525.Az

İnsan Haqları Məhkəməsi Perinçəkin işinə baxır


 

İnsan Haqları Məhkəməsi Perinçəkin işinə baxır<b style="color:red"></b>

Bu gün Strasburqda Avropa İnsan Haqları Məhkəməsinin Böyük Palatası Türkiyə İşçi Partiyasının lideri Doğu Perinçəkin işi üzrə çıxarılmış qərardan İsveçrə hökumətinin verdiyi şikayətə baxır.

APA-nın Avropa müxbirinin xəbərinə görə, AİHM sədri Din Şpilmanın sədrlik etdiyi prosesə 17 hakim qatılıb.
 
D. Perincəki vəkillər Mehmet Cengiz və Kristian Lorent Peş, Türkiyə dövlətini vəkil, professor Stefan Talmon, İsveçrə hökumətini vəkil Daniel Türer, Ermənistan hökumətini isə Cofrey Robertson və xanım Amal Kluni təmsil edirlər.
 
Bundan başqa, məhkəmə prosesinə Türkiyənin Konstitusiya Məhkəməsinin üzvləri, Fransanın Dövlət Şurasının hüquqşünasları da qatılıblar. Məhkəmə binasının qarşısındakı küçənin bir tərəfində ermənilər, o biri tərəfində isə türklər nümayiş keçirirlər. Məhkəmənin yerləşdiyi məhəllə polis tərəfindən qorunur.
 
Qeyd edək ki, Türkiyə İşçi Partiyasının lideri Doğu Perinçək 23 iyul 2005-ci ildə İsveçrənin Lozan şəhərində keçirilən mitinqdə dediyi “Erməni soyqırımı beynəlxalq yalandır!” - sözlərinə görə polis nəzarətinə alınıb. Türkiyənin müdaxiləsi ilə sərbəst buraxılan Perinçək, daha sonra məhkəmə tərəfindən 3 ay həbs cəzasına məhkum edilsə də, məhkumiyyəti pul cəriməsi ilə əvəz edilib. 2008-ci ilin iyununda Doğu Perinçəkin vəkili Mehmet Cengiz söz və ifadə azadlığını məhdudlaşdırdığına görə İsveçrəni Avropa İnsan Haqları Məhkəməsinə şikayət edib. AİHM 17 dekabr 2013-cü ildə bu şikayəti təmin edib. 2014-cü ilin martında İsveçrə hökuməti AİHM qərarından apellyasiya şikayəti verib. Daha sonra Ermənistan və Fransa da prosesə daxil olublar. İsveçrənin apellyasiya şikayəti barədə AİHM-in Böyük Palatasında qərar veriləcək. İki aydan sonra açıqlanması gözlənilən AİHM Böyük Palatasının qərarı qətidir və ondan heç bir şikayət verilə bilməz.

 





28.01.2015    çap et  çap et