktyor kimi fəaliyyətə başlayıb. Aktyor  bu sənət ocağının səhnəsində 50-dən çox tamaşada müxtəlif xarakterli rollar oynayıb.
 
Ə.Əsgərov həmçinin “Durnalar qayıdanda”, “Qəzan mübarək, “Paşam”, “Susmuş vicdan”, “Sevginin göz yaşı”, “Əli və Nino”, “Hörümçək toru” və digər bədii və televiziya filmlərində rollar yaradıb.
 
Sonda çıxış edən yubilyar bundan sonra da yüksək şövqlə səhnə fəaliyyətini davam etdirəcəyini bildirərək,  tədbirin təşkilatçılarına minnətdarlığını çatdırıb.

 





28.01.2015    çap et  çap et