525.Az

"… Həmsədrlər isə susublar"


 

"… Həmsədrlər isə susublar"<b style="color:red"></b>

"Ermənistan rəsmiləri bütün 2014-cü il ərzində Azərbaycanı hədələyən bəyanatlar veriblər, ATƏT-in Minsk qrupunun həmsədrləri isə susublar". 

Bu barədə Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu keçirdiyi mətbuat konfransında deyib. Onun sözlərinə görə, Azərbaycanda hətta bir ekspert səviyyəsində deyilən fikirlərə həmsədrlər reaksiya verdiyi halda, Ermənistan prezidenti, baş naziri, müdafiə naziri və digər səviyyələrdə hədələyici bəyanatlara susqunluq nümayiş etdiriblər:  "2014-cü il Ermənistan müdafiə naziri Seyran Ohanyanın "Azərbaycanı cəzalandırmışıq və cəzalandırmaqda da davam edəcəyik" bəyanatı ilə başladı. Ermənistan prezidenti Serj Sarkisyan isə  V.Sarkisyan adına hərbi institutun 20 illiyinə həsr olunmuş tədbirdə Azərbaycanı hədələdi: "...düşmənə deyirik: ehtiyatlı olun, bu, Ermənistan torpağıdır. Burada siz öz sonunuzu tapacaqsınız. Sarkisyan daha sonra "raketlərlə bütün Azərbaycanı Ağdama çevirəcəyik" bəyanatını verdi. Hazırda ASALA müdafiə naziri Ohanyanın kurasiyasındadır. ASALA metodlarını mənimsəmiş Ohanyan 2 dəfə Mingəçevir su anbarını partlatması hədəsi ilə çıxış etdi. Bu, əslində onun hədsiz savadsızlığının göstəricisidir. Rəsmi Bakı Mingəçevir su anbarının təhlükəsinin mahiyyətini başa düşür və bu istiqamətdə işlər görülür. Suyun səviyyəsinin dinamikasını izləməklə buna əmin olmaq olar".

Politoloq qeyd edib ki, Metsamor AES-in Ermənistan üçün təhlükəsi Mingəçevir su anbarının Azərbaycan üçün yaratdığı təhlükədən qat-qat böyükdür: "Bu AES-in Naxçıvan və Türkiyəyə yaxın ərazidə yerləşməsi də diqqətimizdədir. Eləcə də, Ermənistanın nüvə tullantısı anbarlarının vəziyyəti də çox risklidir. Azərbaycan tərəfi Mingəçevir su anbarının təhlükəsizliyinin təminində ciddi uğurlar əldə etdiyi halda Ermənistanda AES-in təhlükəsizliyinə ayrılan pulun mənimsənildiyi aşkarlandı".

Politoloq hesab edir ki, 2014-cü ildə həmdərlər bütövlükdə ermənipərəst mövqe nümayiş etdiriblər:"Biz bunu ötən il Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistana məxsus helikopterin vurulması zamanı da müşahidə etdik. Həmsədrlər həmin ərazini əvvəl neytral zona, daha sonra heç kimə məxsus olmayan ərazi adlandırdılar. Bununla da Sarkisyandan daha çox erməni olduqlarını göstərmiş oldular".

M.Əhmədoğlu əlavə edib ki, 2014-cü ildə Azərbaycan Dağlıq Qarabağ münaqişəsində psixoloji üstünlüyü ələ ala bilib: "Azərbaycan Prezidenti İlham Əliyev ilk dəfə olaraq bəyan etdi ki, qoşunların təmas xəttində vəziyyətə Azərbaycan tərəfi nəzarət edir. Müdafiə Nazirliyinin il boyu yaydığı bəyanatlarda bu fikir daim təkrarlanıb. NATO-nun Uels sammiti Dağlıq Qarabağ tənzimlənməsində əvvəlki 3 sammitin rəsmi mövqeyini inkişaf etdirərək təkrarladı: MDB məkanındakı münaqişələr Azərbaycanın, Ermənistanın, Gürcüstanın və Moldovanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü prinsipi əsasında, dinc yolla qısa müddət ərzində tənzimlənməlidir. NATO-nun Uels sammitinin bu mövqeyi Azərbaycanı qane edir. Azərbaycan Ermənistanın beynəlxalq aləmdə tanınmış sərhədlərini tanıyır. Ermənistan Azərbaycanın ərazi bütövlüyünü pozub. Bu kontekstdən 2008-ci ildə NATO-nun Buxarest sammitindən başlayaraq NATO sammitlərinin mövqeyini Azərbaycanın ərazi bütövlüyünə dəstək kimi qəbul etmək olar".

M.Əhmədoğlunun sözlərinə görə, ötən il Azərbaycan çox uğurlu hərbi siyasət aparıb, hərbi təlimlərin də keyfiyyəti artıb:

"Azərbaycanın müdafiə naziri regionun ən aktiv müdafiə naziridir. Biz hərbi sahədə görülən işlərlə bir daha sübut etdik ki, Dağlıq Qarabağı hərbi yolla azad etməyə hazırıq"

M.Əhmədoğlu əlavə edib ki, Dağlıq Qarabağ münaqişəsi prizmasından regionda və region ətrafında aktiv proseslər baş verib. Krım ətrafında baş verənlər ərazi bütövlüyü prinsipinin dəstəklənməsini, Krım və Dağlıq Qarabağ münaqişələrinə vahid standartdan yanaşmanı aktuallaşdırdı. Onun sözlərinə görə, Aİ Gürcüstanın ərazi bütövlüyünə münasibətdə əvvəlki qədər israrlı deyil. ABŞ-ın mövqeyi ritorikadan o tərəfə keçməyib. Rəsmi Tbilisi eyni ilə bu qaydada Dağlıq Qarabağ tənzimlənməsinə də yanaşır. Məhz bu səbəbdən 2014-cü ildə Gürcüstan-Ermənistan münasibətləri Gürcüstan-Azərbaycan münasibətlərini üstələdi. Hər halda Gürcüstanda ermənilərin ilin sonlarındakı separat aktivləşməsi Rəsmi Tbilisinin mövqeyini dəyişdirəcəkdir. Bütün 2014-cü il il boyu İran Cənubi Qafqaz regionunda aktiv olub. Gürcüstanla münasibətlərindəki uğursuzluqlar, reallaşmamış niyyətlər daha çoxdur. Buna baxmayaraq İran Gürcüstanla münasibətləri intensivləşdirməkdən əl çəkmədi. Onun dediyinə görə, İranın Ermənistana münasibəti dəyişib: "İran Ermənistanı Rusiyanın təsirindən qoparmağa iddialıdır. Ermənistan ictimai-siyasi mühitində bu mövzuda bir neçə layihələr reallaşdırdı. Eləcə də, "Naxçıvan" qrupunu yaratmaqla Ermənistana Dağlıq Qarabağın Azərbaycana qaytarılmasının zəruriliyini aşılamağa başladı".

M.Əhmədoğlu onu da vurğulayıb ki, bu il ötən ildən yarımçıq qalmış işlərin davamı ili olacaq.

PƏRVANƏ

 





23.01.2015    çap et  çap et