525.Az

"Qarabağ münaqişəsi həll olunmadan Azərbaycanın hansısa bloka qoşulması məqbul deyil"


 

"Qarabağ münaqişəsi həll olunmadan Azərbaycanın hansısa bloka qoşulması məqbul deyil"<b style="color:red"></b>

"Dağlıq Qarabağ münaqişəsi həll olunmadan Azərbaycanın hər hansı bir bloka qoşulmasını qeyri-məqbul hesab edirəm".

Belə bir açıqlama ilə politoloq Qabil Hüseynli Rusiyanın Dağlıq Qarabağın geri qaytarılması müqabilində Azərbaycanı Avrasiya İqtisadi Birliyinə qoşmağa çalışdığına dair yayılan xəbərlərə münasibət bildirərkən çıxış edib. Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, yəni mərkəzi hakimiyyətə tabe olması surəti ilə Azərbaycanın Avrasiya İqtisadi Birliyinə daxil olması ilə razılaşmaq olar: "Bu mənim şəxsi fikrimdir. Hesab edirəm ki, bu addım Azərbaycanın xeyrinə ola bilər. Amma bir şərtlə ki, Rusiya bu məsələdə səmimi olsun və Dağlıq Qarabağı həqiqətən də Azərbaycanın tərkib hissəsi kimi Avrasiya İqtisadi Birliyinə qəbul etsin".  Regiondakı münaqişəli vəziyyətlərin müqayisəsini aparan politoloq deyib ki, ümumiyyətlə hələ də Ukraynada münaqişələr davam edir və tam başa çatmayıb: "Amma bizdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin birinci mərhələsi başa çatıb. Görünür ki, Ukrayna reallıqla barışmaq istəmir və barışmayacaq da. Çünki onun arxasında böyük bir Qərb dünyası dayanıb. Çox təəssüf ki, məsələyə yanaşmada ikili standartlar mövcuddur. Sanki Ukrayna torpaqlarının işğal edilməsinə maddi yardım göstərilir, silah göndərirlər, sanksiyalar tətbiq edirlər və s. Amma beynəlxalq qurumlar Dağlıq Qarabağ ərazisinin işğal olunmasını etiraf etmək belə istəmirlər. Bizim Qarabağla bağlı problemlərimiz Ukraynaya nisbətən daha çətindir. Ola bilsin ki, bütün bunlar müharibənin yenidən alovlanmasına gətirib çıxarsın".

Millət vəkili Zahid Oruc isə son günlər cəbhədə gərginliyin artması, atəşkəsin intensivləşməsi fonunda Dağlıq Qarabağ münaqişəsinin ATƏT-in Minsk qrupu çərçivəsində sülh yolu ilə həlli imkanlarına, həmsədrlərin Azərbaycan və Ermənistan prezidentlərinin bu il ərzində görüşünü planlaşdırmasına toxunub: "Etiraf etmək lazımdır ki, hazırkı dövrdə danışıqları təşkil etmək kifayət qədər çətinləşib. İndi silahların daha intensiv danışdığı məqamda dövlət başçılarının siyasi vasitələrlə problemi çözməyi xeyli mürəkkəb görünür".  Deputatın sözlərinə görə, həmsədlər faktiki olaraq tərəfləri masa arxasına əyləşdirməyə nail ola bilmirlər: "Hazırda ATƏT-in Minsk qrupu geniş və lokal toqquşmaların qarşısını almaqda acizdir. Ümumiyyətlə, proses müharibəyə doğru inkişaf edə bilər. Belə olan təqdirdə biz bir neçə nəticəni çıxara bilərik. Bir tərəfdən tərəflərin silahlı vasitəyə daha güclü şəkildə yer verməsi onun sübutudur ki, beynəlxalq vasitəçilər problemi həll edə bilməyəcəklər. Yəni bu, inamsızlığın göstəricisidir". Z.Oruc hesab edir ki, faktiki olaraq cəbhə xəttindəki durum  ATƏT-in Minsk qrupunun mövcudluğuna zərbədir: "Həqiqətən də Qarabağ müharibəsi başlasa, bu halda həmin beynəlxalq dairələrin tutacağı mövqe xeyli sual doğurur. Onlar kimin tərəfində olacaqlar, hansı addıma əl atacaqlar və s. Bu mənada hesab edirəm ki, hazırkı dövrdə danışıqlar problemin həlli yollarının tapılmasına xidmət etmir".

Qeyd edək ki, son günlər cəbhədə vəziyyətin gərginləşməsi müşahidə olunmaqdadır, yanvarın 27-də xarici işlər naziri Elmar Məmmədyarov Polşanın Krakov şəhərində Minsk qrupunun həmsədrləri ilə görüşdə münaqişənin həlli istiqamətində növbəti addımları və atəşkəsin pozulması hallarını müzakirə edib. Daha əvvəl isə Amerikadan olan həmsədr Ceyms Uorlik bəyan edib ki, bu il ərzində tərəflər arasında yüksək səviyyəli görüşün keçirilməsi üzərində işləyirlər. Xatırladaq ki, Azərbaycan və Ermənistan prezidentlərinin sonuncu görüşü ötən ilin oktyabrında Fransa prezidentinin təşəbbüsü ilə Parisdə baş tutub.

PƏRVANƏ

 





28.01.2015    çap et  çap et