525.Az

"Azərbaycan sözün həqiqi mənasında Ermənistana dərs vermək iqtidarındadır"


 

"Azərbaycan sözün həqiqi mənasında Ermənistana dərs vermək iqtidarındadır"<b style="color:red"></b>

"Ermənistanın bu addımı artıq həyasızlığın son həddidir. Azərbaycan torpaqlarını işğal etdikləri azmış kimi, öz torpaqlarımızdan silahlı qüvvələrimizə qarşı təxribatlar törədirlər". Belə bir açıqlama ilə millət vəkili, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı çıxış edib. Onun sözlərinə görə, Azərbaycan Ordusu bu təxribatların qarşısını almaq istədikdə isə Ermənistan tərəfi ortaya tamam mənzərə çıxarmağa çalışır: "Baş verənlərdən nəticə çıxarmaq əvəzinə, belə addımın atılması Ermənistan hakimiyyətinin ciddi psixoloji sarsıntılar keçirdiyini göstərir. Məhz bunun nəticəsidir ki, dünya praktikasında heç zaman olmayan sərsəm fikirlərlə çıxış edirlər. Bu gün Azərbaycan tərəfi sözün həqiqi mənasında Ermənistana dərs vermək iqtidarındadır.

Buna onların qətiyyən şübhəsi olmasın. Çünki işğalçı dövlət bütövlükdə Rusiyanın girovundadır. Hazırkı kriminal, cinayətkar rejim Rusiya-Ermənstan münasibətlərindəki gərginliyi pərdələmək istəsə də, bu mümkün olmayacaq. Çünki Rusiya Ermənistana öz vilayətlərindən biri kimi yanaşır və bütün sahələrdə özündən asılı vəziyyətə salıb". Gümrü hadisələrinə də toxunan millət vəkili hesab edir ki, Gümrüdə baş verən cinayət hadisəsinin tam təfərrüatlarının açılması Ermənistanın hakim dairələrinin marağında deyil: "Ermənistan daha çox xalqın fikirlərini cəbhə xəttinə yönəltməklə hadisənin mahiyyətini itirməyə çalışırlar".

Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzinin sədri Hatəm Cabbarlı isə bildirib ki, Azərbaycan torpaqlarının Ermənistanın işğalından azad edilməsi üçün Azərbaycan dövlətinin bütün mümkün yollardan istifadə etməsi və danışıqlar aparması məqbuldur. Onun sözlərinə görə, bu Rusiya ilə də ola bilər, digər dövlətlərlə də. H. Cabbarlı deyib ki, Rusiyanın Ukrayna problemində çətin vəziyyətə düşdüyü və iqtisadi böhran yaşadığı ərəfədə bu ölkənin xarici siyasəti haqqında müxtəlif informasiyalar verilir: "Rusiya Dağlıq Qarabağın Azərbaycana qaytarılması müqabilində Azərbaycanı Avrasiya İqtisadi Birliyində görmək istəyir" xəbərini də bu konteksdən yanaşmaq lazımdır. Hələlik bu informasiya Rusiya rəsmiləri tərəfindən dilə gətirilməyib. Gətirilsə belə bunun detallarının necə olacağı haqqında etibarlı mənbələrdən məlumat yoxdur.

Dağlıq Qarabağ hansı hüquqi statusda Azərbaycana qaytarılacaq? 20 ildən çoxdur davam edən işğal Azərbaycanın və bölgənin təhlükəsizliyini təhdid edir. Bölgənin iqtisadi və siyasi bütünləşməsi qarşısında ciddi maneədir. Yaşadığı iqtisadi və siyasi problemlərə görə bunu Ermənistan daha çox hiss edir. Hesab edirəm ki, Ermənistanın işğalını Azərbaycanın ərazi bütünlüyü çərçivəsində həll etməyə qadir olan, sahib olduqları imkanlarından istifadə edəcək dövlət və yaxud dövlətlərə qarşı Azərbaycan eyni məsafədə dayanır. Əsas məsələ bunun hüquqi mexanizminin Azərbaycanı qane etməsi və tələblərinə cavab verməsidir". Ekspertin sözlərinə görə, problem o şəkildə həll olunmalıdır ki, Qarabağ erməniləri 20-30 ildən sonra hər hansı bir dövlətin siyasi dəstəyi ilə separatçılıq tələblərini yenidən gündəmə gətirməsin: "Yəni problem kökündən həll edilməlidir. Bunun qarşılığında Azərbaycanın hansı dövlət və yaxud dövlətlərlə ittifaqa girməsindən təbii heç nə yoxdur. Milli maraqlarımızın qorunması şərti ilə bu niyə də mümkün olmasın".

PƏRVANƏ

 





28.01.2015    çap et  çap et