525.Az

Azərbaycan əsilli Türkiyə alimi: böyük ədəbiyyatşünas Əbdülbaqi Gölpınarlı


 

Azərbaycan əsilli Türkiyə alimi: böyük ədəbiyyatşünas Əbdülbaqi Gölpınarlı<b style="color:red"></b>

Əslən Azərbaycandan - Şəkinin Gölbulaq köyündən olan Əbdülbaqi Gölpınarlı Türkiyədə çox yaxşı tanınan ədəbiyyatşünas alim, dini-mənəvi islami görüşləri, geniş tərcüməçilik fəaliyyəti ilə tarixdə, yaddaşlarda qalan parlaq təfəkkür sahiblərindən biridir. Azərbaycan ziyalılarından çoxu, yəqin ki, ilk dəfə onun adını 1958-ci ildə Məhəmməd Füzulinin vəfatının 400 illiyi münasibəti ilə keçirilən tədbirlərdə eşitdi.

Ə.Gölpınarlı dinləyicilərə və oxuculara  hər yerdə Türkiyə alimi kimi təqdim olunub, onun əsli və nəsli, dədə-baba yurdu haqqında məlumat verməyi lazım bilməyiblər. Azərbaycan alimlərinin Füzuli haqqında yazdıqları elmi-tədqiqat işlərində də Ə.Gölpınarlıdan ətraflı bəhs etmək, onun yaradıcılığında mühüm yer tutan Azərbaycan mövzusundan söz açmaq çox da yada düşməyib.

Ə.Gölpınarlının atası XIX əsrin sonlarında-XX əsrin əvvəllərində Türkiyənin tanınmış ziyalılardan olan yazar Əhməd Agah Əfəndidir. Əhməd Agah Əfəndinin atası İzzət Mustafa oğlu Azərbaycanda - Gölbulaq kəndində anadan olub, 1877-1878-ci il Rusiya-Türkiyə savaşı zamanı Bursaya gedib, bir müddətdən sonra da oradan İstanbula köçüb.

Yeri gəlmişkən, qeyd edək ki, Gölbulaq kəndi Cəfərabad-Şəki yolunun üstündə yerləşən, zəngin tarixi ənənələri olan, orta əsrlərdə bir sıra döyüşlərə şahidlik etmiş yaşayış məskənidir.

 Əhməd Agah Əfəndinin yazarlıq fəaliyyəti İstanbulda nəşr olunan "Tərcümani-həqiqət" adlı qəzetdə formalaşıb. Bu qəzet Türkiyənin uzunömürlü mətbuat orqanlarından biridir. İlk nömrəsi 26 iyun 1878-ci ildə, son nömrəsi  isə 11 fevral 1921-ci ildə çap edilib.

Əhməd Agah Əfəndi bu qəzetin aparıcı müxbirlərindən biri idi, hətta mətbuat aləmində "Şeyxül-Mühabirin" (müxbirlərin şeyxi - N.N.) kimi anılırdı.

Ə.Agah Əfəndi İstanbulda əslən Dağıstandan olan Aliyə Şöhrət xanım ilə evlənib. Ailənin doğulan ilk uşaqları hələ körpə ikən həyatdan köçüblər. Ailə başçıları 12 yanvar 1900-cü ildə Kadırqa səmtində  dünyaya gələn növbəti körpəyə Mustafa İzzət adı verirlər. Bu, körpənin babasının (atasının atasının-N.N.) adı idi. Ailənin əvvəlki  uşaqları çox yaşamadığı üçün, uzunömürlü olsun, deyə onu sonralar Əbdülbaqi adı ilə çağırıblar ("baqi" sözünün bir neçə mənası var, onlardan biri də "əbədi" deməkdir-N.N.)

Ə.Gölpınarlı yaxşı təhsil ocaqlarında, yaxşı müəllimlərdən, yaxşı təhsil alıb. O, ilk təhsilini İstanbulun Babiali yoxuşundakı Təhsin Əfəndi  İlkokulunda, orta təhsilini "Mənbəül-İrfan" məktəbində alıb.

Ə.Gölpınarlı rüşdiyyə məktəbinin son sinfində  oxuyarkən atası dünyasını dəyişib. Təhsilinə ara verən məktəbli işləməyə məcbur olub. O, bir müddət İstanbulda kitabçılıqla məşğul olub, sonra isə Çorumun Alaca ilçəsindeki Mənbəi-İrfan İbtidai Məktəbində müəllimlik və idarəcilik fəaliyyəti göstərib. 1922-ci ildə İstanbula dönüb, imtahan verərək son sinfinə girdiyi İstanbul Erkək Müəllim Məktəbini, ardından da İstanbul Universitetinin Ədəbiyyat fakültəsinin türk dili və ədəbiyatı bölümünü professor Köprülüzadə Məhmət Fuat bəyin nəzarətində hazırladığı və ona ithaf etdiyi "Məlamilik və Məlamilər" adlı buraxılış işi ilə 1930-cu ildə bitirib. Əsərin ithaf yerində yazılıb: "Bu əsərimi türk ədəbiyyatı tarixini quraraq gəncliyə elm yollarını göstərən və çalışmaq zövqü verən şərqşünaslığımızın banisi əziz ustadım professor doktor Köprülüzadə M.Fuat bəy əfəndiyə ithaf edirəm".

Təəssüf ki, sonralar müəllimlə tələbə arasında anlaşılmazlıq baş verir və onların əlbir elmi fəaliyyətinə son qoyulur. Ə.Gölpınarlı  sonralar yazdığı məqalələrin birində bu soyuqluğu və ayrılığı F.Köprülüzadənin közü həmişə öz tərəfinə çəkməsi və müəlliminin liderlik iddiası ilə əlaqələndirir.

Ə.Gölpınarlı ədəbiyyat öyrətməni olaraq Konya, Kayseri, Balıkəsir, Kastamonu və İstanbuldakı Heydərpaşa Liseyində çalışıb. Ankara Universitetinin dil və Tarix-Coğrafya fakültəsində fars dilindən mühazirələr oxuyub. Doktorluq mənsəbinə çatandan sonra həmin fakültədə mətnlər şərhindən dərs deyib. İstanbul Universitetinin ədəbiyyat fakültəsində islam-türk təsəvvüf tarixi və ədəbiyyatı dərsləri verib. 1945- ci ilin aprelində "kommunistlik"də günahlandırılaraq, Türk Cəza Qanununun 142-ci maddəsi ilə həbs edilib; 318 gün həbsxanada yatdıqdan sonra -1946-cı ilin fevralında ona bəraət verilir və A. Gölpınarlı yenidən  müəllimlik fəaliyyətinə qayıdır. 1949-cu ildə öz istəyi ilə təqaüdə çıxır. Əslində bu, Ə.Gölpınarlının yaşadığı cəmiyyətin yaramaz qayda-qanunlarına qarşı ziyalı kimi etiraz səsi idi. Tədqiqatçılardan biri Ə.Gölpınarlını tam anlamıyla aydın bir ziyalı kimi qiymətləndirib. Ə.Gölpınarlının ailə həyatı uğursuz olub. O, 1926-cı ilə aid tərcümeyi-halında yazır: " Evləndim, boşadım, adını da, tarixini  də unutdum, bir daha evlənmək niyyətim yoxdur".

Ə.Gölpınarlı 1982-ci il avqust ayının 25-də dünyadan köçüb, Seyid Əhməd Dərəsi Məscidinin qəbiristanında dəfn edilib.

lll

Ə.Gölpınarlı elmi yaradıcılığa gənc yaşlarından başlamışdı. O, əqidə  və məsləkinə görə Osmanlı sufiliyinin təmsilçisidir.

1931-ci ildə yayımladığı "Məlamilik və məlamilər" adlı əsəri ilə özünü tanıdan Gölpınarlı "Türkşünaslıq məcmuəsi", "Şərqşünaslıq məcmuəsi"  və İstanbul Universitetinin "İqtisad fakültəsi məcmuəsi"nin bir sıra nömrələrində, digər dərgi və qəzetlərin səhifələrində maarifləndirici yazılarla çıxış edib. İslam Ensiklopediyası və Türk Ensiklopediyası  üçün çeşidli məqalələr yazıb. Divan ədəbiyyatına  aid çalışmaları elm adamlarının diqqətini cəlb edib. "Divan Ədəbiyyatı Bəyanındadır" (1945) adlı kitabı ilə ədəbiyyat aləmində məşhurlaşan Ə.Gölpınarlı  M.Füzuli, Yunis İmrə, Nədim, Mövlana Cəlaləddin, Şeyx Qalib kimi söz ustalarının ədəbi irsinin türk oxucularına çatdırılmasında misilsiz işlər görüb.

Ə.Gölpınarlının M.Füzuli haqqında ilk elmi işi oxuculara 1930-cu ildə "Türk Nəşriyyat Yurdu" tərəfindən çatdırılıb. 162 səhifəlik bu əsərin ikinci cildi 1932-ci ildə çap olunub. 1958-ci ildə Bakıda M.Füzulinin vəfatının 400 illiyi keçiriləndə Ə.Gölpınarlının adı azərbaycanlı alim kimi demək olar, yada düşməmişdi. Halbuki bu tədbirdən bir neçə il əvvəl -1948-ci ildə Türkiyədə Ə.Gölpınarlı M.Füzulinin 432 səhifəlik divanını çap etdirmiş, ona geniş bir müqəddimə yazmışdı. Bu divanın II və III nəşrləri müvafiq olaraq 1961-ci və 1985-ci illərdə çap olunub. Divan 1669-cu ildə köçürülmüş nüsxə əsasında tərtib edilib. Çox güman ki, Ə.Gölpınarlıya göstərilən bu etinasızlıq divanın girişində  M.Füzulinin türk şairi kimi qələmə verilməsi ilə əlaqədar olub.

Maralıdır ki, Ə.Gölpınarlı 1932-ci ildə "Azərbaycan Yurd Bilgisi" jurnalında da “M.Füzuli haqqında" məqalə ilə çıxış edib.

 Ə.Gölpınarlı  M.Füzulinin "Səhhət və Mərəz" əsəri haqqında ilk söz deyən tədqiqatçılardan biridir. O, "Səhhət və Mərəz" əsərini yenidən tərcümə edib, onu 1940-cı ildə fransız  dilində  yazılmış 4 səhifəlik  xülasə ilə (cəmi 44 səhifə ) İstanbul Universitetinin Tibb Tarixi İnstitutunun məcmuəsində dərc etdirib.

Ə.Gölpınarlı Türkiyədə Molla Nəsrəddini elmi şəkildə təbliğ edən  ən səviyyəli tədqiqatçılardandır. "Hoca Nəsrəddin" kitabında  Azərbaycanda Molla Nəsrəddin kimi tanınan  müdrik insan haqqında müasir oxucular üçün maraqlı görünəcək nümunələr çoxdur. Ədəbiyyatşünaslarımızın bu istiqamətdə ciddi elmi araşdırmalar aparmaları arzu olunur.

Ə.Gölpınarlı Türkiyənin təhsil sistemində bir neçə dərslik müəllifi kimi də  tanınır. O, "İmtahan.Monoloq" (1925), "Mühasibati-Əxlaqiyyə" (1926-1927), "Yurd bilgisi" - 4-cü sinif (1927), "Yurd bilgisi" - V sinif (1927-1928), "Cümhuriyyət çocuğunun din dərsləri (Səbri Eşatlı ilə birlikdə) - III,IV,V siniflər (1928) " və sair dərsliklərlə türk məktəblilərinin təfəkürünü və mütaliə dairəsini xeyli genişləndirib.

 Ə.Gölpınarlının Səbri Eşatlı ilə birlikdə yazdığı "Yavrumun tarix kitabı" dərsliyi 1930-cu ildə iki dəfə nəşr edilərək məktəblilərə çatdırılıb.

Görkəmli alim nəşr edilmiş 114 kitabın, 404 məqalənin müəllifidir. O, əsərlərinin bir qismini Rəmzi Əczi ləqəbi ilə çap etdirib.

Ə.Gölpınarlı Quranı türk dilinə tərcümə edən Azərbaycan əsilli ziyalılardan biridir. Onun elmi yaradıcılığının yüksək səviyyədə öyrənilməsi ədəbi ictimaiyyətimizi ciddi düşündürməlidir.

Azərbaycanda Ə.Gölpınarlının xatirəsinin əbədiləşdirilməsi, şərqşünaslıq fakültəsinin tələbələri üçün Ə.Gölpınarlı təqaüdünün təsis edilməsi də arzu olunan işlərdəndir.

Nazim NƏSRƏDDİNOV, Əməkdar müəllim, Təhsil Nazirliyi EMŞ-nin Azərbaycan dili və ədəbiyyatı bölməsinin üzvü

 





23.01.2015    çap et  çap et