525.Az

"Biz banklardan sosial məsuliyyət gözləyirik"


 

"Biz banklardan sosial məsuliyyət gözləyirik"<b style="color:red"></b> “Bank sektorunun inkişafı son illərdə sürətlə gedib. Azərbaycanda indi bank sektorunda konsolidasiya gedir. Nizamnamə kapitalının artırılması nəticəsində artıq bu, bank sisteminə, ümumiyyətlə, çox müsbət təsir göstərib, ölkəni və əhalini hər hansı bir sürprizdən qoruyur”.

APA-nın məlumatına görə, bu sözləri Heydər Əliyev Mərkəzində “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda prezident İlham Əliyev deyib.
 
Dövlət başçısı artıq bankların kifayət qədər böyük nizamnamə kapitalının olduğunu bildirərək,  onların bir neçəsinin artıq xarici bazarlara çıxdığını, xaricə investisiya qoyduğunu qeyd edib: “Mən prinsip etibarı ilə buna etiraz etmirəm. Ancaq hesab edirəm ki, ilk növbədə, o bankların ki, böyük resursları var, ölkə iqtisadiyyatına vəsait ayırsınlar. Mən bir dəfə bu barədə demişəm, bir daha demək istəyirəm ki, üstünlük istehlak kreditlərinə yox, real sektora verilməlidir. Bank sektorunun əsas fəaliyyəti yeni müəssisələrin yaradılmasına, iş yerlərinin açılmasına yönəldilməlidir. Çünki Azərbaycan dövləti bank sektorunun formalaşmasında çox böyük rol oynayıb. Azərbaycan dövləti və hökuməti həmişə bank sektoruna dəstək olub, eyni zamanda, onlara maliyyə resursları da verir, təmin edir, onlar üçün qazanc mənbəyi yaradır. Yəni, bank sektoru bunu düzgün qiymətləndirməlidir və dövlətə minnətdar olmalıdır ki, bunlara bu qədər qayğı göstərir. Dövlət də, öz növbəsində, indi onlardan daha da fəal iş gözləyir”.
 
Prezident İlham Əliyev ən azı ildə iki dəfə bu barədə məlumat verilməli olduğunu qeyd edib: “Azərbaycan bankları hansı həcmdə, hansı layihələrə, hansı rayonlarda, yaxud da Bakı şəhərində hansı vəsait ayırıblar? Bax, bu məlumat olmalıdır. Mən də, ictimaiyyət də görsün ki, bank sektoru ancaq öz cibini güdmür, eyni zamanda, ölkənin inkişafı üçün də fəal çalışır. Mən bir dəfə bu barədə demişəm, bir daha demək istəyirəm ki, biz banklardan sosial məsuliyyət gözləyirik. Eyni zamanda, bu gün Azərbaycanda elə gözəl biznes mühiti yaranıb ki, ölkəmizə qoyulan vəsait özünü doğruldacaq və doğruldur”.
 





28.01.2015    çap et  çap et