525.Az

Musiqili bir gecənin xoş təəssüratı


 

Musiqili bir gecənin xoş təəssüratı<b style="color:red"></b>

Yenicə qədəm qoyduğumuz il şəhər sakinlərini bir-birindən maraqlı və gözəl musiqi əsərlərindən ibarət konsertdə bir araya topladı. Yanvarın 16-da M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında keçirilən konserti musiqisevərlərin xoş təbəssümlə xatırlayacaqlarını əminliklə qeyd etmək olar. Bu xoş təəssüratı bəxş edən isə Elşad Bağırovun dirijorluğu ilə çıxış edən Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri və gənc pianoçu Toğrul Hüseynli oldu.

Uğurlu çıxışlarla yadda qalan, iki hissədən ibarət konsertin birinci hissəsində görkəmli rus bəstəkarı, virtuoz-pianoçu, dirijor S.V.Raxmaninovun fortepiano və orkestr üçün “2 saylı do minor konserti” səsləndi. Əsərin tam şəkildə ilk ifasını müəllifin özü təqdim edib, 1901-ci il 27 oktyabrda A.İ.Zilotinin rəhbərliyi ilə gerçəkləşib.  Həmin gündən müxtəlif hissləri özündə cəmləşdirən bu möhtəşəm əsəri dünyanın ən məşhur pianoçuları öz repertuarlarına daxil ediblər. Bu sırada Vladimir Horovits, Svyatoslav Rixter, Artur Rubinşteyn, Roza Tamarkina, Bayron Cenis, Van Klibern, Denis Matsuevin adı çəkilə bilər. Azərbaycan pianoçularından isə  Tamilla Mahmudova 1958-ci ildə Moskvada Azərbaycan ədəbiyyatı və incəsənəti ongünlüyündə, 2009-cu ildə isə professor Yeganə Axundova Budapeştdə həmin əsərlə çıxış edib.

Çox sevindirici və qürurverici bir haldır ki, bu dəfə Azərbaycan Dövlət Filarmoniyasında bu əsər ölkəmizin, mədəniyyətimizin gənc və istedadlı təmsilçisi, pianoçu Toğrul Hüseynli tərəfindən layiqincə ifa olundu.

“Moderato” adlanan birinci hissənin yuxarı və orta registrində zərblə verilən ağır akkordlar tamaşaçıların bütün fikir və diqqətini sanki bir nöqtədə dondurur. Lakin daha sonra müxtəlif fiqurasiyalarla bəzədilmiş, yumşaq səslənən işıqlı əsas  və köməkçi mövzu ətrafa sakitlik və lirizm gətirir.

“Adagio sostenuto (II hissə)” adlanan hissə isə rus lirikasının ən gözəl nümunələrindən hesab olunur. Sanki təbiətdə əriyib tamamilə ona qarışmağı ifadə edən musiqidə yalnız ürək sakitliyi, zəngin mənəvi hisslər öz təsvirini alır.

“Allegro scherzando (III hissə)” isə öz şən-əhval ruhiyyəsi ilə fərqlənir. Dinləyiciyə müxtəlif hissləri yaşamağa vadar edən I və II hissədən sonrakı skertsovari motivlərdə rəqs və marşvarı musiqi bir-birini əvəzləyir. Lakin bununla yanaşı bəstəkar lirik mövzulara verdiyi önəmi bu hissədə də nümayiş etdirir.

Əsərin bütün bu incəliklərini nəzərə alaraq qeyd etmək olar ki, özündə zərif hissləri birləşdirən bir musiqi əsərini ifa etmək daha məsuliyyətli və çətindir. Çünki ifaçı dinləyici və bəstəkar arasında bir vasitəçi rolunu oynayaraq müəllifin hansı hissləri aşılamaq istədiyini ifadə etməli və ya öz interpretasiyası ilə tamaşaçıya bu hissləri yaşatmalıdır. Fəxrlə demək olar ki, gənc pianoçu Toğrul Hüseynli öz öhdəsinə götürdüyü bu işi layiqincə yerinə yetirdi. 35 dəqiqəlik gözəl əsər və ifanın ardından gurultulu tamaşaçı alqışının olmağı ifaçının təkrarən səhnəyə dəvət olunaraq yenidən ifa etməsinə zəmin yaratdı. Pianoçu V.A.Motsartın 11 saylı Lya Major fortepiano sonatasının Rondo Alla Turca – III hissəsini ifa etdi.

Konsert proqramının ikinci hissəsində  üç müxtəlif bəstəkarın əsərləri yer almışdı. Buraya Corc Gerşvin, Klod Debüssi və Moris Ravel kimi bəstəkarların əsərləri daxil idi. İlk olaraq amerikalı bəstəkar və pianoçu C.Gerşvinin “Amerikalı Parisdə” adlanan musiqi nümunəsi təqdim olundu. Eyniadlı musiqili səhnə əsərinə əsaslanan kompozisiyada amerikalı mühacirin Parisdə məskunlaşmasından və həyatında baş verən dəyişikliklərdən bəhs edilir. Səyahət və macəralar musiqidə aydın şəkildə öz əksini tapmışdır.

Ardınca impressionizm cərəyanının görkəmli nümayəndəsi Klod Debüssinin “Berqam süitası”ndan “Ay işığı” orkestrin ifasında tamaşaçılara təqdim olundu. Öz nağılvari melodiyası ilə gecəni davam etdirən bu əsərin ardınca isə həmin cərəyanın daha bir işıqlı siması, fransız bəstəkarı Moris Ravelin yaradıcılığından “Vals” xoreoqrafik poeması səsləndi. Zarafatyana, fantastik musiqisi ilə konserti yekunlaşdıran bu əsər yüksək əhval-ruhiyyə ilə qarşılandı.

Ümumilikdə uğurlu çıxışlar və gözəl repertuar konsertə təşrif buyurmuş musiqisevərlərin xoş bir gecə keçirməsinə vəsilə oldu.

Nuray ƏLİYEVA, musiqişünas

 





24.01.2015    çap et  çap et