525.Az

Ermənistan təlaş içində


 

MİLLƏT VƏKİLİ SAHİB ALIYEV: "ERMƏNİSTANDA HƏDƏF KİMİ RUSİYANIN AZƏRBAYCANLA ƏVƏZLƏNMƏSİ PROSESİ GEDİR"

Ermənistan təlaş içində<b style="color:red"></b>

Ermənistan davamlı surətdə atəşkəsi pozaraq işğal olunan torpaqlardan, eləcə də dövlət sərhəd xəttindən Azərbaycan istiqamətində təxribat xarakterli hücumlarını davam etdirir. Ümumilikdə yanvar ayı ərzində kəşfiyyat-təxribat qruplarının hücumlarının qarşısının alınması nəticəsində düşmən xeyli itki verərək geri çəkilməyə məcbur olub. Müdafiə Nazirliyindən  verilən məlumata görə, bu hücumlar nəticəsində ermənilərin 17 hərbi qulluqçusu məhv edilib, 20-dək yaralısı qeydə alınıb. Xəbərdə bildirilib ki, sayca qat-qat çox olan düşmənlə qeyri-bərabər döyüşdə Silahlı Qüvvələrimizin bölmələri şəxsi şücaət və igidlik göstərib. Düşmən hücumlarının qarşısı alınan zaman 3 hərbi qulluqçumuz şəhid olub, yaralananlar var.

Sarkisyan rejiminin bu cür hərəkətlərə əl atmasının arxasında bir çox səbəblərin olduğu bildirilir. İşğalçı ölkə bununla təkcə iki dövlət arasında gedən Dağlıq Qarabağ münaqişəsini dondurulmuş vəziyyətdə saxlamaqla yanaşı, vətəndaşların diqqətini ölkədə baş verən hadisələrdən yayındırmağa çalışır. Eyni zamanda, bu məsələdə başda Rusiya olmaqla, regionda sabitliyi pozmağa çalışan digər xarici qüvvələrin də Ermənistana təsirini unutmaq olmaz. Həmişə olduğu kimi dünyada baş verən əksər hadisələrə öz münasibətini və narahatlığını bildirən dövlər isə bu məsələdə susmağa üstünlük verirlər. Lakin 20 ildən artıqdır ki, iki ölkə arasında kompramis yollar axtarışında olan ATƏT-in Minsk qrupunun məsələyə biganə yanaşması münaqişənin nizamlanmasına xidmət edən səlahiyyətli şəxslər kimi həmsədrlərin vəzifə borclarını düzgün yerinə yetirə bilmədiyini göstərir.

Hadisə ilə əlaqədar Azərbaycanın Xarici İşlər Nazirliyindən verilən məlumata görə, beynəlxalq hüququn norma və prinsiplərinə və BMT nizamnaməsinə zidd olaraq, Azərbaycana qarşı işğal və təcavüz törədən dövlət kimi vəziyyətin gərginləşməsinə görə bütün məsuliyyət Ermənistanın üzərinə düşür.

"APA"nın məlumatına görə, nazirlikdən bildirilib ki, Ermənistan Silahlı Qüvvələrinin işğal edilən Azərbaycan ərazilərində mövcudluğu regional sabitlik və təhlükəsizliyi təhdid edən gərginliyin yaranmasının əsas səbəbidir: "Ermənistanın məqsədyönlü şəkildə vəziyyətin gərginləşməsinə yönəlmiş təxribatçı əməlləri münaqişənin həllinə mane olmaq və Ermənistanın Azərbaycana qarşı işğal və təcavüzü nəticəsində yaranmış mövcud "status-kvo"nu saxlamaq məqsədi daşıyır. Ermənistan rejimi "cəbhədə vəziyyətin gərginləşməsi" bəhanəsini əlində alət edərək, bu vasitə ilə uğursuz şəkildə ölkədaxili siyasi-iqtisadi və demoqrafik böhrandan, xüsusilə son günlərdə ölkədə yaranmış gərgin siyasi vəziyyətdən diqqəti yayındırmağa çalışır".

"Atlas" Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu hesab edir ki, Azərbaycan düşmənlə istər cəbhə, istərsə də, dövlət sərhəd xətti boyu müharibəyə hazır olmalıdır: "Gəbəbəydə şəhid verməyimiz ondan xəbər verir ki, Ermənistanla bizim savaşımız yalnız Qarabağda getmir, eləcə də bütün sərhəd boyu hücumlara məruz qalırıq. Görünür, qarşı tərəf Qarabağ istiqamətində bizə gücü çatmadığından başqa istiqamətlərdə uyğun hədəflər axtarır. Digər tərəfdən bu bizə mesajdır ki, əgər Azərbaycan ordusu nə vaxtsa Qarabağ istiqamətində əməliyyata başlasa, Ermənistan ordusu bizə başqa istiqamətlərdə problem yaradacaq. Önəmli olan bu mesaja nə cavab verəcəyimizdir". Politoloq daha sonra xatırladıb ki, müdafiə naziri Zakir Həsənov həlak olan hər əsgər və zabitimizin intiqamını düşməndən onqat alacağını deyib.

Millət vəkili Sahib Alıyev qeyd edib ki, hazırda İrəvanda baş verənlər və Sarkisyanın açıqlaması bir daha təsdiqləyir ki, son günlər cəbhə xəttindəki atışmalar Gümrü olaylarından diqqəti yayındırmaq məqsədi daşıyır: "Baxın, gərginliklər nədənsə Qarabağda deyil, daha çox Ermənistanla sərhəddə baş verir. Niyə, ona görə ki, belədə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı işə qarışa bilər. Yəni hazırda Ermənistanda bayrağı ayaqlar altına salınıb tapdanan Rusiyanın hərbi bazası onlar üçün yenidən dönüb xilaskara çevrilir. İkincisi, fikir verin, Gümrüdəki olaylara etiraz aksiyalarıyla paralel olaraq hərbi xunta ölkənin sərhəddində baş verənlərdən "qəzəblənən" gənclərin yürüşünü təşkil edir. Yəni, qəzəb hədəfi kimi Rusiyanın Azərbaycanla əvəzlənməsi prosesi gedir. Həmçinin, Gümrüdəki olaylarla bağlı ölkəsini narazılıq dalğası bürüyərkən ağzına su alıb susan Sarkisyan Azərbaycanı hədələməyə başlayır ki, sərhəddə baş verənlərə görə onların asimmetrik cavablarıyla üzləşəcəyik və hətta önləyici zərbələr endiriləcək". Millət vəkili hesab edir ki, bu artıq savaş hədəsidir və əgər dediklərini etməyə qalxsalar belə Sarkisyan bunu özbaşına etməyəcək, planlaşdırdığı önləyici zərbə isə Ermənistanın həm də forpost kimi varlığı üçün sonlayıcı zərbə olacaq.

Millət vəkili Zahid Oruc isə hesab edir ki, faktiki olaraq cəbhə xəttindəki gərgin vəziyyət  ATƏT-in Minsk qrupunun mövcudluğuna zərbədir. Onun sözlərinə görə, əgər həqiqətən də Qarabağ müharibəsi başlasa, bu halda həmin beynəlxalq dairələrin tutacağı mövqe xeyli sual doğurur: "Onlar kimin tərəfində olacaqlar, hansı addıma əl atacaqlar?! Bu mənada hesab edirəm ki, hazırkı dövrdə danışıqlar problemin həlli yollarının tapılmasına xidmət etmir".

Millət vəkili etiraf edib ki, hazırkı dövrdə danışıqları təşkil etmək kifayət qədər çətinləşib. O  "SİA"ya bildirib ki, indi silahların daha intensiv danışdığı məqamda dövlət başçılarının siyasi vasitələrlə problemi çözməyi xeyli mürəkkəb görünür: "Həmsədlər faktiki olaraq tərəfləri masa arxasına əyləşdirməyə nail ola bilmirlər. Hazırda ATƏT-in Minsk qrupu geniş və lokal toqquşmaların qarşısını almaqda acizdir. Ümumiyyətlə proses müharibəyə doğru inkişaf edə bilər. Belə olan təqdirdə biz bir neçə nəticəni çıxara bilərik. Bir tərəfdən tərəflərin silahlı vasitəyə daha güclü şəkildə yer verməsi onun sübutudur ki, beynəlxalq vasitəçilər problemi həll edə bilməyəcəklər. Yəni bu, inamsızlığın göstəricisidir".

Ceyhun ABASOV

 





28.01.2015    çap et  çap et