525.Az

“Ermənistanın Davos İqtisadi Forumunda iştirakına lüzum görülmür”


 

“Ermənistanın Davos İqtisadi Forumunda iştirakına lüzum görülmür” <b style="color:red"></b>

“Ermənistan kimi dövlətin Davos İqtisadi Forumunda iştirakına hər hansı bir lüzum görülmür”. Belə bir açıqlama ilə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Ermənistanın Davos İqtisadi Forumunda iştirak etməməsinə münasibət bildirərkən çıxış edib.

Onun sözlərinə görə, Davos İqtisadi Forumunda qlobal iqtisadiyyat və qlobal siyasi məsələlər müzakirə olunur: “Təbii ki, burada da dünya qlobal siyasi və iqtisadi məsələlərində xüsusi çəkisi olan, eləcə də proseslərə təsir edən, töhfə verən dövlətlər yaxından iştirak edirlər. Ermənistan isə bu proseslərdən tamamilə təcrid olunmuş kasıb və yoxsul bir dövlətdir. Beləcə, Ermənistan kimi dövlətin orada iştirakına hər hansı bir lüzum görülmür. Məhz bu səbəblərdən də rəsmi İrəvan və bu dövlətin rəhbərliyində olan şəxslər Davos Forumuna dəvət olunmurlar”.

Gümrüdə baş verən hadisələrə də münasibət bildirən H.Hacıyev deyib ki, Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərindən çıxması üçün sadəcə olaraq qarşı tərəf konstruktivlik nümayiş etdirməlidir: “Onlar öz üzərinə düşən məsuliyyəti dərk etməli və öz qoşunları ölkəmizin ərazisindən çıxarmalıdır”. 

XİN rəsmisi Ermənistanın qondarma “erməni soyqırımı”nın bu ilin aprel ayında qondarma “erməni soyqırımı”nın 100 illiyinə hazırlaşmalarına da münasibət bildirib: “Ümumiyyətlə tarixin siyasiləşdirilməsi və saxtalaşdırılması yolverilməzdir. Ermənistanın təcrübəsində isə tarixin saxtalaşdırılması siyasəti həyata keçirilir”.  H. Hacıyevin sözlərinə görə, ötən əsrin əvvəlində baş vermiş hər hansı hadisələrə müəyyən siyasi rənglər verilir və konkret olaraq siyasi məqsədlər üçün istifadə edilir: “Ermənistan tərəfi bu kimi əsassız iddialarla çıxış etməzdən öncə ilk növbədə, Azərbaycanın işğal olunmuş ərazilərində törədilən soyqırım əməllərinə cavab verilməlidir. Təbii ki, buna görə Ermənistanın hal-hazırda siyasi rejimində təmsil olunan şəxslər məsuliyyət daşıyırlar. Bildiyiniz kimi, işğalçı ölkə tərəfindən Xocalı soyqırımı törədilib. Bununla belə, işğal olunmuş ərazilərdə və Ermənistanın öz ərazisində yaşayan köklü Azərbaycan xalqına qarşı soyqırımı siyasəti və cinayət əməlləri həyata keçirilib. Rəsmi İrəvan bu əməllərinə görə beynəlxalq hüquq əsasında cavab verməlidir və buna görə də məsuliyyət daşıyır”. 

XİN sözçüsü rəsmi Bakının bundan sonra atacağı addımlara da aydınlıq gətirərək deyib ki, hələ Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Bakıda olarkən Azərbaycan Prezidenti İlham Əliyevlə birgə mətbuat konfransı keçirmişdi: “Həmin mətbuat konfransı zamanı səsləndirilən fikirlərdən biri də o oldu ki, Azərbaycan və Türkiyə koordinasiya olunmuş şəkildə tədbirlər həyata keçirəcəklər. Bu, hər iki ölkənin XİN-inə, diaspor təşkilatlarına və digər dövlət qurumlarına aiddir. Azərbaycan tərəfindən də ilk növbədə erməni saxtakarlığı və tarixin saxtalaşdırılmasından irəli gələn faktlar daimi əsasda araşdırılır. Beləcə, onlar beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılır. Təbii ki, bundan sonra da koordinasiya olunmuş fəaliyyət həyata keçiriləcək”.  

PƏRVANƏ 

 





24.01.2015    çap et  çap et