525.Az

"Çağdaş Azərbaycan postmodern romanı" nəşr edilib


 

"Çağdaş Azərbaycan postmodern romanı" nəşr edilib<b style="color:red"></b>

Tədqiqatçı Salidə Şərifovanın "Çağdaş Azərbaycan postmodern romanı" adlı monoqrafiyası "Elm və təhsil" nəşriyyatında işıq üzü görüb. Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunun Elmi Şurasının qərarı ilə çapa tövsiyə olunan kitabın rəyçiləri professor Bədirxan Əhmədov və dosent Şəmil Sadıqovdur. Monoqrafiyada Azərbaycanda postmodern romanların yaranması və janr xüsusiyyətlərinin, süjet və obrazlarının açıqlanmasına çalışılıb. Əsərdə Azərbaycan nəsrində postmodern romanların meydana gəlməsinin XX əsrin sonlarına təsadüf etdiyi vurğulanır. Burada Anarın "Ağ qoç, qara qoç", Kamal Abdullanın "Yarımçıq əlyazma", "Sehrbazlar dərəsi", Sabir Rüstəmxanlının "Göy Tanrı", Həmid Herisçinin "Nekroloq" romanı və digər yazarların əsərləri təhlil obyektinə çevrilib.

Dünya ədəbiyyatında olduğu kimi, Azərbaycan ədəbiyyatında da postmodern üslubda qələmə alınmış ilk əsərlərə reaksiyaların sərt olması faktına da  monoqrafiyada geniş toxunulub. Monoqrafiya oxuculara Azərbaycan postmodern romanı ilə ətraflı tanış olmaq imkanı yaradır.

Əbülfəs Qarayev Amerikada görüşlər keçirib

BMT-nin baş qərargahında, ABŞ-da fəaliyyət göstərən Etnik Anlaşma Fondu ilə Nyu-York şəhərində "Bakı prosesi" və Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun təqdimat mərasimləri təşkil ediləcək. Mərasimlər Azərbaycan dövlətinin həyata keçirdiyi mədəniyyətlər və sivilizasiyalararası dialoq siyasətini və təcrübəsini beynəlxalq aləmdə təbliğ etmək məqsədilə Mədəniyyət və Turizm Nazirliyi, UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı və Dünya Turizm Təşkilatının birgə təşkilatçılığı ilə həyata keçiriləcək. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bu tədbirlərdə yaxından iştirak etmək üçün ABŞ-da səfərdədir.

Nazirliyin mətbuat xidmətindən bildirilib ki, yanvarın 31-dək davam edəcək səfər çərçivəsində Üçüncü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun beynəlxalq işçi qrupunun iclası da keçiriləcək.

Əbülfəs Qarayev səfər çərçivəsində Nyu-Yorkda BMT-nin baş katibi Pan Gi Mun ilə görüşüb və Prezident İlham Əliyevin salamlarını ona çatdırıb. Görüşdə Azərbaycan-BMT münasibətləri, BMT sisteminə daxil olan təşkilatlar - UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Birləşmiş Millətlərin Dünya Turizm Təşkilatı (UNWTO), BMT-nin İnkişaf Proqramı (UNDP) ilə əməkdaşlığın perspektivləri müzakirə olunub. Nazir Pan Gi Muna Azərbaycanın qlobal sülh və dialoqa töhfə verən təşəbbüsləri barədə məlumat verərək onu bu il mayın 18-19-da Bakıda keçiriləcək Üçüncü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna dəvət edib.

Görüşdə Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində Azərbaycanın regionda həyata keçirilən bütün vacib layihələrin aparıcı ölkəsi olduğu qeyd edilib. Ölkəmizdə müxtəlif mədəniyyət və dinlərin birgə yaşama ənənələrinin tarixən bərqərar olduğu və hazırda bu ənənələrin nümunə kimi beynəlxalq səviyyədə təbliğ edildiyi vurğulanıb.

Baş katib Pan Gi Mun Azərbaycanın 2012-2013-cü illərdə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi dünyada sülhə və əməkdaşlığa töhfə verdiyini, xüsusilə Prezident İlham Əliyevin Şuranın iclasına peşəkarlıqla sədrlik etməsinin onda xoş təəssürat yaratdığını qeyd edib.

Pan Gi Mun 2016-cı ildə Bakıda keçiriləcək BMT-nin Sivilizasiyalar Alyansının Forumunda iştirak edəcəyini bildirib.

Səfər çərçivəsində Ə.Qarayevin BMT-nin Sivilizasiyalar alyansı üzrə ali nümayəndəsi Nassir Abdulaziz Əl-Nasser, eləcə də Etnik Anlaşma Fondunun rəhbəri Ravvin Mark Şnayr, Bruklin şəhərinin meri Erik Adams və digər yüksək səviyyəli şəxslərlə ikitərəfli görüşlərinin keçirilməsi planlaşdırılır.

S.ABDULLAYEVA

 





28.01.2015    çap et  çap et