525.Az

“Hər önəmli layihədə Azərbaycanın iştirakı vacib amil kimi qiymətləndirilir”


 

“Hər önəmli layihədə Azərbaycanın iştirakı vacib amil kimi qiymətləndirilir” <b style="color:red"></b>

“Azərbaycan hər il keçirilən Davos İqtisadi Forumunda ən yüksək səviyyədə təmsil olunur. Bu, ilk növbədə prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda yürüdülən mütərəqqi və müstəqil siyasətin bariz nəticəsidir”. Bu fikirləri  Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının üzvü, iqtisadçı ekspert Aydın Hüseynov Davos Forumunun Azərbaycan üçün əhəmiyyətindən danışarkən deyib. A.Hüseynov vuğulayıb ki, hər il olduğu kimi, bu il də dövlət başçısı Dünya İqtisadi Forumunda iştirak edib: “Dövlətimizin başçısı burada dünyanın ən tanınmış siyasi və iqtisadi elitaların nümayəndələrilə görüşlər keçirib, möhtəşəm çıxış edib və Azərbaycanın əməkdaşlığa hazır olduğunu nümayiş etdirib. Əlbəttə ki, dövlət başçımızın çıxışında vurğulanan fikirlərdən də aydın görünür ki, bu gün ölkəmizdə yürüdülən tam müstəqil siyasət onun dünya dövlətləri sırasındakı nüfuzunun daha da artmasına səbəb olmaqdadır”.

YAP rəsmisi bildirib ki, Azərbaycanın dünyanın qlobal iqtisadi və enerji layihələrindəki iştirakı, eyni zamanda əhəmiyyətli rolu həm də yürüdülən mükəmməl siyasətin ardıcıllığı əsasındadır: “Bu baxımdan, Azərbaycan dünya ölkələri sırasında söz sahibinə çevrilib. Ölkə başçımızın da dəfələrlə vurğuladığına görə, bu gün dünyada reallaşdırılan hər bir önəmli layihələrdə Azərbaycanın iştirakı vacib amil kimi qiymətləndirilməkdədir. Azərbaycanın iştirakı olmadan hər hansı bir layihənin gerçəyə çevrilməsi çətinləşir. Bu baxımdan, hesab edirəm ki, Azərbaycan bütün bu uğurlara yürütdüyü müstəqil siyasəti nəticəsində imza atıb, bundan sonra da atacaq”.   

A.Hüseynov eyni zamanda bildirib ki, digər xarici dövlət adamlarının, nəhəng şirkət rəhbərliklərinin, iqtisadiyyat nəhənglərinin  Azərbaycan dövlət başçısını ilə görüşməyə can atmaları sözsüz ki, həm ona, həm də Azərbaycana olan inam və etibardan irəli gələn əhəmiyyətli faktordur: “Təbii ki, bütün bunlar Azərbaycana olan maraqdan irəli gəlir. Çünki Azərbaycan həm siyasi, həm iqtisadi baxımından riskli ölkə deyil, eyni zamanda, investisiya yatırılması üçün əlverişli şəraitə və mənbəyə malikdir. Azərbaycanın bu cür üstünlükləri həm də nüfuzlu beynəlxalq təşkilatların rəylərində də özünü göstərir”. 

YAP Siyasi Şurasının üzvü vurğulayıb ki, son dövrlər ən nüfuzlu beynəlxalq maliyyə və reytinq təşkilatlarının hesabatlarından da göründüyü kimi, respublikamızda azad bazar prinsiplərinin və investisiyalar üçün rəqabət qabiliyyətli biznes iqliminin təmin edilməsi təqdir olunan başlıca elementlərdəndir: “Dünyanın siyasi və iqtisadi elitasının dövlətimizə olan marağının əsasında dayanan daha bir fakt isə son dövrlər ərzində sürətlə inkişaf edərək, Azərbaycanın planet ölkələri üçün dinamizm və dayanıqlılıq nümunəsinə çevrilməsidir. Bu, sadə fikir deyil, reallıqda öz əksini tapmış önəmli və danılmaz faktdır”. 

Politoloq Elman Nəsirov isə deyib ki, Davos İqtisadi Forumu dünyada xüsusi çəkisi olan bir qurumdur. Politoloqun sözlərinə görə, Davos İqtisadi Forumuna ilk növbədə dünyanın iqtisadi elitası toplaşır: “Bununla belə, Forumda dünyanın siyasi elitası da iştirak edir. Foruma gələn dövlətlər bir-birini zənginləşdirmək və bir-birinə töhfələr vermək iqtidarında olan tərəfdaşlardırlar. Hər bir dövlətin öz potensialını nümayiş etdirmək üçün Davos İqtisadi Forumu unikal bir şans və imkandır. Təbii ki, Azərbaycanda bu imkandan maksimum faydalanır. Məqsəd isə Azərbaycanın iqtisadi potensialını, ölkəmizdə inkişaf proseslərini və s. bütün dünyanın siyasi elitasının görməsidir. Beləcə rəsmi Bakı çalışır ki, Azərbaycana daha çox investisiyanın cəlb edilməsinə nail olunsun. Eyni zamanda bu, dövlətimiz üçün yeni bazarların əldə edilməsi baxımından unikal bir imkandır”. 

Davos İqtisadi Forumunda Ermənistanın iştirak etməməsi məsələsinə gəlincə E.Nəsirov deyib ki, sadalanılan parametrlərin heç biri işğalçı ölkəyə uyğun gəlmir: “Çünki dünya iqtisadi elitasına Ermənistanın bu Forumda iştirakı heç bir halda maraqlı deyil. Bildiyiniz kimi, onlar hər il ölkələrin iqtisadiyyata rəqabət qabiliyyətini müəyyən edirlər. Heç kimə sirr deyil ki, Ermənistan bu sıralarda 100-cü yerlərdən birini tutur. Nə iqtisadi potensialına, nə ölkədəki siyasi vəziyyətinə, nə də ki, siyasi rejiminə görə Ermənistan dövləti dünya birliyi üçün artıq maraqlı deyil. Yəni belə bir ölkəyə investisiya qoymaq son dərəcə riskli bir hadisədir. Təbii ki, bu gün erməni ekspertlər bu haqda özləri də yazır. Bu mənada hesab edirəm ki, Davos İqtisadi Forumu həm də Ermənistana dünyanın, dünya birliyinin, iqtisadi güclərin necə yanaşdığının bir göstəricisidir”. 

PƏRVANƏ 
 

 





24.01.2015    çap et  çap et