525.Az

Vətən səmasında parlayan işıq


 

Vətən səmasında parlayan işıq<b style="color:red"></b>

2014-cü ilin son və 2015-ci ilin ilk günləri mənim üçün çox əlamətdar oldu. Bu günlərdə unudulmaz müəllimimiz, Azərbaycan jurnalistlərinin mənəvi atası olan tədqiqatçı-alim, ensiklopedik bilik sahibi, milli qeyrətli, ideal əxlaqlı, örnək şəxsiyyət olan professor Şirməmməd Hüseynovun 90 illik yubleyi münasibətilə Bakıya gəlmişdim. İlk görüş Beynəlxalq Mətbuat Mərkəzində oldu. Oraya, yaxın dostlarım, tələbə yoldaşlarım, gözəl insanlar Səxavət Mustafayev, professor Ramiz Əsgər və tələbəlik illərində hamımıza xüsusi diqqət, qayğı göstərən Əjdər Kazımovla birgə getdim. Şirməmməd müəllimlə görüşə ölkəmizin say-seçmə ziyalıları gəlmişdi. Onların arasında yenə tələbə yoldaşlarım millət vəkilləri Bəxtiyar Sadıqovu,  Aqil Abbası,  professor Qulu Məhərrəmlini, Yusif Hüseynovu və başqalarını gördüm. Tədbiri Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov aparırdı. Onu da qeyd edim ki, mən Şirməmməd müəllimi uşaq yaşlarımdan tanıyıram. Həm bir şəkili kimi və qohumluq münasibətimiz olduğuna görə, bütövlükdə bizim ailədə Şirməmməd müəllimə həmişə məxsusi hörmət və ehtiram olub. Şirməmməd müəllim konkret faktlarla danışmağı xoşladığı üçün mən də bu toplantıda çıxış edib başıma gələn bir əhvalatı danışmaq və onun təmiz, obyektiv, böyük insan olduğunu söyləmək istəyirdim. Amma bir-iki nəfər çıxış edəndən sonra, tərif eşitməyi ömrü boyu xoşlamayan Şirməmməd müəllim Əflatun Amaşova dedi ki, gəl bu insanların vaxtını çox almayaq, mənə 3-5 dəqiqəlik söz ver, yəqin ki, bura mənim görüşümə gələnlər daha çox məni dinləmək istəyirlər. Bu sözdən sonra mən çıxış etmək fikrindən daşındım. Həm də ona görə ki, bilirəm, onun ümumiyyətlə adamı üzünə tərifləməkdən xoşu gəlmir. Orda deyəcəyimi indi yazmaq istədim.

lll

1972-ci il sentyabr ayının 1-ci bazar günü idi. Axşama yaxın biz - mən və Tibb Universitetinin tələbəsi olan qardaşım - Şirməmməd müəllimin evinə getmişdik. Onun maraqlı söbətləri başımızı elə qatmışdı ki, 4-5 saatın necə keçdiyini bilmədik. Ülkər xanım yaxşı bir süfrə açdı, bizi doyunca yedirtdi, meyvə şirələri, şirniyyat stolu - hər şey yüksək səviyyədə idi. Getməyə hazırlaşanda Şirməmməd müəllim dedi:

- Oğul-bala, beş dəqiqə mənə qulaq asın, sizə sözüm var.

Biz yenidən əvvəlki yerlərimizdə oturduq. Şirməmməd müəllim həyat yoldaşı Ülkər xanımı da çağırdı və bir qədər də ciddi tərzdə sözə başladı:

- Həə, bala, hər ikiniz ali məktəbə daxil olmusunuz. Tələbəlik illəri ağır olur. Ola bilər ki, pulunuz qurtarar, yeməyiniz olmaz. Heç nədən çəkinmədən mənim evimə gələrsiniz. Ülkər xanım, Allah verəndən, evimizdə olandan verər, ac qalmazsınız. Pul lazım olsa, ondan alarsınız. Bir də ki, mənim zəngin kitabxanam var. Hansı kitab lazım olsa, verərəm oxuyarsınız (Onu da qeyd edim ki, tələbəlik illərində mühazirələrdə qeyd edilən kitabları tapıb oxumaq ən böyük problem idi - Ç.Ə.).

Şirməmməd müəllim bir qədər də ciddiləşib davam etdi:

- Amma dərsinizi oxumayıb, imtahandan, zaçotdan kəsilib mənim yanıma gəlməyəsiniz. Mən heç kimdən belə şeyləri xahiş edən deyiləm. İndiyə qədər etməmişəm və bundan sonra da etmərəm. Hansı dərsdən çətinliyiniz, başa düşmədiyiniz nəsə olsa, həmin proqram dairəsində səninlə fərdi məşğul olaram, -  deyib, düz mənim üzümə baxdı. - Amma oxumasan, sənə qiymət yazmağı heç kimdən xahiş edə bilmərəm.

Biz salamatlaşıb evdən çıxdıq. Yol boyu heç birimiz danışmadıq. O vaxt bu sözlər mənə çox ağır təsir etmişdi. Mən sonuncu imtahanı verib universitetə qəbul olan gün atam rəhmətə getmişdi. Mənə elə gəlirdi ki, atam sağ olsaydı, Şirməmməd müəllim bu sözləri mənə deməzdi. Amma illər ötdükcə məndən də çox yaxın və dəfələrlə imkanlı, atalı-analı qohumlarımızdan bir neçəsinin oxuya bilmədiyi üçün universitetdən xaric edilməsinin şahidi oldum. Onda başa düşdüm ki, mən Şirməmməd müəllim barədə düz fikirdə olmamışam. O, çoxlarından fərqli olaraq, həyatda da yüksək tiribunalarda danışdığı kimidir.  Təmənnasız, büllur xarakterli bir insandır. Mən orta məktəbi bitirib universitetə sənədlərimi verəndə ailəmizdə də, dostlarım da mənə deyirdilər ki, Hüquq fakultəsinə get. Mən isə ərizə yazanda Jurnalistika ixtisasını seçmişdim. Ona görə ki, Şirməmməd müəllimi özümə ideal bilirdim. Bütün ömrüm boyu da onunla fəxr etmişəm.

Toplantıda millət vəkilləri Bəxtiyar Sadıqov, Cavanşir Feyziyev, professor Cahangir Məmmədli və Ülkər xanım Hüseynovanın çıxışları gur alqışlarla qarşılandı. Yusif Hüseynovun redaktorluğu ilə çap edilən, Şirməmməd müəllimə həsr olunmuş və onun haqqında yazılan məqalələr toplanmış "İstiqlalın işığında" adlı kitab qonaqlara paylandı.

Yeni ilin ilk günlərində də Bakı Dövlət Universitetində və bir neçə başqa universitetdə Şirməmməd müəllimlə görüşlər davam etdi. Həmin tədbirlərin birində naxçıvanlı tələbə yoldaşım Hüseyn Əsgərovla qarşılaşdım. Ertəsi gün görüşmək üçün telefon əlaqəsi saxladıq. Mən soruşdum ki, Hüseyn, hardasan?

 Dedi:

- Binəqədi rayonunda yeni istifadəyə verilmiş Heydər Məscidinin yaxınlığında. 

2014-cü ilin son günlərində açılışı olan həmin məscidin dörd tərəfində ucaldılmış minarələrin boyundan dəfələrlə yüksəklərə zillənən işıqlar üfüqdə çox uzaqlardan görünür və Bakının rəngarəng işıqları fonunda uca dağlarda görməyə adət etdiyimiz göy qurşağına bənzəyir. Bu məscidi ziyarət etmək arzusu ilə Hüseynə dedim, sən get məscidin qabağına, mən də gəlirəm ora... Görüşüb məscidin ətrafında gəzişdik,tələbəlik illərimizi yada saldıq. İkimiz də söhbət edə-edə heyranlıq və iftixar hissi ilə məscidə baxırdıq. Mən İranda, Türkiyədə, Orta Asiya dövlətlərinin bir neçəsində məscidlərdə olmuşam. Ancaq Bakıda yeni inşa edilən və ulu öndərimizin adını daşıyan Heydər məscidi daha böyük və daha əzəmətli görünür.

Gözümüz məscidə baxsa da, fikrimiz, söhbətimiz çox uzaqlara getmişdi...

lll

Tələbəlik illərində indi tanınmış şair olan Adil Cəmil, Ucardan mərhum Ələkbər Hüseynov, Hüseyn Əsgərov və mən bir otaqda qalırdıq. İtirilmiş torpaqlarımız, Azərbaycan hökmdarlarının tarixi səhvləri, milli mentalitet, tarixi abidələrin qorunmasının vacibliyi, özümüzü dərk etməyin, millətimizi dünyaya tanıtmağın vacibliyi barədə tez-tez maraqlı söhbətlərimiz olardı. Belə söhbətlərlə məndə vətənpərvərlik hisslərinin formalaşmasında Hüseyn böyük rol oynamışdı. Ulu Şəhriyarın ''Heydərbabaya salam" əsərini də ilk dəfə Hüseyndən eşitmişdim. Mən də Bəxtiyar Vahabzadənin "Gülüstan" poemasını ona və bütün tələbə yoldaşlarıma paylamışdım.

Hüseyn, Ulu Öndərin Moskvadan qayıdışından sonra Naxçıvanda onunla görüşlərindən danışdı. Dedi ki, o vaxt mən Naxçıvan televiziyasında ictimai-siyasi verilişlərin və xəbərlərin aparıcı jurnalisti idim. Heydər Əliyevlə, demək olar ki, hər gün görüşürdük. Biz çox səmimi söhbətlər edirdik. Hər görüşdən sonra məndə Ulu Öndərə inam və sevgi artırdı. O ictimaiyyətlə tez-tez görüşürdü. Mən də fürsətdən istifadə edib sadə insanlarla onun görüşlərini, toplantılardakı çıxışlarını televiziya vasitəsilə daha geniş ictimaiyyətə çatdırırdım. Səmimi görüşlərin birində Ulu Öndərə dedim ki, 1974-cü ildən mənim və bir çox tələbə yoldaşlarımın Sizə təşəkkür borcumuz var. İcazə verin, gec də olsa, təşəkkürlərimizi Sizə çatdırım. Ümummilli Lider soruşdu ki, nəyə görə? Mən həmin il Novruz bayramında başımıza gələnləri Ulu Öndərə danışdım. Heydər Əliyev məni çox diqqətlə, axıra qədər dinlədi və deyilənləri təsdiqlədi.

Deməli, indi həmin hadisə haqqında oxuculara inamla məlumat vermək olar.

1973-cü ilin yazında Azərbaycan Dövlət Unversitetinin Jurnalistika fakultəsinin, əsasən də bizim kursun tələbələri Novruz bayramını qeyd etmək fikrinə düşmüşdü. Müəllimlərimizdən Mir Cəlal Paşayev, Qulu Xəlilov, Əzizə Cəfərzadəni də bu tədbirə dəvət etdik. Görüş yerimiz Fəxri Xiyaban oldu. Əlimizdə gül-çiçək dəstələri var idi. Yataqxanada qızlar səməni göyərdib gətirmişdilər. Fəxri Xiyabanda Həsən bəy Zərdabinin, Üzeyir bəy Hacıbəyovun, Şıxəli Qurbanovun və başqa milli şəxsiyyətlərin məzarlarını ziyarət etdik . Hər məzar başında 10-15 dəqiqəlik çıxışlar oldu. Tədbir başa çatdı, heç bir insident baş vermədi. Bir il sonra 1974-cü ilin Novruz bayramına hazırlıq işlərinə daha erkən başlamışdıq. Son anda bunun xəbəri yuxarılara gedib çatmışdı. Universitetin rektoru özü qızlar yataqxanasına gedib otaqları bir-bir gəzmiş, səməniləri pəncərədən çölə atdırmışdı. O gedəndən sonra axşam  qaranlıq düşəndə biz həyətə atılmış səməniləri birtəhər yığıb topladıq, sabahkı tədbir üçün hazırlaşdıq. Sabahı gün müəyyən edilmiş görüş yerlərini və vaxtı dəyişdik. Bir neçə dəstəyə bölünüb Fəxri Xiyabana yollandıq, orada görüşdük. Bu dəfə tələbə və müəllimlərin sayı ötənilkindən 4-5 dəfə çox idi. Təxminən 110-120 nəfər olardıq. Həm də bu dəfə Jurnalistika fakultəsindən başqa, Filologiya, Tarix fakültələrindən və başqa ali məktəblərdən də gələnlər var idi. Tədbirə Hüseyn Əsgərov və bizdən aşağı kursda oxuyan bir qız (təəssüf, adını unutmuşam) aparıcılıq edirdi. Ziyarətə Şıxəli Qurbanovun məzarından başladıq. Ziyarət etdiyimiz məzarların və çıxış edənlərin sayı artmışdı. Bizə fəlsəfədən dərs deyən Qənbər müəllimin,tələbə yoldaşlarımızdan mərhum Qəzənfər Rüstəmovun, Ağamalı Əfəndiyevin (Sadiq Əfəndi), Mehman Cavadoğlunun və başqalarının milli ruhlu, məntiqli, məzmunlu çıxışları oldu. Yeri gəlmişkən, Sovet hakimiyyəti devrildikdən sonra müstəqillik illərində Azərbaycanın bir çox mətbuat orqanlarında, o cümlədən, tələbə yoldaşımız Ağamalı Sadiq Əfəndinin redaktoru olduğu "Müxalifət" qəzetində bu mövzuda yazılar dərc edilib.

Fəxri Xiyabanda Novruz bayramı tədbirindən sonra təkcə bizim fakultədən 40 nəfərə qədər tələbəni ayrı-ayrı yerlərdə saxlayıb Dövlət Təhlükəsizliyi Komitəsinin qarşısındakı Dzerjinski adına kluba aparmışdılar. Burada da hərəni bir otaqda saxlayıb sorğu-sual etmişdilər. İş elə təşkil edilmişdi ki, tələbələrin bir-birindən xəbəri yox idi. Bizə müxtəlif suallar verilir və izahatlar yazdırırdılar. Təxminən gecə saat 1-dən sonra qəfildən vəziyyət dəyişdi. Tələbələrin hamısının alınmış sənədlərini geri qaytardılar və əvvəlkindən fərqli olaraq, mülayim rəftarla bizi yola saldılar. Dedilər ki, burada saxlanılmağınızı heç yerdə heç kimə deməyin.

Təbii ki, Jurnalistika fakultəsi tələbələrinin saxlanılması barədə bizim dekanımız Şirməmməd Hüseynovun məlumatı olmuşdu. Bir neçə gün sonra Şirməmməd müəllim Əjdər Kazımovu, Hüseyn Əsgərovu, Ağamalı Əfəndiyevi, Qəzənfər Rüstəmovu və məni yanına çağırdı. Söhbəti həmin hadisə üzərinə gətirib dedi ki, bu məsələ ilə əlaqədar Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Heydər Əliyevə gecə saat 1 radələrində məruzə edilib. Heydər Əliyev də ciddi tapşırıq verib ki, təcili olaraq tələbələri buraxın, onlara deyin, tələbədirlər, indi ən vacib işləri dərs oxumaq, ali təhsili tamamlamaqdır, hər işin öz vaxtı var. Rəhbərin tapşırığı elə qəti olmuşdu ki, o hadisədən sonra biz heç bir təzyiqə, təqibə məruz qalmadıq.

Yadımdadır ki, onda biz Şirməmməd müəllimdən ayrılanda Hüseyn gülə-gülə demişdi:

- Mən indi Azərbaycanın səmasında parlayan gur işıq görürəm.

Bu məqamda isə xoş əhval-ruhiyyə ilə ondan soruşdum.

- Hüseyn, indi Azərbaycanın səmasında nə görürsən?

Hüseyn qətiyyətli səslə dedi:

- İndi mən Azərbaycanın səmasında parlayan qoşa işıq görürəm!

Çingiz ƏNVƏROĞLU

Şəki, 15 yanvar 2015

 





28.01.2015    çap et  çap et